Məhkəmə qərarları › İş №1(060)-191/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-191/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-191/2023 04.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:10 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi, 3 nömrəli 5 mərtəbəli binanın yanındakı "2 qardaş" ərzaq mağazasının yanında qonşusu Zərərçəkmiş şəxs ilə bir gün əvvəl aralarında baş vermiş mübahisə ilə bağlı Zərərçəkmiş şəxs sağ ayağının bud nahiyyəsinə diz zərbəsi ilə bir dəfə vuraraq sonuncunun sağ diz oynağının baldırın yuxarı 1/3-ni tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. İstintaq orqanının verdiyi ittihama görə isə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08:10 radələrində Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi, 3 nömrəli 5 mərtəbəli binanın yanındakı "2 qardaş" ərzaq mağazasının qarşısında, ətrafda olan şəxslərin dincliyini pozaraq qərəzli hərəkətlər edib ictimai yer hesab olunan küçədə tanışı Zərərçəkmiş şəxs ilə bir gün əvvəl aralarında baş vermiş mübahisə zamanı onun ünvanına deyilmiş nalayiq ifadəni bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə cəmiyyət içərisində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək, öz şəxsiyyətini digər şəxslərdən üstün tutub ictimai asayişi pozmaqla ətrafda olan şəxslərin gözü qarşısında üzərində olan bıçaqdan silah qismində istifadə etməklə bıçağı Zərərçəkmiş şəxs boğazına dirəyib ona boynun iki ədəd sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, sonra isə öz qərəzli hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs üz nahiyəsindən sillə ilə iki dəfə, qarın nahiyəsindən təpiklə bir dəfə, sağ ayağının bud nahiyyəsinə diz zərbəsi ilə bir dəfə vuraraq sonuncunun sağ diz oynağının baldırın yuxarı 1/3-ni tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Xəyal ilə uzun müddətdir ki, qonşuluqda yaşamış, onunla indiyə kimi hər hansı bir düşmənçiliyi, ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 20:30 radələrində atasıgilin yaşadığı 3 nömrəli 5 mərtəbəli binanın qarşısına gələrkən qonşuları Ruslan, Alim və Xəyalın blokun qarşısında dayanıb söhbət etdiklərini görmüş, onlara yaxınlaşıb əl tutub görüşmüşdür. Xəyalın onunla əl tutması xoşuna gəlmədiyi üçün o, ona söyüş formasında «bu nə cür görüşməkdir?” demişdir. Onun Xəyala söyüş formasında etdiyi sözü Xəyal da ona qaytarıb demişdir. Həmin vaxt ani olaraq aralarında münaqişə yaranmış, Xəyal yaxınlıqdakı mağazaya tərəf getmişdi, Alim isə onu sakitləşdirib oradan uzaqlaşdırmış, o, isə evə getmişdir. Bununla da onların söhbətini ani vəziyyətdə başlayıb bitmişdir. O, sonradan eşitmişdir ki, Xəyal onun ardınca deyibmiş ki, bütün günü it kimi burada sülənir. Lakin həmin sözü ona kimin deməsini xatırlamır. Xəyalın bu sözü onu bərk əsəbiləşdirmişdir. Bu səbəbdən o, Xəyalın onun ünvanına dediyi sözə görə onu döymək fikrinə düşmüşdür. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə təxminən saat 07:00 radələrində yaşadığı evdən ümumi uzunluğu təxminən 15-16 sm, tiyəsinin uzunluğu təxminən 6-7 sm, eni təxminən 2 sm, qara rəngli plasmas qatlanan cib bıçağını götürüb Xəyalın yaşadığı 3 nömrəli binanın qarşısındakı "2 qardaş" mağazasının tinində Xəyalın evdən çıxıb işə getməsini izləmiş, təxminən 1 saat gözlədikdən sonra saat 08:10 radələrində Xəyal onun gözlədiyi yerdən keçmiş, o Xəyalın qarşısına keçərək əlində saxladığı bıçağı onu qorxutmaq üçün boğazına dirəmiş və boynunu yüngül cızmış, daha sonra sol əliylə yaxasından yapışmış, bıçağı Xəyalın boğazından çəkərək sol əli ilə Xəyalın sağ üz nahiyəsinə 2 dəfə sillə ilə vurmuş, daha sonra təpiklə qarın nahiyəsinə, dizi ilə bir dəfə sağ yanın bud nahiyəsinə vurmuş, həmin vaxt qonşuları Bəxtiyar və Elman onları görmüş və yaxılnaşmış və onları aralamışlar. Bundan sonra o oradan çıxıb getmiş, lakin həmin vaxt bıçağı əlindən heç kim almamış, həmin vaxt ona yaxınlaşan Bəxtiyar bıçağı görüb əlindən itələsə də o həmin vaxt artıq bıçağı Xəyalın üzərindən çəkmiş və bıçaqla ona xəsarət yetirmək niyyəti olmamışdır. Sonradan qorxduğu üçün həmin bıçağı yaxınlıqdakı zibilxayana tullamışdır. Mübahisə "2 qardaş" mağazasının qarşısında yox, tinində olmuş, kənar şəxslər olmamışdır. Ailəlidir, 3 azyaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışdır və buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, özünü təqsirli bilir, Zərərçəkmiş şəxs Oqtay oğluna qarşı törətdiyi əməldən peşmandır, onunla barışmışdır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla indiyə kimi normal münasibətləri olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2022 ci il tarixdə, təxminən saat 20:35 radələrində evinin qarşısında qonşuları Ruslan və Alimlə dayanıb söhbət edirmiş. Bu vaxt qonşusu Zöhrab onların yanına gəlib salam vermişdir. Hamı onun salamını almışdır. Zöhrab üzünü ona tutub əxlaqsız sözlə nə üçün bu cür salam verdiyini bildirmişdir. Zöhrabın ona dediyi əxlaqsız sözü özünə qaytarmış, bundan sonra Zöhrab Ruslan və Alimin yanında ünvanına əxlaqsız söyüşlər etmişdir. O, mağazaya girmişdir ki, onun ona etdiyi söyüşlərə görə mağazadan taxta tapıb onu vursun. O, mağazaya tərəf getdikdə Ruslan Zöhrabı götürüb oradan uzaqlaşdırmış və o da evinə getmişdir. Bununla da, onların söhbəti bitmişdir. xx.xx.2022-ci il tarixdə, təxminən saat 08:10 radələrində evdən çıxıb işə gedərkən Zöhrab Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Şirvan yaşayış massivi 3 nömrəli 5 mərtəbəli binanın yanındakı "2 qardaş" ərzaq mağazasının yanında yolunu kəsərək əlində olan cib bıçağını boğazına dirəyərək onu hədələmiş, ünvanına nalayiq söyüş söymüş və sillə ilə bir neçə dəfə sağ üzünə, təpiklə bir dəfə qarın nahiyyəsinə və dizi ilə sağ ayağının bud nahiyyəsinə vurmuşdur. Həmin vaxt qonşuları Bəxtiyar və Elman onları görüb yaxınlaşmış və həmin vaxtı Bəxtiyar Zöhrabın bıçağı tutan əlini ondan kənarlaşdırmış, Elman isə onu oradan uzaqlaşdırmışdır. Bundan sonra onları ayırıb Zöhrabı yola salmışdır. Daha sonra o, təxminən 08:20 radələrində DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Zöhrab onun boğazına bıçaq dirəyərkən sol boğaz nahiyyəsində nöqtə boyda iz qalmışdır. Zöhrabın ona vurduğu sillə və təpiklər nəticəsində onun bədənində xəsarət izləri qalmış və bədəninin həmin nahiyyələri ağrımışdır. Zöhrabın ona bıçaq dirəməsini, sillə və təpiklə onu vurmasına da qonşuları Bəxtiyar və Elman şahid olmuşdurlar. Təqsirləndirilən şəxs ilə aralarındakı münaqişə təxminən 5-6 dəqiqə davam etmiş, münaqişə zamanı səs-küy yaranmamış, oraya kənar şəxslər toplaşmamış, orada yalnız qonşuları Elman və Bəxtiyar olmuşdur. Ha-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, 26.08 2022-ci il tarixdə, saat 08:10 radələrində evdən çıxıb Quba rayonuna getməyə hazırlaşarkən görmüşdür ki, qonşusu Zöhrab digər qonşusu Xəyal ilə yaşadığı 3 nömrəli binanın yanındakı qarajın arxasında “2 qardaş” ərzaq mağazasının yanında dalaşırlar. O, dərhal onların yanına qaçmış və elə həmin vaxt digər qonşusu Elman da ora gəlmiş və onlar birlikdə onları ayırmışlar. Zöhrabın Xəyalı vurmasını ani görmüş, lakin Zöhrabın Xəyalın hansı nahiyəsinə, neçə dəfə vurmasına dəqiq fikir verməmişdir. Hadisə vaxtı Zöhrabın əlində bıçaq olmuş və o, Zöhrabın bıçaq tutan əlini tutub Xəyaldan kənarlaşdırmışdır. Həmin vaxtı Elman isə Xəyalı aralaşdırmışdır. Sonra isə o, Quba rayonuna getmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Zöhrabla Xəyalın mübahisəsi ani vaxt ərzində olub bitmişdir. Hadisənin mağazanın qarşısında yox, tində baş vermiş, kənar şəxslər olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş (onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır, əlil olması səbəbindən gələ bilmədiyini bildirmişdir) Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, 3 saylı evin qarşısında özünə məxsus “2 qardaş” adlı ərzaq mağazasını işlədir. xx.xx.2022-ci il tarixdə, saat 08:10 radələrində işlətdiyi mağazadan çölə çıxanda görmüşdür ki, qonşusu Zöhrab digər qonşusu Xəyal ilə yaşadığı 3 nömrəli binanın yanındakı qarajın arxasında, “2 qardaş” ərzaq mağazasının yanında dalaşırlar. O, dərhal onların yanına qaçmış və elə həmin vaxt digər qonşusu Bəxtiyar da ora gəlmiş və onlar birlikdə onları ayırmışlar. Zöhrabın Xəyalı vurmasını ani görmüş, lakin Zöhrabın Xəyalın hansı nahiyəsinə neçə dəfə vurmasına dəqiq fikir verməmişdir. Həmin vaxtı o, Xəyalı aralaşdırmış, Bəxtiyar isə Zöhrabı aralaşdırmışdır. Onlar hərəsi bir tərəfə çıxıb getdikdən sonra isə o, işlətdiyi ərzaq mağazasına getmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamışdır. Zöhrabla Xəyalın mübahisəsi ani vaxt ərzində olub bitmişdir. Hadisə vaxtı Zöhrabın əlində bıçaq olmuş və Bəxtiyar həmin vaxt Zöhrabın bıçaq tutan əlini tutub Xəyaldan kənarlaşdırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 27 avqust 2017-ci il tarixli, 1295 saylı ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ diz oynağının baldırın yuxarı 1/3-ni tutan yumşaq toxumaların şişkinlik fonunda əziyi- qançırı, boynun 2 ədəd sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən sağ diz oynağının baldırın yuxarı 1/3-ni tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təpiklə vurulmaqla əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Boynun sıyrıqları küt əşya təsirindən törənmişdir, ola bilsin ki, qərarda və zərərçəkənin göstərdiyi şəraitdə kənar şəxs tərəfindən bıçaqla törənmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin törənmə müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. İş materiallarında olan Sumqayıt şəhər 3 nömrəli xəstəxanasının 247 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. İş materiallarında olan 23 saylı MKS-nin 69 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və 350-13024Ə-3222 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən 05 ay islah işləri cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 29, 120.1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. İstintaq zamanı toplanmış sübutlardan görünür ki, hadisə səbəbsiz deyil, bir gün əvvəl salamlaşma ilə bağlı zərərçəkmiş şəxslə təqsirləndirilənin bir-birinə söyüş söymələri zamanı baş verən hadisənin davamı olmuşdur. Məhz təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə onun niyə belə salamlaşması barədə irad bildirmiş, bu səbəbdən mübahisə baş versə də, onlar həmin vaxt bir-birindən aralaşmışlar, lakin sabahısı gün təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi həyətdə gözləmiş, zərərçəkmiş şəxs evdən çıxaraq işə getmək istəyərkən əvvəlki səbəblə mübahisə davam etmişdir. Bu verilən ittihamda da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilir ki, mübahisə bir gün əvvəlki mübahisə səbəbindən baş vermiş, qarşılıqlı mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmuş və ona xəsarət yetirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağ ayağının bud nahiyyəsinə diz zərbəsi ilə bir dəfə vuraraq sonuncunun sağ diz oynağının baldırın yuxarı 1/3-ni tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi-qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Buna baxmayaraq, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməli, CM-nin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməlidir. Çünki məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin cinayət tərkibi yoxdur, onun əməli həmin maddə ilə düz tövsif edilməmişdir. Məhkəmənin qənaətinə görə, sübutların həcmi və ümumiyyətlə, işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin xuliqanlıq cinayəti törətdiyini deməyə əsas vermir. Belə ki, baxılan iş üzrə verilən ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.3cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilməklə kifayətlənilmişdir, həmin hərəkətlərin və xuliqanlıq niyyətinin nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda əks etdirilməmişdir. İctimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, iş üzrə mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hallarla bağlı inandırıcı və mötəbər sübutlar toplanmamış, əsasən münaqişə tərəflərinin dindirilməsi ilə kifayətlənilmişdir. Bunlar isə ittihamın əsaslı olması qənaətinə gəlmək üçün kifayət etmir. Təqsirləndirilən şəxsin ittiham olunduğu xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsikarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özündən müştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal 2 salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisələrin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisələrinin başlanmasına cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri deyil, zərərçəkmişin hərəkətləri səbəb olmuşdur və əks tərəfın davranışı da müstəsna dərəcədə zərərçəkmişin davranışından qaynaqlanmış və ona qarşı yönəlmişdir. Məhkəmə hadisələrin yuxarıda təsvir edilən baş vermə səbəbinə diqqəti ona görə cəlb edir ki, bunun hazırkı iş üzrə, təqsirləndirilən şəxsin qəsdinin hansı ictimai münasibətlərə yönəlməsinin müəyyən olunmasında və əməlinin Cinayət Məcəlləsinin hansı maddəsilə tövsif olunmasında çox mühüm əhəmiyyəti vardır. Beləliklə, istinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Qeyd edilənlər əsasında işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz, onun əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif edilməli, o həmin maddə ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 40-cı bəndində göstərilmişdir ki, “Məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın cinayət qanununun zərərçəkmiş şəxsin şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmiş maddələrinə (məsələn CM-in 127, 128, 129.2, 130.2, 133, 134 və s. maddələri) dəyişdirilməli olması nəticəsinə gələrsə və işdə zərərçəkmişin şikayəti varsa və ya məhkəmə iclasında o, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə bəyanat vermişsə və yaxud prokurorun təşəbbüsü ilə başlanılmış cinayət işi üzrə CPM-in 37.5-ci maddəsində göstərilən hallardan biri mövcuddursa, təqsirləndirilən şəxsin əməlini cinayət qanununun yuxarıda göstərilən maddələrilə tövsif edib ittiham hökmü çıxara bilər. İşdə zərərçəkmişin ərizəsi olmadıqda, məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə onun fikri soruşulur. Zərərçəkmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədikdə və əgər CPM-in 37.5-ci maddəsində göstərilən hallar yoxdursa və yaxud işdə onun cinayət məsuliyyətinə cəlb olunması barədə ərizəsi olsa da, o, CM-in 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş imperativ qaydada cinayət məsuliyyətindən azad edilməni şərtləndirən müvafiq halların mövcudluğu vəziyyətində təqsirləndirilən şəxslə barışdığını bildirirsə, məhkəmə işin icraatına xitam verilməsi barədə qərar qəbul edir. CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Zərər çəkmiş şəxslə barışığın əldə edildiyi qalan digər hallarda məhkəmə baxışı nəticəsində məhkəmənin mülahizəsinə görə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilə bilər.” Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onunla barışması barədə ərizəsini, təqsirləndirilən şəxsin işin icraatına xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar