Məhkəmə qərarları › İş №1(060)-207/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-207/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-207/2022 01.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Quba rayonu, Zərqava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 bükümdə, təmiz çəkisi 1,664 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 01:00-da Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən 1 (bir) bükümdə, təmiz çəkisi 1,664 qram narkotik vasitə heroin əynindəki qara rəngli gödəkcəsinin sağ iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik vasitələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə almaq qərarına gəlmişdir. 2021-ci il tarixdə oktybar ayının əvvələrində Bakı şəhərində olduğu zaman tanımadığı şəxsdən 1 bükümdə narkotik vasitə heroini 30 manata almış və üzərində saxlamışdır. 19 oktybar 2021-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında bir neçə polis əməkdaşı ona yaxınlaşmış və özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmış, sonra üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki gödəkcəsinin sağ iç cibindən özünə məxsus bir bükümdə narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman yanında olan qeyri-rəsmi yaşadığı Şahid2 onun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid5 ifadəsində göstərdi ki, ŞPİ-nin CAŞ-nin kiçik inspektoru vəzifəsində xidmət edir. 19 oktyabr 2021-ci il tarixdə Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yataqxanasında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-a əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı polis əməkdaşları Şahid3 və Şahid1 iştirak etmişdir. 19.10.2021-ci il tarixdə saat 01:00 radələrində Təqsirləndirilən şəxs, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Sumqayıt ŞPİ-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçi Müseyib Məhərrəmovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkcəsinin sağ iç cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Götürülmüş bükümə baxış zamanı həmin bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş kütlə narkotik vasitə heroindir, ona məxsusdur, tanımadığı şəxsdən 2021-ci ilin oktyabr ayının əvvəllərində 30 manata almış, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi kimliyini müəyyən etmək məqsədilə tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs qeyri rəsmi olaraq Şahid2 ilə birlikdə yaşayır. Şahid2 Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncunun üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru X3 ifadəsində Şahid5 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Naxçıvan MR-nın Şərur rayonu, Zeyvə kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, S.Vurğun küçəsi sürücülük məktəbinin yataqxanasında yaşayır. Təqsirləndirilən şəxs o, yaşadığı yataqxanadan tanıyır və onunla təxminən 3 ildir ki, qeyri rəsmi olaraq birlikdə yaşayır. Təqsirləndirilən şəxs arabir narkotik vasitələrdən istifadə etməsindən şübhələnmişdir. Lakin Təqsirləndirilən şəxs heç vaxtı onun yanında narkotik vasitələrdən istifadə etməmişdir, həmçinin Təqsirləndirilən şəxs da, heç vaxtı ona nartkotik vasitələrdən istifadə etməsi barədə heç bir söz deməmişdir. 19.10.2021-ci il tarixdə saat təxminən 01:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin yaxınlığında Təqsirləndirilən şəxsla birlikdə olduqları zaman, mülki geyimdə 3 nəfər şəxs onlara yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu bildirmiş, xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində daşımasında sübhələndiklərinə görə onarı polis idarəsinə dəvət etmişlər. Onlar da, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Həmin zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından, həmçinin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni nə vaxt, kimdən almasından onun xəbəri olmamışdır. O, özü heç vaxtı narkotik vasitələrdən istifadə etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 19.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X2, Şahid5 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli, 6/4653 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,664 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Heroinin təmiz çəkisi-1,664 qram, tədqiqata sərf edilən miqdar – 0,050 qram, qalıq – 1,614 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 27 noyabr 2021-ci il tarixli, 4740 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 03.11.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin 22.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.12.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 01 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 20.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,614 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli (iş № 1(060)-207/2022) qərarını icra edərək, 10 yanvar 2022-ci il tarixli 045 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,614 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 81,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar