Məhkəmə qərarları › İş №1(060)-181/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-181/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-181/2024 01.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Naxçıvan MR-da Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR-da Şərur rayonun, Zeyvə kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi evdə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 23:00 radələrində özgənin əmlakını gizli yolla talama məqsədi ilə Sumqayıt şəhəri, stansiya ərazisində yerləşən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (Bundan sonra ADY QSC-nin) Baş Sumqayıt 6-cı blok post mənzilinin 24-cü km-nin 10-cu pk-i ərazisindən 302 manat 40 qəpik dəyərində olan TPP markalı, 100x2 tipli rabitə kabelinin 28 metrini aparmaqla dəmir yolu xətlərinə münasibətdə oğurluq etmiş, yəni dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, 29 mart 2023-cü il tarixdə saat 23:00 radələrində Sumqayıt Dəmir Yolu ərazisində olarkən maddi vəziyyətinin ağır olduğu üçün dəmir yolu kənarında olan dəmir detalları yığaraq metal qəbul məntəqələrindən birinə təhvil verib pul əldə etmək qərarına gəlmişdir. Həmin ərazidə o, dəmir yolu xətlərinə məxsus kabel xəttini görmüş, xəttin bir hissəsi kəsili vəziyyətdə olduğundan yararsız olduğunu düşünmüş və həmin kabelin təqribən 25-30 metr hissəsini kəsərək aparıb Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqəsinə ümumilikdə 6 kq çəkidə olan misi 68 manata satmışdır. Bir müddət sonra o, Sumqayıt dəmir yolu xətt Polis Bölməsinə çağırılarkən etdiyi əməli etiraf etmiş, həmin misi metal qəbulu məntəqələrinə təhvil verib pul əldə etmək məqsədi ilə oğurladığını bildirmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxs ADY QSC-nə dəymiş ziyanı ödəmiş, QSC-nin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyri-rəsmi olsa da evlənmiş, əməlindən peşmandır. Qeyd edilənlərə əsasən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs ADY QSC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, o, adı çəkilən müəssisədə İnfrastruktur Departamentinin işarəvermə və rabitə xidmətinin 1 nömrəli Xaçmaz işarəvermə və rabitə sahəsində 2 saylı İMB sexin böyük mexaniki vəzifəsində işləyir. ADY QSC-nin verdiyi məktuba əsasən ona ********* saylı cinayət işində zərər çəkmiş şəxsin, yəni hüquqi şəxsin nümayəndəsi kimi cinayət prosesində iştirak etmək hüququ verilmişdir. 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ADY QSC-nin Baş Sumqayıt 6-cı blok post mənzilinin 24cü km-nin 10-cu pk-i ərazisindən 28 metr TPP markalı, 100x2 tipli rabitə kabelinin oğurlanması nəticəsində ümumilikdə 302 manat 40 qəpik (üç yüz iki manat qırx qəpik) dəyərində maddi ziyanın hesablanması ilə tam razıdır. Lakin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizası tərəfindən çıxarılmış 9/2977 nömrəli məhkəmə əmtəəşünaslıq rəyi ilə ziyanın 224 manat məbləğində hesablanması ilə razılaşmamışdır. Hazırda QSC-ə dəymiş ziyan ödənilmiş, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd olunanların nəzərə alınmasını, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə 01 fevral 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işlədiyi QSC-ə dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq sonuncuya yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində bildirdi ki, o, uzun müddətdir ki, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən qara metal qəbulu məntəqəsini işlədir. Belə ki, 24 aprel 2023-cü il tarixdə Baş Sumqayıt st.X3 əməkdaşları məntəqəyə gələrək özlərini təqdim etmiş və yanlarında olan bir nəfər şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmiş, həmin şəxsin-yəni Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə ona mis qırıntıları gətirib təhvil verib-vermədiyi barədə soruşarkən o, həqiqətən də 30 mart 2023-cü il tarixdə, saat 12:00 radələrində Rahimdən 6.5 kq mis qırıntılarını kilosu 10 manat 50 qəpikdən olmaqla ümumilikdə 68 manat 25 qəpik ödəməklə aldığını etiraf etmiş, həmin vaxt Rahim onun işlədiyi metal qəbul məntəqəsinə tək gəlmiş, həmin mislərin oğurluq olmadığını bildirmişdir. O, həmin şəxsi əvvəllər tanımadığı üçün ondan şəxsiyyət vəsiqəsinin surətini almışdır. Mis qırıntılarının oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “şahidi dindirmə haqqında” 19 oktyabr 2023-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şahid qismində izahatı alınmışdır. 20 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 62-63) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 78-76); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 77-79); xx.xx.2023-cü il tarixli Baş Sumqayıt st.XPB İ və TQ-nun təhqiqatçısı polis kapitanı Elməddin Həsənovun tərtib etdiyi “baxış keçirilməsi barədə” protokoldan göründüyü kimi, Sumqayıt şəhəri, stansiya ərazisində yerləşən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Baş Sumqayıt 6-cı blok post mənzilinin 24-cü km-nin 10-cu pk-i ərazisində oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 05-07) ADY QSC-nin İnfrastruktur Departamentindən 11 aprel 2023-ci il tarixli cavab məktubundan görünür ki, 29 mart 2023-ci il tarixdə Baş Sumqayıt 6-cı blok post mənzilinin 24-cü km-nin 10-cu pk-i ərazisində yerləşən TPP markalı, 100x2 tipli rabitə kabelinin 28 metrini oğurlanması nəticəsində ADY QSC-nə 302 manat 40 qəpik dəyərində ziyan dəymişdir. (i.v. 14-15) Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış və Baş Sumqayıt st. XPB-nin əməkdaşları tərəfindən aşkar olunduqdan sonra təhqiqatçı Elməddin Həsənov tərəfindən keçirilmiş baxış zamanı müəyyən edilərək metal qəbul məntəqəsindən xx.xx.2023-cü il tarixdə götürülmüş TPP markalı, 100x2 tipli rabitə kabelinin 28 metrinin yandırılmış və 6,5 kq çəkidə olan mis qırıntıları xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Xaçmaz st. XPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Hadisə yerindən götürülərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təqdim edilmiş və sonradan geri qaytarılmış 40 sm uzunluğunda naqil maddi sübut kimi tanınmaqla saxlanılmasından ötrü Xaçmaz st. XPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. (i.v. 23-28, 91-92) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2977 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 40 sm uzunluğunda nümunə əsasında istismarda olmu., istifadəyə yararlı 28 metr uzunluğunda TPP markalı, 100x2 tipli rabitə kabelin 2023cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 224,00 (28 metr x 8 man) manat müəyyən edilir. (i.v. 32-34) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v. 79-80) xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, ittiham aktı üzrə müəyyən edilmiş 303 manat ziyan məbləği Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 40). “Sübutların qiymətləndirilməsi haqqında” 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, ADY QSC-nin İnfrastruktur Departamentindən 11 aprel 2023-ci il tarixli məktubu ilə 29 mart 2023-ci il tarixdə Baş Sumqayıt 6-cı blok post mənzilinin 24-cü km-nin 10-cu pk-i ərazisində yerləşən TPP markalı, 100x2 tipli rabitə kabelinin 28 metrini oğurlanması nəticəsində ADY QSC-nə 302 manat 40 qəpik dəyərində ziyan dəyməsi ilə bağlı məktub iş üzrə sübut növu kimi qiymətləndirilməsi, iş üzrə metal qəbul edən şəxs Şahid əməlində CM-nin 177.2.1, 177.2.3-2 və 194.1-ci maddələrinin tərkib əlamələti olmadığından həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v.94-96) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (AR Konstitusiya Məhkəməsi Plenumunun “CM-nin 53.4-cü maddəsinin və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “CM-nin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 177.2.3-2-ci maddəsinə əsasən Oğurluq - yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Maddənin “Qeyd” hissəsinə görə bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini,zərəçəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs qarşı şikayətlərinin olmamasını, CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 60.1-ci maddəsinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Qanunvericiliyin tələblərindən göründüyü ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə oğurluq cinayətinə görə məhkumluq həyatı yaşaması onun şəxsiyyətinin mənfi xarakterizə edən hal kimi nəzərə alınmamalıdır. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, xüsusən də zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ziyanı tam şəkildə ödəməsini, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 177.2.3- 2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut- TPP markalı, 100x2 tipli rabitə kabelinin yandırılaraq ayrılmış 6,5 kq çəkidə olan mis qırıntıları və ekspertiza tədqiqatına təqdim edilmiş 40 sm uzunluğunda naqil zərərçəkmiş hüquqi şəxs ADY QSC-ə qaytarılmalı, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkildiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut-TPP markalı, 100x2 tipli rabitə kabelinin yandırılaraq ayrılmış 6,5 kq çəkidə olan mis qırıntıları və ekspertiza tədqiqatına təqdim edilmiş 40 sm uzunluğunda naqil zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-ə qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt RegionalVəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar