Məhkəmə qərarları › İş №1(060)-208/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-208/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-208/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1984-cü ildə Ermənistan Respublikasının Sisyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “X10” MMC-də sosial işçi, əvvəllər məhkum edilməmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, Yataqxana 14, otaq 13də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs və onun yaxın qohumu haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 19 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri ərazisində 7 saylı marşrut xətti üzrə fəaliyyət göstərən sərnişin avtobusunda olan zaman Zərərçəkmiş şəxs onunla tanış olmaq məqsədilə mobil telefonunda nömrəsini yazıb ona göstərməsini öz mobil telefonu ilə videogörüntüyə alıb, həmin videogörüntünü «Tik Tok» sosial şəbəkəsində paylaşdıqdan sonra cinayətkar planı üzrə Zərərçəkmiş şəxslə istifadəsində olan ***-***-**-** saylı mobil telefonun «Vatsap» mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb, «Prezidentin saytına göndərim», «silmək olar amma», «silmək ödənişlidir əvvəldən demişdim, sən evdə arvadıvı saxlıya bilmirsən colde nömrə paylayırsan ozuvu paylayırsan sonra yayılsın videolar deyirsən havayı sil, kendden gelen çoban bura şəhərdi burda pulludur hər şey ay oğru ay ciqan» məzmunlu yazılar yazaraq, sosial şəbəkədə paylaşdığı videogörüntüləri silmək üçün, o cümlədən Zərərçəkmiş şəxs övladlarının fotoşəkillərini sonuncunun «Vatsap» mobil tətbiqindən öz mobil telefonuna köçürərək, «indi bu biclerin sekli paylasılacaq» məzmununda yazı yazmaqla həmin fotoşəkilləri videogörüntü ilə birlikdə sosial şəbəkədə paylaşacağını bildirməklə, sonuncu və uşaqları haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib bunun müqabilində 23 oktyabr 2023cü il tarixdə Zərərçəkmiş şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayıb, özünün və yaxın qohumlarının fotoşəkillərinin sosial şəbəkədə paylaşılmaması, o cümlədən əvvəlcədən paylaşdığı videogörüntünün sosial şəbəkədən silməsi üçün sonuncudan 500 manat pulu hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixində, saat 19 radələrində Sumqayıt şəhərində 7 nömrəli sərnişin avtobusunda əyləşib evə getmişdir. Həmin vaxt onun qarşısında Rüstəm əyləşmiş, Rüstəm öz telefonuna nömrəsini yazaraq ona göstərmiş və baxmasını demişdir. Bu zaman o, üzərində olan özünə məxsus “Samsung A14” markalı telefon ilə Rüstəmin ona telefonunda nömrə yazıb göstərməsini video ilə çəkmiş, həmin vaxt da Rüstəmə “mənim qardaşım sənin anava bacıva nömrə göstərsə xoşuva gələr ay şərəfsiz” sözlərini demişdir. Bu zaman Rüstəm ayağa qalxıb utandığından avtobusdan düşərək uzaqlaşmışdır. Bundan sonra səhərisi gün həmin videonu “İnstagram” sosial şəbəkəsində xəbər saytlarına göndərib paylaşmalarını xahiş etmişdir. Bundan sonra həmin xəbər saytlarının linklərini Rüstəmə vatsapp sosial şəbəkəsi vasitəsi ilə göndərmiş və baxmasını istəmişdir. Rüstəm baxandan sonra ona yalvarmağa başlamış və qohumlarının dayanmadan ona zəng etdiklərini demişdir. Rüstəm ona yalvararaq həmin videoları silməyini istəmişdir. Rüstəmdən başqa da şəxslər ona zəng edərək həmin videonu sildirməsini bildirmişdir. Bundan sonra o, həmin saytlara yazaraq həmin videounu silmələrini xahiş etmişdir. Həmin saytlar isə ödənişli olduğunu, 100 manata silinə bilinəcəyini demişlər. O, əvvəlcə Rüstəmə həmin xəbər saytlarını bildirərək özünün həmin videoları sildirməsini bildirmişdir, Rüstəm isə ondan kart hesabı istəmişdir. Bundan sonra o, Rüstəmə kartını ataraq ora 500 manat pul göndərməsini, bundan sonra silinəcəyini demişdir. Lakin sonradan narahat olmuş və qorxduğundan kartının nömrələrini vatsapp sosial şəbəkəsində Rüstəmlə yazışmalarda silmişdir. Rüstəm ona vatsapp sosial şəbəkəsində pis sözlər yazdığından o, Rüstəmin profil şəklində olan uşaqların şəklini götürmüş və uşaqlarının şəklini paylaşıb belə bir atalarının olduğunu yazacağını demişdir. Lakin elə bir şey etməmiş və buna görə Rüstəmdən pul tələb etməmişdir. Sonradan əməlindən çox peşman olmuş və bütün xəbər saylarından həmin videonu sildirmişdir. Rüstəmi videoya çəkməkdə məqsədi sonradan onu paylaşaraq biabır etmək olmuşdur. Lakin sonradan Rüstəmin ailəli olmasını və övladlarının olduğu düşünərək etdiyi əməldən peşman olmuşdur. Himayəsində azyaşlı övladı vardır, tək böyüdür və uşaq astma xəstəsidir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxsi ilk dəfə 19 oktyabr 2023-cü il tarixdə görmüşdür. Belə ki, 19 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində övladını kursdan götürmək üçün Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən 7 nömrəli sərnişin avtobusuna minmiş və Təqsirləndirilən şəxsnm yanında boş yer olduğu üçün orada oturmuşdur. Onun oturduğu yer Təqsirləndirilən şəxsnm oturduğu yerin qarşısında olmuşdur. O, avtobusa mindikdən təxminən 4-5 dəqiqə sonra Təqsirləndirilən şəxs ona baxdığını görüb öz mobil telefonunda nömrəsini qeyd edib, mobil telefonun ekranını Təqsirləndirilən şəxs tərəf tutmuşdur ki, nömrəsini görsün. Həmin vaxt Təqsirləndirilən şəxs öz mobil telefonunu çıxarıb onun mobil telefonuna doğru tutub çəkməyə başlamış və o, ayağa qalxan kimi sonuncu qışqıra-qışqıra onun ünvanına nalayiq sözlər deməyə və “o nömrəni kimə göstərirsən” deməyə başlamışdır. O isə sərnişin avtobusu saxladıqdan sonra düşüb getmiş, Təqsirləndirilən şəxs isə arxasınca nalayiq ifadələr işlətməyə davam etmişdir. Növbəti gün, yəni 20 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Sumqayıt şəhərində olan zaman tanımadığı nömrədən ona zəng gəlmiş və danışan qadın ona Tiktok mobil tətbiqinə girməyini bildirib danışığı kəsmişdir. O isə buna əhəmiyyət verməmiş, həm də sosial şəbəkələrdən istifadə etmir. 22 oktyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, yaşadığı evə gedən zaman Vatsap mobil tətbiqinə tanımadığı nömrədən videogörüntü və «ay peysər gir videoya bax» yazısı gəlmişdir. O, həmin vaxt ona yazan şəxsin Təqsirləndirilən şəxs olduğunu və atdığı videogörüntünün avtobusda baş verənlərlə bağlı olduğunu bilmişdir. Həmin gün o, Təqsirləndirilən şəxs ilə Vatsap mobil tətbiqində danışıb videogörüntüləri silməsini xahiş etməyə və yalvarmağa başlamışdır. Aralarında olan yazışma zamanı Təqsirləndirilən şəxs nə üçün belə etdiyini və onu rüsvay etdiyini soruşduqda, sonuncu əcəb etdiyini, yaxşı etdiyini demişdir. Yazışma zamanı Aytəkinə həmin videogörüntüləri silməsini dedikdə, sonuncu bunun üçün ona pul verməyini tələb etmiş, o, nə qədər pul verilməsini soruşduqda isə Aytəkin 500 manat pul verməyini demişdir. Hətta Aytəkin danışıq zamanı videogörüntünü Azərbaycan Respublikası Prezidentinin rəsmi internet ünvanına göndərəcəyini demiş, o isə artıq tam qorxmağa və tamamilə rüsvay olacağından qorxmağa başlamışdır. O, Aytəkinə 500 manat pul verə bilməyəcəyini dedikdə, Aytəkin onun profilində olan övladlarının fotoşəkillərini götürüb paylaşacağnı deməyə başlamışdır. Həmin vaxt o, Aytəkinə kartının nömrələrini yazmasını demiş və Aytəkin ona öz kartını rəqəmlərini yazmış və dərhal silmişdir. Bundan sonra o, bu barədə polisə müraciət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs ondan 500 manat pulu tələb edən zaman verməyəcəyi təqdirdə övladlarının da fotoşəkillərini videogörüntü formasında paylaşmaqla onu tamamilə ailəsinin də yanında rüsvay edəcəyini demişdir. Təqsirləndirilən şəxs pulu ondan sosial şəbəkədə paylaşdığı videogörüntüləri silmək və övladlarının fotoşəkillərinin əlavə olunmaqla yeni videogörüntülərin paylaşılmaması müqabilində istəmişdir. Təqsirləndirilən şəxs ilə danışan zaman pulu özünə istəmişdir, ona hər hansı xəbər saytına pul verəcəyini deməmişdir. Hazırda təqsirləndirilən şəxsi bağışlayır, şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etdi ki, Rüstəm onun qohumudur. Rüstəm ona zəng edərək hadisə barədə məlumat vermişdir. O da dərhal sosial şəbəkəyə daxil olmuş, Rüstəmin öz telefonunda hansısa qadına nömrə yazıb göstərməsi, həmin qadının isə onu öz telefonu ilə videoya çəkib təhqir etməsi, bu zaman Rüstəmin avtobusdan düşdüyü barədə videogörüntülərin yayıldığını görmüşdür. O, həmin qadının adını və nömrəsini soruşmuş, Rüstəm Aytəkin adlı qadının nömrəsini ona verəndən sonra o, Aytəkinə zəng etmişdir. Aytəkinə özünü təqdim edəndən sonra videonu nəyə görə paylaşdığını, silməsini bildirmişdir. Aytəkin isə təhqirlərlə ona cavab vermiş və videonu silməyin pullu olduğunu bildirmişdir. Aytəkin 500 manat pul veriləcəyi təqdirdə videonu siləcəyini bildirmişdir. O, Aytəkinə etdiyi hərəkətin cinayət olduğunu, videonu paylaşmağın səhv hərəkət olduğunu, videonu paylaşmadan öncə Rüstəmin hərəkəti barədə hüquq mühafizə orqanlarına şikayət etməli olduğunu demişdir. Aytəkin isə 500 manat pulun veriləcəyi təqdirdə videonu siləcəyini demişdir. Bundan sonar Rüstəm Sumqayıt şəhər polis idarəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “götürmə aparılması və baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd diskə kompyuterin disk oxuyucusu ilə baxıldıqda müəyyən olundu ki, diskdə 01 ədəd videofayl vardır, həmin videofayl açıldıqda videogörüntüdə «şəhid xanımına tanışlıq üçün nömrə verdi-çəkib biabır etdi» alt yazılarının olması müşahidə edilir, sonra videogörüntü başlayır və orada bir nəfər şəxsin sərnişin avtobusunda oturacaqda oturub mobil telefonuna nömrə qeyd aparmaqla sol tərəfində oturan qadına göstərməsi müşahidə olunur, qadının isə həmin anı videogörüntüyə alması, sonra həmin oğlana sərnişin avtobusunda «o nömrəni kimə göstərirsən», «utanmırsan», «evdə anana bacına göstərərsən o nömrəni eşitdin məni a şərəfsiz, səni sosial şəbəkədə paylaşmaq mənə borc olsun, şərəfsiz, camaatın anası bacısı yoxdu ее, nömrəsin yazıb mənə göstərir, şərəfsiz, Sumqayıt 7 nömrə, sən məni yaxşı tanımırsan deyəsən, mənim qardaşım sənin anana bacına nömrə göstərsə xoşuna gələr şərəfsiz» deyir və oğlan avtobusdan enir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüdə olan mobil telefonda nömrə göstərən oğlanın özünün olduğunu, həmin anı videogörüntüyə alan qadının isə Aytəkin adlı qadın olduğunu bildirdi. Təqdim olunmuş çıxarışlara baxış keçirilən zaman həmin çıxarışlarda «+**********92» mobil telefon nömrədən Zərərçəkmiş şəxs məxsus «Vatsap» mobil tətbiqinə «Prezidentin saytına göndərim», «silmək olar amma», «silmək ödənişlidir əvvəldən demişdim, sən evdət arvadıvı saxlıya bilmirsən solde nömrə paylayırsan ozuvu paylayırsan sonra yayılsın videolar deyirsən havayı sil, kendden gelen çoban burda şəhərdi burda pulludur hər şey ay oğru ay ciqan» məzmunlu mesajlar yazması müşahidə edilir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs «+**********92» mobil telefon nömrəsindən ona Aytəkin adlı qadının yazdığını bildirdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir İş materiallarında olan Lor Hospital MMC tərəfindən verilmiş 1137 nömrəli, xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, 2010-cu il təvəllüdlü X2 03.2018-ci ildən “LOR Hospital” klinikasında “alllergik astma” diaqnozu ilə həkim pulmanoloqun ambulator nəzarəti ilə müalicə alır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı MKS tərəfindən verilmiş 1433 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 13 ünvanında yaşayır, ailə tərkibi qızı-2010-cu il təvəllüdlü X2, anası-1957-ci il təvəllüdlü X5, bacısı-1989-cu il təvəllüdlü X4 ibarətdir, xx.xx.2020-ci il tarixdə X10 tərəfindən 17 saylı MKS-nə sosial işçi olaraq qəbul olunan Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə aparmaq haqqında protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmiş və Təqsirləndirilən şəxs tələb etdiyi 500 manat pulu saytlara videonu sildirmək üçün verəcəyini demədiyini göstərmiş, Təqsirləndirilən şəxs isə üzləşdirmə zamanı istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd disk və “Vatsap” mobil tətbiqinin çıxarışları öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılması nəzərə alınmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək qeyd edir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən “Hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə qənaətə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, şəxsiyyətini, himayəsində astma xəstəliyi olan azyaşlı övladının olmasını və onu təkbaşına böyütməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk və “WhatsApp” mobil tətbiqinin çıxarışları cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-208/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 170/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd disk və “WhatsApp” mobil tətbiqinin çıxarışları cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar