Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-20/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 36/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Şəhər Məhkəməsinin 1(060)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 1,355 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına aparılıb, orada xidməti otaqlardan birində üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan narkotik vasitə heroin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuşdur. Uzun müddətdir narkotik vasitə istifadəçisidir. xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində ünvan 5 ünvanının yaxınlığında olduğu zaman üç nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməsində şübhəli bilindiyi üçün saxladıqlarını demişlər. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi məqsədilə onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da heç bir etirazının olmadığını bildirirərak, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. PB-də xidməti otaqların birində ona saxlanılma səbəbi yenidən izah olunmuş, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısından seçdiyi Müdafiəçi1 tərəfindən müdafiə olunmasını istəmişdir. Vəkil Müdafiəçi1 ona təqdim olunduqdan sonra onun icazəsi ilə videoçəliş vasitəsilə üzərinə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış başlanılmamışdan öncə ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olduğu soruşulmuş, o da bu zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən isə 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütləni təqdim etmişdir. Bundan sonra o, suallara cavab olaraq təqdim etdiyi 01 (bir) ədəd bükümün içərisində heroin olduğunu, 03 (üç) gün əvvəl Bakı şəhəri, “20 Yanvar” metrosu yaxınlığında tanımadığı şəxsə 10 (on) manat ödəyərək öz şəxsi istifadəsi üçün alıb, üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən 01 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroin olmuş, ona məxsus olmuş və öz istifadəsi üçün üzərində saxlamışdır. Üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 26.01,2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrup üzvləri ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə getmişlər. Həmin gün saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında əlamətlərinə görə həmin şəxsə oxaşayan bir nəfərin gəldiyini görmüş, bu səbəbdən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməsində şübhəli olduğunu bildirərək, şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ 1-ci PB-yə dəvət etmiş, Təqsirləndirilən şəxs buna heç bir etiraz etməyib onlarla birlikdə 1-ci PB-yə gəlmişdir. PBdə xidməti otaqda olan zaman digər qrup üzvü olan polis əməkdaşı tərəfindən videokamera işə salınmış və Təqsirləndirilən şəxs video müşahidə ilə üzərinə şəxsi axtarış keçiriləcəyi yenidən izah olunmuşdur. Bundan sonra şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Bundan sonra saxlanılan şəxsdən üzərində hər-hansı qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli polietilen sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs bükümün nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs suallara cavab olaraq bükümün içərisində heroin olduğunu, 03 (üç) gün əvvəl Bakı şəhəri, “20 Yanvar” metrosu yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təhqiqatçı həmin bükümü açdıqda orada qəhvəyi rəngli heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş və həmin büküm ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin CA üzrə kiçik inspektoru X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı Sumqayıt şəhəri, Corat qəsəbəsi onun xidməti ərazisinə daxil olsa da, Təqsirləndirilən şəxs saxlanılması zamanı əməliyyat qrupunun üzvü olmadığına görə əməliyyatda iştirak etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, təhqiqatçı Faiq Mirzəyevin şübhəli şəxs qismində saxlanılmış şəxsə özünü təqdim etdiyi və saxlanılan şəxsdən də özünü təqdim etməsini istəməsi görsənir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təhqiqatçı gətirilən şəxsə onun gətirilmə səbəbini izah edir. Bundan sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşlarına özlərini təqdim etmələrini təklif edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı şübhəli şəxsə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim edir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah edib videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirib ondan videoçəkilişin aparılmasına etirazının olubolmadığını soruşur. Həmçinin təhqiqatçı şübhəli şəxsə hüquq vəzifələrini izah edərək hüquq və vəzifələrin əks olunduğu bildirişi ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməyini təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd büküm təqdim edir və “kokos” olduğunu bildirir. Təhqiqatçının sualından sonra Təqsirləndirilən şəxs həmin bükümü Bakı şəhəri, “20 Yanvar” metrosu yaxınlığında tanımadığı şəxsdən 10 (on) manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra həmin büküm açılaraq elektron tərəzidə ölçülən zaman çəkisinin 1,45 qram olduğu müəyyən edilir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş başqa əşyanın olub-olmamasını soruşur və şəxsin üzərinə şəxsi axtarış keçirir. Şəxsi axtarış zamanı qanunla qadağan olunmuş, sübut əhəmiyyəti kəsb edəcək əşya aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılır və iştirakçılar tərəfindən imzalanır, Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefon da qablaşdırılır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/534 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Resublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 125” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,355 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 1,355 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 1,305 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 822 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,355 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,305 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin istifadə etdikləri mobil nömrələrin anten dairələrinin müəyyən edilməsi üçün “Azersell”, “Baksell” və "xxxx" MMCdən alınmış çıxarıçlardan görünür ki, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-217/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Şəhər Məhkəməsinin 1(060)- 217/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış və xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat sərf etmişdir. Ona görə də, 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,355 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,305 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,305 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-20/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-20/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver