Məhkəmə qərarları › İş №1(060)-208/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-208/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-208/2022 24.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri Dənizçi küçəsi, ev 85-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1,560 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 avqust 2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt ŞPİ 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 1,560 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2 ildir ki, kirayədə qalır, 17 avqust 2021-ci il tarixdə evdə olmuş, təxminən saat 11-12 radələrində velosipedlə çölə gəzməyə çıxmış, o biri həyətlərinə (atası evinə) baş çəkməyə getmişdir. Həmin vaxt qonşuları Nurbalanı görmüşdür. Nurbala ilə hal-əhval tutarkən 5 dəqiqə sonra 2 maşının onlara yaxınlaşdığını görmüşdür. Maşınlardan biri ağ, biri qara rəngdə olmuşdur. Gələn şəxslər maşından düşərək, ondan yapışaraq onu maşına mindirmişlər. Nurbalanı isə maşına mindirməmişlər, kimsə gəlib Nurbalanı aparmışdır. Polislər Nurbalaya demişlər ki, bunu tanıyırsansa velosipedini apar ver evlərinə. O həmin yerə velosiped ilə gəldiyi üçün Nurbala velosipedini apararaq evlərinə qoymuşdur. Nurbala onların evlərinə gedərək orada qalmadıqlarını bildiyi üçün velosipedi qonşuya vermişdir. Onu bölməyə apararaq bölmədə onun narkotik vasitə satdığını bildirərək döymüşlər. Onu bölmədə döyərək demişlər ki, “bu narkotik vasitəni üstünə götür, onsuz da 2 günə buraxacaqlar, götürməsən işin ağır olacaq”. O bölmədə narkotik vasitə satmadığını bildirmişdir. O uşaqlarına görə və qorxduğu üçün orada narkotik vasitələri üzərinə götürərək imza etmişdir. Polis əməkdaşları ona demişlər ki, bir azdan vəkil gələcək, biz sənə nə desək vəkilə onu deyərsən. Bir neçə saatdan sonra vəkil gələrək ondan bu narkotik vasitələri haradan, kimdən əldə etdiyini soruşduqda qorxduğu üçün polislərin ona dediklərini vəkilə bildirmişdir. O tutulmamışdan təxminən 2-3 ay əvvəl narkotik vasitə istifadə etmişdir. Polislər onun üzərinə şəxsi axtarış keçirərkən üzərindən heç bir şey aşkar olunmamışdır. Narkotik vasitə istifadə etsə də satışı ilə məşğul olmamışdır. Göstərdiklərinin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona təsir edilməsi, döyülməsi, narkotik vasitənin ona aid olmaması və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdiyi hallar arşdırılsa da təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman bir nəfər şəxs ona yaxınlaşaraq onda bir büküm narkotik vasitə kokos (heroin) olduğunu bildirmiş və 20 (iyirmi) manata satdığını demişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin tanımadığı şəxsin dediyi narkotik vasitə heroini ondan 20 manata şəxsi istifadəsi üçün almış və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və Sumqayıt şəhərinə yaşadığı evə qayıtmışdır. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə təxminən saat 17:30 radələrində həmin narkotik vasitəni istifadə etmək üçün gizlin yer axtardığı zaman yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və ondan da özünü təqdim etməyini xahiş etmişlər, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirib, onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər, o etiraz etməyib onlarla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-yə getmişdir. PB-də olan olan zaman otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər, o da buna etirazının olmadığını söyləmiş, həmin vaxt polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil X4 təqdim etmişlər. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər-hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuşlar, olduğu halda təqdim etməyini təklif etmişlər. O, həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükülü yanında açılmış, sorğu zamanı o, üzərindən aşkar olunan bükülüdə olan maddənin “kokos” (heroin) olduğunu, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş heroin onun yanında elektron tərəziyə qoyulub çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik vasitədən heç kimə satmadığını, həmin narkotik vasitəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrostansiyasının yaxınlığında olan zaman adını və harada yaşadığını bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün alaraq üzərində daşıdığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 85-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin bölmənin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3, həmin bölmənin təhqiqatçısı, polis kapitanı X5 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru X7 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində yaşadığ evin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində əməliyyat qrupu ilə birlikdə H.Zeynalabdin qəsəbəsi, Dənizçi küçəsində yerləşən 85 nömrəli evin yanına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və üzərində şəxsi axtarış aparılması üçün 2-ci PB-yə dəvət etmişlər, o heç bir etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ 2-ci PB-yə gəlmişdir. PB-də olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı təkrar izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş vəziyyətdə bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, sonuncu həmin narkotik maddəni xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri, “20 Yanvar” metrosnunun yaxınlığında olan zaman tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, sonuncu həmin narkotik maddəni xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhəri, “20 Yanvar” metrosunun yaxınlığında olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin bölmənin CA üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid2la eyni məzmunlu ifadələr verərərk onun ifadəsində göstərilən halları təsdiq etdilər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 bildirdi ki, onun təqsirləndirilən şəxsin atası ilə yaxın münasibəti olmuşdur. Rüstəm tutulan gün əlində üzüm velosipedlə onun yanına gəlmiş, onun yanında dayanmış, 2-3 dəqiqə onun yanında oturmuşdur. Yaşadıqları evin yanında, onlardan 5-6 metr aralıda maşın saxlamış, 3 nəfər mülki geyimdə olmuşdur. Onların Rüstəmin üzərinə baxış keçirdiyini görmüşdür. O polislərə nə üçün baxış keçirildiyini soruşmuş, cavab verilməmişdir. Rüstəmin üzərindən telefon, siqaret çıxmışdır. Rüstəmin qollarına qandal vuraraq maşına otuzdurub aparmışlar. Həmin vaxt bacısı onlara qonaq gəldiyi üçün o da səs-küyə küçəyə çıxmışdır. Həmin vaxt yoldan ötən tanımadığı bir nəfər şəxs Rüstəmi tutan şəxslərə nə üçün onu tutduqlarını soruşmuşdur. Təxminən yarım saat sonra polis əməkdaşları ona Rüstəmin velosipedini təqdim etmişlər. O sonra velosipedi Rüstəmgilin evlərinə aparmışdır. Evlərində heç kim olmadığı üçün velosipedi qonşularına təqdim etmişdir. O sonra da Rüstəmgilə gedərək ailəsinə onun tutulmasıyla bağlı xəbər vermişdir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o Təqsirləndirilən şəxs qonşusu olmaqla onunla yaxın münasibətdədir, məhkəməyə onun xahişi ilə, onunla birlikdə gəlmişdir. X8 göstərdiyi hallar işdə olan başqa sübutlarla uyğun gəlmir və ziddiyyət təşkil edir. O Təqsirləndirilən şəxs ifadəsində göstərilən halların təsdiq edilməsi, digər şahidlərin ifadələrinin, işdəki digər sübutların mübahisələndirilərək mötəbər sübut kimi qəbul edilməməsi üçün müdafiə tərəfindən dəvət edilmişdir. İşin halları, o cümlədən X11 ilə Təqsirləndirilən şəxs göstərdikləri hallar tam, obyektiv və hərtərəfli araşdırılmış, amma X11 ilə Təqsirləndirilən şəxs göstərdikləri hallar təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə X8 ifadəsini mötəbər və qərəzsiz sübut kimi qəbul etmir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:30-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsində yaşadığı evin yaxınlığında saxlanılmışdır.(i.v 16) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-416/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur.(i.v 65-67) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarətinə altına verilmə” qətimkan tədbiri seçilmişdir.(i.v 68-69) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və üzərində gəzdirilməsində şübhəli olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış və Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, PB-nin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Ramil Cəfərovun, Sumqayıt şəhər 1 saylı Vəkillər Bürosunun vəkili X3, Sumqayıt ŞPİ-nin KTB-nin ekspert-kriminalisti, polis mayoru Elnur Qocayevin iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı özünü təqdim edib, həmin şəxsdən də özünü təqdim etməsini xahiş edən zaman həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları özlərini təqdim etmişlər, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Yaşar Xankişiyev ona təqdim edilmiş, sonra hüquq və vəzifələri barədə bildiriş Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya, predmet olub-olmadığı soruşulan zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükümün içərisində olan qəhvəyi rəngli kütləni təqdim edərək bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir, həmin heroini özü istifadə etmk məqsədilə həmin gün Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manata almış və üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofan büküm elektron tərəziyə qoyulub çəkilən zaman bükümün çəkisi, 1,79 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş şəffaf rəngli sellofan bükümdə olan, spesifik iyə malik, qəhvəyi rəngli, toz şəkilli kütlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir.(i.v 22-23) İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 6/3557 saylı, xx.xx.2021ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdətəmiz çəkisi 1,560 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 32-36) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-526/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində əməliyyat tədbirlərinin həyata keçirilməsi qanunauyğun hesab edilmişdir.(i.v 75) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və məhkəmə iclasında da nümayış olunmuş 01 ədəd CD diskdəki görüntülərdən görünür ki, xidməti otaqda polis geyim formasında olan şəxs özünü 2-ci PBnin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev kimi təqdim edir, sonra isə otaqda olan şəxslərdən özlərini təqdim etməsini xahiş edir və otaqda olan şəxslər özlərini təqdim edir. X10 özünü Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxsə üzərində qanunsuz olaraq narkotik vasitə saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını bildirir. Bundan sonra X10 Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim edir. Sonra isə hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim edir. X10 saxlanılan şəxsə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan üzərinə şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasının soruşur, o heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etdirilməklə üzərində olan əşyaları təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən sellofan bükümünü təqdim edir. Həmin bükülü açılan zaman içərisindən qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər aşkar edilir. Təqsirləndirilən şəxs bükülünün içərisindəki nə olduğu soruşulduqda o, kakos (heroin) olduğunu söyləyir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsi və hansı məqsədlə üzərində gəzdirməsi soruşulur, sonuncu həmin gün əvvəl Bakı şəhərində 20 Yanvarda tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını söyləyir. Həmin bükülü elektron tərəziyə qoyulub çəkilən zaman 1,79 qram olması görünür. X10 həmin kütlənin qablaşdırılaraq Ədliyyə Nazirliyinin MEM-nə göndəriləcəyini söyləyir və aşkar edilmiş bükülü qablaşdırılaraq imzalanır.(i.v 84-85) İş materiallarında olan 3320 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 89-90) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3839 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 106) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-775/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyatda iştirak etmiş polis əməkdaşlarına məxsus olan mobil nömrələrin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək oln müddət ərzində anten əhatə dairəsinin "xxxx" MMC-dən və "xxxx" MMC-dən ələ keçirilməsinə icazə verilmişdir.(i.v 107-108) İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixli 24495 nömrəli və BKC/LGL-20752/21 nömrəli məktublara əlavə edilmiş 02 ədəd CD tipli diskə baxış keçirərkən müəyyən edilir ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrin xx.xx.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən anten əhatə dairəsində olması görünür. Məhkəmə iclasında da bu xüsusat araşdırıldı və göstərilənlər təsdiq edildi, müəyyən olundu ki, 055 257-56-22 mobil nömrə Şahid1, 050 797-99-92 mobil nömrə Şahid2, 050 281-57-41 mobil nömrə Şahid3 məxsusdur. Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı istintaq materiallarında göstərilən vaxtlarda onlar Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində olmuşlar, Təqsirləndirilən şəxs həmin ərazidə saxlanılmış, üzərinə baxış da həmin ərazidə keçirilmişdir. Həmin məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs tutluduğunu göstərdiyi saat 11-12 (hətta 12-13) radələrində həmin şəxslər eyni yerdə olmamışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, saxlanılarkən üzərində ***-***-**- ** nömrə ilə mobil telefon olmuş, polislər ondan götürmüş, əmisi oğlu ona zəng etmiş, zəngə cavab vermişdir. Bu xüsusat da məhkəmədə araşdırıldı. Müəyyən olundu ki, saxlanılarkən onun üzərində mobil telefon olmamış, götürülməmişdir. Onun üzərinə baxış keçirilməsi barədə videogörüntülərdə bu aydın görünür. Həmçinin Təqsirləndirilən şəxs göstərdiyi mobil nömrə onun saxlanılması zamanı və ondan sonra tamam başqa ərazidə işlədilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün müstəqil icra edilməsi müəyyən olunmuşdur), Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 06 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 4028 saylı məktubuna əsasən xx.xx.2020-ci il tarixdə cəza müddətinin sona çatması ilə bağlı qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,560 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq , xalis çəkisi 1,460 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görününü əks etdirən 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt ŞİHB-nın H.Zeynalabdin qəsəbə İƏD üzrə Nümayəndəsinin verdiyi 615, 616 saylı, xx.xx.2021-ci il tarixli arayışlarından və 33 saylı, xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, ev 85-də qeydiyyatdadır, ailəsi özündən, valideynlərindən, iki qardaşı və bir bacısından ibarətdir, özü subaydır, onun barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirsiz olması ilə bağlı müdafiə tərəfinin məhkəmə iclasında verdiyi vəsatətlər təmin edilmiş, bütün hallar araşdırılmışdır. Amma məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun təqsirsiz olması, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs evli olduğunu, himayəsində uşaqları olduğunu bildirmiş, ona izah edilsə də, bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İşdə olan sənədlərdə isə onun subay olduğu göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 tərəfindən 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,460 qram olan narkotik vasitə heroin məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD isə iş materiallarında saxlanılmalıdır. İşdə olan xx.xx.2021-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2021-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdən 19 avqust 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir ay) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,460 qram olan narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd CD iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar