Məhkəmə qərarları › İş №1(060)-198/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-198/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-198/2024 29.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi-mülki iddiaçı X2, onun vəkili və nümayəndəsi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində “BC” kateqoriyalı, AE 053758 Ne-li sürücülük vəsiqəsi ilə, 7E-6424 №-li etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon, Koroğlu küçəsində yerləşən “Ən ucuz” marketin yaxınlığında öz hərəkəti istiqamətində yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq hissəsi ilə vurub ehtiyatsızlıqdan ona “Qapalı kəllə beyin travması, baş beyin əzilməsi, hər iki beyin yarımkürəsinin alın paylarının bazal hissəsində kontuziya sahələri, sol beyin yarım kürəsinin maddəsinə qansızma, sol maksilyar sinusun ön və bayır divarında, sol göz yuvasının aşağı divarında yerdəyişmiş sınıq xətləri, burun sümüklərinin sınığı, sol bazu sümüyünün boynunun, mil sümüyünün tipik yerinin qapalı sınığı, sol baldır sümüyünün açıq ikiqat yerdəyişən sınığı, sol tərəfli pnevmotoraks, alnın, çənəaltı nahiyyənin yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər nəticəsində baş beyin əzilməsi və beyin maddəsinə qansızmadan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023cü İİ tarixdə təxminən saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi Opel-Astra markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Koroğlu küçəsi ilə M.Ə.Sabir küçəsinin kəsişməsi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkət etdiyi zaman, «Ən Ucuz» marketin qarşısına çatdıqda yolun sağ kənar hissəsindən digər tərəfinə keçmək istəyən piyada mobil telefonla danışa-danışa yolu keçərək anidən qarşısına çıxmış, həmin an onu özünə təhlükə bilib dərhal tormoz əyləcinə təzyiq edib maşını sola doğru yayındırmış, lakin buna baxmayaraq həmin piyada qaçışla hərəkətini davam etdirdiyindən atomobilinin sağ yan güzgüsü piyadaya dəymişdir. Zərbənin təsirindən piyada yerə yıxılaraq xəsarət almışdır. Dərhal maşını tam saxlayıb həmin piyadaya yardımlar göstərmiş və onu öz maşını ilə xəstəxanaya çatdırmışdır. Xəstəxanada xəsarət almış həmin şəxsin tibbi müayinələrdən keçirmiş, sonradan isə stasionar qaydada müalicəsinə başlanılmışdır. Hadisə vaxtı avtomobili idarə edərkən ayıq vəziyyətdə olmuş, spirtli içkinin və narkotik vasitənin təsiri altında olmamış, avtomobildə tək olmuş, hadisə nəticəsində avtomobilimin sağ yan güzgüsü zədələnmişdir. Hərəkətdə olduğu zaman, həmin piyada yolun sağ tərəfindən sola doğru telefonla danışaraq yola daxil olmuş, özü orta hərəkət zolağında getmiş, bir avtomaşın ondan sağ tərəfdə öndə olmuş, o, piyadanın qarşısından keçdikdən sonra piyada həmin avtomaşının arxasından hərəkət etmiş və onun hərəkətini davam etdirəcəyini güman etməmiş və avtomaşının sağ güzgü tərəfi həmin piyadaya dəymiş və o, yerə yıxılmışdır. Piydanın avtomaşını tərəfə hərəkətini davam etdirdiyini gördükdə, ayaq əyləcini sıxaraq sükanı sola döndərmişdir. Şəxs yolu keçən zaman qulağında mobil telefon olmuşdur. Hadisədən sonra bu günədək bacardığı bütün köməyi etmişdir. Ona qarşı verilmiş mülki iddianı qəbul etmir, lakin 10000 manat məbləğində maddi yardım göstərə bilər. Ailəlidir, himayəsində azyaşlı övladı vardır. İİ Qarabağ Müharibəsi iştirakçısıdır, müharibədə iştirakı ilə əlaqədar İİİ dərəcə əlilliyi vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır və onlar eyni ünvanda yaşamışlar. xx.xx.2023-cü il tarixdə saat 22.00 radələrində tanışı ona zəng edərək, atasını avtomaşın vurması nəticəsində xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasının TTYX-na yerləşdilməsini bildirmiş və digər ailə üzvləri ilə birlikdə xəstəxanaya getmişlər. Həkimlər atasının vəziyyətini ağır qiymətləndirmişlər. Sonradan atasının müalicəsi Bakı şəhərində yerləşən avrasiya klinikasında davam etdirilmişdir. Atası müalicə olunduğu müddət ərzində huşu özündə olmamış və ona görə də istintaqa ifadə verə bilməmişdir. Sonradan atasının müalicəsi evdə davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində atası öz yaşadıqları evdə dünyasını dəyişmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onu deyə bilər ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə ərazisində atası yolu keçmək istədiyi zaman vurmuşdur. Təqsirləndirilən şəxs ifadəsində atasının telefonla danışdığını iddia edir, lakin yalan ifadə verir. Belə ki, atasının telefonu üzərində hər hansı cızıq izi yoxdur, əgər telefon onun əlində olsaydı, avtomobil vuran vaxtı telefon snardı və ya ən azı üzərində cızıqlar yaranardı. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir ki, həmin məbləği təqsirləndirilən şəxsdən tələb edir. Çəkilmiş xərclərlə bağlı həmin qəbzləri məhkəməyə təqdim etmişdir. Tərəfindən verilmiş mülki iddianı müdafiə edir. Həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs hadisədən sonra heç bir diqqət göstərməmiş, cox laqeyd yanaşmışdır, bu səbəbdən məhkəmədən təqsirləndirilən şəxs barəsində ən sərt cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində xidmətdə olan zaman növbətçi hissənin əməkdaşları əlaqəyə çıxaraq Sumqayıt şəhəri Koroğlu küçəsi ilə M.Ə.Sabir küçələrinin kəsişməsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin olduğunu bildirmişlər və həmin sürücünün xəsarət almış şəxsi Sumqayıt şəhər TTYX-nə apardığını bildikdən sonra onlar da xidməti avtomobillə xəstəxanaya yaxınlaşmışlar. Xəstəxanada hadisəni törətmiş sürücünün Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsin idarə etdiyi Opel-Astra markalı **-DR- *** dövlət qeydiyyat nişanlı avtomaşınla piyada Zərərçəkmiş şəxs vurduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxsla yenidən hadisə yerinə gedilmiş və onun, hal şahidlərinin iştirakı ilə hadisə yeri müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Opel-Astra markalı **-DR-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerindən yayınmamış, eləcə də spirtli içkinin müayinəsindən keçirildiyi zaman onun sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müdafiə tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X8 bildirdi ki, təqsirləndirilən şəxsi üzdən tanısa da hadisəni xatırlamır. İstənilən yol nəqliyyat hadisəsi zamanı hadisə yerinə çıxaraq baxış keçirirlər, hadisə yerində hər hansı izlərin olub-olmamasını müəyyənləşdirirlər. Hadisə yerinin fotoşəkilləri çəkilir. Hadisənin hansı nəqliyyat vasitəsi tərəfindən törədilməsi müəyyən edilir, əgər naməlumdursa onun müəyyən edilməsi istiqamətində tədbirlər görülür, lazım gəldikcə işə əməliyyat aparatı cəlb olunur. Hadisə yerinin sxemi çəkilir. Hadisə törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatları alınır, narkoloji dispanserdən sərxoşluq vəziyyətinin müayinəsindən keçirilir və digər təhqiqat hərəkətləri aparılır. Hadisə yerinə baxış mümkün olduğu dərəcə tez keçirilir. Əgər sürücü müəyyən olmazsa, onun hadisə yerində iştirakı zəruri olduğu hallarda hadisə yerinə baxış bir gün sonra da keçirilə bilər. Baxış zamanı sürücü, hal şahidləri, zərərçəkmiş şəxsin sağlamlığı imkan verdiyi halda zərərçəkmiş şəxs iştirak edir. Hadisə yeri təhlükəsizlik şəhər xidmətinin kamera görüntüsü dairəsinə düşürsə raportla müraciət edərək və yaxud özləri gəlib baxaraq DVD disklə həmin görüntünü əldə edirlər. Bu olmadığı halda ətrafda olan obyektlərin, evlərin, ümumiyyətlə ətrafda şəxsi kameralar varsa onların əldə olunması üçün tədbir görülür. Hadisə yerinə baxış protokolu tərtib edilərkən dövlət yol polisi özü hadisə yerinə çıxırsa, təhqiqatçıya xəsarət alma barədə məlumat verirsə və təhqiqatçı gələrkən yol polis özü orada olursa baxış onun iştirakı ilə keçirilir və protokolda da onun adı və imzası olur. Əgər yol polisi çox olarsa onların hər birinin adının protokolda qeyd olunması zəruri deyildir, yalnız bir iki nəfər təhqiqatçı ilə birlikdə baxış keçirən yol polisinin protokolda iştirakının olması da kifayət edir. Həmin hadisədə əyləc izinin olmasını xatırlamır. Əyləc izi olduqda protokolda qeyd olunur və çəkilir. Əyləc izi asfalt üzərindən dərin olduqda 3-4 gündən sonra silinir. Axşam asfalt üzərində olan əyləc izi izin düşməsindən asılı olaraq səhərisi gün də silinə bilər. Təhqiqat araşdırması aparıldıqdan sonra materiallar aidiyyəti üzrə istintaq şöbəsinə göndərilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktına görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. İş materiallarında olan 3739 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, ona əlavə edilmiş fotocədvəllərdən və sxemdən görünür ki, hadisə yeri Sumqayıt şəhəri Koroğlu küçəsidir, yol asfaltbetondur, sağ və sol tərəfə yaşayış binaları və ictimai iaşə obyektləri vardır, hadisə baş verən anda asfalt örtüyü quru olmuşdur. Hadisə baş verən yerdə yolun eni 10.20 metrdir, 6 hərəkət zolağı vardır, hər birinin eni 2 metrdir, sağ və sol tərəfdə səkilərin üzərində ağaclıq sahə vardır. Hadisə yerində tormuz izi aşkar edilməmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2314 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 107 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində “Qapalı kəllə beyin travması. Baş beyin əzilməsi. Hər iki beyin yarımkürəsinin alın paylarının bazal hissəsində kontuziya sahələri. Sol beyin yarımkürəsinin maddəsinə qansızına. Sol maksilyar sinusun ön və bayır divarında , sol göz yuvasının aşağı divarında yerdəyişmiş sınıq xətləri. Burun sümüklərinin sınığı. Sol bazu sümüyünün boynunun, mil sümüyünün tipik yerinin qapalı sınığı. Sol baldır sümüyünün açıq ikiqat yerdəyişən sınığı. Sol tərəfli pnevmotoraks. Alnın, çənəaltı nahiyyənin yarası” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənə bilməsi inkar olunmur, həyatidirlər və dərəcəsinə görə birlikdə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarətlər nəticəsində baş beynin əzilməsi, beyin maddəsinə qansızma olmuşdur. Ölüm meyitin müayinəsindən 18-20 saat əvvəl baş vermişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş vəhəmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmış, X2 onun hüquqi varisi qismində təyin edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “BC” kateqoriyalı AE053758 nömrəli vəsiqəsi mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan X2 tərəfindən verilmiş mülki iddiadan görünür ki, hazırki cinayət işi üzrə mülki iddiaçı qismində tanımaqla təqsirləndirilən (cavabdeh) Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində pulun, 10000 manat mənəvi ziyana görə təzminatın və ödədiyi 210 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə X5 ilə nikah bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü Cəfərov Uğur adlı övladı vardır. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İİİ dərəcə əlilliyi müəyyən edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini, cinayətin əlavə obyekti kimi insan sağlamlığına zərər vurulmasından asılı olduğu üçün insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xususatlar cinayət işi materiallarda toplanmış sübutlarla ziddiyyət təşkil edir, hadisə yerinə baxış protokolu, ekspert rəyi və digər sübutlar Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan nəqliyyat hadisəsi törətdiyini təsdiq edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını, ilk dəfə cinayət əməli törətməsini, İİ Qarabağ Müharibəsində iştirakı ilə əlaqədar İİİ dərəcə əlilliyi olmasını, törətdiyi əməldən səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə təqsirləndirilən (cavabdeh) Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi olaraq 30000 (otuz min) manat məbləğində pulun, 10000 manat mənəvi ziyana görə təzminatın və ödədiyi 210 manat dövlət rüsumunun alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən təqdim edilmiş qəbzlərə əsasən dəymiş maddi ziyan 16040 manat məbləğində hesablandığından, tələbin maddi ziyan hisssəsi sübuta yetirilmiş hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mənəvi zərərə gəldikdə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra" markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə iddiaçının atası Zərərçəkmiş şəxs ölümüşdür. Heç şübhəsiz ki, iddiaçı üçün atasının ölməsi yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Lakin, tələb üzrə mənəvi zərərə görə pul kompensasiyasının 10000 manat məbləğində müəyyən edilməsi cavabdehin əmlak vəziyyətinə uyğun deyil və tələbin qeyd olunan məbləğdə təmin edilə bilməz. Məhkəmə onu da vurğulayır ki, mənəvi zərərin təmin edilməsi, atasının vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və onun həyata qaytarılmasını mümkün etməsə də, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçıya təsəlli ola bilməsi üçün müəyyən edilir. Məhkəmə, hadisənin ehtiyatsızlıq nəticəsində baş verməsi nəzərə alınaraq 4000 manat məbləğində idddia tələbinin mənəvi hissəsinin təmin edilməsini ağlabatan və ədalətli hesab edir. Mənəvi zərərin dəyərinin müəyyən edilməsi zamanı məhkəmə yuxarıda göstərilən əsaslarla yanaşı, təqsirləndirilən şəxsin davranışını, uzun müddət xəstəxanada qalmasına, sonra dəfn və yas mərasimlərində iştirak etməməsinin hüquqi varisi olan oğlunun keçirdiyi iztirab və sarsıntıya təsiri nəzərə alınmışdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında hesab etmişdir ki, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Göstərilənləri məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbinin maddi ziyan hissəsi 16040 manat, mənəvi hissəsi 4000 manat və ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxs və mülki cavabdehdən tutularaq zərərçəkmiş şəxsin hüquqi varisinə (mülki iddiaçıya) ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 16040 manat, mənəvi zərərə görə 4000 manat və 210 manat ödənilmiş dövlət rüsumu tutularaq X1 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar