Məhkəmə qərarları › İş №1(060)-189/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-189/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-189/2023 01.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx.xx.1980-ci ildə Laçın rayonunda anadan olmuş,ailəli, orta texniki təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs növündə qətimkan tədbiri seçilməklə ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə təsadüfən tanış olduğu Zərərçəkmiş şəxs oğlu Şahid Prezidentin mühafizə xidmətinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq 26 iyul 2022-ci ilin tarixdə Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığında yerləşən çayxanada 5000 manat, 2022-ci ilin iyul ayının sonları Sumqayıt şəhəri, 10-cumikrorayon ərazisində yerləşən “Xəlifə” restoranının yaxınlığında yerləşən çayxanada 1000 manat pulunu ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda-6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, 2003-cü ildən Xüsusi Dövlət mühafizə Xidmətində əməkdaş kimi işə başlamış və 18 oktyabr 2021-ci il tarixdə işdən azad olunmuş, halhazırda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsində barəsində olan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılır. 2022-ci ilin iyul ayının ortalarında valideynlərinin yaşadığı Abşeron rayonu, ST.Sumqayıt qəsəbəsi ərazisində yerləşən Qaçqınlar şəhərciyinin həyətində yerləşən “Al” marketin qarşısından Hyundai A30 markalı avtomobilə əl edərək onu Sumqayıt şəhərinin çıxışına Sumqayıt sözləri yerə qədər aparmasını xahiş etmişdir. Həmin şəxs onu götürmüş və söhbət əsnasında onun Prezidentin mühafizə xidmətində işlədiyini bilmişdir. Həmin şəxs adının İskəndər olduğunu, Laçın rayonundan olduğunu, oğlunun idmançı olduğunu və hal-hazırda işsiz olduğunu demişdir. O İskəndərlə yerli olduğunu, oğlunu işlədiyi yerə işə düzəldə biləcəyini deyib İskəndərin mobil nömrəsini götürmüşdür. İskəndər onu dediyi yerdə düşürtmüş və ayrılmışlar. Bundan 3-4 gün sonra axşam saatlarında İskəndərə zəng edərək Sumqayıt şəhərində yerləşən Bakı restoranında toyda olduğunu və həmin yerə gələrək oğlunun işə düzəlmə məsələsini danışmaq üçün İskəndərin gəlməsini demiş, ikisi həmin restoranın qarşısında görüşüb söhbət etmişlər. O, orda İskəndərin oğlu Turalı Prezidentin mühafizə xidmətinə düzəltməsi üçün 11000 manat pul lazım olacağını və 950 manat maaş alacağını bildirib getmişdir. 2022-ci ilin iyul ayının sonlarına yaxın İskəndər ona zəng edərək Abşeron rayonu, Xırdalan dairəsindən keçəcəyini və pulu orada görüşüb götürməyini demiş, ikisi həmin gün günorta saatlarında həmin dairənin yaxınlığında adını xatırlamadığı çayxanada görüşmüş və İskəndər ona 5000 manat pul vermiş, qalan 1000 manat pulu 2-3 gün sonra verəcəyini demişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan 2-3 gün sonra iyul ayının sonları o, İskəndərə zəng edərək Sumqayıt şəhərinə gəldiyini və görüşmək lazım olduğunu bildirmiş, həmin gün Sumqayıt şəhərində yerləşən “Xəlifə” restoranının yaxınlığındakı çayxanada ikisi görüşmüşlər. İskəndər qalan 1000 manat pulu orada ona vermişdir. O, İskəndərə oğlu Turalın işə düzəldikdən sonra qalan 5000 manat pulu verəcəyini demiş və ayrılmışlar. X2 həmin vaxtlarda Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən “Şaurma“ restoranında oturub söhbət etmiş və Turala Sumqayıt şəhərində yerləşən “Okean” restoranının yaxınlığında yerləşən kəmər mühafizə xidmətinin yerini göstərmiş və orada işləyəciyini bildirmişdir. Sonradan həbs olunduğu üçün İskəndərlə əlaqə saxlaya bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Maxim şirkətində taksi fəaliyyəti ilə məşğul olur və Hyundai A 30 markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir.Təxminən 2022-ci ilin iyul ayının ortalarında Abşeron rayonu ərazisində yerləşən Qaçqınlar şəhərciyindən müştəri düşürüb qayıdan zaman həmin şəhərciyin qabağında bir nəfər hündür boylu, dolu bədənli kişinin dayandığını görmüş və həmin şəxs ona Bakı Sumqayıt yoluna kimi aparmağını xahiş etmişdir.Həmin şəxs söhbət əsnasında Prezidentin mühafizə xidmətində mühüm vəzifədə işlədiyini dedikdə o da oğlu Turalın hərbi xidmətdən qayıdıb işsiz olmasını bildirmişdir.Həmin şəxs adının Bəxtiyar olduğunu, əslən Laçın rayonun Pircahan kəndindən, atasının seyid, anasının ağbirçək olduğunu deyib ona məxsus ***-***-**-** saylı mobil nömrəni götürmüşdür. Bir neçə gündən sonra Bəxtiyar istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəyə zəng vurub Sumqayıt şəhərində yerləşən Bakı restoranında toyda olduğunu, görüşməyini və telefon söhbəti olmadığını demişdir.Həmin gün saat 22 radələrində ora gedib restoranın qarşısında görüşmüşlər. Bəxtiyar ona oğlunun işini danışdığını, fikrini qətiləşdirməsini, oğlunun 950 manat əmək haqqı alacağını, hər rüb əlavə 2-3 min manat pul alacağını, ailə qurandan sonra ev veriləcəyini və bunun üçün 11000 manat pul lazım olacağını demişdir.Bundan 2 gün sonra Bəxtiyar ona zəng vuraraq oğlunun müvvəqəti Sumqayıt şəhəri Kəmər mühafizə idarəsində işləyəcəyini, 6 aydan sonra öz işlədiyi yerə aparacağını və pulu çatdırmasa uşağın adının qara siyahıya salınacağını və heç bir yerə işə götürülməyəcəyini bildirmişdir.26 iyul 2022- ci ildə o Bəxtiyara zəng edərək Xırdalanın dairəsinə gəlməyini və 5000 manat pul gətirəcəyini demiş,həmin gün günorta saatlarında Xırdalanın dairəsində adını xatırlamadığı çayxanada Bəxtiyarla görüşüb ona 5000 manat pul vermişdir.O Bəxtiyardan iş vəsiqəsini göstərməsini tələb etdikdə vəsiqəsinin üstündə olmadığını, sürücülük vəsiqəsinin şəklini vatsapla atacağını demişdir. Bəxtiyar istifadəsində olan ***-***-**-** mobil nömrəsindən sürücülük vəsiqəsinin şəklini ona göndərmişdir.Bundan 2-3 gün sonra Bəxtiyar istifadəsində olan mobil nömrəylə onun mobil nömrəsinə yığaraq 2000 manat pul verməyini dedikdə, o Bəxtiyara 1000 manat pulunun olduğunu, qalan 5000 manatı da sora verə biləcəyini bildirmişdir.Bəxtiyar onunla razılaşmış və Sumqayıt şəhəri, 10-cu mikroraryonda yerləşən Xəlifə restoranının yanında yerləşən adını tanımadığı çayxanada görüşüb 1000 manat pulu ona vermişdir.Bəxtiyar ona qalan 4000 manat pulu Tural işə düzəldikdən sonra verəcəyini demişdir.Bundan 2 gün sonra o Bəxtiyara zəng edib işin nə yerdə olduğunu soruşduqda Turalın 2-ci gün qəbulda olacağını demişdir.O Bəxtiyara zəng vurduqda Bəxtiyarın mobil nömrəsinə zəng çatmamış, onu ilk dəfə götürdüyü yerə gedərək orada yaşayan qonşularından Bəxtiyar həbs olunduğunu öyrənmişdir.Bundan sonra məcbur olub bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə və DİN-nin 102 xidmətinə ərizə ilə müraciət etmişdir. Bəxtiyar oğlu Turallada təklikdə görüşürək onu işləyəcəyi yeri göstərmiş və anket məlumatların da soruşmuşdur. Hazırda məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında hərbi xidmətdən təxsris olunmuşdur.X7 şirkətində taksi fəaliyyəti ilə məşğul olur və Hyundai A 30 markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir.Təxminən 2022-ci ilin iyul ayının ortalarında atası evə gələrək Abşeron rayonu ərazisində yerləşən Qaçqınlar şəhərciyindən müştəri düşürüb qayıdan zaman həmin şəhərciyin qabağında Prezidentin mühafizə xidmətində mühüm vəzifədə işləyən Bəxtiyar adlı şəxslə tanış olduğunu və onu ora işə düzəldəcəyinə köməklik etməsini xahiş etdiyini demiüdir. Bundan bir neçə gün sonra Bəxtiyar atasına zəng vuraraq onu müvvəqəti Sumqayıt şəhəri Kəmər mühafizə idarəsində işə düzəldəcəyini, 6 aydan sonra öz işlədiyi yerə aparacağını və pulu çatdırmasalar adının qara siyahıya salınacağını və heç bir yerə işə götürülməyəcəyini bildirmişdir.26 iyul 2022-ci ildə atası Bəxtiyara zəng edərək Xırdalanın dairəsində Bəxtiyarla görüşüb orada ona 5000 manat pul vermişdir. Bundan 2-3 gün sonra Bəxtiyar onun istifadəsində olan mobil nömrəyə zəng vuraraq Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən Şaurma restoranında olduğunu və onu görmək istədiyini demiş, o da günorta saatlarında Bəxtiyarla həmin yerdə görüşmüşdür.Söhbət əsnasında Bəxtiyar onun anket məlumatları ilə maraqlanmış və onu Sumqayıt şəhəri, Yaşıl dərə bağlar ərazisində yerləşən kəmər mühafizə xətti ərazisinə apararaq əli ila oranı göstərib orada işləyəcəyini demişdir. Həmin günün axşamı atası Bəxtiyarla Sumqayıt şəhəri, 10-cu mikroraryonda yerləşən Xəlifə restoranının yanında yerləşən çayxanada görüşüb 1000 manat pulu ona vermişdir.Bəxtiyar atasına qalan 4000 manat pulu o işə düzəldikdən sonra verməsini bildirmişdir.Bundan bir neçə gün sonra atası Bəxtiyara zəng edib işin nə yerdə olduğunu soruşduqda Bəxtiyar onun 2-ci gün qəbulda olacağını bildirmişdir.Atası Bəxtiyarın dediyi gün zəng vurduqda Bəxtiyarın mobil nömrəsinə zəng çatmamış,bundan sonra atası Bəxtiyarın qonşularından onun həbs olunmasını eşidib bu barədə Sumqayıt ŞPİ-nin 1-ci PB- nə və DİN-nin 102 xidmətinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi vardır və hal-hazırda ƏN- nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində ibtidai istintaqı aparılmış X5, Təqsirləndirilən şəxs, X4 və X3 Azərbaycan Respublikası CM-nin 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Azərbaycan Respublikası CM-nin 29, 178.3.2 və 32.4, 312.2-ci maddələri ilə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 32.4, 311 və 312-ci maddələrinin tərkib əlamətləri olmadığından, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddələrinin tərkib əlamətləri olmadığından, həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 21705 nömrəli, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 1500 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə,bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizəni, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 15 (on beş) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar