Məhkəmə qərarları › İş №1(060)-21/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-21/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-21/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 457-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 450 qram çəkidə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 05.02.2020-ci il tarixdə saat 12:39-da Sumqayıt şəhəri,11-ci mikrorayon «Qarajlıq» adlanan ərazidə Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən sol əlində saxladığı yaşıl rəngli sellofan torbanın içərisindən təmiz çəkisi 450 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 05.02.2020-ci il tarixdə, səhər saat 08 radələrində o, şəxsi işi ilə əlaqədar Bakı şəhərinə getmişdir. Bakı şəhəri, «20 Yanvar» ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxslə tanış olub onunla söhbət edərkən, ona qurudulmuş marixuana satdığını bildirmişdir. O da marixuana almasına razılaşmış və həmin şəxs yaşıl rəngli sellofan torbada olan marixuananı 50 manata satmışdır. Daha sonra o, Sumqayıt şəhərinə qayıtmışdır. Saat 12:35 radələrində o, Sumqayıt şəhərində olarkən torbadakı narkotikdən bir az istifadə etmək üçün Sumqayıt şəhəri, 11-ci mikrorayon, «Qarajlıq» adlanan əraziyə getmişdir. Həmin ərazidə təxminən 5 dəqiqə gəzişib narkotikdən istifadə etmək üçün özünə münasib yer axtararkən yol istiqamətində hərəkət edən zaman 3 nəfər mülki, 1 nəfər isə polis geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan polis geyim formasında digər bir polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmişdir. O, da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişlər. O, da sol əlində saxladığı yaşıl rəngli torbanı onlara təqdim etmişdir. Ondan həmin torbanın içərisində nə olduğu soruşulduqda, o, torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşları mariuxananı haradan əldə etdiyini soruşduqda, o da onlara həmin narkotik vasitə olan qurudulmuş marixuananı 05.02.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, «20 Yanvar» ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını demişdir. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət etmişlər. O, da buna etiraz etməyərək, həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan qurudulmuş marixuana ona təqdim olunmuş vəkilinin iştirakı ilə həmin bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X5 ifadəsində göstərdi ki, 05.02.2020-ci il tarixdə Sumqayıt şəhərində Mahir adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 05.02.2020-ci il tarixdə, saat 12:39-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon “Qarajlıq” adlanan ərazidə müəyyən olunaraq, saxlanılmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X12 Yusifova yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X2 narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuş, daha sonra X2 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, isə buna etiraz etməmişdir. Həmin vaxt X2 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etdi. O, da sol əlində saxladığı yaşıl rəngli sellofan torbanı onlara təqdim etmişdir. Həmin vaxt ondan torbanın içərisində nə olduğu soruşulduqda, Mahir bildirmişdir ki, torbanın içərisində qurudulmuş marixuanadır. Ondan mariuxananı haradan əldə etdiyini soruşduqda, Mahir həmin narkotik vasitə olan qurudulmuş marixuananı 05.02.2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri 20 yanvar ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 50 manata aldığını demişdir. Daha sonra həmin yerdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, qurudulmuş marixuana onlar tərəfindən götürülmüş, videoçəkiliş dayandırılmış və o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuşdur. Mahir də buna etiraz etməyərək, onlarla birlikdə polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuana onun hüquqlarını müdafiə edən vəkilinin və onların iştirakı ilə elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid X1 elan olunmuş ifadəsindən görünür ki, o, şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 05.02.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X6, X3 və X1 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.02.2020-ci il tarixli, 3080 №li məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 01 ədəd yaşıl rəngli polietilen bağlamadakı təmiz çəkisi 450 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi-450,0 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-449,9 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 18.03.2020-ci il tarixli 758 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 447 №li 10.02.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 12.02.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Ə.Rüstəmovun 06.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs MSY-dən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasından çıxılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin 12.10.2020-ci il tarixli 12416275-1220 №li məktubundan və 12.10.2020-ci il tarixli protokolundan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 19.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 15.10.2020-ci li tarixli 17/40-4556 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 12.10.2020-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və 14.10.2020-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun təqsirləndirilən şəxs kimi axtarışa verilib tutulduğu vaxtdan, yəni 12 oktyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 69,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X10 20 (iyirmi) saat iştirak etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2020-ci il tarixli (iş № 1(060)-253/2020) qərarını icra edərək, 12 may 2020-ci il tarixli 113/2020 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxs kimi axtarışda olub tutulub saxlandığı 12 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 449,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 69,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar