Məhkəmə qərarları › İş №1(060)-186/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-186/2022

06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-186/2022 06.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 63 mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadarından artıq miqdarda təmiz çəkisi 7,077 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 11 noyabr 2021-ci il tarixdə saat 19:15-də Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısındakı küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş və Sumqayıt ŞPİ-də onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sol iç cibindən ağ rəngli sellefona bükülmüş 01 ədəd torbacıqda təmiz çəkisi 7,077 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1961-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur və hazırda Sumqayıt şəhəri, 17 mikrorayon, ev 63 mənzil 3-də ailəsi ilə birlikdə yaşayır. Əvvələr məhkum olunmuşdur və evlidir. Təxminən 3-4 ildir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Qurudulmuş marixuana istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. 11.11.2021-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısında piyada hərəkətdə olan zaman mülki geyimdə olan 3 nəfər şəxs ona yaxınlaşmışlar və özlərinin polis işçiləri olduqlarını bildirib ona özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin üç nəfərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi qurudulmuş marixuananı kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda onu oraya gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Daha sonra o, əynində olan göy rəngli gödəkçənin sol iç cibində ağ rəngli sellefona bükülmüş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş və həmin bükümün içində qurudulmuş marixuna olduğunu təhqiqatçıya demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananın çəkisi elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu və üzərində gəzdirməsi ilə məşğul olması barədə qərəzsiz mənbədən ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 11 noyabr 2021-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər polis CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid2 oğlu və həmin şöbənin kiçik inspektoru polis baş serjantı Şahid3 da iştirak etmişdir. Şöbə rəhbərliyi tərəfindən müvafiq təlimat alındıqdan sonra həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmuşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli tam orta məktəbin yaxınlığındakı ərazidə piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra onlar əməliyyat qrupunun üzvləri birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamışlar və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq Təqsirləndirilən şəxs hərəkətsiz hala gətirmişlər. Sonra özlərini həmin şəxsə təqdim etmişlər və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs müqavimət göstərmədən onlarla avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-yə gətirilmişdir. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs təhqiqatçı Elsevər Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü sürətdə verməsi təklif olunmuş və bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli yaz-yay gödəkcəsinin sol iç cibində 01 ədəd ağ rəngli sellefon bağlamanı təqdim etmiş və həmin bağlamanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Həmin bağlama sonradan bütün iştirakçıların gözü önündə elektron tərəzidə çəkilmiş ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və möhürlənmişdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixunaya bənzər kütləni 10.11.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonundan üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın kiçik inspektoru polis baş serjantı Şahid2 da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki. Sumqayıt ŞPİ-nin inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru Elsevər Quliyev Təqsirləndirilən şəxs əvvəlcə özünü təqdim edir. Həmin vaxt CAŞ-nin əməkdaşları özlərini həmin şəxsə təqdim edir.Sonra təhqiqatçı Rasim Əhmədova qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyı üçün Sumqayıt ŞPİ-yə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt regional Vəkil Bürosunun vəkili Günay Cəfərovanı təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşur. Rasim Əhmədov heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli yazyay gödəkcəsinin iç cibindən ağ rəngli sellefona bükülmüş qurudulmuş marixuana aşkar edir və Təqsirləndirilən şəxs haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddənin qurudulmuş marixuana olduğunu, həmin maddəni, 10.11,2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonundan üzdən tanıdığı, adını və ünvanını bilmədiyi şəxsdən 30 manata götürdüyünü söyləyir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə qoyularaq çəkilir və çəkisinin 7,85 qram olması müəyyən olunur. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırlır, DİN-nin 127 saylı möhürü ilə n hürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 7/1171 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: «... Saxlanılan şəxs Abbasov.A.K...» yazıları və imzaları olan bir ədəd zərfədəki,1 ədəd ağ rəngli sellefon torbacıqda təmiz çəkisi -7,077 qram bitki mənşəlli kütlə,tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi – 7,077 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 7,057 qram. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 4564 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 7,077 qram olan, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 7,057 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.11.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 13.11.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf etməsini, yaşayış yerində müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 11.11.2021-ci il tarixdən 13.11.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 7,077 qram olan, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 7,057 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 11.11.2021-ci il tarixdən 13.11.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 7,057 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 66,46 (altmış altı manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar