Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-183/2024 24.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, X6 küçəsi, ev 48 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, X6 küçəsi, ev 48 ünvanında Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olduğu həyat yoldaşı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu həyat yoldaşı Zərərçəkmiş şəxs alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə işdə qazanc olmadığından evə gəlmiş, əsəbi olduğundan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə pula görə aralarında mübahisə yaranmış, mübahisə zamanı yumruqla onun dodaq nahisyəsinə vurmuşdur. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladı vardır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs işdən evə gələn zaman pula görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Elnur onun dodaq nahiyəsinə yumruqla zərbə endirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayətçi deyildir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə aralarında barışıq olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi deyildir. Vurulmuş ziyan ödənilmişdir. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 xx.xx.2017-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 2028 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “alt dodağın selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş- cırılmış yarası” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 17.12.23-cü il tarixdə yumruqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4966 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 09.2014-cü il tarixdən “Opioidlərin qəbulundan yaranan asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7 4 nömrəli xəstəxanasının poliklinikasının şöbəsi tərəfindən verilmiş 389 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 3637 saylı, xx.xx.2023-cü il tarixli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, X6 küçəsi, ev 48 ünvanında qeydiyyatsız yaşayır, ailə tərkibi həyat yoldaşı-1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı- 2018-ci il təvəllüdlü X3 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-698/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və materiallarda olan digər sənədlərlə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs daha əvvəl böyük ictimai təhlükə törətməyən cinayətə görə zərərçəkmiş şəxslə barışdığı üçün məsulliyyətdən azad edildiyindən, hazırda onun yenidən törətdiyi başqa əmələ görə zərərçəkmiş şəxslə barışmasına baxmayaraq məsuliyyətdən azad edilməsinə qanun icazə vermir. Belə ki, Azərbaycan Respublikasının Cinayıt Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiya həddinə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası həddində, ictimai işlər növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Yəni, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin saksiyasında ictimai işlərdən daha yüngül cəza növü cərimə olsa da, əməli törətmiş şəxsin maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınıb ictimai işlər növündə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-183/2024) qərarını icra edərək xx.xx.2024-cü il tarixli, 066/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 240 (iki yüz qırx) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-183/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-183/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver