Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-196/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, X5 katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik maddə heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,348 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən 06 noyabr 2024-cü il tarixdə, saat 18.03 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə ərazisində yerləşən 18 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir narkotik vasitə istifadə edir. Narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə edir. Son olaraq 06 noyabr 2024-cü il tarixdə, saat təxminən 18 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Simurq” şadlıq sarayının yaxınlığında olarkən şəxsən tanımadığı və adını bilmədiyi narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi bildiyi bir nəfərdən şəxsi istifadəsi üçün 40 (qırx) manata 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. Aldığı bükümü əynindəki şalvarın sağ yan cibinə yerləşdirmişdir. Yaşadığı ünvana getmək üçün “Simurq” şadlıq sarayının qarşısı ilə piyada hərəkətini davam etdirdiyi zaman mülki geyimdə olan şəxslərin ona doğru gələrək polis əməkdaşları olduqlarını dedikdə üzərində narkotik vasitə ilə polis əməkdaşları tərəfindən saxlanılmaması üçün qaçmağa başlamış, Sumqayıt şəhəri, 7-8- 12-ci məhəllədə yerləşən 18 nömrəli orta məktəbin yaxınlığında olarkən yıxılmış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yıxıldığı zaman alın və dizi yerə dəydiyi üçün zədələnmişdir. Polis əməkdaşları ona barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, həmçinin istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, onu Sumqayıt ŞPİnin inzibati binasına aparmışlar. Əldə etdiyi 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibində olmuş, inzibati binanın xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuş, daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o da əynindəki şalvarın sag yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, tanımadığı şəxsdən 40 (qırx) manata istifadəsi üçün əldə etdiyini demiş, aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin kütləsi ona məxsusdur, öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis polkovnik-leytenantı rütbəsindədir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması, üzərində narkotik vasitə saxlayıb daşıması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı icra olunmasından ötrü idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş etmiş, əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 06 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən ‘"Simurq” şadlıq sarayının yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim eldikləri zaman Təqsirləndirilən şəxs qəflətən qaçmağa başlamış və Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 18 nömrəli orta məktəbin yaxınlığında yerə yaxıldıqdan sonra saat 18.03 radələrində tərəflərindən saxlanılmış, Təqsirləndirilən şəxs narkotik əldə edib üzərində saxlaması və istifadəsində şübhəli olduğu bildirilərək Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparıldıqda əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içində narkotik “kakos”, yəni narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən zor tətbiq olunmadığını demişdir. Kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 59-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 28-29-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə, saat 18.03 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan büküm çıxardaraq təqdim etmiş, təqdim etdiyi bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, tanımadığı şəxsdən 40 (qırx) manata aldığını, şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını, polis əməkdaşlarından qaçdığı zaman yıxılaraq alın və diz nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilərək çəkisi 0,69 qram olmuşdur. Həmin küllə ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib imzalanmışdır. Cinayət işinin 37-38-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 6/5172 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində “E. Əliyevin üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,348 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,348 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,298 qram. Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 76-77-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 noyabr 2024-cü il tarixli, 7373 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi ehtiyacı olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 66-67-cı vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının 14 noyabr 2024-cü il tarixli 1941 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ekspertə məlumat olaraq xx.xx.2024-cü il tarixdə polis nəfərləri onu narkotik maddə ilə saxladıqlarını, qaçarkən yıxıldığını və xəsarət aldığını, onu heç kimin vurmadığını demiş, şikayətinin olmadığını bildirmişdir. Tibbi-ekspertizanın nəticəsi olaraq Təqsirləndirilən şəxs bədəni üzərində alnın sağ yarısının, sağ dizin ön səthinin sıyrığı xəsrətləri aşkar olunmuşdur. Xəsarətlər küt əşya təsirindən törənmişdir, zərərçəkənin göstərdiyi şəraitdə yıxılan zaman əmələ gələ bilərdi, müddəti müayinədən 7-9 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 89-cu vərəqələrində olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4). Cinayət işinin 79-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətəndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,298 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış, narkotik vasitənin qalıq miqdarı saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 87-88-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2024-cü il tarixdən 08.11 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhəri İcra və Probasiya şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07.00dək yaşadığı Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 16B, mənzil 7 ünvanında olan evi tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 20 noyabr 2024-cü il tarixli, 7373 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,298 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22.00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 16B, mənzil 7 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,298 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış bes) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-196/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-196/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver