Məhkəmə qərarları › İş №1(060)-197/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-197/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-197/2021 09.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittihamçı X1 iştirakı ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Bəhruz Musayev və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rafik Qəmbərov barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Bəhruz Musayevin və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rafik Qəmbərovun Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasən onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Bəhruz Musayev və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rafik Qəmbərov onun atasının adını iki halda düzgün yazmamaqla şərəf və ləyaqətini ləkələmiş, işgüzar nüfuzunu aşağı salmışlar və s.. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər gəlməmiş, hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmanı nəzərdə tutur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Bəhruz Musayevin və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rafik Qəmbərovun barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onların Azərbaycan Respublikası CMnin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməli törətmələrinin hansı sübutlarla təsdiq edilməsi, Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1-ci, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutlan əməl oması göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Onun təqdim etdiyi məktub və zərfin kserosurəti xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi üçün kifayət etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi Bəhruz Musayev və Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Rafik Qəmbərov barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar