Məhkəmə qərarları › İş №1(060)-184/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-184/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-184/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə saat 16:50 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 20 nömrəli binanın qarşısında saxlanılaraq 3-cü PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış olduğu 01 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 0,507 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsinə olarkən təsadüfən qarşılaşıb söhbət etdiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan heroin almış və istifadə etmək üçün üzərində saxlamışdır. Həmin gün saat 16-17 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən 20 nömrəli binanın qarşısında olan zaman iki nəfər mülki formada olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra hüquq və vəzifələrinin müdafiəsini təmin etmək məqsədi ilə vəkil təqdim olunmuş və video çəkiliş başlamış, ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulan zaman o, özü əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir və bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,70 qram olduğu aşkar olunmuşdur. Daha sonra ekspertizaya təqdim olunması məqsədi ilə kağız zərfə qoyularaq qablaşdırılmış və şəxsi axatırşda iştirak edənlər tərəfindən imzalanmışdır. Polis bölməsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin gün saat 17:00 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, ərazisində yerləşən 20 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün 3-cü PB-nə dəvət etmişlər. Azər heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis bölməsində xidməti otaqlardan birində kriminalist Asəf Həbibov videokameranı işə salmış və Təqsirləndirilən şəxs vəkil təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0,70 qram təşkil etmişdir. Narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və araşdırma aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20-nin yaxınlığında xx.xx.2022-ci il tarixdə, saat 16:50-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmelin olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş büküm çıxardıb təqdim etdi. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli sellofonda olan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin maddəni xx.xx.2022ci il tarixdə Sumqaxıt şəhəri, Corat qəsəbəsində olan zaman tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Həmin büküm açılan zaman onun içərisindən tünd-qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya predmet aşkar olunmadı. Daha sonra həmin maddə elektron tərəzidə çəkildi. 01 ədəd qara rəngli sellofan bükümdə olan heroinə bənzər maddə sellofonla birlikdə 0.70 qram oldu. Həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və bir neçə saniyədən sonra video çəkiliş dayandırıldı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6\6258 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №1267”-li dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,507 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,457 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroinin ilkin təmiz çəkisi 0,507 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,457 qram olan heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “DVD diskə yazılmış görüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 3n Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ərazisində yerləşən 20 nömrəli binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Polis bölməsində xidməti otaqlardan birində kriminalist panasonik markalı videokameranı işə salmışdır. Baş təhqiqatçı Pərviz Babayev özünü təqdim etdikdən sonra şübhəli şəxs və polis əməkdaşları özlərini təqdim edirlər. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildirişi və Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olundu. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərindən başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu deyir. Həmin bükümə baxarkən içərisində tünd qəhvəyi rəngli kəskin iyli kütlə aşkar olunur. Təhqiqatçı ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroin elektron tərəzidə çəkilir və çəkisi 0,70 qram təşkil edir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılıb, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayı tşəhər Məhkəməsinin 1(060)-254/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 6525 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 4414 saylı, xx.xx.2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olsa da yaşamır, qeydiyyatda olduğu ünvan üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması nəzərə alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-184/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 17/40- 479 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-184/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 0,457 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-911/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1873 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertizalar nəticəsində qalıq qalmış 0,457 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar