Məhkəmə qərarları › İş №1(060)-195/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-195/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-195/2024 31.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1998-ci il tarixdə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Qazax şəhəri, Mehdi Hüseyn küçəsi, ev 97-də qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib, üzərində daşıyaraq saxlamış, 11 sentyabr 2023-cü il tarixdə, saat 12:30-da Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yerləşən «Müasir Stomatologiya» Klinikasının yaxınlığında saxlanılıb Sumqayıt ŞPİ-yə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan iç cibindən 01 ədəd bükümdə 0,640 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İİ Qarabağ müharibəsi iştirakçısı olmuş, müharibədən sonra ağrıları və psixi durumuna görə bir müddət narkotik vasitədən istifadə etmiş, lakin sonra bir müddət istifadə etməmiş, təxminən 1 aydır ki, həm narkotik vasitə, həm də psixotrop maddə istifadə edir. Tutulmamışdan əvvəl sosial şəbəkənin «İnstagram» səhifəsində «Tohid» adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş və sonuncu ona narkotik vasitə və ya psixotrop maddə təklif etmişdir. O da razılaşmış və həmin «Tohid» adlı şəxs Bakı şəhəri, Koroğlu prospektində yol kənarında psixotrop maddə metamfetamini qoyduğu yerin fotoşəklini ona atmış, o da həmin yerə gedərək oradan bir ədəd bükümdə psixotrop maddə metamfetamin götürmüş, həmçinin bunun müqabilində danışdıqları 25 manat pulu elə həmin yerə qoymuşdur ki, götürsün. Əldə etdiyi psixotrop maddədən bir qədərini istifadə etmiş, qalanını isə üzərində saxlamışdır. 11 sentyabr 2023-cü il tarixdə saat 12:30da Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yerləşən «Müasir Stomatologiya» Klinikasının yaxınlığında olan zaman bir neçə nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək barəsində narkotik vasitələrin üzərində saxlamağı və istifadə etməyi barədə məlumat daxil olduğunu bildirib, onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər və idarədə ona hüquq və vəzifələri izah edilmiş, vəkil təqdim olunmuşdur. Bundan sonra Pİ-də xidməti otaqların birində üzərində şəxsi axtarış keçiriləcəyi elan edilərək videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirməyə başlamış və ona üzərində narkotik vasitə varsa könüllü təqdim etməyi təklif edildikdə, özü əynində olan boz rəngli cins şalvarının sağ yan iç cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi bükümdə olan maddənin psixotrop maddə «şüşə» olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli psixotrop maddə metamfetamin aşkar olunmuş və ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Saxlanılan zaman və ya polis idarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq olunmamış, heç bir psixi təsirə məruz qalmamışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladı vardır. İİ Qarabağ müharibəsi iştirakçısı olmasının Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 11 sentyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində Kənan adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə daxil omuş əməliyyat məlumatı əsasında həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yerləşən «Müasir Stomotologiya» diş klinikasının yaxınlığında saxlanılmış və Sumqayıt ŞPİ-yə dəvət edilmişdir. Sumqayıt ŞPİ-də olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibliyindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim olunan bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, bükümdə ağ rəngli kristallik formada maddənin olması müəyyən edilmiş, büküm elektron tərəzi vasitəsilə ölçüldükdə çəkisinin yarım qramdan bir az artıq olması müəyyən edilmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin «şüşə» olduğunu, həmin maddəni 2 gün qabaq Bakı şəhəri Koroğlu prospektində yol kənarından sosial şəbəkə vasitəsilə tanış olduğu Tohid adlı İran vətəndaşı vasitəsilə ona göndərilən məkan yeri üzrə götürdüyünü, bunun müqabilində 25 manat pul verdiyini, həmin maddədən bir qədərini istifadə etdiyini, həmin maddədən heç kimə vermədiyini, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş büküm qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 elan edilmiş ifadəsindən görünür ki, onlar Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində yerləşən “Müasir Stomatologiya” Klinikasının yaxınlığında xx.xx.2023-cü il tarixdə saat 12:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarının sağ yan iç cibində saxlamış olduğu 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü və sol yan cibində olan 01 ədəd alışqanı təqdim etdi. Daha sonra 01 ədəd ağ rəngli sellofana bükülmüş büküm açılan zaman içərisində ağ rəngli kristal şəklində olan maddələrin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan maddələrin “şüşə” olduğunu, həmin maddəni 2 gün bundan qabaq Bakı şəhəri, Koroğlu prospektində yol kənarından sosial şəbəkə vasitəsilə tanış olduğu Tohid adlı iran vətəndaşı vasitəsilə ona göndərilən məkan yeri üzrə götürdüyünü, bunun müqabilində 25 manat pul verdiyini, hazırda üzərində aşkar olunan bükümdəki maddədən bir qədərini istifadə etdiyini və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 0.74 qram olduğu müəyyən edildi və aşkar olunmuş həmin büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi uçün xüsusi qaydada qablaşdırılaraq Azəıbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/4831 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №124» dairəvi möhür əksi və «...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs -imza,imza; Təhqiqatçı; E.Feyzullayev-imza ..» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,640 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli zərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,590 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü Novruzova Milay adlı qız övladı vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə olan «00029» sözləri yazılan MP4 formatlı videogörüntü açıldıqda 05 dəqiqə 41 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 sentyabr 2023-cü il tarixli protokola əsasən Sumqayıt ŞPİ-nin inzibati binasında olan xidməti iş otaqlarından birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi müəyyən edilir. Təhqiqatçı özünü təqdim edəndən sonra saxlanılan şəxs özünü təqdim edir, bundan sonra təhqiqatçı şəxsin nəyə görə saxlanılması barədə məlumat verir. Bundan sonra iştirakçılar özlərini təqdim edirlər. Daha sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir, şübhəli şəxs bildirişlə tanış olandan sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya vardırsa könüllü təqdim etməsini bildirir, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibliyindən 01 ədəd büküm, sol yan cibindən isə 01 ədəd alışqanı çıxarıb təqdim edir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış axtarış keçirilir, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Daha sonra təhqiqatçı tərəfindən təqdim olunmuş bükümə baxış keçirilir,bükümdə ağ rəngli kristallik formalı maddənin olması müəyyən edilir, elektron tərəzi vasitəsilə büküm ölçüldükdə çəkisinin 0,74 qram olması müəyyən edilir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin «şüşə» olduğunu, həmin maddəni 2 gün bundan qabaq Bakı şəhəri Koroğlu prospektində yol kənarından sosial şəbəkə vasitəsilə tanış olduğu Tohid adlı İran vətəndaşı vasitəsilə ona göndərilən məkan yeri üzrə götürdüyünü, bunun müqabilində 25 manat pul verdiyini, həmin maddədən bir qədərini istifadə etdiyini, həmin maddədən heç kimə vermədiyini, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Sonra təqdim olunmuş büküm təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülür. Sonra vəkil şübhəli şəxs Təqsirləndirilən şəxs suallar verir, sonuncu da polis əməkdaşları tərəfindən döyülmədiyini, hər hansı bir təzyiqə məruz qalmadığını, hər şeyin yaxşı olduğunu bildirir. Bundan sonra müvafiq sənədləşmə aparılması üçün çəkiliş dayandırılır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7642 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərindən 11 sentyabr 2023-cü il tarixdə aşkar olunmuş 0,640 qram psixotrop maddə metamfetamin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,590 qram qalmış metamfetamin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etmişdir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olubolmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını və İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyi, himayəsində azyaşlı uşağının olması və Vətən müharibəsi iştirakçısı olmaqla təltif edilməsi nəzərə alınmalı, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Abşeron rayon Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,590 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-195/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 086/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Abşeron rayon Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Abşeron rayon Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,590 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92,00 (doxsan iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar