Məhkəmə qərarları › İş №1(060)-190/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-190/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-190/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada sürücü işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxaraq epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliklərin yayılması üçün real təhlükə yaratmaqla 15 dekabr 2020-ci il tarixdə, saat 17:30 radələrində idarə etdiyi Nissan Maxima markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı ünvanı tərk edərək, Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Dokta” aptekindən dərman alaraq avtomaşına əyləşib getdiyi zaman Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 14.12.2020-ci il tarixdə səhər saatlarında işə getdiyi zaman üzərinə ətir vurarkən iybilmə qabilliyətinin itdiyini hiss etmiş və bununla yanaşı bədənində və başında ağrılar olmuşdur. Buna görə də “İnci Labaratoriya” adlanan klinikada analiz verib yaşadığı ünvana qayıtmışdır. Həmin gün saat 23:30-da telefon nömrəsinə mesaj gəlmiş, mesajda analizinin pozitiv çıxdığı Covid-19 virusunun aşkarlandığı qeyd olunaraq evdən çölə çıxmamağı qeyd olunmuşdur. Həmin gün evdə qalmış heç yerə getməmış, 15.12.2020-ci il tarixdə TƏBİBdən zəng edərək, əlaqə saxlanılacağı deyilmiş, təxminən bir saat sora ünvan 3 ünvanı soruşduqda, onlara qeydiyyatının Bakı şəhəri olsa da hal-hazırda Sumqayıt şəhərində yaşadığını bildirmiş və dəqiq ünvanı onlara demişdir. Təxminən 30 dəqiqə sonra Sumqayıt şəhəri 4 nömrəli poliklinikadan zəng edərək, onunla əlaqə saxlayacaqları deyilmiş və danışığı kəsilmişdir. Özü ilə eyni vaxtda anasını da klinikaya aparmış, o da analiz vermiş, anasının halı pis olduğundan 15.12.2020-ci il tarixdə saat 15 radələrində TƏBİB-ə zəng edərək, anasının səhhətinin pisləşdiyi üçün kimə müraciət edəcəyini soruşmuş, “sizinlə əlaqə saxlanılacaq” deyilmiş, Sumqayıt şəhərində 4 saylı poliklinikaya, Bakı şəhəri Səbaıl rayonunda isə 2 saylı poliklinikaya zəng etsə də heç kim kömək etməmişdir. 103 xidmətinə zəng etsə də cavab verilməmişdir. Həmin vaxt anasının vəziyyəti daha da pisləşdiyindən, o, məcbur qaldığından evi tərk edərək, özünə məxsus “Nissan Maksima” markalı, **-LV-*** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində, “Elmarın dairəsi” adlanan ərazidə yerləşən aptekə gəlmiş və oradan bir neçə adlı dərman alıb özünə məxsus avtomaşına əyləşib hərəkətə başladıqda polis əməkdaşları yaxınlaşaraq SMS icazəsi olub-olmadığını soruşaraq portal vasitəsi ilə yoxladıqları zaman onun “Covid- 19” xəstəsi olduğunu aşkar etmişlər. Onu müşayiət edərək, yaşadığı ünvana qədər aparmışlar. O, yalnız 15.12.2020-ci il tarixdə bir dəfə Bakı şəhərində, Nizami metrosu yaxınlığında yerləşən aptekə getmiş, evə geri qayıtdıqda bəzi dərmanlar da lazım olduğundan, buna görə Sumqayıt şəhərində olan aptekə gəlmişdir. Anasının vəziyyəti pisləşdiyindən təcili tibbi yardım xidməti ilə əlaqə yarada bilmədiyi üçün evdən çıxmağa məcbur olmuş, yalnız iki aptekə Bakı şəhəri və Sumqayıt şəhərində olan apteklərə getmişdir. Telefonuna sms 14.12.2020-ci il tarixdə saat 23.30-da gəlmiş, 15.12.2020-ci il tarixdə saat 12.30-da yenidən TƏBİB-dən ona zəng edilərək, test nəticəsinin pozitiv olması qeyd edilmiş, ona xəbərdarlıq olunmuşdur ki, evdən çıxmasın, lakin, məcbur olduğundan evdən çıxmışdır. Dərman aldığı aptek “Elmarın dairəsi” adlanan yerdə yerləşir, adını dəqiq bilmir, aptekə daxil olduqda, piştaxtaya yaxınlaşmış, dərmanın adın deyərək, pulu ödəyərək oradan çıxmışdır. Aptekdə bir nəfər müştəri olmuşdur. Ona məxsus **-LV- *** dövlət nömrə nişanlı avtomaşını yalnız o, idarə edir, xəstə olduğu müddətdə yəni 17.12.2020-ci il tarixdə və 20.12.2020-ci il tarixdə qaynatası onun avtomaşını ilə Novxanı qəsəbəsinə getmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu qeyd edərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Covid-19 pandemiyası ilə əlaqədar olaraq Sumqayıt şəhəri ərazisində Şahid1 ilə birlikdə xidmət aparırdı. 15.12.2020-ci il tarixdə saat 17.30 radələrində 36 saylı Avto Patrulda postaçı yoldaşı, polis serjantı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində “İrşad Telekom”un yaxınlığında xidmətdə olduğu zaman bir nəfər şəxsin yolda piyada avtomaşınına tərəf getdiyini görüb həmin şəxsə yaxınlaşaraq ona özlərini təqdim etdərək həmin şəxsdən sms icazəsi olubolmadığını şifahi şəkildə soruşaraq elektron portal vasitəsilə həmin şəxsi yoxladıqda Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi ev-55, mənzil 1-də qeydiyyatda olan, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmçinin portalda həmin şəxsin koronavirus xəstəsi olması görünmüşdür. O, ünvan 7 ünvanında yaşadığını bildirmişdir. Ondan nə üçün “Covid-19” xəstəsi olduğu halda evdən çölə çıxdığını soruşduqda, o, aptekdən anası üçün dərman almağa gəldiyini bildirib, sonradan özü də etiraf etmişdir ki, koronavirus xəstəsidir. Onlar aidiyyəti üzrə məruzə etmiş, xüsusi geyimdə gələn polis əməkdaşları həmin yerə yaxınlaşmışdır. Təqsirləndirilən şəxs öz avtomaşınında, polis əməkdaşları isə xidməti avtomaşında onu müşayiət edərək, vətəndaşın yaşadığı ünvana getməsi üçün müşayiət etmişlər. Şahid1la birlikdə raportla aidiyyəti üzrə müraciət etmişlər. Seymur adlı “Covid-19” xəstəsi yolun kənarında olan aptekdən çıxaraq “Nissan Maxima” markalı, **-LV-*** nömrə nişanlı avtomaşın istiqamətdə gedib avtomaşına əyləşmiş, ona yaxınlaşdıqda aptekdən gəldiyini, avtomaşında olan dərmanları göstərib anası xəstə olduğundan onun üçün dərmanlar aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş video görüntülərdə də Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxduqdan sonra, yəni 15.12.2020-ci il tarixdə saat 16 radələrində yaşayış yerini tərk etməsi bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 23.12.2020-ci il tarixli 1401 saylı məktubundan görünür ki, ünvan 8 ünvanında yaşayan xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Covid-19 analizinin cavabı pozitiv olduğu üçün 14.12.2020ci il tarixdən 27.12.2020-ci il tarixədək ambulator şəraitdə müalicə almış, mütəmadi əlaqə saxlanılıb, karantin müddətində evdə qalması ona izah olunmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 12 yanvar 2021-ci il tarixli, 124-625-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Covid-10” xəstəliyinə yoluxaraq təcrid olunma müddəti başa çatmadan 15.12.2020-ci il tarixdə saat 16 radələrində yaşayış yerini tərk edərək avtomobili ilə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində dairənin yaxınlığında yerləşən “Dokta” aptekindən dərman almış və bununla da sanitar-gigiyena və karantin rejim qaydalarını pozaraq xəstəliyin yayılması üçün real təhlükə törətmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13.01.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 02.10.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-22.09.2007-ci il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun himayəsində bir azyaşlı uşağının olmasını, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxduqdan sonra yaşayış yerini tərk etməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk, Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 23.12.2020-ci il tarixli 1401 saylı məktubu və Təqsirləndirilən şəxs mobil telefonuna daxil olmuş İTS.GOV.AZ məktubunun təsviri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X2 10 (on) saat iştirak etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03.02.2021-ci il tarixli (iş № 1(060)-190/2021) qərarını icra edərək, 04.02.2021-ci il tarixli 57 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və 2500 (iki min büş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs “Covid-19” xəstəliyinə yoluxduqdan sonra yaşayış yerini tərk etməsinin video görüntülərini özündə əks etdirən bir ədəd disk, Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 23.12.2020-ci il tarixli 1401 saylı məktubu və Təqsirləndirilən şəxs mobil telefonuna daxil olmuş İTS.GOV.AZ məktubunun təsviri cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar