Məhkəmə qərarları › İş №1(060)-182/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-182/2021

18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-182/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,935 qram çəkidə psixatrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 23.10.2020ci il tarixdə saat 20:22 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər Parkın yanında saxlanılaraq 3-cü PB-ə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellafon bükümündə, təmiz çəkisi 0,935 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təqribən 2 ay olardı ki, narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə edirdi. 21.10.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən qəbirstanlığın yanı ilə gedən zaman yerdə şəffaf sellofan bükümdə ağ kristal maddə görmüş, həmin bükümü götürərək əynindəki mavi rəngli cins şalvarın sağ yan cibinə qoyub evə getmişdir. Bükümün içərisində psixatrop maddə olan metamfetamin olmuşdur. 23.10.2020-ci il tarixdə saat 20:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər parkın yanı ilə piyada gedərkən mülki geyimli və polis geyimində olan şəxslər tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O da özünu təqdim etdikdən sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah edərək, üzərində narkotik vasitələrin qanunsuz saxlamaq, daşımaqda, əldə edilməsində şübhəli olduğu üçün saxlanmağını izah etmişlər. Sonra əlverişli şərait olmadığı üçün şəxsi axtarış aparılmasından ötrü onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Polis əməkdaşları onun razılığı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını, axtarış aparılmazdan əvvəl üzərində hər hansısa qanunsuz əşya və ya maddənin olub-olmamasını soruşaraq olduğu halda təqdim etməyini bildirmişlər. O, da əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş psixatrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Onun iştirakı ilə üzərindən aşkar olunmuş narkotik vasitə elektron tərəzidə çəkilərək, çəkisinin 1,03 qram olması müəyyən olunmuşdur. Həmin büküm zərfə qoyularaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və o, protokolu, eyni zamanda zərfi imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun, ailəsinin və uşaqlarının olmasını, yeganə qazanc gətirən şəxs olduğunu, bir daha narkotik maddə qəbul etməyəcəyini nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərdi ki,Sumqayıt ŞPİ-nin 3-cü PB-də əməliyyat müvəkkili kimi xidmət edir, rütbəsi polis leytenantıdır. 23.10.2020-ci il tarixində Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixatrop maddələrin qəbulu, üzərində gəzdirilməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovni-leytenantı Şahid2 və həmin idarənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil etmiş və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakını təmin etmişlər. Saat 20:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Heydər parkın yanında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Heydər parkın yanına gəlmişlər və orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Saat 20:22 radələrində Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs görüb saxlamış və özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, əldə etməkdə vasitəçilik etmə və gəzdirməkdə şübhəli bilindiyini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş təqdim edilmiş, həmçinin, Təqsirləndirilən şəxs şərait olmadığı üçün videoçəkiliş dayandırılmadan PB-nə gedərək orada üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə xidməti avtomobillə videoçəkiliş dayandırılmadan Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları qoyması xahiş olunmuşdur. Təqsirləndirilən şəxs bu zaman əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülünün içərisində nə olduğu soruşulduqda, sonuncu həmin 01 ədəd şəffaf sellofan bükülünün içərisində narkotik vasitə olan «kakos» olduğunu bildirmiş, həmin 01 ədəd şəffaf sellofan bükülünün içərisinə baxarkən ağ rəngli narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin nə olduğu, haradan, kimdən əldə etməsi, nə məqsədlə üzərində saxlaması barədə suallara cavab olaraq, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə kakos olduğunu, həmin narkotik vasitəni 21.10.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın yanından tapdığını, narkotik vasitəni üzərində saxlayaraq istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlənin çəkisini müəyyən etmək və protokol tərtib olunmasına şərait olmadığından həmin kütlə tərəflərindən götürülmüş və videoçəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, çəkisi gümüşü rəngli siqaret kağızları ilə birlikdə 1,03 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, sonra protokol tərtib olunmuş, ucadan oxunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Şahid2 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Buna görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahidlər DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 23.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid3 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24.10.2020-ci iltarixli, 6/2259 №li məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X2 üzərindən” sözləri olan zərfdəki bir bükümdə təmiz çəkisi 0,935 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixatrop maddə-metamfetamindir (metamfetaminin təmiz çəkisi- 0,935 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-0,85 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 26.11.2020-ci il tarixli 3326 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinenbsiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-22.03.2020-ci il təvəllüdlü X5 və 31.08.2018-ci il təvəllüdlü X6 vardır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 01.01.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23.10.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25.10.2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına verilmə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,885 qram çəkidə psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat 82 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X7 18 (on səkkiz) saat iştirak etmişdir. Ona görə də 108 (bir yüz səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 26.01.2021-ci il tarixli (iş № 1(060)-182/2021) qərarını icra edərək, 27yanvar 2021-ci il tarixli 103 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsqeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,885 qram çəkidə psixatrop maddə metamfetamin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar