Məhkəmə qərarları › İş №1(060)-187/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-187/2024

02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-187/2024 02.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1951-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində yaşadıqları ünvan 2 ünvanında ailə-məişət zəmnində yaranmış mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs əli ilə vuraraq ona sol gicgah-alın nahiyyənin sol gözün bayır bucağını əhatə edən dərialtı hematoması, sağ almacıq nahiyyəsinin qançırı xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən “YÜNGÜL” dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onlar 1980-cı il tarixdə rəsmi olaraq ailə qurmuşlar və birgə nikahdan 1981-cı il təvəllüdlü Məsmə, 1984-cü il təvəllüdlü Mətanət adlı qızları, 1987-ci ildə isə Mərdan adlı oğulları dünyaya gəlmiş və övladlarının hamısı ailə quraraq ayrı yaşayırlar. Onların münasibəti normal olsa da, hər ailədə olduğu kimi ailə daxili söz-söhbətlər olmuş, sonra isə öz aralarında yoluna qoymuşlar. O, xx.xx.2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində yaşadığı ünvanda olan zaman Rüxsarə ilə aralarında yenə ailə daxili söz-söhbət olmuşdur. Belə ki, o, ondan pul istəmiş, Rüxsarə pulunun olmadığını bildirib ona pul verməmişdir. O, həmin vaxt əsəbləşib sillə ilə bir neçə dəfə Rüxsarənin baş, sifət və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmiş, sonra isə digər otağa keçmiş, bir neçə dəqiqədən sonra otaqlara baxdıqda Rüxsarənin olmadığını, çıxıb getdiyini görmüşdür. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onlar 1980-cı il tarixdə rəsmi olaraq ailə qurmuşlar və birgə nikahdan 1981-cı il təvəllüdlü Məsmə, 1984-cü il təvəllüdlü Mətanət adlı qızları, 1987-ci ildə isə Mərdan adlı oğulları dünyaya gəlmiş və övladlarının hamısı ailə quraraq ayrı yaşayırlar. Onların münasibəti normal olsa da, hər ailədə olduğu kimi ailə daxili söz-söhbətlər olmuş, sonra isə öz aralarında yoluna qoymuşlar. O, övladlarına görə boşanmamış, onun bütün elədiklərinə dözmüş, Rafiq də bundan istifadə edib onunla heç bir səbəb olmadan mübahisələr etmişdir. O, xx.xx.2023-cü il tarixdə, təxminən saat 19:00 radələrində Rafiqlə yaşadıqları ünvanda olan zaman onunla aralarında yenə ailə daxili söz-söhbət olmuşdur. Belə ki, o, mətbəxdə olan zaman Rafiq onun yanına gələrək onun ünvanına nalayiq ifadələr işlətmiş, o da heç bir cavab verməmişdir. Rafiq öz hərəkətlərinə davam edib üzərinə gəlib sillə ilə bir neçə dəfə onun baş, sifət və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmiş, bir neçə dəqiqə sonra evdən çıxaraq qonşuya getmiş, sonra özünü pis hiss etdiyi üçün Sumqayıt şəhər TTYS-na getmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 2021 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol gicgah-alın nahiyyənin sol gözün bayır bucağını əhatə edən dərialtı hematoması, sağ almacıq nahiyyəsinin qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4940 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Tibb Ərazi Bölmələrini X1 Hüquqi Şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 24 nömrəli, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyatda yoxdur və müraciət etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar