Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-197/2022 05.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, işsiz, barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş AR ƏN PX-nin 3 saylı İT-da saxlanılan, ünvan 1 ünvanında qeydiyyatla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 0,627 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, 14.10.2021-ci il tarixdə saat 18.05 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,627 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ilk dəfə verdiyi ifadəsində ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş, sonuncu dəfə 09.06.2021-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə məhkum olunmuş, iki il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Faktiki olaraq ailəlidir, bir azyaşlı övladı var. 3-4 ildir narkotik vasitə olan kakosdan, şüşədən iynə vurmaqla istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün narkotiki tanımadığı şəxslərdən müxtəlif vaxtlarda alır. Sonuncu dəfə narkotikə olan tələbatını ödəmək üçün Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən bir bükümdə 15 manata almış, həmin bükümü əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş, üzərində saxlamışdır. 14.10.2021-ci il tarixdə saat 18.05 radələrində Sumqayıt şəhəri, 4-cü məhəllə ərazisində yaşadığı evin yaxınlığında küçədə olarkən bir neçə polis əməkdaşı ona yaxınlaşmış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə dəvət etmişlər. Etiraz etməmişdir. Bölmənin inzibati otaqlarının birində polis əməkdaşları videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, etiraz etməmişdir. Sonra ona hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhəri 1 saylı vəkil bürosundan dəvət etdikləri müdafiəçi X2 təqdim etmişlər. Etiraz etməmişdir. Bundan sonra bildirmişlər ki, üzərində qeyri qanuni nə varsa təqdim etsin. O, bildirmişdir ki, üzərində bir bükümdə psixotrop maddə şüşə var, sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli sellofan bükümdə olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları tərəfindən həmin büküm açılmış, bükümdə ağ rəngli kristal şəkilli şüşə olmuşdur. Həmin bükümdə olan psixotrop maddəni özü istifadə etmək məqsədilə Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata almışdır. Sonra polis əməkdaşları həmin bükümü açmışlar, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğunu müəyyən etmişlər. Həmin vaxt üzərindən aşkar olunmuş bükümdə olan maddə tərəziyə qoyulub çəkilmiş, qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, sonra isə imzalanmışdır. Həmin psixotrop maddəni almaqda məqsədi özü istifadə etmək olmuş, lakin narkotik satmaq niyyəti olmamışdır. Törətdiyi əməldən peşmandır, faktiki olaraq evlidir, bir azyaşlı uşağı vardır. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində 14.10.2021-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yaşadığı ünvan 1 ünvanın yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmiş, sorğu zamanı bildirmişdir ki, həmin bükümdəki psixotrop maddə olan şüşə var. Həmin bir bükümdə olan psixotrop maddəni şəxsi istifadəsi üçün Novxanı qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 15 manata almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan şəffaf sellofan ilə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisi 0,69 qram olması müəyyən olunaraq “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 128 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti polis mayoru X5 tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Şahid2 ifadəsini təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14.10.2021-ci il tarixdə saat 18.45 radələrində şübhəli şəxs qismində tutulmuşdur.(i.v 18) İş materiallarında olan qəradan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı 16.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 14.10.2021-ci il tarixdən hesablanmışdır.(i.v 68-71) İş üzrə təyin olunmuş məhkəmə fiziki kimyəvi ekspertizasının 15.10.2021-ci il tarixli 6\4580 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət.Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,627 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 33-38) İş üzrə təyin olunmuş məhkəmə-narkoloji ekspertizasının 02.12.2021-ci il tarixli 4831 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 101-102) İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis mayoru X4 tərəfindən tərtib etdiyi 14.10.2021-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, X6 14.10.2021-ci il tarixdə saat 18.05 radələrində Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanın yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman X3 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda büküm polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin bükümü Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata almışdır. Sonra təqdim etdiyi bükümdəki kütlə üzərində olan sellofan ilə birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Çəkisi 0,69 qram olduğu müəyyən olunaraq “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Sonra həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə imzalamışlar. X3 üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti Rasim Paşayev tərəfindən aparılmışdır. Videoçəkiliş protokola əlavə edilmişdir.(i.v 26-27) İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,627 qram olan aparılmış fiziki kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,577 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış keçirilməsi” barədə 14.10.2021-ci il tarixli istintaq hərkətinin videogörüntüsü əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 78-79, 103-109) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 13.12.2021-ci il tarixli qərardan görünür ki, Əliyevİbrahim Vaqif oğlunun əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,627 qram olan aparılmış fiziki-kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,577 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış keçirilməsi” barədə 14.10.2021-ci il tarixli istintaq hərəkətinin videogörüntüsü əks etdirilmiş 1 ədəd “DVD-R” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən 18.10.2021-ci il tarixli qərarla maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir.(i.v 96- 102) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 21.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16.05.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 221.2.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Kollegiyasının 06.10.2006-cı il tarixli qərarı ilə 16.05.2006-cı il tarixli hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə olan cinayətə xitam verilib, qəti olaraq 2 il müddətinə azadlıqdan məhrumtmə cəzası saxlanılıb, 19.03.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Sumqayıt Şəhər Məhkəməsinin 14.05.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə təqsirli bilinərək 360 saat ictimai işlər cəzasına məhkum olunmuş, 11.02.2020-ci ildə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır.(i.v 80-82) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-454/2021 saylı, 20.08.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(i.v 83-90) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-343/2021 saylı, 30.12.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 454/2021 saylı, 20 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 noyabr- Zəfər günü münasibətilə” amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilmiş, ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Üzərində 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan 3 saylı MKS-nin 675 saylı, 19.10.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 77) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 16.05.2017-ci il təvəllüdlü 1 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, CM-nın 59.1.4 və 59.2ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsə Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyrimümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 14 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,577 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd DVD-R isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 20.08.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01(bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsunvə o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir manat səksən iki qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,577 qram olan psixotrop mddə metamfetamin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd DVD-R iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-197/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-197/2022
05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver