Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-193/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs-Qəhrəmanov Dilavər Ramiz oğlunun, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Laçın rayonu, Güləbird kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, yataqxana 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Qəhrəmanov Dilavər Ramiz oğlunun Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəhrəmanov Dilavər Ramiz oğlu binaya qanunsuz daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 31 avqust 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan müddət ərzində, ayrı-ayrı vaxtlarda gecə saatlarında Sumqayıt şəhəri, Quba-Bakı avtomagistral yolunun 31-ci km-də yerləşən "xxxx" firmasının həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olduqdan sonra firmanın həyətində yerləşən istehsalat sexinin pəncərəsini əli ilə fiziki təsir göstərərək açıb içəri daxil olmaqla, oradan istehsal prosesi nəticəsində yaranmış istifadəyə yararsız və kisələrə qırıntı kimi yığılmış 1 kiloqramın qiyməti 13,50 manat olmaqla, ümumilikdə 14175,0 manat dəyərində 1050 kq çəkidə 2x4mm, 2x6mm, 4x4mm, 4x10mm-lik, 1x2,5mm, 1x6mm, 1x10mm ölçülü mis metal qırıntılarını və 1 metrinin qiyməti 13,20 manat olmaqla, ümumiliklə 6336,0 manat dəyərində 1x50 mm ölçülü üst izolasiyası olmayan 480 metr uzunluğunda mis naqilləri vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs - "xxxx" firmasına ümumilikdə 20511,0 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Qəhrəmanov Dilavər Ramiz oğlu ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, "xxxx" firmasından mis naqil və kabel oğurlasa da hesab edir ki, oğurladığı malların qiyməti 20511,0 manat olmamış, daha az məbləğdə olmuşdur. 2022-ci ilin avqust ayının sonlarında maddi sıxıntıları olmuşdur. Yaşadığı ərazinin yaxınlığında Bakı-Quba yolunun sol tərəfində yerləşən "xxxx" firmasında mis naqillərin istehsal edildiyini bilmişdir. Oradan oğurluq etmək üçün xx.xx.2022-ci il tarixdə gecə saat 22 radələrində idarə etdiyi avtomobillə "xxxx" firmasının yerləşdiyi əraziyə getmiş, avtomobili aralıda saxlayıb piyada zavodun ətrafını gəzərək ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra müşahidə kameralarına sifəti düşüb tanınmasın deyə özü ilə götürdüyü qara idman papağını geyib sifətini gizlətmiş və zavodun həyətinə daş hasardan içəri tullanaraq daxil olmuşdur. Zavodun həyətində yerləşən sexin içərisinə baxmaq üçün ayağını altına yeşik qoyub qalxmış, sexin içərisində işıqlar yanmış, sexin plastik pəncərəsini əli ilə itələyib açmış, sexin iç tərəfindən pəncərənin aşağısına söykənmiş taxta pilləkənlə sexin içərisinə daxil olmuş, gəzib görmüşdür ki, orada ağ rəngli kisələrə yığılmış çoxlu izolyasiya olunmuş mis naqil və kabel qırıntıları, barabana bükülmüş izolyasiya olunmamış mis naqili vardır. Sonra barabana bükülmüş uzunluğunu xatırlamadığı ölçüdə mis naqili açıb kəsərək bir neçə kisələrə yığmış, sonra isə 6 kisə mis naqil və kabel qırıntıları da götürüb bir-bir pilləkənlə qaldırıb pəncərədən zavodun həyətinə, oradan da daşıyıb zavodun hasarından çölə tullamışdır. Sonra da hasardan zavodun çölünə çıxmış və oğurladığı mis naqilləri zavodun yaxınlığında yerləşən daş hasarla əhatə olunmuş boş torpaq sahəsinə hasardan tullamaqla daşımış və həmin torpaq sahəsinə daxil olaraq oğurladığı mis naqilləri üzərindəki izolyasiyanı ayırmaq üçün həmin ətrafdan tapdığı kağız parçaları ilə yandırmış və mis naqilləri yenidən kisələrə yığaraq həmin torpaq sahəsindən hasardan çölə tullamış, sonra özü də həmin torpaq sahəsindən çıxıb mis naqilləri yolun kənarında gizli yerdə gizlətmiş və yorulduğu üçün evə getmişdir. Bir neçə saatdan sonra səhər saatlarında mis naqilləri gizlətdiyi yerə gəlib avtomaşınına yükləyib Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində yerləşən Ramil adlı şəxsin işlədiyi metal qəbulu məntəqəsinə aparmış və oğurladığı mis naqilləri ümumilikdə 800 manata Ramilə satmışdır. Ramilə misin özünə məxsus olduğunu, evində tikinti təmir işlərindən qalıq qaldığını demiş, Ramil ondan sənəd istədikdə üzərində olmadığını deyərək özü barədə məlumatları ona bildirmişdir. Bir neçə gündən sonra gecə saat 02 radələrində yenə də eyni yolla "xxxx" firmasının həyətinə daxil olub orada sexdən 10 kisə mis naqil və kabel qırıntıları oğurlayıb eynilə zavodun yaxınlığında yerləşən torpaq sahəsinə daşımış və orada mis naqilləri yandırıb kisələrə yığaraq oradan da daşıyıb yolun kənarında həminki yerdə gizləmişdir. Bir neçə saatdan sonra səhər saatlarında mis naqilləri gizlətdiyi yerə gəlib avtomaşınına yükləyib həmin yerdən uzaqlaşmışdır. Həmin gün günorta saatlarında oğurladığı mis naqilləri və kabelləri metal qəbul məntəqəsində işləyən Ramilə ümumilikdə 1100 manata satmışdır. 2-ci dəfə oğurladığı mis naqillər ölçülərinə görə iri olmuşdur. Bir neçə gündən sonra gecə 01 radələrində yenə də eyni yolla "xxxx" firmasının həyətinə daxil olub sexdən 11 kisə mis naqil və kabel qırıntılarını oğurlayıb eynilə zavodun yaxınlığında yerləşən torpaq sahəsinə daşımış və orada mis naqilləri yandıraraq kisələrə yığıb oradan da daşıyıb yolun kənarında həminki yerdə gizlətmişdir. Həmin gün gündüz saatlarında mis naqilləri gizlətdiyi yerə gəlib avtomaşına yükləyərək Ramilin işlədiyi metal qəbulu məntəqəsinə aparmış və ümumilikdə 1135 manata satmışdır. Bir neçə gündən sonra xx.xx.2022-ci il tarixdə gecə 00:00 radələrində yenə də eyni yolla "xxxx" firmasının həyətinə daxil olub sexdən 6 kisə mis naqil və kabel qırıntılarını oğurlayıb eynilə zavodun yaxınlığında yerləşən torpaq sahəsinə daşımış və orada mis naqilləri yandırmağa başlamış, bir qədər sonra olduğu yerə polis işçiləri gəlib onu saxlamışlar və o, da etdiyi oğurluğu etiraf etmişdir. Ona görə də sonuncu dəfə oğurladığı mis naqilləri sata bilməmişdir. "xxxx" firmasına məxsus mis naqil və kabelləri tək oğurlamış, həmin vaxtı yanında və ətrafda heç kim olmamış, onu heç kim görməmişdir. Metal qəbulu məntəqəsində işləyən Ramil onun satdığı mis naqil və kabelləri oğurladığını bilməmişdir, özünə məxsus olduğunu, evində tikinti təmir işlərindən qalıq qaldığını demişdir. Ramili əvvəllər tanımamış, sadəcə İnşaatçılar qəsəbəsindən yoldan keçəndə metal qəbulu məntəqəsinin üzərində əlaqə nömrəsinin olduğunu görmüşdür. Ramilə hansı çəkidə mis naqil və kabel satmağı yadında deyil, onu deyə bilər ki, Ramil ona ümumilikdə 3035 manat pul vermişdir. "xxxx" firmasından cəmi 4 dəfə oğurluq etmiş və sonuncu dəfə oğurluq etdikdən sonra tutulmuşdur. Bu oğurluqdan başqa oğurluq etməmiş və digər cinayət törətməmişdir. Etdiyi əməldən peşmandır. Qəhrəmanov Dilavər Ramiz oğlu törədiyi cinayət əməlindən peşman olduğunu və zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 31-ci km-də yerləşən "xxxx" firmasında anbardar işləyir. Firmada elektrik naqil və kabellər istehsal olunur. Firmanın istehsal sexində istehsal olunan naqil və kabellərdən başqa, istehsal zamanı naqil və kabel qırıntıları kisələrə yığılaraq kənara qoyulur və sonradan təkrar emala verilir və bununla bağlı hesabatlar aparılır. İstehsal sexindən son zamanlar kisələrdə olan mis kabel və naqillərin əskik olduğu nəzərə çarpmış, həmçinin firmada usta işləyən Şahid1 də ona bir neçə dəfə demişdir ki, rulonlara bükülmüş fabrikat halda olan 1x50mm-lik mis naqil əskik görünür. O, da özü bununla bağlı firma daxili araşdırma aparmış, firmada quraşdırılmış mühafizə kameralarına baxarkən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə gecə saatlarında sifətində qara maska və qara geyimdə olan naməlum kişinin istehsal sexinə pəncərədən daxil olaraq kisələrdə olan naqil və kabel qırıntılarını, həmçinin yarım fabrikat halında bükülü misin kəsib kisələrə yığaraq oğurladığını aşkar etmişdir. Sonra Elçin demişdir ki, istehsal zamanı rulonda olmuş 2.500 metr yarımfabrikat halında misdən 480 metri əskik gəlmişdir. Bu barədə polisə bildirmədən özü gecə nəzarət etməyə başlamış və xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində firmanın həyətində olan zaman yaxınlıqda yerləşən istifadə olunmayan və daş hasarla əhatə olunmuş torpaq sahəsində od tüstüsünün qalxdığını görəndə, düşünmüşdür ki, orada mis naqilləri yandırırlar, həmin yerə yaxınlaşıb kənardan sonradan adını Dilavər bildiyi şəxsin mis naqil və kabellərin yandırdığını görmüş, yandırılan kabel və naqilin işlədiyi firmaya məxsus olduğundan şübhələnib bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis işçiləri gəlib Dilavəri oğurladığı kisələrdə olan misl naqil və kabellərlə birlikdə bölməyə aparmışdırlar. Orada məlum olmuşdur ki, Dilavər yandırdığı mis kabel və naqilləri "xxxx" firmasından oğurlamışdır, sonra firmanın direktoru baş vermiş oğurluqla bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə məktubla müraciət etmişdir. Firmadan 1 metrinin qiyməti 13,2 manat, ümumiliklə 6336 manat qiymətndə 1x50 mm ölçülü yarımfabrikat halda 480 metr mis materiallı naqil, kisələrdə olan mis naqil və kabellər qırıntıları yenidən istehsala verildiyi üçün kiloqramla hesablanır və firmadan 1 kiloqramın qiyməti 12 manat ümumilikdə 12.600 manat qiymətində 1050 kq çəkidə 2x4mm, 2x6mm, 4x4mm, 4x10mm-lik mis kabel qırıntıları və 1x2,5mm, 1x6mm, lx10mm-lik mis naqil qırıntıları oğurlanmışdır. Firmaya ümumilikdə 18.936 manat maddi ziyan dəymişdir. Firmadan göstərdiklərindən başqa heç bir şey oğurlanmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi "xxxx" firmasına vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir iddalarının, tələblərinin və şikayətlərinin olmadığını bildirərək, ərizəsində göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ifadəsində Nümayəndə1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri, Bakı-Quba yolunun 31-ci km-da yerləşən "xxxx" firmasında usta işləyir. İşinin mahiyyəti firmada istehsal olunan elektrik naqil və kabelləri izolyasiyasız vəziyyətdə barabanlara bükülməsi və həmin barabanlardan da dəzgahlar vasitəsilə izolyasiyalı halına salmaqdan və digər aidiyyəti işlər də görməkdən ibarətdir. 2022-ci ilin sentyabr ayının əvvəlində işə gələn zaman barabana bükülmüş izolyasiyasız 1x50 mm ölçülü mis naqilin uc hissəsinin səliqəsiz formada kəsildiyini görmüş, o, həmişə öz nişanəsi kimi mis naqilin uc hissəsini səliqəli kəsib şəffav yapışqanlı lentlə bükdüyündən hiss etmişdir ki, naqil kənar şəxs tərəfindən kəsilib. Bu barədə firmanın anbardarı Nümayəndə1 demişdir. Həmin barabanda 2480-2500 uzunluğunda izolyasiyasız 1x50mm ölçülü mis naqili bükülmüşdür. Belə ki, mis naqili izolasiya edən zaman sifarişə uyğun gəlmədiyindən yəni 480 metr hissəsi əskik gəldiyindən bu barədə Kamrana bildirmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, istehsal sexinə girmiş kənar şəxs tərəfindən həmin barabandan mis naqili, bundan başqa da mis naqil və kabel qırıntıları da oğurlanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, təxminən 5 il əvvəl Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində köhnə çörək zavodunun yanında yerləşən fəaliyyətdə olmayan avtotəmir sexini şifahi razılaşma əsasında icarəyə götürüb orada tullantı və istifadəyə yararsız qara-əlvan metal və plastik əşyaların qəbulu ilə məşğul olur, gün ərzində qəbul etdiyi metal məhsullarını kitabçada qeydiyyatını aparır. Qəhrəmanov Dilavər Ramiz oğlunu əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində Dilavər onun işlədiyi məntəqəyə idarə etdiyi ağ rəngli "Toyota Camry" avtomaşını ilə gəlib yük yerində gətirdiyi kisələrdə yanmış mis naqili olduğunu və satmaq istədiyini söyləmişdir. Dilavəri həmin vaxtı ilk dəfə idi görmüşdür. Dilavərdən gətirdiyi mis naqilin oğurluq olub-olmadığını soruşanda, oğurluq olmadığını, özünə məxsus şəxsi əmlakı, evinin tikintisindən qalan qırıntılar olduğunu söyləmişdir. O, da Dilavərdən şəxsiyyət vəsiqəsini və ya digər sənədini istəmiş, Dilavər şəxsiyyət vəsiqəsinin və ya hər hansı bir sənədinin üzərində olmadığını söyləmiş, o, Dilavərin ad, soyadını və ata adını, gəldiyi avtomobilin nömrəsini qeyd etmiş və gətirdiyi mis naqillərini qəbul edərək məntəqənin içərisində olan tərəziyə qoyub çəkmiş, çəkisi 95kq olmuş, misin kiloqramı 8,5 manata hesablayıb və çürüntü faizlərini çıxmaqla Dilavərə 800 manat pul vermişdir. Həmin gündən sonra təxminən 10 gün ərzində Dilavər 2 dəfə də məntəqəyə kisələrdə mis naqili gətirib təhvil vermiş, o, hər dəfə qeydiyyatını aparırmış, 2-ci dəfə gətirdiyi yanmış mis naqili 112 kq olmuş və kiloqramını 9,8 manata hesablamaqla Dilavərə 1100 manat pul vermiş, 3-cü dəfə kisələrdə gətirdiyi yanmış mis naqilin çəkisi 115 kq olmuş, kiloqramını 9,8 manata hesablayıb və çürüntü faizlərini çıxıb Dilavərə 1135 manat pul vermişdir. İşlədiyi məntəqədə qəbul etdiyi metalları hər gün polad əritmə zavodunun avtomaşınlarına təhvil verirmişdir. xx.xx.2022-ci il tarixdə onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət edəndə bilmişdir ki, Dilavər ona gətirdiyi mis naqilləri oğurluq yolu ilə əldə etmişdir. Dilavərin gətirdiyi mis naqillərin oğurluq olması barədə məlumatı olmamışdır. Dilavərin xarici görünüşü və davranışı onda sonuncuya qarşı hər hansı bir şübhə yaratmamışdır. Dilavər ona cəmi 3 dəfə mis naqil gətirib satmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6984 saylırəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və ekspertiza tədqiqatına təqdim edilən naqilin 2022-ci ilin avqust-sentyabr ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1050 kq çəkidə mis metal qırıntı kimi - 14175,0 (13,50 manat x 1050kq) manat, 2480 metr uzunluğunda üst izolasiyası olmayan lx50mm ölçülü naqil təqdim edilmiş nümunə əsasında - 6336,0 (480 metr x 13,20) manat. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Sumqayıt şəhəri, Bakı Quba yolunun 31-ci km-də yerləşən "xxxx" firmasının istehsalat sexində baş vermişdir. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Qəhrəmanov Dilavər Ramiz oğlu Sumqayıt şəhəri, Bakı Quba yolunun 31-ci km-də yerləşən "xxxx" firmasının həyətinə, oradan da firmanın həyətində yerləşən istehsalat sexinə hansı şəraitdə daxil olmasını, oradan oğurladığı kisələrdə olan mis naqil və kabel qırıntılarını, həmçinin barabanda bükülü halda olan mis naqili haradan götürdüyünü, həmçinin oğurladığı mis naqil və kabelləri firmanın yaxınlığında yerləşən torpaq sahəsində yandırdığı yeri yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Qəhrəmanov Dilavər Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs Qəhrəmanov Dilavər Ramiz oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən təmsil etdiyi hüquqi şəxsə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir və onların təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Nümayəndə1 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxs Qəhrəmanov Dilavər Ramiz oğlunun törətdiyi cinayət əməlini qismən etiraf etməsini və əməlindən peşiman olmasını, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Qəhrəmanov Dilavər Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Qəhrəmanov Dilavər Ramiz oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxsə vurulan ziyanı ödəməklə barışıq əldə etməsi, məhkəmə iclaslarındakı davranışı ilə həqiqətən törətdiyi cinayət əməlindən peşiman olmasını biruzə verməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Qəhrəmanov Dilavər Ramiz oğlu hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022ci il tarixli qərarla CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qəhrəmanov Dilavər Ramiz oğlunun 02 gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Qəhrəmanov Dilavər Ramiz oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Qəhrəmanov Dilavər Ramiz oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Qəhrəmanov Dilavər Ramiz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Qəhrəmanov Dilavər Ramiz oğlunun məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi əkil təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Qəhrəmanov Dilavər Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Qəhrəmanov Dilavər Ramiz oğlunun 02 (iki) gün həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddətə bərabər tutulmaqla hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Qəhrəmanov Dilavər Ramiz oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Qəhrəmanov Dilavər Ramiz oğlunun üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, yataqxana 3 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Qəhrəmanov Dilavər Ramiz oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Qəhrəmanov Dilavər Ramiz oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Qəhrəmanov Dilavər Ramiz oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Qəhrəmanov Dilavər Ramiz oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-193/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-193/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver