Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-180/2024 16.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Füzuli rayonu Qarakollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu Qarakollu kəndində qeydiyyatda olmaqla və ünvan 1 ünvanında olan 9 nömrəli Peşə Məktəbi yataqxanasında yaşamış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamış, yəni oğurluq etmişdir. Belə ki, o özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 02 may 2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 13/1, mənzil 11in qapısını açar seçmə üsulu ilə açıb yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs2 məxsus həmin mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağında yerləşən dolabdakı plaşın cibində saxladığı 2000 manat məbləğində nağd pulu, həmin otaqda sandıqda saxladığı mücrünün içərisindən 1700 manat dəyərində 583 əyarlı 20 qram çəkidə 01 ədəd qızıl sancaqlı broşkanı, 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə 01 ədəd qızıl boyıınbağını, 510 manat dəyərində 583 əyarlı 06 qram çəkidə 01 cüt sirkon daşlı qızıl sırğanı, 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə 01 ədəd ağ rəngli sirkon daşlı qızıl qadın üzüyü, 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə 01 ədəd aypara formalı qızıl kulonu, dolabın üzərindən 500 manat dəyərində olan metal qolbaqlı İsveçrə istehsalı mexanik modelli 01 ədəd qol saatını gizli talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 7.260 (yeddi min iki yüz altmış) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 noyabr 2022-ci il tarixdə saat 01 radələrində Sumqayıt şəhəri, 7-8-12-ci birləşmiş məhəllə ev 94A, mənzil 28-in qapısını açar seçmə üsulu ilə açıb yaşayış sahəsi hesab edilən Zərərçəkmiş şəxs1 məxsus həmin mənzilə qanunsuz daxil olaraq yataq otağında taxta dolabda kiçik karton qutuda olan 6000 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 60 qram çəkidə 01 ədəd qızıl qadın boyunbağı, 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadın üzükdən ibarət 01 dəst komplekti, 600 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı 6 qram çəkidə üzərində 04 brilianl qaşları olan 01 ədəd qızıl qadın nişan üzüyü, 1500 manat dəyərində Rusiya istehsalı olan 585 əyarlı 50 qram çəkidə 01 ədəd qızıl kişi saatı, çarpayının üzərində olan döşəyin altında saxladığı milli məzənnə ilə 1870 manat olan 1100 ABŞ dolları məbləğində, həmin otaqda digər taxta dolabda pul yığmaq üçün istifadə edilən iki ədəd dəmir qutulardan birinin içərisindən 450 manat, digərinin 350 manat olmaqla cəmi 800 manat məbləğində nağd pulu gizli talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 10.770 (on min yeddi yüz yetmiş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun maddi vəziyyəti pis olduğu üçün 2022-ci ilin noyabr ayının sonlarında oğurluq etmək qərarına gəlmişdir. O, Ukrayna Respublikasında yaşamış və orada açar seçmə yolu ilə qapıların açılmasını öyrənmiş, qapıların açarlarını açmaq üçün istifadə olunan alətlərdən əldə etmiş, Azərbaycana gələndə həmin alətləri özü ilə gətirmişdir. O, zərərçəkmiş şəxslərin heç birini tanımamışdır. Birinci o, hava qaralan zaman binaların həyətinə gəlib əsasən aşağı mərtəbələrin pəncərələrinə baxmış, hansı pəncərədə işıq yanmasa gedib həmin mənzilin qapısını döymüş, qapını açan olmayanda qapıya kibrit dənəsi qoyub çıxıb getmişdir. Bir neçə saat sonra gəlib qapıya baxanda kibrit dənəsinin qapıda olduğunu gördükdə evdə heç kimin olmadığını başa düşmüş, bundan sonra qapını açar seçmə üsulu ilə açıb evə daxil olmuşdur. Onun məqsədi evdən yalnız qızıl və pul oğurlamaq olmuşdur. O, evdən digər məişət əşyalarını oğurlamamışdır. 26 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 7-8-12-ci birləşmiş məhəlləyə gedib binaları nəzərdən keçirmiş, 94 A saylı binanın 28 saylı mənzilinin işıqlarının yanmadığını görmüş, hamin mənzilə qalxıb qapını döymüş, qapını açan olmadığı üçün kibrit dənəsini qapının arasına qoyub oradan uzaqlaşmışdır. Bir neçə saat sonra, yəni 27 noyabr 2022-ci il tarixdə saat 01 radələrində həmin binaya yaxınlaşmış, 28 saylı mənzilə qalxmışdır. Kibrit dənəsinin qapıda olduğunu görmüş, sonra üzərində olan alətlərlə qapının açarını açıb içəri daxil olmuş, içəri daxil olanda mənzilin işıqlarını yandırmamış, üzərində olan alışqanın işığı ilə otağa işıq salmışdır. Bütün otaqları, dolabları, paltarların ciblərin, döşək altlarını hər yeri yoxlamış, həmin mənzildə heç nə tapa bilmədiyi üçün oradan çıxmışdır. Daha sonra həmin mənzilin Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilmişdir. Bundan başqa, 01 may 2022-ci il tarixdən 02 may 2022-ci il tarixə keçən gecə o, Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 13/1, mənzil 11 ərazisində oğurluq etmiş, sonradan həmin mənzilin Zərərçəkmiş şəxs2 məxsus olduğunu bilmişdir. Həmin mənzilə də, 01 may 2022-ci il tarixdə saat 21-22 radələrində gəlib pəncərəsindən işıq gəlmədiyi üçün görüb qapısını döymüş, qapı açılmadığına görə qapıya kibrit dənəsi qoymuşdur. Sonra 02 may 2022-ci il tarixdə saat 02 radələrində həmin mənzilə gəlib qapının arasına qoyduğu kibritin orada olduğunu görüb evdə heç kimin olmadığını anlamışdır. Bundan sonra, da, üzərində olan alətlərlə qapının açarını açıb içəri daxil olmuşdur. Daha sonra o, evdə dolabı və digər yerləri axtarmış, həmin evdən o, bir az qızıl-zinət əşyaları oğurlamış, başqa heç nə oğurlamamışdır. Oğurladığı qızıl-zinət əşyalarını Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən lombardların birinə qoymuş və qoyduğu qızıllara görə 800 manat pul götürmüşdür. O, polisin şübhələnməməsi üçün qızılları lombarda qoymuşdur. Bir neçə aydan sonra qoyduğu qızılların aylıq ödənişini verə bilməmişdir. O, törətdiyi cinayət əməllərini tək etmiş, bu işlərdə ona heç kim köməklik etməmiş və məsləhət verməmişdir. Həmin gün hadisə yerində alma götürüb yeyib evə tullamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Sumqayıt şəhəri Corat bağları ərazisində yaşayan atası X4 bağ evinə getmişlər. Mənzildən çıxdığı zaman mənzilin giriş qapısının hər iki kilidini bağlamışdır. xx.xx.2022-ci il tarixdə saal 14 radələrində geyimini dəyişmək üçün yaşadığı ünvana getmiş, qapını açıb içəriyə daxil olmuş, mənzildə heç bir problem olmamışdır. O, geyimini dəyişmiş, sonra yenidən evin giriş qapısının hər iki kilidini bağlamış və mənzildən çıxmışdır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvana getmiş, giriş qapısının aşağı kilidinə açarı daxil etmiş, açar kilidə daxil olmamış, sonra da yuxarı kilidi yoxlamış, həmin kilidə də açar daxil olmamışdır. Bundan sonra o qapının dəstəyini aşağı salmış və qapının açıq olduğunu görüb içəriyə daxil olmuşdur. Bu zaman mənzilin otaqlarının dağınıq vəziyyətdə olduğunu görmüş, mənzildə qızıl-zinət əşyaları və pulları saxladığı yerə baxmış, onların yerində olmadığını aşkar edib mənzildən oğurluq olduğunu başa düşmüşdür. Belə ki, baş vermiş oğurluq hadisəsi zamanı yaşadığı ünvanın yataq otağında taxta dolabda kiçik karton qutuda saxladıqları 2012-ci ildə arvadı X3 6000 manata aldığı İtaliya istehsalı olan 750 əyarlı cəmi çəkisi 60 qram olan 01 ədəd qızıl qadın boyunbağı, 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadın üzükdən ibarət 01 dəst komplekt, 500 manata aldığı İtaliya istehsalı olan 750 əyarlı çəkisi 6 qram olan üzərində 04 briliant qaşları olan 01 ədəd qızıl qadın nişan üzüyü, 2015-ci ildə 1500 manata aldığı özünə məxsus Rusiya istehsalı olan 585 əyarlı 50 qram çəkidə 01 ədəd qızıl kişi saatı, yataq otağında çarpayının üzərində olan döşəyin altında saxladığı ona məxsus milli məzənnə ilə 1870 manat olan 1100 ABŞ dolları məbləğində pul və həmin otaqda digər taxta dolabda pul yığmaq üçün istifadə edilən iki ədəd dəmir qutunun içərisində, yəni bir qutuda 450 manat, digər qutuda 350 manat olmaqla saxladığı ümumilikdə 800 manat pulu oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 10.670 manat maddi ziyan vurulmuşdur. Mənzilin giriş qapısının açarı ancaq özündə olmuş, başqa heç kimdə olmamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, 01 may 2022-ci il tarixdə saat 06 radələrində Ramazan bayramı ilə bağlı arvadı Yəmən Məmmədova ilə birlikdə yaşadıqları mənzilin giriş qapısını kilidlə bağlayıb Zərdab rayonu Şahsünni kəndinə getmişlər. Evin giriş qapısının açarı ondan başqa heç kimdə olmamışdır. Onlar 02 may 2022-ci il tarixdə saat 16 radələrində kənddə olarkən arvadı Yəmən Məmmədova qonşuları Pərvanə xanımın sonuncu ilə telefon əlaqəsi yaratdığını və yaşadıqları mənzilin giriş qapısının açıq olduğunu bildirmişdir. O, özü mənzilin qapısını bağladığı üçün evə kənar şəxs və ya şəxslərin daxil olub oğurluq edəcəyindən şübhələndiyi üçün digər qonşusu, aralarında yaxın münasibət olan Ədalətlə telefon əlaqəsi yaratmış, həyat yoldaşıyla birlikdə bayramla əlaqədar olaraq Zərdab rayonunda olduğunu, mənzilin giriş qapısının açıq olması ilə bağlı onlara məlumat verildiyini deyib ona yaşadığı mənzilə gedib baxmasını xahiş etmişdir. Bundan sonra Ədalət mənzilə daxil olmuş və mənzilin daxilində əşyaların dağınıq vəziyyətdə olması barədə ona məlumat vermişdir. O Yəmən Məmmədova ilə birlikdə həmin tarixdə, yəni 02 may 2022-ci il tarixdə Zərdab rayonu tərk edib saat 20 radələrində yaşadıqları mənzilə qayıtmışlar. Mənzilin giriş qapısının kiliddən açıldığını və mənzilin dağınıq vəziyyətdə olduğunun şahidi olmuşlar. Əşyaların oğurlanıb-oğurlanmadığını müəyyən etməkdən ötrü pulları, qızıl-zinət əşyalarını saxladığı yerlərə Yəmənlə birlikdə baxdıqda onlara mənzilin yataq otağında yerləşən dolabdakı plaşın cibində saxladığı 2000 manat pulun, həmçinin yataq otağındakı sandığın içində saxladıqları mücrünün sandıqdan çıxarılaraq yerə atıldığını görmüşlər. Mücrünün içinə baxdıqda orada saxladıqları hər biri qızıl metaldan olmaqla təxmini qiyməti 1300 manat olan 583 əyyarlı, çəkisi 20 qram 01 ədəd sancaqlı broşkanın, təxmini qiyməti 600 manat olan 583 əyyarlı. çəkisi 10 qram 01 ədəd qadın boyunbağının, təxmini qiyməti 350 manat olan 583 əyyarlı. çəkisi 6 qram 01 cüt sirkon daşlı sırğa, təxmini qiyməti 580 manat olan 583 əyyarlı. çəkisi 10 qram 01 ədəd ağ rəngli sirkon qaşlı qadın üzüyü, təxmini qiyməti 600 manat olan 583 əyyarlı, çəkisi 10 qram 01 ədəd aypara formalı kulon, yataq otağındakı dolabın üzərindən təxmini qiyməti 500 manat olan metal qolbaqlı, markasını xatırlamadığı İsveçrə istehsalı mexanik model 01 ədəd qol saatının oğurlandığı onlara məlum olmuşdur. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, daha sonra sözü gedən oğurluq əməli ilə bağlı Sumqayıt ŞPİ-nin 3cü PB-nə ərizə ilə müraciət etmişdir. Həmçinin bildirmişdir ki, ona dəymiş zərərdən qismən, 1500 manat ödəniş edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ödənilməmiş 5500 manat ziyanın ödənilmədiyini bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli axtarışda olanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 170-174-cü vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 209-210-cu vərəqələrində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 57-58-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli, 9/351 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 2 adda qızıl zinət əşyalarının 2022-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6600 manat müəyyən edilir. Qərarda göstərilən 01 ədəd 2015-ci ildə aldığı Rusiya istehsalı olan 585 əyarlı 50 qram çəkidə 01 ədəd qızıl kişi saat haqqında kifayət qədər məlumat (markası, model, qızılının xalis çəkisi və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. - 6000 manat dəyərində İtaliya istehsalı olan 750 əyarlı cəmi çəkisi 60 qram olan 01 ədəd qızıl boyunbağı, 01 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl qadm üzükdən ibarət 01 dəst komplekt; - 600 manat dəyərində İtaliyi istehsalı olan 750 əyarlı çəkisi 6 qram olan üzərində 04 briliant qaşları olan 01 ədəd qızıl qadm nişan üzüyü. Cinayət işinin 56-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 134-135-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4934 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən 05 adda qızıl-zinət əşyalarının 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4760 manat müəyyən edilir. Digər 01 ədəd İsveçrə istehsalı, metal qolbaqlı, mexanik model qol saatı tədqiqata təqdim edilmədən həmin əşya üzrə qiymətləndirmə aparmaq mümkün deyil. - 1700 manat dəyərində 583 əyarlı 20 qram çəkidə 01 ədəd qızıl sancaqlı broşka; - 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə 01 ədəd qızıl boyunbağı; - 510 manat dəyərində 583 əyarlı 06 qram çəkidə 01 cüt sirkon daşlı qızıl sırğa; - 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə 01 ədəd ağ rəngli sirkon daşlı qızıl qadın üzüyü; - 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə 01 ədəd aypara formalı qızıl klon. Cinayət işinin 183-185-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçlmişdir. Elektron Məhkəmə İnformasiya Sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü uşağı vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni onun təkrarən yaşayış yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, habelə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 1-ci abzasına əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, vurulmuş zərər üzrə 1500 manat məbləğində, yəni qismən ödəniş etməsini və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzasısı saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 16 may 2024-cü il tarixdən hesablanmalı, hazırki iş üzrə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, onun başqa iş üzrə həbsdə olması nəzərə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2023-cü il tarixdən 23 noyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində başqa iş üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-180/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-180/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver