Məhkəmə qərarları › İş №1(060)-201/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-201/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-201/2023 17.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Ağsu rayonu, Qaraqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxananın qarşısında ailə-məişət zəmnində baş verən mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına, sifətinə, bud nahiyəsinə yumruq və təpik zərbələri ilə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan iki övladları olmuşdur. Hər iki övladı yetkinlik yaşına çatmamışdır. Ailə həyatları hər zaman normal olmuş, aralarında elə bir ciddi problemlər yaşanmamışdır. Günay adlı qadın əvvəllər onun işlədiyi kafedə ofsiant kimi çalışmışdır. Hadisədən 5-6 gün əvvəl təsadüfən həyat yoldaşı Aysel onun Günay adlı həmin qadınla münasibətinin olmasından şübhələndiyindən ona zəng vurub bildirdiyinə görə o evə gedə bilməmişdir. Buna görə də aralarında soyuqluq yaranmışdır. Günay 41-ci məhəllə yataqxana 1 ünvanında yaşayır. xx.xx.2022-ci il saat 09:20 radələrində həyat yoldaşı Ayselin rəfiqəsi Gövhər ona zəng vurub Ayselin hazırda Günay gilin həyələtində olduğunu, Günayla söhbət etməyə gəldiyini bildirərək, ondan burada söz söhbət çıxmaması üçün gəlib məsələni yoluna qoymasını xahiş etmişdir. O da idarə etdiyi VAZ-2107 markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobillə Günayın yaşadığı binanın qarşısına gəlmiş, avtomobili binanın qarşısında saxlamışdır. Həmin vaxt həyat yoldaşı Ayseli və rəfiqəsi Gövhəri binanın qarşısında dayanan görmüşdür. Avtomobilin içərisindən həyat yoldaşı Ayselə səsələnərək gəlib əyləşməsini istəmiş, gedib kənarda söhbət etməyi təklif etmişdir. Lakin Aysel onu eşidib gəlmədiyinə görə o avtomobildən düşüb özü ona yaxınlaşmış, qolundan tutub bir daha ona Günayın yaşadığı binanın həyətinə gəlməsinin doğru bir iş olmadığını irad olaraq bildirib ər-arvad gedib kənarda məsələlərini həll etməyi istədiyini demişdir. Lakin Aysel yenə də gəlməkdən imtina etdiyindən o əsəbləşərək Ayselin başına, sifətinə və bədəninin müxtəlif yerlərinə bir neçə zərbə vurmaqla onu döymüşdür. Ayseli döydükdən sonra məsələni böyütməmək üçün avtomobilinə əyləşib çıxıb getmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etdiyini və himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan iki övladıları doğulmuşdur. Hər iki övladı yetkinlik yaşına çatmamışdır. Ailə həyatları hər zaman normal olmuşdur. Lakin son zamanlar əri Elçinin evli olduğu halda başqa qadınlarla kənar münasibətlər qurması və həmin münasibətin ona məlum olması səbəbi ilə evlərində ailə daxili münaqişələr yaşanmışdır. Elçin son vaxtlarda qeyri-rəsmi münasibətdə olduğu Günay adlı qadınla tez-tez görüşürdü, ona görə də iki gün evə gələndə bir gün də gəlmirdi. Həyat yoldaşı Elçinin ona qarşı etdiyi bu sayqısızlığı artıq qəbul edə bilmədiyindən, dəfələrlə ondan Günaydan əl çəkməsini tələb etmiş, buna görə də aralarında münaqişələr olmuşdur. xx.xx.2022-ci il tarixdə gedib ərindən əl çəkməsi üçün Günayla üzbəüz danışmaq qərarına gəlmiş, bu məqsədlə saat 09:20 radələrində Günayın yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1 ünvanına getmiş, lakin Günay həmin vaxt evdə olmamışdır. Buna görə o həyətə düşüb Günayın özünə zəng etmiş, onun yaşadığı binanın həyətində olduğunu deyərək üzbə üz söhbət etmələri üçün gəlməsini istəmişdir. Lakin Günay ona demidir ki, əri Elçinlə heç bir münasibəti yoxdur. Həmin vaxt rəfiqəsi Gövhər Günayla söhbət etmək üçün onun yaşadığı binanın qabağına gedəcəyini bildiyinə görə özü də həmin ünvana gəlmişdir. Həmçinin Gövhər onun əri Elçinə zəng vurub məsələni yoluna qoymasını, mehribançılıq yaratmasını xahiş etmişdir. Gövhərin gəlməsindən təxminən 5 dəqiqə sonra həyat yoldaşı Elçin 1 nömrəli yataqxananın qabağına idarə etdiyi VAZ 2107 markalı avtomobili ilə gəlmiş, ondan tələb etmişdir ki, gəlib avtombilə əyləşsin və gedib söhbət etsinlər. Lakin o Elçinə Günay gəlməmiş buradan getməyəcəyini demiş, buna görə Elçin avtomobildən düşüb onu güclə avtomobilə əyləşdirmək istəmiş, lakin o müqavimət göstərdiyi üçün Elçin binanın qarşısında onun başına, sifətinə yumruqla zərbələr vurmuş, o əllərini başına qoyub özünü zərbələrdən qorumaq istəyəndə Elçinin vurduğu yumruq zərbələri hər iki əlinin üst nahiyələrinə dəyib ona xəsarət yetirmişdir. Daha sonra isə Elçin təpiklə də onun hər iki bud nahiyələrinə zərbələr endirmişdir. Bu zaman Gövhər araya keçib onları ayırmış, Elçindən çıxıb getməsini xahiş etmişdir. Elçin də avtombilinə əyləşərək sürüb bir qədər kənarda saxlamış, bir daha ondan gəlib avtomobildə əyləşməsini istəmiş, lakin o yenə də onunla getməkdən imtina etdikdə avtomobili sürüb hadisə yerini tərk etmişdir. O da əri Elçinin getməsindən sonra öz telefonu ilə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X2 ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 9-10 radələrində 41-ci məhəllə ərazisində yerləşən 1 saylı yataqxananın həyətində yumruq və təpik zərbələri ilə vurub döyməsini təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1843 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol əlin arxa səthinin qançır-şişkinliyi və sol budun dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə yumruqla və təpiklə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Qeyd edilən müddəa 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ciil tarixli Qanunu əsasında Cinayət Məcəlləsinə daxil edilmişdir. Qanunun bu normasının tələbi ondan ibarətdir ki, əgər hər hansı şəxs 1 dekabr 2017-ci il tarixdən sonra CM-in 72-73-2-ci və 74-1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilərsə, lakin bundan sonra məsuliyyətdən azad edildiyi cinayəti yenidən törədərsə, onun növbəti dəfə cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə hallarda şəxsin qeyd olunan maddələrdə nəzərdə tutulmuş şərtlərə əməl etməsi cəzanı yüngülləşdirən hallar kimi cəza tədbirinin seçilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1958 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar