Məhkəmə qərarları › İş №1(060)-210/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-210/2024

13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-210/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi X4, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Sumqayıt Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarınını müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu X5 iştirakları ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Xudafərin stansiyasında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fərdi yaşayış evində kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “BC” kateqoriyalı, BA030396 seriya və nömrəli sürücülük vəsiqəsi, ƏN-Vİ№508789 seriya və nömrəli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 14 iyun 2023-cü il tarixdə, saat 21:37 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə Ceyranbatan qəsəbəsi istiqamətində təxminən 50-60 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqına” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülərin nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalı, işıqforun qadağanedici siqnalında hərəkətini davam etdirməməli, işıqfora çatmadan işıqforun qarşısında avtomobilin dayanmasını təmin etməli, hərəkət üçün təhlükə yaratmamalı və hərəkət üçün işıqforun icazə verilən siqnalı yandıqdan sonra hərəkətini davam etdirməli olduğu halda bunları etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almalı olduğu halda heç bir tədbir görməyib hərəkətini davam etdirməklə idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vurmuş və nəticədə sonuncuya qapalı kəllə beyin travması, baş-beynin kontuziyası, subdural qanama, alın sümüyünün, sağ körpücük sümüyünün, sol sirkə kasasının sınıqları, sol bazunun yarası, sağ almacıq nahiyyəsinin, üst dodağın sol hissəsinin, burun belinin, burun ucunun sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirdi ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs və ya valideynlərini əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. Avtomobil idarə etmək üçün "BC" kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təxminən 2023-cü ilin mart ayından “Uber” taksi xidmətində işləmiş və etibarnamə əsasında “Toyota Prius” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 14 iyun 2023-cü il tarixdə, təxminən saat 21:10 radələrində Sumqayıt şəhəri, dəmiryolu vağzalının yaxınlığından tanımadığı bir nəfər sərnişini avtomobilinə götürüb sifariş əsasında Çerkassi küçəsi ilə Ceyranbatan qəsəbəsinə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt arvadı İradə ona zəng vuraraq övladlarının halının pis olduğunu və dərman alıb tez evə gəlməsini bildirmişdir. Azyaşlı övladı Dəniz ürək-damar çatışmazlığından əziyyət çəkdiyindən və buna görə əməliyyat olunduğundan həyəcanlanıb özünü tez evə çatdırmaq üçün avtomobili tələsik idarə etməyə başlamışdır. Çerkassi küçəsi ilə avtomobili təxminən 50-60 km/saat sürətlə idarə etmişdir. Fikirli olduğundan işıqforun qırmızı işığına diqqət yetirməmiş və piyada Zərərçəkmiş şəxs yolu sağ tərəfdən sol tərəfə keçdiyini görəndə avtomobilə tormoz vermiş, lakin avtomobili saxlaya bilmədiyindən ön hissəsi ilə sonuncunu vurmuşdur. Zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. O, avtomobili saxladıqdan sonra tez düşüb Zərərçəkmiş şəxs yaxınlaşaraq köməklik göstərməyə başlamış və yolun kənarından dayanmış tanımadığı taksi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhər xəstəxanasına aparmışdır. Xəstəxanada isə polis əməkdaşlarına özünü təqdim etmişdir. Həmin hadisə 14 iyun 2023-cü il tarixdə, təxminən saat 21:20 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində baş vermişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil saz vəziyyətdə olmuşdur. Hadisədən əvvəl təxminən 5-6 metr məsafədə Zərərçəkmiş şəxs yolun kənarı ilə hərəkətdə olmasını görmüşdür. Hadisə zamanı idarə etdiyi avtomobildə bir nəfər tanımadığı sərnişin olmuş, yük olmamışdır. Hadisə zamanı avtomobilə tormoz versə də avtomobili saxlaya bilməmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmış, sonuncuların ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi və məsləhətçi-psixoloqun iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 14 iyun 2023-cü il tarixdə, təxminən saat 21:20 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində avtomobil yolunun sağ tərəfdən sol tərəfə keçmək istəmişdir. İşıqforda dayanıb piyadalar üçün yaşıl işığın yanmasını gözləmiş, işıqforun yaşıl işığı yandıqdan sonra asta yerişlə yolu keçməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə sürətlə onun üzərinə gəldiyini görüb geri qayıtmağa başlamış, lakin buna imkan tapa bilməmiş sonuncu idarə ediyi avtomobilin ön tərəfi ilə onu vurmuşdur. Zərbənin təsirindən yerə yıxılıb huşunu itirmişdir. Təqsirləndirilən şəxs işıqforun qırmızı işığına məhəl qoymayıb hərəkətini davam etdirərək onu vurmuşdur. Qəza zamanı onun yanında başqa heç kim olmamışdır. Həmin vaxt yolda başqa avtomobillər və ətrafda insanlar olmasına baxmayaraq o, həmin şəxsləri tanımamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında qanuni nümayəndəsi X4 iştirakı ilə vermiş olduğu ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, sonuncu ilə barışmış, ona qarşı heç bir şikayəti və iddiası yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 15 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini (bundan sonra CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 76-77) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 89-90); “qətimkan tədbirinin seçilməsi barədə” 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.91-94); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Çerkassi küçəsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 16 metr, yolun hərəkət hissəsinin eni 4 metr olmaqla yol 4 hərəkət zolağından ibarət qarşı-qarşıya nəqliyyat axını olan yoldur. Hadisə baş vermiş yerdə yol ötrüyü asfaltbeton olmaqla quru, üfüqi və düzdür. Yolun hərəkət hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün hərəkət zolaqları vardır. Yolun hərəkət hissəsinə sağdan torpaq sahə, şəhər tipli tikililər, soldan səki birləşir. Yolda hərəkət işıqforla tənzimlənir, yol nişanları zonası stop, piyada keçidi, maneəni sağdan keçmə nişanları vardır. Yol şəhər elektrik işıqları ilə işıqlandırılır. Piyadanın vurulma yeri ilə hərəkət hissəsinin kənarına və bir-birinə nəzərən koordinatları yolun sağ kənarından 6,6 metr, sol kənarından 10,4 metr məsafədə yerləşir. Piyada yolu sağdan sola doğru keçən zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. (i.v. 5-12) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2023-cü il tarixli, 3595 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 13) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, həmin vəsiqə xx.xx.2031-ci ilədək qüvvədədir. (i.v. 14) “Baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş DVD diskdən görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, 14 iyun 2023-cü il tarixdə, saat 21:34 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən avtoyuma məntəqəsinin yaxınlığındakı işıqforun düzünə hərəkət edən avtomobillər üçün hərəkəti qadağan edən qırmızı işığında piyada Zərərçəkmiş şəxs asta yerişlə keçidi nişanının yanından yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən zaman ağ rəngli, Toyota Prius markalı avtomobil işıqforun qırmızı işığında yolun orta hissəsində Zərərçəkmiş şəxs vurur. (i.v. 23-24) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3509 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Toyota Prius markalı, 77DS435 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 62-65) Sumqayıt şəhər MTE və PA şöbəsi-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1058 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş-beynin kontuziyası, subdural qanama, alın sümüyünün, sağ körpücük sümüyünün, sol sirkə kasasının sınıqları, sol bazunun yarası, sağ almacıq nahiyyəsinin, üst dodağın sol hissəsinin, burun belinin, burun ucunun sıyrıqları xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Mərkəzi Klinikaya qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir.(i.v. 26-30) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 48); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 46). Notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 Əli Mürşüd oğlu ilə barışmış, ona dəymiş ziyan ödənimiş, Əli Mürşüdova qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də bununla bağlı hər hansı bir mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürəkdir. CPM-nin 100.2.2-ci maddəsinə görə 14 yaşına çatmamış zərər çəkmiş şəxs Cinayət prosesində fəaliyyət qabiliyyəti olmayanlar hesab olunurlar. Həmin Məcəllənin 101.7.2-ci maddəsinə görə məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmağa haqlıdır. “sübutların qiymətləndirilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3509 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs barəsində CM-nin 143 və 264-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 95-99); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində-saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir Həmin Qanunun 60-cı maddəsinin 2-ci hissəsinə görə Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə görə qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Məhkəmə istintaqı zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan qanunun normalarını pozaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün svetaforun qadağanedici nişanlarının tələblərinə əməl etməli, svetaforun qadağanedici siqnalında hərəkətini davam etdirməməli, svetafora çatmadan svetaforun qarşısında avtomobilin dayandırılmasını təmin etməli, hərəkət üçün təhlükə yaratmamalı və hərəkəti üçün svetaforun icazəverilən siqnalı yandıqdan sonra hərəkətini davam etdirməli olduğu halda sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən svetaforun qırmızı işığında yolayrıcına daxil etmiş və yolayrıcında yolu sağdan sola doğru keçən piyadan vurmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakterini, zərərçəkmiş şəxsin onunla barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun CM-nin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümum hüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan qərarın surəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilməlidir. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi materiallarında olan, yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və həmin maddə ilə işin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Sumqayıt Şəhər Prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Yol-nəqliyyat hadisəsinin baş verməsini özündə əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar