Məhkəmə qərarları › İş №1(060)-206/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-206/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-206/2022 22.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,377 qram çəkidə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 30.10.2021-ci il tarixdə saat 13:14-də Sumqayıt şəhəri, 17-ci mikrorayon, 57 saylı binanın qarşısında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 1,377 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 30.10.2021-ci il tarixdə təqribən saat 13:00 radələrində yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayton, ev 57-nin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ona özünü təqdim etməyi dedikləri üçün o, özünü təqdim etmişdir. Həmin vaxt onun narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməsində şübhəli olduğu üçün saxladıqlarını deyərək üzərində şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər və o, etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİ-nə gəlmiş, orada xidməti otaqların birində videoçəkiliş aparılaraq hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiə edilməsi üçün vəkil təqdim edilmiş, o, vəkilə etiraz etməmişdir. Bundan sonra üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub- olmaması soruşularaq könüllü qaydada təqdim etməsi təklif olunduğu üçün o, sağ əli ilə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli paketi çıxardıb onlara təqdim etməklə həmin kütlənin kokos olduğunu və bir gün əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisindən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 30.10.2021-ci il tarixdə Sumqayıt şəhərində Əkrəm adlı şəxsin narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, eləcə də satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında iş yoldaşı Şahid1 iştirakı ilə həmin tarixdə, saat 13:14-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 57-nin qarşısında müəyyən olunaraq saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nə gətirilərək orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin TŞ-in baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, bundan sonra onlar da özlərini təqdim etmişlər. X1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində və əldə olunmasında vasitəçilik etməsində, eləcə də satmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş, eləcə də hüquqlarını müdafiə edəcək vəkil təqdim olunmuş, Təqsirləndirilən şəxs bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra X1 Təqsirləndirilən şəxs videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmiş və şəxsi axtarışa başlanılmasından əvvəl onun üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmadığı soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbanı təqdim etmişdir. Ondan təqdim etdiyi maddənin nə olması, onu haradan, kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs da maddənin narkotik vasitə olan heroin olduğunu, onu bir gün əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində anket məlumatlarını bilmədiyi və yalnız üzdən tanıdığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisini müəyyən etmək üçün onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə ifadələri elan olunmuş şahidlər Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 və KTİ-in eksperti Fərid Nəsimiyev ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X2 olduğunu bildirdikdən sonra qarşısında dayanan şəxsə özünün təqdim etməyi təklif edir və o, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün gətirildiyini bildirib ona hüquq vəzifələrinə dair bildirişi təqdim edir. O, tanış olduqdan sonra bildirişi təhqiqatçıya geri qaytarır. Sonra sol tərəfdə dayanan şəxs özünü təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-in əməliyyat müvəkkili X3 tərəfdəki şəxs isə özünün təqdim edərək əməliyyat müvəkkili X5 olduğunu bildirir. Daha sonra gündəlik geyim formasında olan polis əməkdaşı saxlanılmış şəxsə onun hüquqlarının Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən qorunmasını bildirir. Sonra təhqiqatçı vəkilə etirazının olub olmadığını soruşur. O, isə etirazının olmadığını bildirir. Bundan sonra təhqiqatçı ona yenidən narkotik vasitələrin saxlanması və istifadəsində şübhəli olduğu üçün polis əməkdşalraı tərəfindən saxlanıldığını və Polis Bölməsinə gətirildiyini bildirərərk onun üzərinə şəxsi axtarış aparılacağını deyib üzərində qanunla qadağan olunan əşya və ya vasitənin olub olmadığını bir daha soruşaraq olduğu təqdirdə könüllü şəkildə təqdim etməsini xahiş edən zaman Təqsirləndirilən şəxs sağ əli ilə əyində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığını şəffaf rəngli sellofanı polisə təqdim edir, daha sonra polis əməkdaşı onun üzərinə şəxsi axatışı davam etdirir, lakin əlavə əşya və ya predmet aşkar olunmur. Bundan sonra polis əməkdaşı şəxsi yaxına dəvət edərək sellofan torbanı açaraq orada olan vasitənin nə olduğunu soruşan zaman Təqsirləndirilən şəxs vasitənin “kokos” olduğunu deyir. Təhqiqatçı kokosu haradan və nə vaxt aldığını soruşduqda o, cavab olaraq həmin vasitəni bir gün əvvəl şəxsi istifadəsi üçün Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bu sözlər bir daha dəqiqləşdirilməsi üçün saxlanılan şəxsə verilir və şəxs bir daha bunu təsdiq edir. Bundan sonra həmin kütlə tərəziyə qoyularaq ölçülür və çəkisinin 1,67 qram olduğu müyyən olduğu müəyyən olunur. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənir, üzəri yazıldıqdan sonra Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən izmalarır. Sonra təhqiqatçı vəklilin sualının olub olmaması soruşur və Vüsal Məmmədov narkotik vasitəni nə məqsədlə əldə etdiyini soruşduqda o, cavab olaraq şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra təhqiqatçı sənədləşmənin davam etdirilməsi üçün video çəklişin dayandırıldığı müəyyən edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 31.10.2021-ci il tarixli, 6/4830 Nəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ ...Vət. Təqsirləndirilən şəxs....” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,377 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi – 1,377 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,327 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının 24.11.2021-ci il tarixli, 4670 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixatrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranana asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,377 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,327 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək şübhəli şəxs qimsində tutulmuş, 01.11.2021-ci il tarixdə MSYdən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalı Birliyinin 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 22.04.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 1,377 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,327 qram narkotik vasitə heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 30.10.2021-ci il tarixdən 01.11.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,327 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar