Məhkəmə qərarları › İş №1(060)-196/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-196/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-196/2022 05.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 166b-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 160-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 0,199 qram çəkidə qəhvəyi rəngdə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 0,439 qram çəkidə ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə əldə edib, daşıyaraq əynində olan boz rəngli gödəkçəsinin yan cibində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 00-30-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, 49 saylı binanın qarısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan boz rəngli şalvarının sol yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində 1 ədəd plastik qutunun içərisində saxladığı 2 ədəd ağ rəngli kağıza bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,90 qram, 0,109 qram, cəmi çəkiləri 0,199 qram, qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 8 ədəd gümüşü rəngli bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qram, 0,048 qram, 0,050 qram, 0,048 qram, 0,060 qram, 0,060 qram, 0, 061 qram, 0,056 qram, cəmi çəkiləri 0,439 qram ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 06 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində olarkən 20 yanvar metrostansiyasının yaxınlığında tanımadığı bir nəfər şəxsdən şəxsi istifadəsi üçün iki büküm narkotik vasitə olan heroin və 8 büküm psixotrop maddə olan metamfetamini cəmi 50 manata alıb üstündə gəzdirmiş, 07 oktyabr 2021-ci il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmiş, özünü təqdim etdikdən sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmiş və müvafiq sənədləşmə aparılması və üstünə baxış keçirilməsi üçün şərait olmadığından Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Etiraz etməmiş və birlikdə 1-ci PB-nə getmişlər. PB-də onun istəyi ilə dəvət olunmuş vəkil Müdafiəçi2 iştirakı ilə videoçəkiliş vasitəsi ilə üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, buna etiraz etməmiş, daha sonra hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiəsini həyata keçirmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 təqdim edilmişdir. O, vəkilə də etiraz etmədikdən sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığı sual olunan zaman özü əynində olan şalvarının sol yan cibində saxlamış olduğu, içərisində narkotik vasitələr və psixotrop maddələr olan plastik qutunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin qutu açıldıqda içərisində iki büküm narkotik vasitə olan heroin və 8 büküm psixotrop maddə olan metamfetamin aşkar edilərək hər biri ayrı-ayrılıqda tərəzidə ölçülmüş, aşkar olunmuş həmin maddələr xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun üzərindən cəmi 2 büküm narkotik vasitə heroin aşkar edilmişdir. O, həmin narkotik vasitələri satmaq üçün əldə etməmiş, yalnız özü istifadə etmək üçün əldə etmişdir. Lakin onun haqqında tərtib edilmiş ittiham aktında onun guya narkotik vasitə və psixotrop maddələri satmaq üçün aldığını qeyd etmişlər. O Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılarkən döyülmüş, ona qarşı zor tətbiq edilməklə xəsarət almışdır. Əməlindən peşmandır. Bir daha narkotik vasitələrdən istifadə etməyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zair oğlu ifadəsində göstərdi ki, 06 oktyabr 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixə keçən gecə 1-ci PBnin əməliyyat aparatına Corat qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və bu məqsədlə üstündə gəzdirməsi və hal-hazırda Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində olması barədə əməliyyat məlumatı daxil olduqda əməliyyat müvəkkili Orxan Rzayev və kiçik inspektor Şahid2la birlikdə Sumqayıt şəhəri 17ci mikrorayon ərazisinə çıxmış və saat 00-35-də 17-ci mikrorayon ərazisində yerləşən “Büllur” şadlıq sarayının arxa hissəsində yerləşən 49 saylı binanın çöl tərəfdən qarşısında Təqsirləndirilən şəxsla rastlaşdıqda ona özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları olduqlarını, həmçinin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması, eləcədə satışı ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt şəhər 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilmiş və dərhal PB-nin rəhbərliyinin adına raport tərtib olunduqdan sonra araşdırmanın aparılması təhqiqatçıya həvalə olunduqda Təqsirləndirilən şəxs KTB-nin inspektor kriminalisti Rasim Paşayevlə birlikdə təhqiqatçının xidməti otağına gətirilmişdir. Təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə Təqsirləndirilən şəxs buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman Təqsirləndirilən şəxs əli ilə əynində olan şalvarının sol cibindən 01 ədəd plastik qutunu çıxarıb təqdim etmiş, həmin qutu açıldıqda içərisində iki ədəd kağız və 08 ədəd gümüşü kağız olmaqla cəmi 10 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, qeyd olunan narkotik vasitələri online yolu ilə özünü İran Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan sonra təqdim olunan bükümlər Təqsirləndirilən şəxs iştirakı ilə bir-bir açılmış, iki ədəd kağız bükümdə olan kütlələr qəhvəyi rəngdə olmaqla kristal formalı olmuş və narkotik vasitə olan heroinə oxşamışdır. Digər 8 ədəd gümüşü rəngli bükümlərdə olan kütlələr isə ağ rəngdə olmaqla kristal formalı olmuş və psixotrop maddə olan metamfetaminə oxşamışdır. Narkotik vasitə olan heroinə oxşar kütlələrin olduğu iki ədəd büküm elektron tərəzidə ölçüldükdə cəmi çəkisinin 0,370 qram, cəmi 08 ədəd gümüşü rəngli bükümlərdə olan və psixotrop maddə olan metamfetaminə oxşar kütlələrin isə ümumi çəkisinin 0,880 qram olması müəyyən olunmuş, qeyd olunan 10 ədəd büküm Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahidlər Şahid2 və X2 Şahid1 Zair oğlunun ifadəsinə uyğun ifadə verdilər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, 07 oktyabr 2021-cı tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-505/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni 07 yanvar 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli 6\4448 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün 125” möhür əksi yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,090 qram, 0,109 qram, ümumi təmiz çəkiləri 0,199 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 08 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,056 qram, 0,048 qram, 0,050 qram, 0,048 qram, 0,060 qram, 0,060 qram, 0,061 qram, 0,056 qram ümumi təmiz çəkisi 0,439 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli 4375 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Narkotik vasitələrin maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,199 qram olmuş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,149 qram narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,439 qram olmuş, tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,359 qram psixotrop maddə metamfetamin, 08 oktyabr 2021-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin aparılması barədə qərarın və həmin qərarla bağlı aparılan prosessual hərəkətlərin insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2, X1 və Şahid1 Zair oğlunun ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3489 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdən görünür ki, təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2016-cı il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki qızı vardır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə ittiham elan olunması rədd edilmişdir. İşdən görünür ki, Sumqayıt şəhər prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Cəfər Mövsumovun xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin Niyaz adlı, eləcə də adını bilmədiyi əməkdaşları tərəfindən döyülərək, ona qarşı fiziki zor tətbiq edilməklə xəsarətlənməsi barədə Sumqayıt şəhər prokurorluğunda toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 10 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız narkotik vasitənin 10 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 10 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən, CM-nin 234.1-ci maddəsinə tövsüf edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,149 qram çəkidə narkotik vasitə olan heroin və 0,359 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış ümumi 0,149 qram çəkidə narkotik vasitə olan heroin və 0,359 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd CD Compact disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar