Məhkəmə qərarları › İş №1(060)-183/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-183/2022

17.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-183/2022 17.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxx 1996-cı ildə Yardımlı rayonu, Dəlləkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Dəlləkli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağlarında yerləşən fərdi tikilidə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Rəbənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 15.09.2021-ci il tarixdə saat 04 radələrində özgənin əmlakını talama məqsədilə dostu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən 1993 nömrəli bağ sahəsinin hasardan aşma yolu ilə həyətyanı sahəsinə daxil olub həyətyanı sahədə yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını(reşotka) dəmir parçası ilə yuxarı qatlayıb dəmir parçası ilə plastik pəncərənin kilid hissəsini açıb oradan fərdi yaşayış evinə qanunsuz daxil olmaqla birinci mərtəbədə yerləşən mətbəx və qonaq otaqlarındakı dəyəri 85,0 manat olan, 4mm diametrli, 100 uzunluqlu və dəyəri 55,0 manat olan, 2,5 mm diametrli, 100 metr uzunluqlu Türkiyə istehsallı, “Nexans” markalı elektrik naqillərini gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 140 (yüz qırx) manat manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 15.09.2021-ci il tarixdə saat 04 radələrində özgənin əmlakını talama məqsədilə dostu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən 1993 nömrəli bağ sahəsinin hasardan aşma yolu ilə həyətyanı sahəsinə daxil olub həyətyanı sahədə yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını(reşotka) dəmir parçası ilə yuxarı qatlayıb dəmir parçası ilə plastik pəncərənin kilid hissəsini açıb oradan fərdi yaşayış evinə qanunsuz daxil olmaqla birinci mərtəbədə yerləşən mətbəx və qonaq otaqlarındakı dəyəri 85,0 manat olan, 4mm diametrli, 100 uzunluqlu və dəyəri 55,0 manat olan, 2,5 mm diametrli, 100 metr uzunluqlu Türkiyə istehsallı, “Nexans” markalı elektrik naqillərini gizli yolla talayıb zərərçəkmiş şəxsə ümumilikdə 140(yüz qırx) manat manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərəl ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Dəlləkli kəndində yaşayır. İşləmək üçün Sumqayıt şəhərinə tez-tez gəlib gedir. Daimi olaraq Sumqayıt şəhərində yaşayış yeri yoxdur. Hər dəfə müxtəlif ünvanlarda kirayə yaşamışdır. Sonuncu dəfə Sumqayıt şəhəri, 5-ci mikrorayonda kirayə yaşamışdır. Hazırda həmin ünvanda yaşamır. Təqsirləndirilən şəxs2 Kərim oğlunu təxminən 1 il olar ki tanıyır, dostudur. 15.09.2021-ci il tarixdə saat 01-02 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Novxanı qəsəbəsindən dəniz kənarından yaşadıqları ünvana, belə ki, Təqsirləndirilən şəxs2 Kimyaçılar qəsəbəsinə, o isə 5-ci mikrorayon ərazisində kirayə yaşadığı ünvana getmək üçün Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisindən keçərkən yeni tikilmiş fərdi bağ evi görmüşlər. Onlar heç bir yerdə işləmədikləri və maddi vəziyyətləri yaxşı olmadığı üçün həmin bağ evinə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Sonra hər ikisi bağ evinin hasarından aşmaqla həyətyanı sahəyə daxil olmuşlar. Evin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını(reşotka) həyətyanı sahədə olan dəmir parçası ilə köməkli şəkildə yuxarı qatlamışlar. Sonra hər ikisi köməkli şəkildə dəmir parçası ilə plastik pəncərənin kilid hissəsini açıb birlikdə evin birinci mərtəbəsinə daxil olmuşlar. Evin içəri hissəsinin təmiri başa çatmamışdır. Evin içərisində oğurlamaq üçün yalnız mis kabellərin olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Belə ki, onlar əvvəlcə təxminən 200 metr uzunluqda olan, rezin borunun içərisindəki mis kabelləri evin içərisindən çıxardıb hasarın yanına gətirmişlər. Sonra mis kabellərinin üzərində olan rezin boruları çıxarıb hasarın yanına atmışlar. Mis kabelləri həyətyanı sahədə olan dəmir parçası ilə hissələrə ayırmışlar. Sonra həmin mis kabelləri həyətyanı sahədə olan polietilen torbalara yığıb hasarı aşıb evin həyətyanı sahəsini tərk etmişlər. Onlar həyətyanı sahədən çıxdıqda artıq saat 04 radələri olmuşdur. Onlar Corat bağlar massivindən yenidən dəniz istiqamətinə qayıtmışlar. Yolun kənarında olarkən taksi kimi fəaliyyət göstərən markasını xatırlamadığı avtomobili görüb əl eliyib saxlatdırıb avtomobilə minərək sürücüyə onları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinə aparmasını bildirmişlər. Sürücüyə etdikləri oğurluq əməlləri barədə heç bir söz deməmişlər. Sürücü onları həmin ünvana apardıqdan sonra 6 manat pul verib Təqsirləndirilən şəxs2 yaşadığı məhəlləyə getmişlər. Birlikdə Kimyaçılar qəsəbəsində olan məişət tullantıları atılan ərazidə mis kabelləri əritdikdən sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib orada nə etdiklərini soruşmuşlar. Onlar tapdıqları mis kabelləri əritdiklərini bildirdikdə polis əməkdaşları onlara inanmayıb onları 1-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə getdikdən sonra etdikləri oğurluq əməlini etiraf etmişlər. Əməlindən səmimi peşman olduğunu və dəymiş ziyanı ödədiklərini bildirərək barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki tanıyır, dostudur. 15.09.2021-ci il tarixdə saat 01-02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Novxanı qəsəbəsindən dəniz kənarından yaşadıqları ünvana, yəni o Kimyaçılar qəsəbəsinə, Təqsirləndirilən şəxs1 isə 5-ci mikrorayon ərazisində kirayə yaşadığı ünvana getmək üçün Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisindən keçərkən yeni tikilmiş fərdi bağ evi görmüşlər. Onlar heç bir yerdə işləmədikləri və maddi vəziyyətləri yaxşı olmadığı üçün həmin bağ evinə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Sonra hər ikisi bağ evinin hasarından aşmaqla həyətyanı sahəyə daxil olmuşlar. Evin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını(reşotka) həyətyanı sahədə olan dəmir parçası ilə köməkli şəkildə yuxarı qatlamışlar. Sonra hər ikisi köməkli şəkildə dəmir parçası ilə plastik pəncərənin kilid hissəsini açıb birlikdə evin birinci mərtəbəsinə daxil olmuşlar. Evin içərisi hissəsinin təmiri başa çatmamışdır. Evin içərisində oğurlamaq üçün yalnız mis kabellərin olduğunu görüb onları oğurlamaq qərarına gəlmişlər. Belə ki, onlar əvvəlcə təxminən 200 metr uzunluqda olan, rezin borunun içərisindəki mis kabelləri evin içərisindən çıxardıb hasarın yanına gətirmişlər. Sonra mis kabellərin üzərində olan rezin boruları çıxarıb hasarın yanına atmışlar. Mis kabelləri həyətyanı sahədə olan dəmir parçası ilə hissələrə ayırmışlar. Sonra həmin mis kabelləri həyətyanı sahədə olan polietilen torbalara yığıb hasarı aşıb evin həyətyanı sahəsini tərk etmişlər. Onlar həyətyanı sahədən çıxdıqda artıq saat 04 radələri olmuşdur. Onlar Corat bağlar massivindən yenidən dəniz istiqamətinə qayıtmışlar. Yolun kənarında olarkən taksi kimi fəaliyyət göstərən markasını xatırlamadığı avtomobili görüb əl eliyib saxlatdırıb avtomobilə minərək sürücüyə onları Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsinə aparmasını bildirmişlər. Sürücüyə etdikləri oğurluq əməlləri barədə heç bir söz deməmişlər. Sürücü onları həmin ünvana apardıqdan sonra 6 manat pul verib onun yaşadıqları məhəlləyə getmişlər. Birlikdə Kimyaçılar qəsəbəsində olan məişət tullantıları atılan ərazidə mis kabelləri əritdikdən sonra polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib orada nə etdiklərini soruşmuşlar. Onlar tapdıqları mis kabelləri əritdiklərini bildirdikdə inanmayıb onları 1-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə getdikdən sonra etdikləri oğurluq əməlini etiraf etmişlər. Əməlindən səmimi peşman olduğunu, xəstə anasının olduğunu və evi dolandıran yeganə şəxs o, olduğunu barəsində sərt cəza veriləcəyi halda anasının sağlamlıq və maddi vəziyyətinə pis təsir edəcəyini, maddi ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhəri, Corat bağlar massivində ona məxsus 1993 nömrəli bağ sahəsi var. Həmin bağ sahəsində 3 mərtəbəli fərdi bağ evi inşa etdirmiş və bağda elektrik naqilləri çəkdirmişdir. Hazırda evin təmir işləri tam başa çatmadığından evdə yaşamır. Buna baxmayaraq ara bir bağa gəlib gedir. Sonuncu dəfə bağ evinə 14.09.2021-ci il tarixdə gedib bir qədər bağda olduqdan sonra saat 13:00 radələrində çıxıb getmişdir. 15.09.2021-ci il tarixdə saat 20:00 radələrində bağa gələndə və bağ sahəsinə daxil olanda bağ evində quraşdırdığı naqillərin üzərində olan rezin boruların bir qisminin kəsilmiş və həyətə atılmış vəziyyətdə olduğunu, bağ evinin 1-ci mərtəbəsinin mətbəx və qonaq otağının pəncərəsinin dəmir barmaqlığının sındırılıb yuxarı qatlandığını, içəri daxil olduqdan sonra isə mətbəx və qonaq otağının döşəməsinin üstü ilə quraşdırılmış elektrik naqillərinin kəsilərək oğurlandığını aşkar etmişdir. Bununla da başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər 14.09.2021-ci il, saat 13:00-dan 15.09.2021-ci il, saat 20:00dək olan müddət ərzində bağın hasarından həyətyanı sahəyə aşaraq sonradan isə bağ evinin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb yuxarı qatlayaraq pəncərəni açmaq yolu ilə bağ evindən mətbəx və qonaq otağından elektrik naqillərini oğurlamışdır. Bağ evindən 4mm diametrli, 100 metr uzunluqlu və 2,5 mm diametrli, 100 metr uzunluqlu elektrik naqilləri oğurlanmışdır. Həmin naqillərdən 2,5mm diametrli naqilin bir metrini 3 manat 40 qəpiyə, 4mm diametrli naqilin bir metrini isə 4 manat 50 qəpiyə almışdır. Həmin naqillər Türkiyə istehsallı, “Nexans” markalı, mis tərkibli olmuş, istifadədə olmamışdır. Oğurlanmış naqilləri 2021-ci ilin mart-aprel ayında almışdır. 2,5 mm diametrli, 100 metr uzunluqlu naqilin oğurlanması ilə ona 340 manat, 4mm diametrli, 100 metr uzunluqlu naqilin oğurlanması ilə ona 450 manat, ümumilikdə isə ona 790 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərlə barışdığını və ona dəymiş maddi ziyanın tam olaraq iki şəxs tərəfindən ödənildiyini bildirmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin təqdim etdiyi 01.09.2020-ci il tarixli 09/2976 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 noyabr 2021-ci il tarixli, 9/8391 nömrəli rəyindən görünür ki, Ekspertiza təyini haqqında qərarda göstərilən elektrik naqillərinin 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətilə ümumi dəyəri nəzəri qaydada təxminən 140,0 manat müəyyən edilir. O, cümlədən:

1. 100 metr uzunluğunda, 2021-ci ilin mart-aprel aylarında alınmış 4 mm diametrli, istifadədə olmayan, “Nexans” markalı elektrik naqili – 85,0 manat(100 metr x 0,85 manat);

2. 100 metr uzunluğunda, 2021-ci ilin mart-aprel aylarında alınmış 2,5 mm diametrli, istifadədə olmayan, “Nexans” markalı elektrik naqili – 55,0 manat(100 metr x 0,55 manat). Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 07.02.2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir və ona dair şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işinin materiallarında olan 17.09.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 17.09.2021-ci il tarixdə saat 16:10 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 17.09.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 17.09.2021-ci il tarixdə saat 17:40 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan 19.09.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan 19.09.2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında 19.09.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında 19.09.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Abbasov X1 şəhər Məhkəməsinin 15.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Resublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 1000 ( bir min) manat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhəri üzrə Probasiya Şöbəsinin 08.08.2019-cu il tarixli 1769 saylı arayışına əsasən cəriməni tam şəkildə ödəmişdir. Sumqayıt şəhər Məhkəməsinin 18.06.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü naddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 04.09.2020-ci i tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 05 ay 22 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuşdur. 22.02.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-266/2019 saylı, 18.06.2019-cu il tarixli hökmü və hmin məhkəmənin 7(060)215/2020 saylı 04.09.2020-ci il tarixli qərarı cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində çıxarılmış Sumqayıt şəhər məhkəməsinin 18.06.2019-cu il tarixli hökmü əsasında yaranmış məhkumluq ödənilmədiyindən Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residvi müəyyən edilməmişdir. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti Ostayir İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 qeydiyyatda olduğu yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun törətdikləri cinayət əməlləri özlərinin tam etirafedici ifadələri, zərərçəkmiş və şahidin ifadəsi, baxış istintaq hərəkətləri, ekspertiza rəyi, maddi sübut və cinayət işinə əlavə edilmiş digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onların şəxsiyyətini, törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və 59.2-ci maddəyə əsasən əməlindən səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin zərərçəkmiş ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi və 59.2-ci maddəyə əsasən əməlindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməlindən səmimi peşman olmasını, məsuliyyəti ağaırlaşdıran halların olmamasını və təyin ediləcək cəzanın onun ailə şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Sumqayıt MSY-də olduğu müddət 17-19 sentyabr azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Barəsində seçilmiş Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməlindən səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alınaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Sumqayıt MSY-də olduğu müddət 17-19 sentyabr azadlıqdan məhrum etmənin bir gününün azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Barəsində seçilmiş Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.12.2021-ci il tarixli (iş № 1(060)-827/2021) qərarını icra edərək, 21.12.2021-ci il tarixli 1381 saylı vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.12.2021-ci il tarixli (iş № 1(060)-827/2021) qərarını icra edərək 18.01.2022-ci il tarixli 50 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz)saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi fərdi evdə yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Corat bağları fərdi evdə yerləşən ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 09 (doqquz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar