Məhkəmə qərarları › İş №1(060)-180/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-180/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-180/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, xxxx MMC-də sürücü işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi, ev 22-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 14.10 radələrində, BCD kateqoriyalı, AB N 559434 seriyalı sürücülük vəsiqəsi əsasında texniki cəhətdən saz vəziyyətdə olan «xxxx» MMC-yə məxsus 9 nömrəli marşrutla hərəkət edən «İsuzu» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «ExpressBank»ın Sumqayıt şəhər filialının qarşısında yerləşən dayanacaqda qapıları açıq vəziyyətdə hərəkətə başlayarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək sərnişin Zərərçəkmiş şəxs avtobusun orta qapısından yıxılması nəticəsində ehtiyyatsızlıqdan sonuncuya sağ İ barmağının distal falanqasının tam, nisbi yerdəyişən sınığı, sol qamış sümüyünün distal ucunun sınığı, sol aşıq-baldır oynağının hemartrozu kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarətlər yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xxxx MMC-də iki ildir ki, 9 nömrəli marşrut avtobusunda sürücü işləyir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14.10 radələrində o, idarə etdiyi, «İsuzu» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «ExpressBank»ın Sumqayıt şəhər filialının qarşısında yerləşən dayanacaqda dayanmışdır. O, sərnişinlərin avtobustan düşməsi və avtobusa minməsi üçün avtobusun qapısını açmış, dayanacaqda təxminən üç dəqiqə dayanmışdır. O, hərəkətə başlamaq üçün avtobusun qapısını bağlamaq istəmişdir. Qapı bağlanan kimi o, avtobusu yerindən tərpətmişdir. Bu vaxt dayanacaqda dayanmış bir kişi ona tərəf qışqırıb «arvad yıxıldı» deyib avtobusu saxlamasını istəmişdir. O, avtobusu saxlayıb sərnişinlər üçün olan qapı tərəfə gəlmiş və həmin qadına yaxınlaşmışdır. O, həmin qadına kömək etmiş, qapının yanındakı oturacaqda oturtmuş, ona su alıb vermiş, təcili yardım maşını çağırıb onu xəstəxanaya aparmağı təklif etmişdir. Həmin vaxt qadının yanında olan gəlini təcili yardıma ehtiyac olmadığını bildirmiş və yoldaşının gəlib anasını xəstəxanaya aparacağını bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra qadının oğlu gəlmiş və onu maşına əyləşdirib xəstəxanaya aparmışdır. Bundan sonra o, zəng edib hadisə barədə müdiriyyətə məlumat vermişdir. Daha sonra o, evə zəng edib qardaşına hadisə barədə məlumat vermiş və xəstəxanaya getməsini istəmişdir. O, özü isə idarə etdiyi avtobusu aparıb digər sürücüyə təhvil vermiş və oradan xəstəxanaya getmişdir. O, xəstəxanaya gedənə qədər qardaşı və anası artıq xəstəxanaya getmişlər. O, özü də xəstəxanaya getmiş və orada qadının adının Sədəf olduğunu və vəziyyətinin normal olduğunu öyrənmişdir. Bundan sonra o, polis idarəsinə gəlib hadisə barədə izahat vermiş və polis əməkdaşı onu sərxoşluq müayinəsinə aparmışdır. Sonra isə işdə olduğu üçün gedib avtobusu təhvil verdiyi sürücüdən təhvil almışdır. Bir gündən sonra o, həmin qadını yenidən xəstəxanaya aparmışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ondan heç bir tələb və şikayəti yoxdur. O, Zərərçəkmiş şəxs avtobusun qapısından tutub dayandığını görməmişdir. Avtobusun qapısının bağlanması ilə avtobusun hərəkət etməsi eyni anda olduğu üçün hadisə baş vermişdir. Zərərçəkmiş şəxs yıxılarkən avtobusun salonunda yox, yerdə olmuşdur. O, hadisə yerindən qaçmamış, spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir, özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Xahiş edir ki, barəsində olan cinayət işinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 14:10 radələrində gəlini Kəmaləni evə yola salmaq istəmişdir. Kəmalənin qucağında azyaşlı uşaq olmuşdur. Onlar Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən «ExpressBank»ın Sumqayıt filialının qarşısındakı avtobus dayanacağında dayanmışlar. Bu vaxt 9 nömrəli marşrut avtobusu dayanacağa yaxınlaşmışdır. Kəmalə avtobusun orta qapısından qucağında uşaqla avtobusa minmişdir. Sonra o, avtobusun orta qapısının yanında yerdə dayanmış və avtobusun qapısından tutmuşdur. Bu vaxt sürücü avtobusu yerindən tərpətmiş və o, müvazinətini itirib yerə yıxılmışdır. Nəticədə sol ayağı təkərlə yer örtüyünün arasında sıxılıb qalmışdır. O, və kənardakı şəxslər qışqırmışl, avtobusun sürücüsü avtobusu saxlayıb onun yanına gəlmişdir. Sonra sürücü ona su alıb gətirmiş və təcili yardım çağırmağı təklif etmişdir. O, isə bildirmişdir ki, oğlu yaxınlıqdakı «Araz market»də işləyir, ona zəng edəcəklər gəlib onu xəstəxanaya aparsın. Gəlini oğluna zəng etmiş və bir az keçmiş oğlu Tərlan gəlib onu Sumqayıt şəhər TTYX-na aparmışdır. Onlar xəstəxanaya çatanda avtobus sürücüsünün anası və qardaşı da xəstəxanaya gəlmişlər. Xəstəxanada onu müayinə etmişlər. O, təxminən bir saat xəstəxanada qalmışdır. Xəstəxanada o, avtobus sürücüsünün adının Kənan olduğunu öyrənmişdir. O, evə getdikdən sonra Kənan da xəstəxanaya gəlmişdir. Sonra Kənan özü və ailə üzvləri onların evinə gəlib onun səhəti ilə maraqlanmışlar. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər tamamilə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xtam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi avtoqəza nəticəsində ona dəyən zərər tamamilə ödənildiyi üçün onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Xavər Ağayeva ondan üzr istəmiş və onunla barışıq əldə etmişdir. Ona görə də xahiş edir ki, işin icraatına xitam verilsin. Məhkəmə iclasında Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. Onun xəsarət alması ilə bağlı deyə bilər ki, xx.xx.2020-ci il tarixdə saat 14 radələrində o, Sumqayıt şəhəri, Karvan ticarət mərkəzində olan «Araz market»də olmuşdur. Bu vaxt həyat yoldaşı Kəmalə ona zəng edərək anasının yıxıldığını və tez gəlməsini istəmişdir. Onlar onun iş yerinə yaxın yerdə olmuşlar. O, tez 34-cü məhəllə ərazisində yerləşən «ExpressBank»ın Sumqayıt şəhər filialının qarşısında yerləşən dayanacağa gəlmişdir. O, gəlib anasının dayanacaqda oturduğunu görmüşdür. Onlar dərhal onun idarə etdiyi maşına oturmuşlar və o, anasını Sumqayıt şəhər TTYX-na aparmışdır. O, həyəcanlı olduğu üçün orada sürücünün kim olması ilə maraqlanmamışdır. Sonradan anası ona bildirmişdir ki, Kəmaləni yola salmaq üçün o, avtobusa mindikdən sona avtobusun qapısının dəmirindən tutub dayanmış, avtobus hərəkət etmək istəyərkən müvazinətini itirərək yıxılmış və sol ayağından xəsarət almışdır. Onlar xəstəxanaya çatdıqdan sonra avtobusun sürücüsünün ailə üzvləri də xəstəxanaya gəlmişlər. Anası müayinə olunduqdan təxminən bir saat sonra onlar evə getmişlər. Bundan sonra Kənan adlı sürücü və ailə üzvləri onların evinə gəlmişlər və anasının səhəti ilə maraqlanmışlar. Hal-hazırda anasının və onun Kənandan heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının tabeliyində «xxxx» MMC-nin qaraj rəisi vəzifəsində işləyir. Onun fəaliyyət istiqaməti «xxxx» MMC-nin qarajında olan bütün avtobusların fəaliyyətinə nəzarət etməkdən ibarətdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, işdə olmuşdur. Bu vaxt 9 saylı marşrutun sürücüsü Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Expressbank»ın Sumqayıt filialının qarşısında idarə etdiyi avtobusdan bir nəfər qadın sərnişinin avtobusdan yıxıldığını bildirmiş və ondan nə etməli olduğunu soruşmuşdur. O, sürücüyə bildirmişdir ki, xəsarət alan qadına ilk tibbi yardım göstərsin. Bir neçə dəqiqədən sonra Kənan yenidən onunla əlaqə saxlayıb xəsarət alan qadının yaxınları tərəfindən xəstəxanaya aparıldığını bildirmişdir. O, isə Kənana bildirmişdir ki, avtobusu axırıncı dayanacaqda digər sürücüyə və ya qaraja təhvil verib xəstəxanaya getsin. Bundan sonra o, hadisə barədə rəhbərliyə məruzə etmiş və özü də xəstəxanaya getmişdir. O, xəstəxanaya çatanda sürücü Təqsirləndirilən şəxs anası və qardaşı artıq xəstəxanada olmuşlar. Həmin vaxt onların işçilərdən Eldar Həmidov da xəstəxanada olmuşdur. Onlar orada olduqları müddətdə Kənan özü də xəstəxanaya gəlmişdir. Həmin vaxt onlar xəsarət alan qadını maşına əyləşdirib evinə yola salırmışlar. Həmin vaxt xəstənin oğlu acıqlı olduğu üçün o, əli ilə Kənana işarə etmişdir ki, kənarda dayansın. Hadisədən sonra o, bir neçə dəfə Kənandan xəsarət alan qadın barəsində maraqlanmış və Kənan ona bildirmişdir ki, vəziyyəti yaxşıdır və ondan heç bir tələb və şikayəti yoxdur. Kənan ona məlumat verərəkən qadının avtobusdan yıxıldığını bildirmişdir. Lakin qadının haradan yıxıldığını daha dəqiq Kənanın özü bilir. Çünki Kənan sonradan ona bildirmişdir ki, qışqırıq səsinə o, avtobusu saxlamışdır. Həmin vaxt da ona ümumi olaraq hadisə barədə qadının avtobusdan yıxıldığını bildirmişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2020-ci il tarixli protokola əsasən yol-nəqliyyat hadisəsi yeri Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən «Expressbank»ın Sumqayıt filialının qarşısındakı avtobus dayanacağıdır, yolun hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti qurudur. Hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını beton zolaq ayırır. (i. v. 18-22) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus AB 559434 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BCD» kateqoriyası üzrə sürücülük hüququ vardır. (i.v.49) İş materiallarında olan AD № 073498 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «İsuzu» markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobus Sumqayıt şəhər İcra hakimiyyəti başçısının tabeliyində «xxxx» MMC-yə məxsusdur. (i.v.17) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 44) İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 5315 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı sərxoş olmamışdır. (i.v.14) İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1264 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağabala qızın sağ İ barmağın distal falanqasının tam, nisbi yerdəyişən sınığı, sol qamış sümüyünün distal ucunun natamam yerdəyişən sınığı, sol aşıq-baldır oynağının hemartrozu xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. (i.v 32-35) İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/2019 nömrəli rəyindən görünür ki, İsuzu Citibus markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 69-72) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X1 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə AB 559434 saylı “BCD” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompyüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. (i.v. 49) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki uşağı - xx.xx.2005-ci il təvəllüdlü Adıgözəlova Rəhimə Kənan qızı və xx.xx.2009-cu il təvəllüdlü Adıgözəlli İntiqam Kənan oğlu vardır. (i.v.52-54) İş materiallarında olan, Sumqayıt şəhər İcra hakimiyyəti başçısının tabeliyində «xxxx» MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli İstehsalat xasiyətnaməsinə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. (i.v.115) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CMnin 263.1-ci və 264-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. (i.v. 127-134) İş materiallarında olan “Qətimkan tədbiri seçmə barədə” xx xxxxxx 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 107-109) “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” xx xxxxxx 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx xxxx 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanununun tələblərini və yuxarıda qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş ziyanın tamamilə ödənilməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 5 (beş) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) manat məbləğində pul ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz ) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar