Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-191/2022 30.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1992-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri i seçilmiş Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Zeynalabdin oğlu bir qrup şəxs halında etibardan sui-istifadə etməklə və aldatma yolu ilə təkrarən özgələrin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, habelə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istiiadə edərək sonuncunu bəxtinin bağlandığına inandırıb 900 manat müqabilində onu bəd dualardan azad edəcəyini vəd edib aldadaraq Zərərçəkmiş şəxs1 bu niyyətlə 2019-cu ilin oktyabr ayının əvvəllərində kirayə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi tikilidə 600 manat pulunu alıb ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istitadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 özlərinin Təhsil Nazirliyində rəhbər vəzifəli şəxslərlə geniş əlaqələrinin olduqlarına birlikdə inandırıb etibarını qazanmış, bu məqsədlə həmin şəxsin etibarından sui-istifadə edib onun ilk əvvəl işlədiyi X8 adma X7 Gimnaziyasının direktor müavini vəzifəsində müqavilə müddətinin uzadılmasında köməklik edəcəklərinə, sonradan isə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən onu ayrı bir məktəbə direktor vəzifəsinə təyin edilməsinə köməklik edəcəklərinə yalan vəd verməklə Zərərçəkmiş şəxs1 aldadaraq ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2019-cu ilin oktyabr ayının birinci on günlüyündə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən nömrəsiz fərdi tikilidə 10.000 manat, 2019-cu ilin ikinci on günlüyündə 6550 manat və 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında 1000 manat, ümumilikdə isə 17.550 manat məbləğində pulunu tanışı ilə birlikdə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 qızma xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Hümbətov Mədət Vəkil oğlunun etibarından sui-istifadə edərək sonuncuya onun barəsində “dua” yazmaqla Memarlıq və İnşaat universitetində qabiliyyət imtahanından keçirəcəyini vəd edib özünü seyid kimi təqdim etməklə aldadaraq ondan bu niyyətlə xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev parkının qarşısında 5500 manat məbləğində pulunu alıb ələ keçirərək ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 7,009 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlamaqla Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsinin yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları ilə Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat- axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Zeynalabdin oğlu həmin tarixdə saat 20:00- da qeyd edilən ünvanda saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, bölmədə saat 20:37-dan etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı iki ədəd şəffaf sellofan bükümlərdə xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub ayrı-ayrılıqda təmiz çəkiləri 2,956 qr və 4,053 qr olmaqla, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından aıtıq miqdarda 7,009 qram təşkil edən kustar üsulla hazırlamış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamla qismən təqsirli bilərək göstərdi ki, saxlanıldığı gün, yəni 18 avqust 2021-ci il tarixdə o, Sumqayıt şəhərinə dostları üçün avtomobil yanacağı gətirmək üçün əmisi oğlu X2 məxsus olan “Mercedes” markalı **-XY-*** nömrə nişanlı avtomobili sonuncudan götürüb yola düşmüşdür. Saat təxminən 20:00 radələrində o, avtomaşını Sumqayıt şəhəri, 11 -ci mikrorayon Çerkassi küçəsində saxlayıb düşən zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu Sumqayıt Şəhər Polis İdarəsinin 1 -ci Polis Bölməsinin İnzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşlarının avtomobilinə əyləşmişdir. Lakin polis əməkdaşları onu polis bölməsinə deyil, polis idarəsinə apararaq orada onu döyməyə başlamışlar. Onu döydükdən sonra polis əməkdaşları ona narkotik maddə verərək bildirmişlər ki, onun üzərinə baxış keçiriləcək və həmin baxış zamanı o, həmin maddəni üzərindən çıxararaq təqdim edib həmin maddənin özünə məxsus olmasını bildirsin. O, da məcbur olub polis əməkdaşlarının həmin təklifi ilə razılaşmış və üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşlarının ona verdikləri maddəni çıxararaq təqdim etmiş və özünə məxsus olmasını bildirmişdir. O, döyülməsi ilə bağlı heç bir orqana şikayət etməmişdir, belə ki, polis əməkdaşları ona bildirmişdirlər ki, o, şikayət etməsin və ona CM-nin 234.1-ci maddəsi ilə ittham verəcəklər. Tanımadığı polislər onu döysələr də bədəni üzərində xəsarət izləri olmamışdır. Əslində isə onun üzərindən heç bir psixotrop maddə və narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tutulmamışdan bir müddət əvvəl yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məişət tullantıları atılan yerin yaxınlığından keçən zaman yerdən iki ədəd bükümdə olan “şüşə” kimi adlandırılan psixotrop maddə metamfetamin tapmışdır. Belə ki, həmin bükümləri görüb götürərək içərisinə baxmışdır və həmin “şüşə” adlı maddədən bir neçə ay əvvəl istifadə etdiyinə görə görən kimi zahiri əlamətləri ilə tanımışdır. Düşünmüşdür ki, üzərində saxlasın və gələcəkdə istifadə etsin. Ona görə də həmin bükümləri götürüb üstündə saxlamışdır. Saxlanıldığı gün, yəni 18 avqust 2021-ci il tarixdə o, şəxsi işləri ilə bağlı əmisi oğlu X2 məxsus olan “Mercedes” markalı **-XY-*** nömrə nişanlı avtomobili sonuncudan götürüb işləri ilə bağlı yola düşmüşdür. Saat təxminən 20:00 radələrində o, avtomaşını Sumqayıt şəhəri, 11 -ci mikrorayon Çerkassi küçəsində saxlayıb düşən zaman ona mülki geyimdə şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını və onu Sumqayıt Şəhər Polis İdarəsinin 1 -ci Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən şöbəyə çatanda o, dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o, da buna etiraz etməmişdir. Beləliklə də onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkiliş tətbiq edilməklə üzərinə şəxsi axtarış keçirilmiş və bu vaxt ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb üzərində olan bütün əşyaları, konkret olaraq isə əynində olan şalvarın ciblərindən özünə məxsus olan mobil telefon, nağd pulu, maşın açarını, plastik bank kartını və iki ədəd bükümdə olan yuxarıda qeyd etdiyi kimi bir neçə müddət əvvəl tapmış olduğu “şüşə” adlı maddələri çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində başqa heç bir əlavə maddə və predmet yox idi. Təqdim etdiyi əşyalara keçirilən baxış zamanı üzərində olmuş nağd pul vəsaiti, maşın açarları və bank kartı araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, mobil telefon isə iş üçün sübut əhəmiyyətli ola biləcəyi ehtimalından götürülmüşdür. Bundan sonra təqdim etdiyi iki ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Bükümlərin içərisində ağ rəngli kristal şəkilli maddələrin olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar də həmin zərfi imzalamışlar. Həmin maddə barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələrin “şüşə” kimi tanıdığı maddə olduğunu və bir müddət əvvəl məişət tullantıları atılan yerdən tapıb sonradan istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Daha sonra onun idarə etdiyi avtomobilə baxış keçirilməsi zərurəti olduğundan o, buna etiraz etməmiş və videoçəkilişlə idarə etdiyi avtomobilə də baxış keçirilmiş, lakin qanunsuz heç bir maddə və predmet aşkar edilməmişdir. Bu barədə də protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq qeyd etmişdir ki, törətmiş olduğu cinayət əməllərini səmimi olaraq etiraf edir, etdiyi əməllərdən peşmandır, bir daha bu cür əməllərə yol verməyəcəyinə söz verir. Məhkəmədə şahid Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Dini ekstremizmə qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, 18 avqust 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda xx.xx.1992-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupunun rəhbəri qismində o, qrupun üzvü kimi isə həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahin Şərifov təyin edilmişlər. Barəsində əməliyyat tədbiri keçirilən şəxsin əksər vaxtını Sumqayıt şəhəri ərazisində keçirdiyini nəzərə alaraq bu barədə əlavə olaraq Sumqayıt şəhər Polis İdarəsinə məlumat verildikdən sonra, orada da müvafiq qaydada iki nəfər əməkdaşdan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və həmin şöbənin kiçik inspektoru Şahid3 daxil edilmişlər. Beləliklə də, 18 avqust 2021-ci il tarixdə tərəflərindən keçirilmiş birgə əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 20:00-da Sumqayıt şəhəri, 11 -ci mikrorayon, Çerkassi küçəsində idarə etdiyi “Mercedes-Benz” markalı **-XY-*** qeydiyyat nişanlı avtomobilin yanında olan zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti barədə sorğu etmişlər və sonuncu özünü onlara təqdim edərək bildirmişdir ki, adı Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt saxlanılmış şəxsin üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış aparılmasına yerində şərait olmadığına görə həmin şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət olunmuşdur. Bölmənin təhqiqatçısı tərəfindən həmin şəxsə dövlət hesabına vəkili dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 18 avqust 2021-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə onun üzərinə tutulmasında iştirak etmiş şəxslərin, yəni o və Sumqayıt ŞPİ-də yaradılmış əməliyyat qrupunun üzvləri, dəvət edilmiş vəkilin və videoçəkilişin aparılmasını təmin etmək məqsədi ilə mütəxəssis qismində dəvət edilmiş kriminalistin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. İlk öncə Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik iç cibindən iki ədəd şəffaf sellofan bağlamanı, sağ yan cibindən mobil telefonu, sol yan cibindən üzərində olan nağd pulu, bir ədəd plastik bank kartını və avtomobil açarını çıxarıb təqdim etmişdir. Daha sonra saxlanılmış şəxsin üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir maddə və predmet aşkarlanmamışdır. Bundan sonra saxlanılmış şəxsin təqdim etdiyi əşyalara baxış keçirilmiş, təqdim etdiyi mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalından götürülmüş, pul vəsaiti ilə plastik bank kartı isə özünə geri qaytarılmışdır. Bundan sonra həmin şəxsin təqdim etdiyi bükümlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlər barədə sorğu edilən zaman içərisində “şüşə” olduğunu bildirib, həmin maddəni Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məişət tullantıları atılan yerdən tapdığını, iki-üç ay əvvəl özü istifadə etdiyi üçün gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını qeyd etmişdir. Daha sonra həmin bükümlər açılaraq içərisində ağ rəngli kristal formasında, psixotrop maddə metamfetaminə bənzər maddələrin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan maddələr elektron tərəzidə çəkilərək götürülmüş və zərfdə qablaşdırılmışdır. Bükümlərin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Daha sonra qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılarkən yanında dayandığı avtomobilə baxış keçirmək qərarına gəlinmiş və sonuncu buna etiraz etməmişdir. Beləliklə də, videoçəkilişlə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz” markalı **-XY-*** nömrə nişanlı avtomobilə baxış keçirilmiş, lakin nəticədə heç bir kənar əşya və predmet aşkar edilməmişdir. Odur ki, bu barədə ayrıca protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında danışdıqları həqiqəti əks etdirməmiş və sonuncu özünü müdafiə xarakterli ifadə vermişdir. Məhkəmədə şahid Azərbaycan Respublikası DİN-in Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid2 və kiçik inspektor Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 18 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 19 avqust 2021-ci il tarixli 6/3596 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N 125” dairəvi möhür əksi olan, “şübhəli şəxs Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun...” yazı və imzalar olan zərdə 2 ədəd bükümdə hər birnin ayrı- ayrılıqda təmiz çəkisi 2,956 qr və 4,053 qr olmaqla, ümumi təmiz çəkisi 7,009 qram ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetam olub öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. (Metamfetaminin ümumi təmiz çəkisi 7,009 qram, tədqiqata sərf edildi 0,06 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq 6,949 qram) İş materiallarında olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 X3 xx.xx.2021 -ci il tarixli 4012 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Zeynalabdin oğlunda psixotrop maddə metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun məhkəmə istintaqı zamanı verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu psixotrop maddənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən döyülməsi və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Zeynalabdin oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Hazırki cinayət işi üzrə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zeynalabdin oğlu hazırki cinayət işi üzrə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablanmaqla barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni 18 yanvar 2022-ci il tarixədək uzadılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun həbsdə saxlanılma müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 18 avqust 2021ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu qeydiyyatda olduğu ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 6,949 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs Zeynalabdin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Zeynalabdin oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli (iş № 1(060)-835/2022) qərarını icra edərək, 06 yanvar 2022-ci il tarixli 071/2022 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Zeynalabdin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 18 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Zeynalabdin oğlu ərazi üzrə Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 6.949 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs Zeynalabdin oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Zeynalabdin oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 40 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 240 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-191/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-191/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver