Məhkəmə qərarları › İş №1(060)-196/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-196/2021

18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-196/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçilər: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Tərcüməçi: X1 iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkum olunmuş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 57-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxx 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olub cinayət əlaqəsinə giriərək bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə saat 01:00 radələrində özgə əmlakını talama məqsədi ilə Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində Zərərçəkmiş şəxs məxsus qarajın yaxınlığına gəlmiş, aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxslərin gəlməsi barədə məlumat verilməsindən ötrü qarajın yaxınlığında gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin qarajın qapısının qıfılının sındırılması yolu ilə qaraja qanunsuz daxil olaraq oradan 100 manat dəyərində “Bravery” markalı velosipedi, 160 manat dəyərində “Start Sweed” markalı velosipedi və 130,05 manat dəyərində 35-40 metr uzunluğunda mis naqilləri gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 390,05 (üç yüz doxsan manat beş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır, bir məhəllədə yaşayırlar, aralarında normal münasibətlər var. xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində o, Elvinlə yaşadığı evin yaxınlığında söhbət etmiş, Elvinə təklif etmişdir ki, məhəllədə olan qarajlardan birinə girib oğurluq etsinlər. Elvin onunla razılaşmışdır. Əvvəlcə o, evlərinə gedib evin həyətindən dəmir armatur götürmüşdür ki, oğurluq edəcəkləri qarajın qapısını həmin armaturla açsınlar. Sonra Elvinlə birlikdə yaşadığları məhəllədən bir qədər aralıda yerləşən F.Qayıbov küçəsindəki qarajlardan birinin yanına gəlmişlər. Həmin vaxt təxminən saat 01:00 radələri olmuşdur. Onlar razılaşmışlar ki, Elvin həmin qarajın yaxınlığında dayansın, əgər kənar şəxs gəlsə ona xəbər versin. Orada qarajların birinə yaxınlaşaraq əlindəki dəmir parçası ilə qarajın dəmir qıfılını sındırmış, həmin qarajın içərisinə daxil olmuş və görmüşdür ki, qarajın içərisində iki ədəd velosiped və mis naqilləri vardır. Əvvəlcə qarajda olan mis naqilləri orada olan sellofan torbaya yığıb Elvinin yanına gətirmiş, sonra isə iki ədəd velosipedləri də götürüb Elvinin yanına gətirmişdir. Elvinlə əvvəlcə oğurladığları velosipedləri yaşadığı evə gətirib qoymuşlar. Məqsədləri o olmuşdur ki, həmin velosipedləri sonrakı günlərdə satıb pul əldə etsinlər. Mis naqilləri isə Elvinin yaşadığı evin həyətinə gətirmişlər. Orada mis naqilləri yandırıb əritmişlər ki, səhərisi gün aparıb metal qəbulu sexlərinin birinə satsınlar. xx.xx.2020-ci il tarixdə səhər saatlarında o, Elvinlə birlikdə H.Z.Tağıyev qəsəbəsi ərazisində gəzişərkən polis əməkdaşları onları saxlayaraq, oğurluq törətməkdə şübhəli bilindiylərini bildirərək 2-ci PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə PB-nə gəlmiş, orada Elvinlə birlikdə törətdikləri oğurluqu etiraf etmişlər. Sonra o, oğurladığı velosipedləri və oğurluq zamanı istifadə etdiyi dəmir armaturu polis əməkdaşlarına təqdim etmişdir. Bu hadisədən başqa heç bir cinayət törətməmişlər, oğurluq edərkən onları heç kim görməmiş, onlara başqa şəxslər köməklik etməmişlər. Qarajdan göstərdiklərindən əlavə heç nə oğurlamamışlar. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə bir məhəllədə yaşayırlar, aralarında normal münasibətlər olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 00:00 radələrində o, Rövşənlə yaşadığları evin yaxınlığında söhbət edərkən Rövşən ona təklif etmişdir ki, məhəllədə olan qarajlardan birinə girib oğurluq etsinlər. O, maddi vəziyyəti pis olduğu üçün Rövşənlə razılaşmışdır. Əvvəlcə Rövşənin yaşadığı evə gedib evin həyətindən dəmir parçası götürmüşlər ki, oğurluq edəcəkləri qarajın qapısını həmin dəmir parşası ilə açsınlar. Sonra birlikdə yaşadıqları məhəllədən bir qədər aralıda yerləşən F.Qayıbov küçəsindəki qarajlardan birinin yanına gəlmişlər. Həmin vaxtı təxminən saat 01:00 radələri olmuşdur. Orada qarajların birinə yaxınlaşdıqda Rövşən əlindəki dəmir parçası ilə qarajın dəmir qıfılını sındırmış, içərisinə daxil olmuşdur. O, isə qarajın yanında gözləmişdir ki, oraya kənar şəxs gəlsə Rövşənə bildirsin. Az sonra Rövşən qarajdan çıxıb ona sellofan torbada mis naqilləri vermişdir. Sonra isə qarajdan iki ədəd velosiped çıxarıb gətirmişdir. Əvvəlcə oğurladıqları velosipedləri Rövşənin yaşadığı evə gətirib qoymuşlar. Məqsədləri o olmuşdur ki, həmin velosipedləri sonrakı günlərdə satıb pul əldə etsinlər. Mis naqilləri isə onun yaşadığı evin həyətinə gətirmişlər. Orada mis naqilləri yandırıb əritmişlər ki, səhərisi gün aparıb metal qəbulu sexlərinin birinə satsınlar. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Rövşənlə birlikdə H.Z.Tağıyev qəsəbəsi ərazisində gəzişərkən polis əməkdaşları onları saxlamış, oğurluq törətməkdə şübhəli olduqlarını bildirərək 2-ci PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə PB-nə gəlmişlər. Orada o, Rövşənlə birlikdə törətdiyi oğurluğu etiraf etmişdir. Sonra Rövşən oğurladığları velosipedləri və oğurluq zamanı istifadə etdiyləri dəmir armaturu polis əməkdaşlarına təqdim etmişdir. O, isə oğurladığı əridilmiş mis naqili polis əməkdaşlarına təqdim etmişdir. Bu hadisədən başqa heç bir cinayət törətməmişlər, oğurluq edərkən onları heç kim görməmiş, onlara başqa şəxslər köməklik etməmişlər. Qarajdan göstərdiklərindən əlavə heç nə oğurlamamışlar. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsində yaşadığı evin yaxınlığında qarajı vardır, həmin qarajda özünə məxsus olan bəzi əşyalarını, o cümlədən özünə məxsus olan “Start” və “Bravery” markalı velosipedlərini və mis naqilləri saxlamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, işdən gəlib özünə məxsus bəzi əşyalarıını qaraja qoyub yaşadığı evə gəlmişdir. Səhərisi gün, yəni xx.xx.2020-ci il saat 07:30 radələrində evdən çıxıb qaraja düşmüş, görmüşdür ki, ona məxsus qarajın qapısı açıqdır və qarajın qapısının üzərində olan qıfıl yerində yoxdur. O, qarajın içərisinə keçmiş, görmüşdür ki, qarajın içərisində olan “Start” və “Bravery” markalı velosipedlər yerində yoxdur. O, qarajdan oğurluq olduğunu başa düşüb Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişdir. Polis bölməsində qarajdan oğurluq olması barədə ərizə yazıb vermişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus qarajdan mis naqillər də oğurlanmışdır. Oğurlanmış 1 ədəd Almaniya istehsalı olan, işlənmiş “Bravery” markalı velosipedi 2017-ci ildə Sədərək ticarət mərkəzindən almışdır, qiyməti 250 manat olmuşdur, çin istehsalı olan “Start” markalı ikinci velosipedi 2019-cu ildə Sədərək ticarət mərkəzindən almış, qiyməti 350 manat olmuşdur, oğurlanmış mis naqillərin qiyməti 100 manat olmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2595-9/5281 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd istifadədə olmuş “Start Sweed” markalı velosiped 160 manat, 1 ədəd uzun müddət istifadədə olmuş “Bravery” markalı velosiped 100 manat, 15,30 kq olan əridilmiş mis kabellərinin 1 kq-nın qiyməti 8,50 manat olmaqla 15,30 kq 130,05 manat müəyyən edilir. (i.v.167-171) İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs iştirakı ilə ona məxsus qaraja baxış keçirilərkən qapıda qıfıın olmadığı müəyyən edilmişdir. Zərərçəkmiş şəxs oğurluq edilən qarajı göstərmiş, fotoşəkillər çəkilmişdir. ( i.v. 8-10) İş materiallarında olan “maddi sübutun götürülməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı evin saxlanc yerindən Zərərçəkmiş şəxs qarajından oğurladığı iki ədəd velosipedi və bir ədəd 50 sm uzunluğunda olan dəmir parçasını təqdim etmiş və həmin əşyalar götürülmüşdür. ( i.v. 17- 20) İş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən Zərərçəkmiş şəxs qarajından oğurladıqları təxminən 15 kq olan əridilmiş mis kabelləri təqdim etmiş və həmin əşyalar götürülmüşdür. ( i.v. 24-25) İş materiallarında olan iltizamlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci ildə Polis Bölməsinə gələcəkləri barədə iltizam alınmışdır. (i.v.30-31) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 18:00-da tutulmuşdur. (i.v. 48) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 20:00-da tutulmuşdur. (i.v. 65) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-264/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və o məhkəmə zalından azad edilmişdir. (i.v. 119-121) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-265/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və o məhkəmə zalından azad edilmişdir. (i.v. 116-118) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 122-123) İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (i.v. 176-177) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (i.v.149) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 228.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxx 2019-cu ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 05 ay 23 gün vaxtından əvvəl azad edilmişdir. (i.v. 15-151, 155- 157) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 160) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları əmlakların qiymətinin ekspertiza rəyində göstərildiyi kimi qəbul edilməsi, “Bravery” markalı və “Start Sweed” markalı velosipedlərin və mis naqillər maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi, bir ədəd dəmir parçasının maddi sübut kimi tanınaraq Sumqayıt Şəhər Pİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. (i.v. 172-175) Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-34/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 xx xxxxxx 2021-ci ildə yenidən cinayət törətdiyi üçün həmin cinayət işi üzrə barəsində xx xxxxx 2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 1777.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hal cinayətin residvidir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi ilk dəfə məsuliyyətə cəlb edilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı bir gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı bir gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, 01 ədəd dəmir parçası məhv edilməlidir. İş üzrə maddi sübut- 01 ədəd “Bravery” markalı və 01 ədəd “Start Sweed” markalı velosipedlərin və mis naqillərin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı bir gün müddət ona təyin edilən cəzadan çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirildiyi başqa cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilməsi və həbsdə olması nəzərə alınsın və bu iş üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq həbsdə saxlandığı bir gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü kimi hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 109,50 (bir yüz doqquz manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan 01 ədəd dəmir parçası məhv edilsin, 01 ədəd “Bravery” markalı və 01 ədəd “Start Sweed” markalı velosipedlərin və mis naqillərin saxlanılması üçün Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar