Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-202/2021 24.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 73, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 dekabr 2020-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon 73 saylı evin həyətində yerdən tapdığı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,351 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 18 dekabr 2020-ci il tarixdə, saat 17:20 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0,351 qram çəkidə açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 7 aydır ki, narkotik vasitələr qəbul edir. 17 dekabr 2020-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin həyətində gəzərkən gözü yerdə olan 1 ədəd kibrit qutusuna sataşmış, kibrit qutusunu yerdən götürüb içinə baxdıqda içində açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə olduğunu görmüşdür. Diqqətlə baxanda başa düşmüşdür ki, həmin kütlə narkotik vasitə heroindir. Bir neçə aydır ki, narkotik vasitə qəbul etdiyindən kibrit qutusundakı kütlənin heroin olduğunu dərhal başa düşmüş, həmin narkotik vasitəni əynindəki göy rəngli gödəkçənin sol yan cibinə qoymuş və fikirləşmişdir ki, imkan tapıb qəbul edər. 18 dekabr 2020-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində hərəkət etdiyi zaman 3 nəfər mülki geyimdə və polis geyimində olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib, bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə baxış keçirmək istəmişlər, o etiraz etməmiş və polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişdir. Polis bölməsində onun icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq polis əməkdaşları üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, o, da polis əməkdaşlarına əynindəki göy rəngli gödəkçəsinin sol yan cibində olan kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündəki narkotik vasitə olan heroini təqdim etmiş və həmin kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini 17 dekabr 2020-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığı evin həyətində, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin həyətində yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini demişdir. Bundan başqa şəxsi axtarış zamanı üzərindən 1 ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan, “Nokia 6700” markalı mobil telefon, 1 ədəd alışqan və bükülmüş vəziyyətdə olan adi kağız parçası aşkar olunmuşdur. Daha sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakı ilə tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə ayrı zərfdə, mobil telefon və bükülmüş kağız parçası isə ayrı zərfdə qablaşdırılaraq üstü yazılıb ona imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş alışqan isə özünə qaytarılmışdır. 20 dekabr 2021-ci ildə həbsdən azad ediləndə mobil telefon və bükülmüş kağız parçası da özünə qaytarılmışdır. Hazırda əməlindən peşmandır. Sumqayıt və Bakı şəhərlərində müxtəlif işlərdə fəhlə kimi işləyərək ailəsini dolandırır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 bildirdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenatıdır. O, 3-cü PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid1 iştirakları ilə 17 dekabr 2020-ci il tarixdə axşam saat 21:00 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib onu Sumqayıt ŞPİ-nin 3cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o etirazının olmadığını bildirmiş və birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs icazəsi ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olubolmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkçəsin sol yan cibində olan kibrit qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızı onlara təqdim etmişdir. Bükümü açıb içərisindəki spesifik iyə malik, açıq qəhvəyi rəngli kütləni gördükdə o, həmin kütlə narkotik vasitə heroin olduğunu və həmin heroini 17 dekabr 2020-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığı evin həyətində, yəni Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin həyətində yerdən tapdığını, özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini demişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd içərisində ***-***-**-** mobil nömrəsi olan, “Nokia 6700” markalı mobil telefon, 1 ədəd alışqan və bükülmüş vəziyyətdə olan adi kağız parçası aşkar olunmuşdur. Daha sonra sənədləşmə işləri görülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefon və bükülmüş kağız parçası isə ayrı zərfdə qablaşdırılaraq üstü yazılıb Təqsirləndirilən şəxs imza edildikdən sonra möhürlənmişdir. Onların və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra düzgün olduğu üçün onlar tərəfinən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 18 dekabr 2020-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-cı il tarixdə tutulmuşdur. (i.v. 16) İş materiallarında olan “şəxsin tutulmadan azad edilməsi” və “Qətimkan tədbiri seçmək haqqında” 20 dekabr 2020-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci il tarixdə Sumqayıt Şəhər Pİ-nin MSY-dən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v.66-70) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” 18 dekabr 2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 24-25) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 80-81) İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 19 dekabr 2020-ci il tarixli 6/2748 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan...” yazısı olan zərfdə kibrit qutusunun içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi- 0,351 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (tədqiqatdan sonra qalıq çəkisi 0,301 qr.). (i.v. 35-39) İş materiallarında olan məhkəmə - narkoloji ekspertizasının 21.01.2021-ci il tarixli 154 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 95-96) İş materiallarında olan “Maddi sübut kimi tanima haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlundan götürülmüş və ekspertiza tədqiqatından sonra yerdə qalan 0,301 qram qram çəkidə narkotik vasitə olan heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq saxlanılması üçün Sumqayıt şəhər Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.64-65) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” 22 yanvar 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,351 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq xalis çəkisi 0,301 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (i.v.98-102) İş materiallarında olan qəbzdən görünür ki, “Nokia 6700” markalı mobil telefon və bükülmüş vəziyyətdə olan adi kağız parçası 20.12.2021-ci ildə Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v.72) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 3708 saylı, 25.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayından Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 79) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 06.01.2021-ci il tarixli tələbnaməsindən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 1 il 6 ay sınaq müddəti müəyyən edilməklə cəza şərti olaraq tətbiq edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30.04.2018-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06.05.2014-cü il tarixli hökmü dəyişdirilmiş, CMnin 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 03 ilə endirilmişdir. 30 aprel 2018-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.84-88) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs kimi hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,351 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,301 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2020-cı il tarixdə tutulmuş, 18 dekabr 2020-cı il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 dekabr 2020-cı il tarixdən 20 dekabr 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon ev 73, mənzil 2 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,301 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-202/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-202/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver