Məhkəmə qərarları › İş №1(060)-181/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-181/2020

02.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-181/2020 02.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Tovuz rayonunun Yanıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Bank of Baku” bankının yaxınlığında Zərərçəkmiş şəxs Bəybala oğlunun etibarından sui istifadə edib Abşeron rayonu, Mehdiabad qəsəbə bələdiyyəsindən onun üçün 4 sot torpaq sahəsi alacağına söz verib aldadaraq 9000 manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs 9000 (doqquz min) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 2015-ci ildən tanıyır. Behruzu Zaurun vasitəsi ilə tanımışdır. Behruzla söhbət edən zaman Bəhruz ona Mehdiabad qəsəbəsi ərazisində torpaq sahəsi almaq istədiyini demişdir. O da Mehdiabad qəsəbəsində özünə məxsus torpaq sahəsini istədiyi halda ona sata biləcəyini, lakin həmin torpaq sahəsinin sənədlərinin hazır olmadığını demişdir. Behruz ondan 3 sot torpaq sahəsi almaq istəmiş, o da Behruza 3 sot torpaq sahəsinin 9000 manata satılmasına razı olmuşdur. Onlar sonra gedib həmin torpaq sahəsinə baxmışlar. Behruz həmin torpaq sahəsini bəyənmişdir. xx.xx.2015-ci il tarixdə Behruz ona 9000 manat vermiş, o da Behruza həmin torpaq sahəsini iki ay müddətində sənədləşdirib ona verəcəyini bildirmiş, ancaq müəyyən səbəblər üzündən həmin torpaq sahəsini sənədləşdirə bilməmişdir. O, Behruzdan 9000 manat pulu Sumqayıt şəhəri ərazisində yerləşən «Bank of Baku» bankının qarşısında almışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxsə dəymiş ziyanın 25 faizini dövlət büdcəsinin vəsaiti hesabına ödəmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, özünü təqsirli bilir. Zərərçəkmiş şəxsə dəyən zərəri tamamilə ödəmişdir. Zərərin 25 %-ni dövlət hesabına ödəmişdir. Xahiş edir ki, Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə barəsində olan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün işin halları ilə bağlı ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təxminən 5-6 il bundan qabaq Zaur Qocayev adlı şəxslə tanış olmuş və aralarında çox yaxşı münasibət yaranmışdır. 2014-cü ilin sonlarında Zaurla söhbət zamanı Zaura torpaq sahəsi alıb ev tikmək istədiyini bildirmişdir. Zaur ona torpaq alğı-satqısı ilə məşğul olan Vidadi adlı dostunun köməklik edə biləcəyini bildirmişdir. O da Zaurdan Vidadinin nömrəsini almış, bir müddət sonra Vidadi ilə zəngləşərəktorpaq almaq istədiyini Vidadiyə bildirmişdir. Bir müddət sonra Vidadi ona zəng vuraraq Mehdiabad bələdiyyəsində torpaq paylandığını, 4 sot sahəyə 9000 manat pul lazım olduğunu bildirmişdir. Onun əlində pul olmadığı üçün xx.xx.2015-ci il tarixdə, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Bank of Baku»nun Sumqayıt filialında dollar hesabı ilə 9000 manat pul götürmüş və həmin gün bankın qarşısında Vidadi ilə görüşərək orada həmin pulu Vidadiyə vermişdir. Vidadi ona qısa müddət ərzində məsələni həll edəcəyini bildirmişdir. Pulu verdikdən sonra Vidadi ilə torpaq sahəsinə baxmağa getmiş, Vidadi Mehdiabad qəsəbəsi ilə Fatmayı qəsəbəsinin sərhədində torpaq sahəsini ona göstərmişdir. O, Vidadidən torpağın sənədləşdirilməsini istəmişdir. Bundan sonra Vidadi müxtəlif vədlərlə vaxtı uzatmış, həmin ərəfədə torpaq komitəsi ləğv olunmuş, Abşeron rayonunda torpaqların sənədləşdirilməsi dayandırıldığı üçün o gözləmişdir. O, 2016-cı ilin əvvəllərində Vidadiyə zəng edərək məsələnin həll edilməsini tələb etmiş, ancaq Vidadi müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. O, hərdən Zaurla əlaqə saxlayaraq ondan məsələyə müdaxilə etməsini istəsə də, Zaur Vidadi ilə aralarında mübahisə olduğunu bildirərək boyun qaçırmış, sonradan isə onun telefon zənglərinə cavab verməmişdir. 2017-ci ilin mart ayının əvvəllərində Vidadi ona zəng vuraraq baxdıqları sahənin sənədləşdirilməsinin uzandığını, ona başqa ərazidə torpaq veriləcəyini bildirmişdir. O, Vidadinin sözü ilə Mehdiabad bələdiyyəsinin yanına gedib adını xatırlamadığı şəxslə görüşmüş, həmin şəxs ona Novxanı yolunun üzərində yerləşən sahəni göstərmişdir. Novruz bayramı ərəfəsində Vidadi ona zəng vuraraq Xırdalan şəhərində yerləşən notariusa çağırmış, o həmin yerə getmiş, Vidadi Nofəl adlı şəxslə oraya gəlmişdir. Vidadi ona baxdıqları torpaq sahəsinin Nofələ məxsus olduğunu, Nofəllə əlaqə saxlamasını, Nofəlin alğı-satqı edərək sənədləri hazırlayacağını bildirmişdir. Nofəl onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkmişdir. Sonra o, Nofəllə əlaqə saxlamış, Nofəl ona Vidadi ilə aralarında problem olduğunu, ona görə də torpaq sahəsinin alğı-satqısının alınmadığını bildirmişdir. Vidadi onun zənglərinə cavab verməmişdir. Vidadi ilə Zaur arasında avtomobil alğı-satqısı olmuş və Zaurun Vidadiyə 2000 ABŞ dolları borcu qalmışdır. Zaur həmin pulu Vidadiyə verməyərək torpaq sahəsi barəsində məsələni həll etdikdən sonra pulu verəcəyini bildirmişdir. O, həmin işi torpaq sahəsinə qatmaq istəməsə də, Zaur ona belə məsləhət olduğunu bildirmişdir. O da Vidadi ilə Zaurun vasitəsi ilə tanış olduğu üçün Zaurla razılaşmışdır. Vidadi onu aldadaraq pulunu almış, lakin torpağı verməyərək onu get-gələ salmışdır. Ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəyən zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Ona görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirdi ki, təxminən 5-6 il əvvəl Zərərçəkmiş şəxsla tanış olmuş və çox yaxın münasibətləri yaranmışdır. 2014-cü ilin sonlarında söhbət zamanı Behruz ona torpaq sahəsi alıb ev tikdirmək istədiyini bildirmişdir. O da Behruza Vidadi adlı dostunun torpaq alğı-satqısı ilə məşğul olduğunu və ona köməklik edə biləcəyini demişdir. O, Vidadinin nömrəsini Behruza verərək zəng edən zaman Zaurun dostu olduğunu, nömrənin ona Zaur tərəfindən verilməsini deməsini tapşırmışdır. Bir müddət sonra Behruz ona zəng vuraraq Vidadi ilə görüşüb söhbət etdiyini, Vidadinin ona torpaq sahəsi təşkil edəcəyini, lakin pulu olmadığı üçün bankdan pul götürəcəyini bildirmişdir. xx.xx.2015-ci il tarixdə Bəhruz ona zəng vuraraq Vidadi ilə razılaşdığını və həmin tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Bank of Baku»nun Sumqayıt filialında dollar hesabı ilə 9000 manat pul götürərək Vidadiyə verdiyini demişdir. O, Behruza torpaq sahəsinin alınmasından və sənədləşdirilməsindən əvvəl pulu Vidadiyə verdiyi üçün iradını bildirmişdir. Bəhruz ona Vidadinin iş görən adama oxşadığını, ona görə də onun işini həll edəcəyini demişdir. Bir müddət keçdikdən sonra Behruz ona Vidadinin onu aldadıb torpaq sahəsini vermədiyini demişdir. O Vidadi ilə dəfələrlə zəngləşib Vidadiyə Bəhruzun işini həll etməsini, Behruzla onun vasitəsi ilə tanış olduğunu, Behruzun yaxın adam olduğunu demiş, Vidadi də hər dəfə bir bəhanə gətirərək bu gün-sabah həll edəcəyini deymişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Vidadi Bəhruzun torpaq məsələsini həll etməmiş, buna görə də Behruzla aralarında münasibətlər soyumağa başlamışdır. O, Vidadiyə zəng edərək Behruzun işini həll etməsini tapşırmış, onunla Behruzu düşmən etməməsini Vidadiyə bildirmişdir. Vidadi ona bələdiyyənin işi gecikdirdiyini, Avropa oyunları qurtardıqdan sonra həll edəcəyini deyərək onu da aldatmışdır. 2015-ci ilin əvvəllərində o, Vidadidən «Mersedes Vito» markalı mikroavtobusu öz adına almış və buna görə Vidadiyə 2000 ABŞ dolları borcu yaranmış, Vidadinin Behruzun pulunu alıb torpaq məsələsini həll etmədiyinə görə Vidadinin pulunu verməmiş, Vidadiyə torpaq məsələsi həll edildikdən sonra pulunun veriləcəyini bildirmişdir. Onun Vidadinin pulunun verilməsiini gecikdirməsindən Behruzun da xəbəri olmuşdur. X1 olan borcunu ödədikdən sonra torpaq məsələsini həll edəcəyini dediyini eşitmişdir. O da bu söhbəti eşidib 2018-ci ilin sentyabr ayının axırlarında Bakı şəhəri, 20 yanvar dairəsində Vidadi ilə görüşüb Vidadiyə 2000 manat pul vermiş, Vidadiyə torpaq məsələsini maşının puluna görə həll edə bilmədiyi barədə məlumat aldığını deyərək Behruzun torpaq məsələsini həll etməsini tapşırmışdır. Vidadi Behruzun torpaq məsələsini tezliklə həll edəcəyini bildirmişdir. Ancaq yenə də Vidadi Behruzun torpaq məsələsini həll etməmişdir. X6 barəsində polisə şikayət etmişdir. İş materiallarında olan Baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ərazi Abşeron rayonu, Mehdiabad qəsəbəsindən Fatmayı kəndinə gedən şosse yolun Fatmayı qəsəbəsinin başlanğıcını bildirən lğövhədən 1,5 metr irəlidə, yolun sol tərəfində, təpəliyin yamacında yerləşir. Sahəyə giriş yolun sağ tərəfində, Duz gölünün başlandığı hissədə, yolun kənarında tikilmiş baytarlıq aptekinin yanından sola dönən torpaq yoldur. Yolun sol tərəfi boyu üç cərgədə evlər tikilib. Sonuncu cərgənin arxası təpənin yamacıdır. Yamacboşdur və heç bir tikinti aparılmayıb. Bir yerdə köhnə materiallar vasitəsi ilə ərazi qismən çəpərə alınıb. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin sahəni göstərərək Vidadi adlı şəxsin həmin torpaq sahəsini ona satmağı təklif etdiyini, həmin vaxt ərazinin çəpərlənmədiyini bildirdi. (i.v. 12) İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 14:30 radələrində tutulmuşdur. (i.v. 79) İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə təqdimat verilməsi barədə prosessual rəhbərliyi həyata keçirən prokurora verilən xx.xx.2019-cu il tarixli vəsatətin müdafiə olunmasından imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Sumayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 103-104) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (i.v. 106) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 70, 244-1.2.2-ci maddələrinə əsasən 02 il şərti sınaq müddəti tətbiq olunmaqla 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 108-110) İş materiallarında olan Azərbaycan Respublikası DİN X9 İdarəsi 3-cü PB-nin xx.xx.2019-cu il tarixli, 126-11950 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 16:30 radələrində Binəqədi rayonu ərazisində tutulmuş və MSY-nə təhvil verilmişdir. (i.v. 129) İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 16:30 radələrində tutulmuşdur. (i.v. 130) İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilməsindən ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında qaldırılan xx xxxxxxx 2019-cu il tarixli vəsatətin müdafiə olunmasından imtina edilmiş, və təqsirləndirilən şəxs dərhal həbsdən azad edilmişdir. (i.v. 142) İş materiallarında olan “Qətimkan tədbiri seçmə barədə” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmişdir. (i.v. 144-145) İş materiallarında olan AZ-İİİ seriyalı, 806135 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X4 adlı azyaşlı uşağı var. (i.v. 161) Məhkəmə iclasında təqdim edilmiş Hökumət Ödəniş Portalının ********* saylı, xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2250,00 (iki min iki yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə hesabına köçürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 24 (iyirmi dörd) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar