Məhkəmə qərarları › İş №1(060)-207/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-207/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-207/2024 19.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 16 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən maşın bazarına gələrək orada tanış olduğu Zərərçəkmiş şəxs Şahid məxsus «VAZ 21043 minik» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili həqiqi qiymətindən daha ucuz qiymətə onun adına rəsmiləşdirəcəyinə dair yalan vəd verib aldadaraq, həmin gün saat 14:55 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Heydər Əliyev prospektində yerləşən 4 saylı notariat kontorunun çayxanasında 4.900 (dörd min doqquz yüz) manat məbləğində nağd pulunu ələ keçirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs 4900 (dörd min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs adla tanımasa da, bir dəfə Sumqayıt şəhərində maşın bazarında görüşmüşlər, onu əvvəllər tanımamış və qərəzi olmamışdır. 16 oktyabr 2022-ci il tarixdə o, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən maşın bazarına getmiş, orada olan zaman o bir nəfər adını həmin vaxt Zaman kimi bildiyi şəxsin “VAZ-2104” markalı avtomobil satdığını görüb, ona yaxınlaşaraq işlədiyi şirkətin sahibinə maşın lazım olduğunu, maşını neçiyə satdığını demişdir. Zaman ona 6600 (altı min altı yüz) manata satdığını, son yeri 6400 (altı min dörd yüz) manat olacağını demişdir. O, həmin şəxsə elə 6400 (altı min dörd yüz) manat verəcəyini demiş və razılaşmışlar. Sonra gedib bir nəfər alıcı tapmış, həmin şəxsin adı Mürvət olmuşdur. O, Mürvətə yaxınlaşıb bildirmişdir ki, şirkət “VAZ-2104” markalı maşını qiymətindən aşağı satır, bunu ona 4900 (dörd min doqquz yüz) manata ala bilər, baxsın xoşu gəlsə desin bunu ona təşkil etsin. Mürvətlə Zamanın yanına getmişlər. Mürvət maşına baxıb bəyənəndən sonra onlar sənədləşmə işlərini görmək üçün Sumqayıt şəhərində yerləşən 4 saylı notariusa getmişlər. Mürvət sənədlərini Zamana vermişdir ki, sonuncu gedib etibarnaməni hazır eləsin. O da Mürvətdən 4900 manat pulu almaq üçün notariusun çayxanasına düşmüşlər. Orada Mürvətdən 4900 (dörd min doqquz yüz) manat pulu alıb onun fikrinin yayınmasından istifadə edib həmin yerdən uzaqlaşmışdır. Əldə etdiyi pulu öz xərclərinə istifadə etmişdir. Gələcəkdə pulu geri qaytaracağını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində maşın almaq üçün Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən maşın bazarına getmiş, orada bir nəfər orta boylu adını bilmədiyi şəxs ona yaxınlaşıb bildirmişdir ki, 2007-ci il buraxılşılı, “VAZ-2104” markalı avtomobil var, şirkətə məxsusdur və 5000 (beş min) manata satırlar, baxın xoşuna gəlsə 4800 (dörd min səkkiz yüz) manat ona təşkil edə bilər, 100 (bir yüz) manat da ona zəhmət haqqı kimi verər. O həmin adamla qaldığı yerdən təxminən 200-300 metr gedib həmin avtomobilin yanına yaxınlaşmışdır. Avtomobil ağ rəngli olmaqla, 99XS436 dövlət qeydiyyat nişanlı olmuşdur. Avtomobilin yanında sonradan adını bildiyi Şahid olmuşdur. Həmin şəxs ona Zamanın guya sadəcə sürücü olduğunu demiş və ondan heç nə soruşmamasını bildirmişdir. O, maşına baxıb bəyənəndən sonra qərarlaşmışlar ki, notariusa getsinlər. Onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşn 4 saylı notraiusa getmişlər, notariusun binasında o sənədlərini Zamana vermişdir ki, gedib sənədləşmə işlərini görsün, yəni ona etibarnamə versin. Həmin şəxs ona pulu almaq üçün notariusun çayxanasına düşürmüşdür. 16 oktyabr 2022-ci il tarixdə saat 14:00 radələrində 4 saylı notariusun çayxanasında o, 4900 (dörd min doqquz yüz) manat pulu sayıb həmin şəxsə vermişdir. Sonra isə sənədləşinə işinin nə yerdə olub-olmadığını öyrənmək üçün yuxarı qalxmışdır. Zaman çıxandan sonra etibarnaməni və açarları ona təqdim etmişdir. O maşına oturub getmək istəyəndə Zaman ondan pulunu istəmiş, o da pulu bayaqkı adama verdiyini demişdir. Zaman da ona pul çatmadığını bildirmişdir. Bundan sonra o başa düşmüşdür ki, aldadılmışdır. Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəməmişdir. Ona görə də onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərinin girişində yerləşən maşın alqısatqı bazarına özünə məxsus «VAZ 21043 minik» markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili satmağa getmişdir. Orada olan zaman tanımadığı cavan yaşlarında olan kişi ona yaxınlaşaraq işlədiyi şirkətin sahibinə maşın lazım olduğunu və maşını neçəyə satdığını bildirmişdir. O həmin şəxsə 6600 (altı min altı yüz) manat satdığını, sonu 6400 (altı min dörd yüz) manata verə biləcəyini demiş, o da razılaşmışdır. Həmin şəxs onun yanından uzaqlaşaraq təxminən 20 dəqiqə sonra orta yaşlarında bir nəfər kişi ilə onun yanına gələrək avtomobilə baxıb bəyəndiklərini və Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontoruna getmələrini bildirmişdir. Həmin şəxslər onun maşınına əyləşib həmin notariat kontoruna getmişlər. O şirkətin sahibi kimi tanıdığı Mürvət adlı şəxsə etibarnamə vermiş, sənədləri götürərək Mürvətin yanına gəlmiş, notariatın daxilinə keçdiyi zaman onlar hər ikisi onu çöldə gözləmişdir. Avtomobilin sənədlərini götürüb Mürvətə yaxınlaşıb ona vermişdir. Bu zaman Mürvət avtomobilə əyləşib oradan uzaqlaşmaq istəyərkən o, ondan pulunu istədikdə, Mürvət ona pulu onunla gələn adını bilmədiyi şəxsə verdiyini bildirmişdir. Onlar bir neçə dəqiqə həmin şəxsi axtarsalar da, tapa bilmədiklərini və aldadıldıqlarını başa düşərək polisə müraciət etmişlər. Həmin maşını satması ilə bağlı Mürvətlə onun pul barədə danışığı olmamış, onun pul barədə danışığı Mürvətin yanında gələn şəxs ilə olmuş, Mürvətlə gələn şəxsi əvvəllər heç vaxt görməmiş və tanımamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan elektron məhkəmə portalından çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirlənləndirilən şəxs qismində cəlb edilərək Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin 4900 (dörd min doqquz yüz) manat pulu Təqsirləndirilən şəxs verməsinin videogörüntüsünü özündə əks etdirən 01 (bir) ədəd DVD diski istintaqa təqdim etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 14:53 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhər 4 saylı notariat kontorunun çayxanasına daxil olurlar. Həmin çayxanada onlardan başqa istintaqa məlum olmayan şəxslər də var. Həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs çayxananın giriş qapısının yanında kənarda dayanırlar. Saat 14:55 radələrində Zərərçəkmiş şəxs cibindən çıxartdığı pulları sayır, daha sonra onun yanında dayanan Təqsirləndirilən şəxs verir. İsfəndiyar da həmin pulu Mürvətdən götürür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs da videogörüntüdə əks olunan boz rəngli gödəkçəli şəxsin özünün olduğunu, pulu sayıb verdiyi, yanında qara gödəkçədə olan şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirir. İş materiallarında olan Binəqədi rayon İHB-nın Binəqədi qəsəbə İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2019-cu il təvəllüdlü X1). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-58/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 185.2.1-ci maddələri ilə təqsirli bilinərək 04 (dörd) il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkumluğu ödənilməmiş şəxsdir. Lakin Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin təsiri altına düşdüyündən cinayətlərin residivini yaratmır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-cimaddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəsini alanadək barəsində “həbs” qətimkan tədbiri seçilməli və zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-97/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəsini alanadək barəsində “həbs” qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edil Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar