Məhkəmə qərarları › İş №1(060)-203/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-203/2022

27.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-203/2022 27.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ndə “Polisin nıəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 04 sentyabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3-cü döngə, fərdi yaşayış evinin hasarından aşaraq həyətə qanunsuz daxil olub evin ikinci mərtəbəsinin girişindəki plastik qapını sıxıb açmaq yolu ilə qonaq otağından 200 (iki yüz) manat dəyərində 81 diaqonal, Malayziya istehsalılı, LA32B350F1 modelli “Samsung” markalı televizoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, yaşadığı evdən təxminən 300 metr aralıda Fəzail adlı şəxsin bağ evi yerləşir. Həmin bağ evində yaşayış olmadığını, Fəzail adlı şəxsin də həmin bağ evinə arabir gəldiyini bilmişdir. 04.09.2021-ci il tarixdə, saat təxminən 23:00 radələrində Fəzail adlı şəxsin bağ evinə daxil olaraq oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt qeyd etdiyi bağ sahəsinin hasarından həyətə tullanmış, bağ evinin ikinci mərtəbəsinə pilləkənlərlə qalxmış, mərtəbənin girişindəki plastik qapını sıxıb açaraq həmin evə daxil olmuşdur. Daxil olan kimi qarşısına çıxan otaqdakı ağ mebelin üzərindəki “Samsung” markalı televizoru oğurlayaraq bağdan çıxmış və həmin televizoru yun parçasına bükərək yaşadığı evin qarajında bir kənara qoymuşdur. Daha sonra qonşuluqda arabir bağında işlədiyi Gülafət xanımın evinə getmiş və televizor satmaq istədiyini bildirmişdir. Gülafət xanım ondan bu televizoru haradan əldə etdiyimi soruşduqda o, işlədiyi bağlardan birində zəhmət haqqı müqabilində verildiyini demişdir. Həmin şəxs isə ona televizora ehtiyacı olmadığını söyləmişdir. Həmin vaxt qonaq olan Gülafət xanımın xalası oğlu Azər adlı şəxs televizoru almaq istədiyini bildirmiş, Azərlə 100 (yüz) manata razılaşmışdır. 100 (yüz) manatdan 30 (otuz) manatını Gülafət xanıma borcu olduğu üçün vermiş, qalan 70 (yetmiş) manatı isə şəxsi xərcləri üçün istifadə etmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə də söz vermişdir ki, dəymiş ziyanı tam ödəyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində bağ evi var. O, həmin bağ evində daimi yaşamasa da, arabir bağ evinə gedib-gəlir. Sonuncu dəfə oraya 04.09.2021-ci il tarixdə, səhər saatlarında getmiş və bir neçə saat orada olduqdan sonra yenidən Bakı şəhərindəki evinə qayıtmışdır. 06.09.2021-ci il tarixdə, səhər saatlarında o, həmin bağ evinə gedərkən evin ikinci mərtəbəsinin plastik qapısının açıq olduğunu görmüş, evə daxil olanda “SAMSUNG” markalı televizorun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt ona kiminsə 04.09.2021-ci il tarixdən 06.09.2021-ci il tarixədək olan müddət ərzində bağ sahəsinin hasarından həyəti aşaraq evinin ikinci mərtəbəsinin plastik qapısını sıxıb açmaq yolu ilə “SAMSUNG” markalı televizorunun oğurladığı məlum olmuşdur. O, həmin televizoru iki il bundan əvvəl 1000 manata almışdır. Həmin televizor 81 dioqanallı, Malaziya istehsalı olmuş, baş vermiş oğurluq hadisəsi nəticəsində evindən başqa heç bir əşya oğurlanmamışdır. Şahid ifadəsində göstərmişdir ki, Oğuz rayonu, Xaçmaz kəndində ailəsilə birlikdə yaşayır. O, arabir Sumqayıt şəhəri, Novxanı bağlar massivi fərdi həyət evində yaşayan xalası qızı Gülafətgilə gəlib gedir. 05.09.2021-ci il tarixdə o, Gülafətgildə olarkən oraya tanımadığı bir nəfər şəxs gəlmiş və Gülafətlə hal əhval tutduqdan sonra televizor satmaq istədiyini bildirmişdir. O, Gülafətdən həmin şəxsin kim olduğunu soruşduqda, o həmin şəxsin qonşusu Bayram olduğunu və tanıdığını demişdir. Gülafət Bayram adlı şəxsə televizor lazım olmadığını bildirmişdir. O, Bayrama televizoru gətirməsini və əgər xoşu gələrsə alacağını söyləmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra Bayram “Samsung” markalı televizoru gətirmiş və 150 manata satmaq istədiyini demişdir. Bayramla söhbət etdikdən sonra qiyməti 100 manata danışmışlar və həmin şəxsin Gülafətə 30 manat borcu olduğu üçün o, Bayrama 70 manat pul vermişdir. O, televizoru aldıqdan sonra Oğuz rayonuna getmişdir. 09.09.2021-ci il tarixdə ona polis əməkdaşı zəng edərək Bayramdan aldığı televizorun oğurluq olduğunu və gətirmək lazım olduğunu bildirmişdir. O, səhhətində problem olduğunu, gələ bilməyəcəyini, ancaq həmin televizoru taksi ilə göndərə biləcəyini söyləmiş və həmin tarixdə televizoru Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları götürmüşlər və bu barədə ona məlumat verilmişdir. İş materiallarında olan protokola əsasən 09.09.2021-ci il tarixdə, saat 19:30-da Təqsirləndirilən şəxs Arif oğlu şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir.(i.v 27) İş materiallarında olan məlumatlara əsasən 11.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o həmin gün saat 15:10-da azad edilmişdir.(i.v.52-53) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 9/7006 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin sentyabr ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur:- 01 ədəd istifadə olunmuş, 81 diaqonal, Malayziya istehsalılı, “Samsung” markalı LA32B350F1 modelli televizor – 200,00 manat .(i.v 87-89) Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Arif oğlu Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməsinin 06.05.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.02.2014-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən altı i il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.(i.v 82-84) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3643 saylı, 23.10.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 07.2008-ci il tarixdən “Narkotiklərin epizodik qəbulu” diaqnozu ilə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatdadır.(i.v 81) İş materiallarında olan 10.12.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(iv 97) İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs Mənsim oğluna məxsus fərdi yaşayış evindən oğurlanmış ona məxsus “Samsung” markalı LA32B350F1 modelli televizor iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq məhkəməyədək saxlanılması üçün sahibinə təhvil verilmişdir.(i.v 98-107, 116-117) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Akif oğlu 09 sentyabr 2021-ci ildən 11 sentyabr 2021-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Maddi sübut-“Samsung” markalı LA32B350F1 modelli televizor saxlanılması üçün Zərərçəkmiş şəxs Mənsim oğluna verilmişdir. Bu nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, 06 (altı) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş ürə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdən 11 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi ev 528 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 36 (otuz altı) manat pul Müdafiəçinun vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Maddi sübut-“Samsung” markalı LA32B350F1 modelli televizorun saxlanılması üçün Zərərçəkmiş şəxs Mənsim oğluna verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar