Məhkəmə qərarları › İş №1(060)-180/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-180/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-180/2025 14.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X7 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, məhkumluğu olmayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə metadon həbi əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 02 (iki) ədəd açıq-qəhvəyi rəngli, ümumi çəkisi 0,080 qram narkotik vasitə “F/M 40” göstəricili metadon həbi əldə edib daşıyaraq üzərində saxlamış, 01 oktyabr 2024-cü il tarixdə, saat 16:30-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Büllur” mərasim evinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirlərin nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə metadon həbi əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, “Büllur” mərasim evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt Şəhər Polis İdarəsinə aparılmışdır. Əlavə olaraq qeyd edir ki, COP 29 tədbiri ilə bağlı saxlanılmış, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs uzun müddətdir rayonda yaşadığını, narkotik vasitə istifadə etmədiyini, bu səbəbdən polis əməkdaşları tərəfindən saxlanılmadığını bildirmişdir. Məhkəmədən himayəsində 03 övladının olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Saxlanılmazdan iki gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı adamdan öz şəxsi istifadəsi üçün 20 manat müqabilində narkotik vasitə metadon həbi almışdır. Həmin həbi almaqda məqsədi bədənində ağrılar olacağı təqdirdə həbi istifadə etmək olmuşdur. Lakin həmin günlər bədənində ağrılar olmadığından həbləri istifadə etməmiş və üzərində gəzdirməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Büllur” mərasim evinin yaxınlığında olarkən bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qəbulu və üzərilərində gəzdirməklərində şübhəli olduqlarını demiş və onu polis idarəsidə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X9 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklfi edilmişdir. O öz əynində olan qara rəngli şalvarın sağ yan cibindən saxlamış olduğu 02 ədəd metadon həbini təqdim etmişdir. O üzərindən aşkar olunmuş həmin həbləri saxlanıldığı gündən iki gün əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi 02 ədəd həb Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlərlə bağlı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis bölməsində ona fiziki təzyiq olmamış və hər hansı zorakılığa məruz qalmamışdır. Lakin, evinə baxış keçiriləcəyi deyildiyi üçün narkotik vasitənin ona məxsus olması ilə razılaşmış və etiraf edici ifadələr vermişdir. Həmçinin bildirmişdir ki, iş üzrə istintaqın sonrakı mərhələsində də hər hansı etiraz etməmiş və təqsirsiz olması ilə bağlı hər hansı quruma müraciət etməmişdir. İstintaq zamanı da müstəntiq tərəfindən ona hər hansı təsirlər olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs DVD diskə baxış keçirilməsi haqqında protokolun düzgün tərtib olunduğunu, şəxsi axtarışın protokollarda qeyd edildiyi və Şahid5 ifadəsində olduğu kimi həyata keçirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, raport tərtib olunaraq əməliyyat axtarış qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, “Büllur” mərasim evinin yaxınlığında saxlanılmış, Sumqayıt ŞPİyə gətirilmiş, videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs M-40 yazılmış 02 ədəd həb təqdim etmişdir. Həmin həblərin narkotik vasitə olan metadon həbinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Əlavə olaraq ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmiş, sonuncu COP 29 tədbirləri ilə bağlı saxlanılmamışdır. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 da təsdiq edərək analoji ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Kriminalistik təhqiqatlar bölməsinin inspektor kriminalisti, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə təhqiqatçı Səadət Qənbərov ona yaxınlaşaraq bir nəfər şəxsin qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və istifadə etməsi ilə bağlı şübhəli şəxs qismində CAŞ-nin əməkdaşları tərəfindən saxlanıldığını və üzərinə videoçəkilişlə şəxsi axtarış keçiləcəyini bildirmişdir. Daha sonra o, təhqiqatçının otağına getmiş və saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X5 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan şalvarda saxlamış olduğu 02 ədəd həb təqdim etdi. Həmin həblərin narkotik vasitə olan metadon həbinə bənzər maddənin olduğu müəyyən olundu. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Daha sonra çəkiliş dayandıraraq görüntünu diskə köçürmüş təhqiqatçı Səadət Qənbərova təqdim etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi 02 oktyabr 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin Nurizadə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17.12-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 71-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-313/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokola məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə zamanı Təqsirləndirilən şəxs əyinində olan qara rəngli şalvarın sağ cibində saxlamış olduğu konvalitin içində üzərində M-40 yazılmış 02 ədəd həb aşkar edilmişdir. Cinayət işinin 39-40-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6/4771 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ' ... Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdəki bir ədəd üzərində “Methadone 40” göstəricisi olan blister kəsiyində 02 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin dərman həblərinin təkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Qeyd: Metadin həblərinin ümumi sayı- 02 həb, tədqiqata sərf edildi-1 ədəd həb, qalıq-1 ədəd həb. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 60-61-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X12 xx.xx.2024-cü il tarixli 1739 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin 85-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 ədəd narkotik vasitə olan metadon həb maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 96-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 01 noyabr 2024-cü il tarixli 7103 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın qeydə alındığı görüntünün yükləndiyi CD diskə baxış keçirilərkən, görüntülərin həmin diskdə mövcud olmadığı aşkarlanmış, görüntülərin əldə olunması üçün müvafiq sorğular göndərilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən məhkəməyədək araşdırma müddətində tərtib olunmuş DVD diskə baxış keçirilməsi haqqında protokol elan olunmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrində DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD" formatlı diskə baxış keçirilmiş, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 20241001_171649 - ярлык sözləri yazılmış qovluğa daxil olundu. Görüntünün 00:01-ci təhqiqatçı Səadət Qənbərov şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini tələb edir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi, əldə edilməsi, saxlanılması və istifadə edilməsində şübhəli olduğunu üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə hüquqlarının müdafiə olunması üçün vəkil X5 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş şəxsə onun hüquq və vəzifələri qeyd olunmuş bildiriş təqdim edir. Şübhəli şəxs vəkilə etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verir. Şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu konvalitin içində üzərində M-40 yazılmış 02 ədəd həb təqdim etdi. Həmin həblərin narkotik vasitə olan metadon həbinə bənzər maddənin olduğu müəyyən olundu. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddən saxlanıldığından 2 gün öncə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün hər birini 10 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər həblər Azərbaycan Respublikası ƏN MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürləndi. X2 yekun məruzəsi ilə bitir. Cinayət işinin 94-95-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə 04 ay 17 gün şərti olaraq vaxtından əvvəl azad edimişdir. Cinayət işi materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edlmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 03 övladı var (xx.xx.2010-cu il təvəllüdlü İbrahimov Telman Rasim oğlu, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il X6). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış keçirilməsi barədə protokol, DVD diskə baxış keçirilməsi haqqında protokol digər iş materialları ilə onun satış məqsədi olmadan, narkotik vasitə olan metadon həbini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, narkotik vasitədən uzun müddətdir istifadə etməməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə heç bir orqana şikayət və vəsatət verməmiş və həmçinin, məhkəmə iclasında ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq və zorakılıq göstərilmədiyi bildirmişdir. Yalnız, Təqsirləndirilən şəxs ümumi şəkildə bildirmişdir ki, göstərilən onun üzərində narkotik vasitə olmamışdır. Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş şəxsi axtarış keçirilməsi barədə protokol və DVD diskə baxış keçirilməsi barədə protokollardan müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamış olduğu konvalitin içində üzərində M-40 yazılmış 02 ədəd həb təqdim edir. Həmin həblərin narkotik vasitə olan metadon həbinə bənzər maddənin olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin saxlanıldığından 2 gün öncə Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün hər birini 10 manat müqabilində aldığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, narkotik vasitədən uzun müddətdir istifadə etməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün edilən cəhddir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 01 oktyabr 2024-cü il tarixdən 14 mart 2025-ci il tarixə qədər həbsdə olduğu 05 ay 14 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla, 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00dək yaşadığı ünvan 1 ünvanında olan evi tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 01 noyabr 2024-cü il tarixli 7103 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs, narkomaniyadan məcburi müalicə olunmalı, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd narkotik vasitə olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə məhkəməyədək araşdırma müddətində maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 oktyabr 2024-cü il tarixdən 14 mart 2025-ci il tarixə qədər həbsdə olduğu 05 ay 14 gün müddət 10 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 01 ədəd narkotik vasitə olan metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İbtidai araşdırma müddətində maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd CD disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar