Məhkəmə qərarları › İş №1(060)-194/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-194/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-194/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs, mülki iddiaçı-X5, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Rejional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, övladı X9 Bakı Memarlıq və İnşaat Universitetinin “Dizayn” fakultəsinin qiyabi bölməsinə qəbul etdirəcəyini yalan vəd verib aldadaraq, vahid niyyətlə xx.xx.2019-cu il tarixdə saat 12 radələrində, Sumqayıt şəhəri 17-ci məhəllədə yerləşən “Kapital Bank” filalının qarşısında 1000 (bir min) manat, xx.xx.2019-cu il tarixdə, saat 12 radələrində həmin yerdə 1000 (bir min) manat, xx.xx.2019-cu il tarixdə, saat 12 radələrində həmin yerdə 1000 (bir min) manat pulu alıb, ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, Bakı Dövlət Universitetinin “Tarix” fakultəsinin 4-cü kursunda təhsil alan övladı X4 müxtəlif fənlərdən olan imtahan kəsirlərini düzəldib, diplom alacağını yalan vəd verib aldadaraq, vahid niyyətlə 25 iyun 2019-cu il tarixdə Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən “Ovçular” adlanan yeməkxanada 3000 (üç min) manat, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çayxanada 4000 (dörd min) manat, xx.xx.2019-cu il tarixdə həmin çayxanada 7000 (yeddi min) manat, xx.xx.2019-cu il tarixdə həmin çayxanada 1000 (bir min) manat pulu alıb, ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 15000 (on beş min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı X5 etibarından sui istifadə edib, Sumqayıt şəhəri ərazisində yerləşən 37 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi işə düzəldəcəyini yalan vəd verib aldadaraq, 07 oktyabr 2019cu il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 24 saylı tam orta məktəbin yaxınlığında 2.000 (iki min) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxs Rasim Mahmudova 2.000 (iki min) manat mələğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və mülki iddianı qismən qəbul edərək göstərdi ki, 2017-ci ilin aprel ayından 2018-ci ilin noyabr ayınadək Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 40 saylı tam orta məktəbdə direktor vəzifəsini müvəqqəti əvəz etmişdir. 2018-ci ili noyabr ayında işində yol verdiyi nöqsanlara görə Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən həmin vəzifədən kənarlaşdırılıb, 40 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim kimi dərsi tədris etmişdir. 2019-cu ilin yanvar ayında isə dolana bilmədəyi üçün ərizə yazıb işdən çıxmışdır. Sumqayıt şəhər 40 №li orta məktəbdə işlədiyi zaman xeyli borcları yaranmışdır. O, borclarını ödəyə bilmədiyindən qərara gəlmişdir ki, imkan olduqda kimisə aldadıb pulunu almaqla borclarını ödəsin. 2019-cu ilin iyun ayında Sumqayıt şəhərində yerləşən Nizami kinoteatr yaxınlığında tanşı Cavanşir adlı şəxs ilə təsadüfən rastlaşmışdır. Cavanşir ona Mehti adlı tanşının ona zəng edib qızının universitetə qəbul edilməsinə köməkəlik istədiyini və bu işdə onlara köməklik edə biləcəyini demişdir. O, Cavanşirə “Mehtini də, dəvət et, birgə əyləşib söhbət edərik” demiş, 2019-cu ilin iyun ayının gününü xatırlmadığı vaxtda Cavanşir və Mehti birgə əlyəşib söhbət etmişdirlər. Mehti ona 2001-ci il təvvəllüdü Emiliya Əliyeva adlı qızının 2019-cu ilin iyun ayının əvvəllərində, Sumqayıt şəhər 14 saylı tam orta məktəbi başa vurduğunu, 5-ci qrup ixtisası üzrə ali məktəbə qəbul üçün təhsil komissiyasına müraciət etdiyini, 5-ci qrup ixtisası üzrə qəbul imtahanı iki nominasiyadan ibarət olduğunu, birinci nominasiyanın yazılı və testdən, ikinci nominasiya isə qabiliyyət imtahanı olduğunu, birinci nominasiyadan qızının 100 ballıq sistem üzrə 97.5 bal toplayıb, həmin nominasiyanı uğurla keçdiyini, qabiliyyət nominasiyasından isə qızının keçə bilməyəcəyindən qorxuduğunu deyib, Emiliya Əliyevanın qabiliyyət imtahanınından keçirilməsi və Bakı Memarlıq və İnşaat Universitetinin “Dizayn” fakultəsinə qəbul edilməsi üçün köməklik etməsini istəmişdir. Həmin ərəfədə onun maddi tələbatları ilə bağlı pula ehtiyacı olmuşdur. O yalandan Mehtiyə Təhsil Nazirliyində yüksək vəzifədə çalışan qohumunun olduğunu, həmin məmurun köməkliyi ilə bir neçə abuturiyentlərə köməklik edib onları universitetlərə qəbul etdirdiyini, bundan başqa “Bakı Memarlıq və İnşaat Universitetinin” prorektorunun da tanışı olduğunu yalandan deyib, Emiliyanın qabiliyyət imtahanını tamamilə həll edib, onun Memarlıq və İnşaat Universitetinin Dizayn fakultəsinin qiyabi bölməsinə daxil olacağına köməklik edəcəyinə arxayın edərək, ondan üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün 4000 manat pul lazım olacağını demişdir. Mehti onunla razılaşaraq 3000 manat pulu ona hissə-hissə verəcəyini, qalan 1000 manat pulu isə qızı universitetə qəbul olunduqdan sonra verəcəyini demişdir. O, Mehti ilə razılaşmış, 2019-cu ilin iyun ayının 5-də təxminən saat 12 radələrində Sumqayıt şəhəri Nərimanov heykəlinin yaxınlığında, 17-ci məhəllədə yerləşən Kapital bankın filialının qarşısında Mehti ilə görüşmüş və Mehti ona 1000 manat pul vermişdir. Mehtiyə işi mərhələli görəcəyini, 1 həftə sonra yenidən 1000 manat pul lazım olacağını demişdir. Mehti onunla razılaşmışdır. Mehtidən aldığı pulu növbəti gün adını bildirmək istmədiyi şəxsə borcu olduğu üçün vermişdir. 1 həftə sonra, yəni 2019-cu ilin iyun ayının 12-də, saat 12 radələrində Sumqayıt şəhəri Nərimanov heykəlinin yaxınlığında, 17-ci məhəllədə yerləşən Kapital bankın filialının qarşısında Mehti ilə görüşmüş və Mehti ona 1000 manat pul vermişdir. Mehtiyə 1 həftə sonra yenidən 1000 manat pul lazım olacağını demişdir. Növbəti gün Mehtidən aldığı pulu yenə də borcuna vermişdir. 1 həftə sonra, yəni 2019-cu ilin iyun ayının 19-da, saat 12 radələrində Sumqayıt şəhəri Nərimanov heykəlinin yaxınlığında, 17-ci məhəllədə yerləşən Kapital bankın filialının qarşısında Mehti ilə görüşmüş və Mehti ona 1000 manat pul vermişdir. Mehtiyə artıq imtahanların yaxınlaşdığını deyib, lazımı şəxslərlə görüşdüyünü, qızı Emiliyanın narahat olmamasını, işinin düzələcəyini deyib ondan ayrılmışdır. 2019-cu ilin iyun ayının sonlarında Emiliya Əliyeva qabiliyyət imtahanının birinci turundan imtahan verib, 10 ballıq sistemdə 8 bal toplayaraq imtahanı keçmişdir. Emiliya imtahanı özü vermiş, Emilyanın həmin imtahandan keçməsi üçün heç bir fəaliyyəti həyata keçirməmişdir. Emiliyanın ikinci imtahanda da özü keçəcəyinə arxayın olub, aldığı 3000 manat pulu şəxsi ehtiyaclarına xərcləmışdır. Təxminən 10 gün sonra ikinci tur imtahanı olmuş, Emiliya həmin imtahanda isə 10 ballıq sistemlə 1 bal topladığı üçün kəsilmiş və bu səbəbdən də Bakı Memarlıq və İnşaat Universitetinə daxil ola bilməmişdir. O, Emiliyanın imtahandan keçməsi üçün heç nə etməmişdir. Bundan sonra Mehti dəfələrlə onunla telefon əlaqəsi saxlayıb pulunu geri istəmişdir. O, isə yalandan pulu ayrı-ayır şəxslərə verdiyini, gözləməsini, qısa müddət ərzində Emiliyanı Universitetə qəbul etdirəcəyini demişdir. Sonda Zərərçəkmiş şəxs1 Memarlıq və İnşaat Universitetinə müraciət etmiş və öyrənmişdir ki, həmin universitetdə heç “Dizayn” fakultəsinin qiyabi şöbəsi yoxdur. Bundan sonra Mehti, təkidlə ondan 3000 manat pulunu geri istəmiş, o, pulu geri ödəyə bilmədəyi üçün barəsində şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Zərərçəkmiş şəxs2 Sumqayıt şəhəri, Betonzavod ərazisində kafe işlədən şəxs kimi tanımışdır. Münasibətləri həmişə normal olmuşdur. 2019-cu ilin iyun ayının sonlarında Namiqin Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən kafesində əyləşib söhbət edəndə Namiq övladının Bakı Dövlət Üniversitetinin “Tarix” fakultəsinin sonuncu kursunda təhsil aldığını, lakin gözündən əməliyyat olduğu üçün diplom işini hazırlaya bilmədiyini demişdir. O, həmin vaxt diplom işi yazdırmaq adı ilə Namiqi aldadaraq pul alıb borclarını bağlamaq fikrinə düşdüyündən Namiqi inandırmaq məqsədi ilə direktor işlədiyi müddət ərzində Bakı Dövlət Ünversitetində bir cox müəllimləri tanıyaraq münasibət qurduğunu, belə işləri həll edə biləcəyini demişdir. Namiq də ona köməklik etməyini istədikdə o, diplom işini yazdırıb xx.xx.2019-cu il tarixdə diplomu şəxsən gətirib təhvil verəcəyi barədə yalandan söz vermişdir. Həmin vaxt isə birbaşa məbləğ deməsi şübhə yaradacağından Namiqin daha da inanması üçün müəllimələrlə danışdıqdan sonra qiymət barədə bir söz deyəcəyimi bildirmişdir. Təxminən bir-iki gün sonra Sumqayıt şəhəri ərazisində Namiqlə görüşüb işin həll olunması üçün xeyli pul lazım olduğunu, lakin mümkün qədər işi ucuz qiymətə, yəni 15 (on beş) min manat müqabilində həll edəcəyinə söz vermişdir. Namiq isə pulu bir dəfəyə deyil, yalnız hissə-hissə ödəyəcəyini demiş, o da razılaşmış və Namiqə demişdir ki, pulu o, deyən vaxt gətirsin. 2019-cu ilin iyun ayının 24-də o Namiqə zəng edib 3000 (üç min) manat pulu hazırlamasını istəmişdir. Bir gün sonra yəni 2019-cu ilin iyun ayının 25-də, səhər saatlarında zəngləşərək Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində “Ovçular” adlanan kafenin içərisində Namiqlə görüşüb sonuncudan qeyd edilən məbləğdə pulu almışdır. Almış olduğu pulu isə öz ehtiyaclarına sərf etmiş, borclarının bir qismini bağlamışdır. O, 2019-cu ilin iyul ayının 7-də Namiqə zəng edib işin həll olunması üçün 4000 (dörd min) manatıda verməsini istəmişdir. Səhəri gün yəni, 2019-cu ilin iyul ayının 8də Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən Namiqə məxsus kafedə sonuncu ilə görüşüb 4000 (dörd min) manatı almışdır. Həmin puluda öz ehtiyaclarına sərf edərək borclarından qaytarmış və diplomun alınması ilə bağlı isə hər hansı bir hərəkət etməmişdir. Hər dəfə də Namiq zəng edib işin nə yerdə olduğunu soruşduqda işin mərhələli həll olunması barədə yalan vədlər vermişdir. Şübhə yaranmaması üçün bir müddət gözləyib 2019-cu ilin avqust ayının 3-də Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən Namiqə məxsus kafedə sonuncu ilə görüşüb 7000 (yeddi min) manat pulu almışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, pulu aldıqdan sonra işin artıq həll olunma mərhələsində olduğu barədə yalan vəd verərək çıxıb getmişdir. Almış olduğu pulu isə borclu olan şəxslərə ödəmişdir. 2019-cu ilin avqust ayının 26-da Namiqlə zəngləşərək Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən kafedə görüşmüşdür. Namiqdən qalıq 1000 (min) manat pulu da alıb söz verdiyi vaxtda diplomu alıb gətirəcəyini demişdir. Namiqlə sağollaşıb getdikdən sonra həmişəki kimi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra bir neçə dəfə Namiq zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O isə hər dəfə müxtəlif vaxtlar deyərək diplomu alıb gətirəcəyi ilə bağlı yalan vədlər versə də, sonradan ümumiyyətlə mobil telefonunu söndürmüşdür. Lakin, xx.xx.2019-cu il tarixdə Namiq onu tapmış və birlikdə Betonzavod ərazisində yerləşən çayxanaya getmişlər. O, həmin vaxt pulların lazım olan adamlara çatdığını deyərək Namiqi inandırmağa çalışmış və diplomu xx.xx.2019-cu il tarixdə alıb gətirərək ona verəcəyini demişdir. Hətta sözünə düz adam olduğuna inandırmaq məqsədi ilə öz xətti ilə 15000 (on beş min) manatı aldığına dair əlyazma yazaraq Namiqə vermişdir. Vəd verdiyi tarixin tamam olmasına az bir vaxt qalmış isə telefonunu söndürmüşdür. X6 ilk dəfə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən tanışı Vaqif adlı şəxsin icarə əsasında işlətdiyi çay evində Vaqifin vasitəsilə tanımışdır. Belə ki, onlar görüşəndə Rasim əvvəllər Azərbaycan Respublikası MN-nin “N” saylı hərbi hissəsində “mayor” hərbi rütbəsində hərbi qulluqçu kimi xidmət etdiyini, 2019-cu ilin may ayında xəstəliyi ilə əlaqədar təqaüdə buraxıldığını, təqaüdə çıxdıqdan sonra məktəblərin birində hərbi hazırlıq müəllimi kimi işə düzəlmək istədiyini bildirmişdir. Bundan sonra Rasimə təklif etmişdir ki, müəyyən məbləğdə pul müqabilində ona hərbi hazırlıq müəllimi kimi işə düzəlməyində köməklik edə bilər. Onlar qiymətlə bağlı aralarında razılığa gəlmişlər. Belə ki, aralarında razılaşmışlar ki, Rasim ona hərbi hazırlıq müəllimi kimi işə düzəlməyində köməklik göstərməsi üçün 2500 manat pul versin, o, isə Rasimə Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərin birində hərbi hazırlıq müəllimi kimi işə düzəlməsində köməklik göstərsin. Rasimə hərbi hazırlıq müəllimi kimi işə düzəlməsində köməklik göstərəcəyinə söz verərkən, sonuncunun işə düzəlməsi üçün hər hansı iş görmək fikri olmamışdır. Sadəcə həmin vaxt pula ehtiyacı olduğundan fikirləşmişdir ki, Rasimdən pulu aldıqdan sonra, həmin pulu şəxsi ehtiyaclarına sərf edər, sonra isə Rasimin pulunu ödəyər. Bundan sonra xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 24 saylı tam orta məktəbin yaxınlığında Rasimlə görüşmüşdür. Rasim tanışları Vaqif və Rövşən adlı şəxsin iştirakı ilə özünə məxsus avtomobilin içərisində 2000 manat pulu ona vermişdir. Həmçinin söz vermişdir ki, qalan 500 manat isə işi düzəlkdikdən sonra ona verəcəkdir. Rasimdən pulla bərabər həmçinin onun işə düzəlməyi üçün lazım olduğunu bildirərək, istədiyi tərcümeyi hal və dörd ədəd foto şəkili, kadırların uçot vərəqinin, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun, əmək kitabçasının, hərbi biletinin surətlərini də almışdır. Rasimdən pul və sənədləri aldıqdan sonra ona xx.xx.2019-cu il tarixədək işinin həll olunacağını və Sumqayıt şəhər 37 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi işə başlayacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Rasim zəng vuraraq işinin düzəlib düzəlmədiyi ilə maraqlandıqda, ona müəyyən çətinliklərin yarandığını bildirmiş və xx.xx.2019-cu il tarixədək gözləməyi xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə isə telefonunu söndürmüşdür. Bu səbəbdəndə Rasim yaşadığı evə gələrək atası ilə söhbət edib, pulunu geri qaytarmağı tələb etmişdir. Ancaq Rasimdən aldığı pulu geri qaytarmaq imkanında olmadığından, Rasim hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişi zamanı Zərərçəkmiş şəxs2 1.000 (bir min) manat ödəniş etdiyini, lakin bu barədə ondan hər hansı bir rəsmi sənəd almadığını, digər borcları ilə bağlı isə zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərdən heç bir ödəniş etməyə maddi imkanının olmadığını, əməlindən səmimi peşman olduğunu və himayəsində üç azyaşlı uşağınını olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2001-ci il təvvəllüdü qızı Emiliya Əliyeva 2019-cu ilin iyun ayının əvvəllərində, Sumqayıt şəhər 14 saylı tam orta məktəbi başa vurduqdan sonra 5-ci qrup ixtisası üzrə ali məktəbə qəbul üçün təhsil komissiyasına müraciət etmişdir. 5-ci qrup ixtisası üzrə qəbul imtahanı iki nominasiyadan ibarət olmuş, birinci nominasiya yazılı və testdən, ikinci nominasiya isə qabiliyyət imtahanı idi. Birinci nominasiyada qızı 100 ballıq sistem üzrə 97.5 bal toplayıb, həmin nominasiyanı uğurla keçmişdir. Qabiliyyət nominasiyasının isə birinci turu rəsm, ikinci turu isə rəsmxətt fənlərindən ibarət olmuşdur. Qızının rəsm fəaliyyəti tam qənaətbəxş olsa da rəsmxətt fənnindən zəif idi. Emiliya ona qabiliyyət imtahanının ikinci turundan keçmək üçün kənar köməklik lazım olacağını demişdir. O, nə etmək lazım olduğunu soruşanda Emiliyanın ona adını bildirmədiyi sinif yoldaşı ilə danışdığını, sinif yoldaşının dayısı Cavanşir adlı şəxsin Ramil adlı tanışı olduğunu, Ramilin uşaqları qəbul imtahanından keçirdiyini bildirib, Cavanşirin vasitəsilə Ramili tapmağı məsləhət görmüşdür. Emiliya sinif yoldaşından Cavanşir adlı şəxsin mobil nömrəsini də almışdır. O, qızından nömrəni alıb Cavanşirlə telefon əlaqəsi saxlamışdır. Cavanşir ona Ramil adlı şəxsin onun tanışı olduğunu və Ramilin uşaqları ali məktəblərə qəbul imtahanından keçirməyə gücü olduğunu bildirib, onları görüşdürəcəyinə söz vermişdir. Növbəti gün Cavanşir, o və Ramil Sumqayıt şəhəri Nizami kinotetarının yaxınlığında görüşmüşlər. Görüş zamanı o, Ramilə qızının birinci nominasıydan keçdiyini, ikinci nominasiyaya isə hazırlaşdığını, qabiliyyət imtahanınında keçirmək üçün onlara köməklik lazım olacağını bildirmişdir. Ramil ona “arxayın ol işivi düzəldəcəm, bizdə yalan yoxdur” deyib Təhsil Nairliyində qohumu olduğunu, onun əli ilə bir neçə şəxsin işini düzəltdiyini, lakin bu iş üçün ümumi 4000 manat pul lazım olacağını, pulu yuxarılara verəcəyini, qızının isə Bakı Memarlıq və İnşaat Universitetinin Dizayn fakultəsinin qiyabi bölməsinə daxil olacağını bildirmişdir. Lakin Ramil Təhsil Nazirliyindəki qohumunun adını deməmişdir. Razılığa əsasən 4000 manat puldan 3000 manatını əvvəlcədən verməli, 1000 manat pulu isə qızı universitetə daxil olduqdan sonra verəcəkdir. 2019-cu ilin iyun ayının dəqiq tarixini xatırlamadığı gündə təxminən saat 12 radələrində Sumqayıt şəhəri Nərimanov heykəlinin yaxınlığında Kapital bankın filialının qarşısında Ramillə görüşüb ona 1000 manat pul vermişdir. Təxminən 1 həftə sonra həmin yerdə 1000 manat, 1 həftə sonra isə sonuncu dəfə həmin yerdə yenə 1000 manat olmaqla, ümumlikdə Ramilə söz verdiyi kimi 3000 manat pulu çatdırmışdır. Ramilə pul verdiyi zaman yanında kimsə olmamışdır. 2019-cu ilin iyun ayının sonlarında qızı birinci turdan imtahan verib, 10 ballıq sistemdə 8 bal toplayaraq imtahanı keçmişdir. Təxminən 10 gün sonra ikinci tur imtahanı olmuş, qızı Emiliya həmin imtahanda isə 10 ballıq sistemlə 1 bal topladığı üçün kəsilmiş və bu səbəbdən də Memarlıq və İnşaat Universitetinə daxil ola bilməmişdir. Bundan sonra Ramillə dəfələrlə əlaqə saxlamağa çalışsa da Ramil hər dəfə müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınmış, qızının hansı səbəbdən universitetə qəbul ola bilməməsinin səbəbini açıqlamamışdır. Sonda Memarlıq və İnşaat Univeritetinə müraciət edəndə məlum olmuşdur ki, Dizayn fakultəsində ümumiyyətlə qiyabi bölmə yoxdur. Ramilin onu aldatdığını dəqiq bilmişdir. Ramil ona pulu qısa müddət ərzində qaytaracağını vəd etsə də pulu qaytaramadığı üçün sonda məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyi üçün sonuncu barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Betonzavod ərazisində “Tovuz” kafesinin yanında adı olmayan çayxananı işlədir. İİ-ci qrup Qarabağ müharibəsi əlilidir. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, keçmiş məktəb direktoru kimi tanımış, münasibətləri normal olub, aralarında ədavət və düşmənçilik olmamışdır. X21 təxminən 2015-ci ildə Bakı Dövlət Universitetin “Tarix” fakültəsinə qəbul olmuşdur. Lakin oğlu Eyvaz sonuncu kursda təhsil alan zaman gözlərindən əməliyyat olduğu üçün dərslərdə iştirak edə bilmədiyindən xeyli kəsrləri yaranmışdır. Nəticə olaraq isə oğlu Eyvazı diplom işinin müdafiəsinə buraxmamışlar. 2019-cu ilin iyun ayının sonlarında işlətdiyi Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çayxanada olan zaman əvvəllər tanıdığı keçmiş məktəb direktoru Ramil ilə həmsöhbət olmuşdur. Söhbət zamanı Ramilə oğlu Eyvazın gözlərindən əməliyyat olduğu üçün universitetdə kəsirlərinin yarandığını, bu səbəbdən də diplom işinin müdafiəsinə buraxılmadığını demiş, Ramil isə direktor işlədiyi müddətdə Bakı Dövlət Universitetində çoxlu müəllim tanışlarının olduğunu, həmin tanışları vasitəsi ilə belə işləri asanlıqla həll edə biləcəyini demişdir. O, Ramilə inanıb sonuncudan köməklik etməsini xahiş etmiş, Ramil isə Eyvazın kəsirlərini həll edərək xx.xx.2019-cu il tarixdə diplomu şəxsən gətirib təhvil verəcəyinə söz vermişdir. Bu işin neçəyə başa gələcəyini soruşduqda Ramil cavab olaraq maraqlandıqdan sonra dəqiq qiymət deyəcəyini bildirmişdir. Təxminən bir-iki gün sonra Ramil ilə Sumqayıt şəhəri ərazisində görüşdükdə sonuncu kəsirlərin həll edilməsi və diplom işinin yazılaraq diplomun alınması üçün 15000 manat pul lazım olduğunu demişdir. O, hazırda bu qədər pulu olmadığını dedikdə Ramillə pulun hissəhissə verilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. 2019-cu ilin iyun ayının təxminən 24də işlətdiyi çayxanada olanda Ramil zəng edərək 3000 (üç min) manat pulun verilməsini demişdir. 2019-cu ilin iyun ayının 25-də Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində “Ovçular” adlanan kafenin içərisində Ramil ilə görüşüb 3000 (üç min) manat pulu ona vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. 2019-cu ilin iyul ayının 7-də yaşadığı evdə olan vaxt Ramil zəng edərək 4000 (dörd min) manatı istəyərək səhəri gün gəlib götürəcəyini demişdir. 2019-cu ilin iyul ayının 8-də işlətdiyi Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çayxanada olan vaxt Ramil çayxanaya gəlmişdir. O, elə həmin çayxanada 4000 (dörd min) manat pulu sayaraq Ramilə vermişdir. Pul verilən zaman isə yanlarında heç kim olmamışdır. O dəfələrlə əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda Ramil cavab olaraq işin qısa müddətə düzələcəyini demişdir. Bundan sonra avqust ayının 3-də əvvəlcədən danışdıqları kimi Ramil ilə yenidən çayxanada görüşmüşdürlər. Özünə məxsus 7000 (yeddi min) manatı Ramilə vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Ramil pulu aldıqdan sonra işin artıq həll olunma ərəfəsində olduğunu vəd verərək çıxıb getmişdir. Artıq Ramil tərəfindən aldadıldığından şübhələnib tez-tez ona zəng edərək işin nə səbəbə düzəlmədiyini soruşmuşdur. Ramil isə hər dəfə yalan vədlər verərək işin yekunlaşacağını bildirmişdir. 2019-cu ilin avqust ayının 26-da Ramil ilə yenidən Sumqayıt şəhəri, Beton zavod ərazisində yerləşən çayxanada görüşmüşdürlər. Həmin vaxt Ramil aralarında qalıq qalmış 1000 (min) manat pulu istəmişdir. Həmin pulu da Ramilə vermişdir. Ramil isə söz verdiyi vaxtda diplomu gətirib verəcəyini vəd verərək çıxıb getmişdir. Bir müddətdən sonra Ramilə zəng etsə də sonradan onun telefonuna zəng çatmamışdır. Sumqayıt şəhəri ərazisində axtarıb xx.xx.2019-cu il tarixdə Ramili tapıb birlikdə işlətdiyi Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən çayxanaya getmişdirlər. Ramil yenə də onu inandırmağa çalışıb xx.xx.2019-cu il tarixdə diplomu gətirib verəcəyini demişdir. O, isə artıq Ramildən şübhə etdiyi üçün sonuncuya öz xətti ilə aldığı pullara dair əlyazma yazdırmışdır. Yanlarında olan şəxslər də öz imzaları ilə həmin əlyazmanı təsdiq etmişlər. xx.xx.2019-cu il tarixə kimi gözləsə də Ramil diplomu alıb gətirməmişdir. Nəticədə Ramil tərəfindən aldadıldığını başa düşüb Sumqayıt şəhər 4-cü polis bölməsinə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyi üçün sonuncu barəsində qanunla müəyyən olunmuş cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs, mülki iddiaçı X12 mülki iddiasını müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən adını unutduğu çay evində tanışı Vaqifin vasitəsilə görüb tanımışdır. O əvvəllər Azərbaycan Respublikası MN-nin “N” saylı hərbi hissəsində “mayor” hərbi rütbəsində hərbi qulluqçu kimi xidmət etmişdir. 2019-cu ilin may ayında isə xəstəliyi ilə əlaqədar təqaüdə buraxılmışdır. O, təqaüdə çıxdıqdan sonra məktəblərin birində hərbi hazırlıq müəllimi kimi işə düzəlmək istəmiş, həmin ərəfədə, yəni tanışı Vaqifin vasitəsilə Təqsirləndirilən şəxslə tanış olduqda, Ramillə söhbət zamanı hərbi hazırlıq müəllimi kimi işə düzəlmək istəyi barədə ona demişdir. Ramil isə özünün də əvvəllər 40 saylı orta məktəbdə müəllim kimi işlədiyini və ona hərbi hazırlıq müəllimi kimi məktəblərin birində işə düzəlməyində, müəyyən məbləğdə pul müqabilində köməklik göstərəcəyinə söz vermişdir. O, Ramildən işə düzəlməyinin hansı qiymətə başa gələcəyini soruşduqda, Ramil ona ilk olaraq hər hansı məbləğ deməyərək, məbləği dəqiqləşdirib sonradan deyəcəyini bildirmişdir. O, isə Ramilə bildirmişdir ki, işə düzəlmək üçün ancaq 2000 manat pul verməyə gücü çatır. Bundan sonra ayrılmışlar. xx.xx.2019-cu il tarixdə Ramil ona məxsus mobil telefona 070 322 46 39 saylı mobil nömrədən SMS yazaraq müəllim kimi işə düzəlməyi üçün kiminləsə danışıb və razılığını aldığını, bunun üçün isə 2500 manat pul lazım olduğunu bildirmişdir. O, isə Ramilin istədiyi pulun 2000 manatını əvvəlcədən, qalan hissəsini isə sonradan, yəni işi düzəldikdən sonra verəcəyini demişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində Ramillə görüşmüş, tanışları Vaqif və Rövşən Adıgözəlov da orada olmuş, onların iştirakları ilə özünə məxsus avtomobilin içərisində 2000 manat pulu Ramilə vermişdir. Ramilə həmçinin işə düzəlməyi üçün onun istədiyi tərcümeyi hal və dörd ədəd foto şəkillə birlikdə, kadırların uçot vərəqinin, şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomunun, əmək kitabçasının, hərbi biletinin surətlərini də vermişdir. Ramil pulu və sənədləri aldıqdan sonra xx.xx.2019-cu il tarixədək işin həll olunacağını və Sumqayıt şəhər 37 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi işə düzələcəyini təşkil edəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra Ramilin söz verdiyi vaxtın tamam olmasını gözləmişdir. xx.xx.2019-cu il tarixdə Ramilə zəng vurub, işinin düzəlib düzəlmədiyi ilə maraqlandıqda Ramil müəyyən çətinliklərin yarandığını bildirmiş və xx.xx.2019-cu il tarixədək gözləməyi demişdir. Sonrakı görüşdə Ramil ona xx.xx.2019-cu il tarixədək gözləməyi, işinin məhz həmin tarixdə düzələcəyini demişdir. xx.xx.2019-cu il tarixdə Ramillə telefon vasitəsilə əlaqə saxlamaq istəsə də, ona zəng çatmamışdır. Zərərçəkmiş şəxs X12 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər ödənilmədiyi üçün sonuncu barəsində qanunla müəyyən olunmuş cəza təyin olunması və mülki iddia tələbinin təmin olunması barədə hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X13 ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayının əvvəllərində, Sumqayıt şəhər 14 saylı tam orta məktəbi başa vurduqdan sonra 5-ci qrup ixtisası üzrə ali məktəbə qəbul üçün təhsil komissiyasına müraciət etmişdir. 5-ci qrup ixtisası üzrə qəbul imtahanı iki nominasiyadan ibarət olmuşdur. Birinci nominasiya yazılı və testdən, ikinci nominasiya isə qabiliyyət imtahanı olmuşdur. Birinci nominasiyada 100 ballıq sistem üzrə 97.5 bal toplayıb, həmin nominasiyanı uğurla keçmişdir. Qabiliyyət nominasiyasının isə birinci turu rəsm, ikinci turu isə rəsmxətt fənlərindən ibarət idi. Rəsm fəaliyyəti tam qənaətbəxş olsa da, rəsmxətt fənnindən zəif olduğunu bilmişdir. Sinf yoldaşı X15 ilə söhbət etdiyi zaman o, Ramil adlı şəxsin uşaqların universitetə qəbul olunmasına köməklik etdiyini deyib, bu barədə dayısı Cavanşirlə danışmağı məsləhət görmüşdür. Əlidən Cavanşirin nömrəsini almışdır. Atası Zərərçəkmiş şəxs1 qabiliyyət imtahanından keçmək üçün ona kənar köməklik lazım olacağını demişdir. Atası nə etmək lazım olduğunu soruşanda ona Cavanşir adlı şəxsin Ramil adlı tanışı olduğunu, Ramilin uşaqları qəbul imtahanından keçirdiyini bildirib, Cavanşirin vasitəsilə Ramili tapmağı məsləhət görmüşdür. Sinif yoldaşından aldığı mobil nömrəni atasına vermişdir. X22 telefon əlaqəsi saxlamış, Cavanşir ona Ramil adlı şəxsin onun tanşı olduğunu və Ramilin uşaqları ali məktəblərə qəbul imtahanından keçirməyə gücü olduğunu bildirib, onları görüşdürəcəyinə söz vermişdir. Növbəti gün atası Cavanşir və Ramillə görüşmüşdür. Görüş zamanı atası Ramilə birinci nominasıydan keçdiyini, ikinci nominasiyaya isə hazırlaşdığını, qabiliyyət imtahanınından keçmək üçün onlara köməklik lazım olacağını bildirmiş, Ramil atasına Təhsil Nairliyinə qohumu olduğunu, onun əli ilə bir neçə şəxsin işini düzəltdiyini, lakin bu iş üçün ümumi 4000 manat pul lazım olacağını, pulu yuxarılara verəcəyini, onun isə Memarlıq və İnşaat Universitetinin Dizayn fakultəsinin qiyabi bölməsinə daxil olacağını vəd etmişdir. 2019-cu ilin iyun ayının dəqiq tarixini xatırlamadığı günündə təxminən saat 12 radələrində Sumqayıt şəhəri Nərimanov heykəlinin yaxınlığında Kapital bankın filialının qarşısında atası Mehti Ramillə görüşüb ona 1000 manat pul vermişdir. Təxminən 1 həftə sonra həmin yerdə 1000 manat, 1 həftə sonra isə sonuncu dəfə həmin yerdə yenə 1000 manat olmaqla, ümumlikdə Ramilə söz veilmiş 3000 manat pulu atası vermişdir. 2019-cu ilin iyun ayının sonlarında birinci turdan imtahan verib, 10 ballıq sistemdə 8 bal toplayaraq imtahanı keçmişdir. Təxminən 10 gün sonra ikinci tur imtahanı olmuşdur. Həmin imtahanda isə 10 ballıq sistemlə 1 bal topladığı üçün kəsilmiş və bu səbəbdən də Memarlıq və İnşaat Universitetinə daxil ola bilməmişdir. Birinci turdan keçməyi öz hesabına olmuşdur. Belə ki, ona verilmiş tapşırığı lazımı qaydada icra etmişdir. Bundan sonra atası Mehti Ramillə dəfələrlə əlaqə saxlamağa çalışsa da, Ramil hər dəfə müxtəlif bəhanələr gətirərək görüşməkdən yayınmışdır. Sonda atası məcbur qalıb hüquq mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmədə şahid X17 ifadəsində göstərdi ki, asudə vaxtlarında Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən Yaşıl ada çay evinin yaxınlığında yerləşən adsız çayxanda tanışları ilə görüşüb çay içmişlər. 2019-cu ilin yay aylarında qohumu Cavanşir ilə həmin çayxanya Ramil adlı şəxs gəlib gedəndə Ramili tanımışdır. Ramili müəllim kimi tanımışlar. 2019-cu ilin oktyabr ayının əvvəllərində sözügedən çayxanda əyləşib Rasimlə çay işdiyi zaman stola Təqsirləndirilən şəxs yaxınlaşıb əyləşmişdir. Söhbət əsanasında Rasim ümumi olaraq danışaraq bildirmişdir ki, orta məktəblərin birində hərbi hazırlıq fənni üzrə müəllim işləmək istəyir. Həmin vaxt Ramil ona cavab olaraq bildirmişdir ki, bu işdə ona mütləq köməklik göstərə bilər. Bu mövzuda onlar ümumi olaraq bir-birləri ilə söhbət etmişlər. Daha sonra xx.xx.2019-cu il tarixdə təxminən saat 18 radələrində çayxandan çıxan zaman Ramil və Rasimin Rövşən adlı tanışının avtomobilinə əyləşib getdiklərini görüb, onlardan onu də yol üstü Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində düşürtmələrini xahiş etmişdir. Onlar razılıq verdikləri üçün o, avtomobilin ön sağ sərnişin oturacağında əyləşmiş, Ramillə Rasim isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Yolda olan zaman Rasimin əlində yüzlük əskinaslar tutub saydığını görüb ona zarafatca “deyəsən pul tapmısız” demişdir. Həmin vaxt Rasim ona Ramilin onu məktəblərin birində hərbi hazırlıq fənni üzrə müəllim kimi işə düzəldəcəyini vəd etdiyini, bunun müqabilində 2000 manat pul lazım olduğunu və hazırda həmin pulu Ramilə verdiyi bildirmişdir. Ramil də ona “Allah qoysa Rasimi də müəllim kimi işə düzəldəcəm” demişdir. Rasim 2000 manat puldan başqa Ramilə şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplomun surəti, əmək kitabçası, hərbi biletinin surətlərini və 4 ədəd fotoşəkil təqdim etmişdir. Təxminən 1 ay keçdikdən sonra Rasim onunla telefon əlaqəsi saxlayıb Ramilin mobil nömrəsinə zəng çatmadığını bildirərək, Ramilin onu aldatdığından şübhələndiyini, odur ki, birgə Sumqayıt şəhəri Təhsil şöbəsinə yaxınlaşmağını xahiş etmişdir. Rasimlə birgə Sumqayıt şəhəri Təhsil şöbəsinə getdikdən sonra onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Rasimdən aldığı sənədləri Təhsil şöbəsinə təqdim etməyib və onun əvvəlcədən planı Rasimi aldadıb onun 2000 manat pulunu ələ keçirmək olmuşdur. X1 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ibtidai istintaq zamanaı veriyi ifadəsində şahid X17 ilə eyni məzmunda ifadə vermişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş AZ İV seryalı 188094 saylı, AZ İV seryalı 099011 saylı və AZ İV seryalı 099017 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı-xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü Hümbətəliyev Ramal adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf etməsini və himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 01 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Zərərçəkmiş şəxs, mülki iddiaçı X12 həmçinin məhkəməyə mülki iddia ilə müraciət edərək, Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində maddi ziyan və 500 (beş yüz) manat məbləğində mənəvi ziyan, cəmi 2500 (iki min beş yüz) manat məbləğində pulun tutularaq ona verilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs, mülki iddiaçı X12 tərəfindən verilmiş “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 2000 (iki min) manat alınaraq zərərçəkmiş şəxs X8 ödənilməlidir. Zərərçəkmiş şəxs, mülki iddiada mənəvi zərərin də əvəzinin təqsirləndirilən şəxsdən onun xeyrinə tutulmasını tələb etsə də, qeyd olunan tələbini (çəkilmiş xərclər və vurulmuş ziyanın məbləğləri ilə bağlı) əsaslandıran sənədləri məhkəməyə təqdim etməmişdir. Buna görə də mülki iddia qismən, yəni maddi zərərin ödənilməsi hissəsində təmin edilməli, mənəvi zərərin ödənilməsi hissəsində isə rədd edilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izah olunmalıdır ki, onlara vurulmuş maddi zərərlə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2020-ci il tarixli (iş № 1(060)- 194/2020) qərarını icra edərək, 17 aprel 2020-ci il tarixli 102 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 5 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Mülki iddia qismən təmin olunsun. Təqsirləndirilən şəxs vurulmuş maddi zərərin əvəzi olaraq 2000 (iki min) manat alınaraq zərərçəkmiş şəxs X8 ödənilsin. Mülki iddia qalan hissədə təmin olunmasın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izah olunsun ki, onlara vurulmuş maddi zərərlə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 5 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar