Məhkəmə qərarları › İş №1(060)-210/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-210/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-210/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 42, mənzil 18 ünvanında qeydiyyatda olmaqla, ünvan 1, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, həmçinin Abşeron Rayon Məhkəməsinin 4(012)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə elmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, xeyli miqdarda 03 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 1,0 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda 04 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 0,717 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 (bir) ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzini əldə edib üzərində saxlayaraq daşımış, 17 sentyabr 2024-cü il tarixdə saat 12:00 radələrində həmin narkotik vasitədən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 0,272 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini tanışı Şahid3 19 manata satmış, 17 sentyabr 2024-cü il tarixdə saat 12:20 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Yaşıldərə Massivi ərazisində yerləşən “Cavid” marketin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı xeyli miqdarda 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,319 qram, 0,376 qram, ümumi təmiz çəkisi 1,0 qram kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eyni olan psixotrop maddə metamfetamin və xeyli miqdarda 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qram, 0,173 qram, ümumi təmiz çəkisi 0,445 qram kustar üsulla hazırlanmış kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibindən və 01 (bir) ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17 sentyabr 2024-cü il tarixində saat 12-13 radələrində həmişə olduğu kimi qızını məktəbdən götürməyə getmiş, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi “Cavid” marketin qarşısında tanışı Şahid3la rastlaşmış, onun yanında polis əməkdaşları ilə əlaqəli olan Bəhlul adlı bir nəfər də olmuş, onlarla görüşüb, salam sağol etmiş, bir-iki addım atdıqda polislər onlara hücum edib yerə yıxmış, Bəhruz oradan qaçıb aralanmışdır. Polis əməkdaşları onu və Zauru polis orqanına apararaq təxminən həmin gün saat 2-ə kimi ayrı-ayrı otaqlarda saxlamış, orada döyülmüş və külli miqdar narkotik vasitə ilə sənədləşdiriləcəyi deyilmiş, bu səbəbdən çəkilişdə narkotik vasitələrin ona məxsus olmasını etiraf etmiş, polis əməkdaşları üzərinə narkotik vasitə qoyarkən, tərəzini də əlavə etmiş və çəkilişdə “narkotik vasitəni alarkən çəkisini ölçmək məqsədi ilə üzərində gəzdirməsini” deməsini öyrətmişdir. Lakin, qeyd edilən narkotik vasitə və tərəzinin ona məxsus olmamışdır. Müstəntiqləri Röyal və Murad ona qarşı təzyiqlər etməmiş, tibbi müayinəyə aparıldıqda yenidən polis orqanına qayıdacağı səbəbindən həkimə döyüldüyünü deməmiş, həmçinin eyni səbəblərə görə döyülməsi barədə hər hansı orqana müraciət etməmiş, məhkəmədə bütün halların ortaya çıxacağına əmin olmuşdur. Bundan başqa ibtidai araşdırmada müdafiəçi ilə birlikdə müstəntiqin yanında olmamış, müstəntiq ona 234.1-ci maddə ilə araşdırmanın aparıldığını bildirmiş, hətta 234.1-ci maddə yazılan qovluğu ona göstərmiş, müstəntiq dəyişildikdə vəkili ona CM-in 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb edildiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin dekabr ayında azadlığa çıxmış, çıxdıqdan sonra narkotik vasitə istifadə etməmiş, saxlanılan gün Zaurla telefonla danışmış, Zaur onunla işinin olduğunu bildirmiş, görüşmək istəmişdir. Onların görüşü tam təsadüfi olmuşdur. Belə ki, zəng zamanı Zaur onunla görüşüb, söz soruşacağını bildirmişdir. Görüşən zaman Zaurun yanında olan Bəhlul adlı şəxs çox adamı tutdurmuşdur. Bəhlulla arasında ona narkotik vasitə satmaqla bağlı söhbətləri olmamış, Zaurun dediyinə görə onunda Bəhlulla görüşü təsadüfi olmuşdur. Zaurla bir yerdə narkotikdən istifadə etməmişdir. Zaur onun qonşusudur və əvvəl narkotikdən istifadə elədiyini bilir. Polis əməkdaşı ona bildirmişdir ki, narkotik vasitəni və tərəzini boynuna almasa onun evinə gediləcəyini və evindən bir kiloqram narkotik vasitə çıxardacaqlar. Bu sözləri deyən Şahid1 adlı polis əməkdaşı olmuş, ona narkotiki boynuna götürməsi üçün işgəncə verilmişdir. İlk dəfə onlarla razılaşmamış, lakin artıq döyülmək istəmədiyindən deyilənlərlə razılaşmışdır. Polislər onun hər yerinə zərbələr vurmuşdur. Lakin, üzündə hər hansı xəsarət izi qalmamışdır. Baş verənlərlə bağlı prokurorluğa və məhkəməyə şikayət etməmişdir. Hesab etmişdir ki, hər şey məhkəmə ortaya çıxacaqdır. Bundan başqa müstəntiqləri Röyal və Murad ona hər hansı təzyiq etməmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Psixotrop maddələrdən və narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 17 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğum zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manata psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 17 sentyabr 2024-cü il tarixdə təxminən saat 12:20 radələrində Sumqayıt şəhəri, Yaşıldərə Massivi ərazisində yerləşən “Cavid” marketin qarşısında tanışım Şahid3 ilə birlikdə olduğu zaman mülki geyimli şəxslər onlara yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqları üçün Sumqayıt ŞPİnə dəvət etmişlər. Onlar da etiraz etməmiş və onlarla birlikdə polis idarəsinə gəlmişlər. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş, o da əynindəki şalvarının sol yan cibində saxlamış olduğu 8 ədəd bükümü, sol arxa cibində saxlamış olduğu 1 ədəd “İtec” markalı mobil telefonu və sağ yan cibində saxlamış olduğu 1 ədəd elektron tərəzini və 19 manat pulu təqdim etmişdir. Həmin bükümlər açılan zaman içərisində ümumilikdə 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə və 2 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən 3 ədəd bükümdə psixotrop maddə metamfetamindən, 2 ədəd bükümdə narkotik vasitə heroindən və 1 ədəd elektron tərəzidən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 3 ədəd bükümdə psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə narkotik vasitə heroin ona məxsus olmuş öz istifadəsi üçün üzərində saxlamışdır. Əlavə olaraq bildirmişdir ki, o, həmin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 17 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində olduğu zaman tanımadığı şəxsdən istifadə etmək üçün 100 manata almış və üzərində saxlamışdır. Elektron tərəzini isə çoxdan almışdır. Narkotik vasitələrin və psixotrop maddələrin miqdarını ölçməkdən ötrü üzərində saxlamışdır. O, psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin 19 manat pul özünə məxsusdur. Şahid3 yalan danışmışdır. O, Zaura narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs çıxışında baş verənlərin qurma olduğunu, barəsində Cinayət Məcəlləsinin Barəsində CM-nin 234.1-ci maddəsi ilə hökm çıxarılmasına razı olduğunu lakin CM-nin 234.2-ilə hökmün çıxarılması ilə razı olmadığını, iki qızının olmasını nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntü, iş materiallarında olan maddi sübut və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş və bunun əsasında əməliyyat qrupu yaradılmışdır. 17 sentyabr tarixində Təqsirləndirilən şəxs narkotik maddələrin əldə edilməsi, daşıması, istifadəsi və satışı ilə bağlı məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs olacaq yerləri müəyyən etmək üçün tədbirlər həyata keçirilmiş, həmin şəxsin Sumqayıt şəhəri Yaşıldərə adlanan ərazisində olması barədə məlumat əldə edilmiş, polis əməkdaşı Şahid2la birlikdə həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt Zaur adlı şəxs də Elnurla birlikdə olmuş, hər iki şəxsi Sumqayıt Şəhər Polis İdarəsinə gətirmiş və orada təhqiqatçının vəkilin iştirakları ilə onların üzərində qanunsuz olduqları nəsə varsa, təqdim etmələri bildirilmişdir. Vətəndaş da öz üzərində gətirdiyi narkotik vasitəni və tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəzini çəkidə onu aldatmamaları üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs Sumqayıt şəhəri Yaşıldərə ərazisində saxlanılmış, Elnur və Zaurun yanında üçüncü bir şəxs olmamış, ümumiyyətlə Bəhlul adlı bir şəxs tanımır, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona qarşı polis orqanında hər hansı təzyiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Sumqayıt ŞPİ CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 17 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 17 sentyabr 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Şahid3 və Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü onların ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra Zaur Əmiraslanov və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivində yerləşən “Cavid” adlı mağazanın qarşısında olmasını müəyyən edərək, saat 12:20 radələrində onlara yaxınlaşıb özlərini təqdim edərək onların narkotik vasitələrin istifadəsi, saxlanılması, üzərində gəzdirilməsi və satışında şübhəli olmasını bildirib Sumqayıt ŞPİ-yə gətirmişlər. Təhqiqatçı tərəfindən videoçəkilişlə, onların və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Elnur cibində saxladığı 05 ədəd sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə bənzər kütlələri, 01 ədəd mobil telefonu və 19 manat pulunu çıxarıb masanın üzərinə qoymuşdur. Şahid3 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə olan heroin aşkar olunmuş və o, həmin narkotik vasitəni tanışı Elnurdan 19 manata aldığını bildirmişdir. Elnur narkotik vasitəni Novxanı qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Tərəzini isə çəkidə aldanmamaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan əlavə Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onlara hər hansı müqavimət göstərməmiş, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə olmuş, onun üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs Zaur adlı şəxslə birlikdə saxlanılmış, yanlarında 3-cü şəxs olmamışdır. Şahid qismində məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanımış, hazırda təqsirləndirildiyi digər cinayət ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilib. Hadisə sentyabr ayının 17-si baş vermiş, həmin gün işlədiyi yerdən icazə almış, Yaşıldərə ərazisində Elnurla görüşdüyü zaman 3-4 nəfər polis əməkdaşı onlara hücum edib saxlamış, saxlanılarkən və polis idarəsində döyülmüşdür. Saxlanılarkən üzərilərində narkotik vasitə olmamış, Elnurla aralarında narkotikin alışı-satışı barədə söhbət olmamış, əvvəllər də Elnurdan narkotik vasitə almamışdır. Saxlanılarkən üzərində pul olmamış, polis əməkdaşları hansı məbləği bildirmişdisə çəkiliş zamanı onu demişdir. Bundan əlavə Şahid3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, səhv etmirsə Elnur görüşə qardaşı ilə gəlmişdi, görüşüb çay içmək məqsədləri var idi, görüş üçün ilk dəfə kimin zəng etdiyini isə xatırlamır. İstintaqda müstəntiq tərəfindən təzyiq olduğuna görə narkotik vasitəni Elnurdan aldığı barədə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 13, mənzil 24-də ailə üzvləriylə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. O, əvvəllər məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yerləşən “Cavid” marketin qarşısında tanışı Elnur ilə birlikdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb polis əməkdaşları olduğunu bildirərək onları narkotik vasitələrin qəbulu və üzərlərinədə gəzdirmələri ilə şübhəli olduqlarını demişlər və onları polis idarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis idarəsinə getmişdir. Orada üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, öz əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu mobil telefonu və sol arxa cibində saxlamış olduğu 02 ədəd sellofan bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümlərin içərisinə baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. O, üzərindən aşkar olunmuş həmin maddəni saxlanıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində, tanışı Elnur adlı şəxsdən öz istifadəsi üçün 19 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi 02 ədəd büküm xüsusi qaydada qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitə heroindən istifadə etmişdir. O, həmin narkotik vasitəni saxlanıldığı gün Sumqayıt şəhərində tanışı Elnur adlı şəxsdən öz şəxsi istifadəsi üçün 19 manat müqabilində almışdır. Bundan əvvəl o, Elnurdan narkotik vasitə almamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni Elnur adlı tanışından aldıqdan bir müddət sonra polis əməkdaşları onları saxlayaraq polis idarəsinə apardıqları üçün həmin narkotik vasitədən istifadə edə bilməmişdir. Təqsirləndirilən şəxs yalan danışdığını, onun özünü qorumaq üçün bu cür ifadə verdiyini, o, narkotik vasitəni başqa şəxsdən alsa, tanımadığı şəxsdən aldığını deyə biləcəyini, lakin o, narkotik vasitəni həmin vaxtı Elnurdan aldığı üçün ona polis əməkdaşları tərəfindən sual veriləndə də o, Elnurdan 19 manata aldığını dediyini bildirmişdir. Onların arasında heç bir əlbəyaxa mübahisə olmamışdır. Onlar orada olan zaman o, Elnura 19 manatı vermişdir. Həmin vaxtı o, pul xərcləməmiş, çünki bir müddət sonra polis əməkdaşları onları saxlamışlar. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 83-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətimkan tədbiri haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işinin 29-30 və 58-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarışın keçirilməsi, diskə baxış keçirilməsi haqqına xx.xx.2024-cü il tarixli protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 17 sentyabr 2024-cü il tarixdə Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 42, mənzil 18-də qeydiyyatda olmaqla ünvan 1 Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivində yerləşən “Cavid” adlı mağazanın qarşısında saxlanılması və üzərinə Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin, CAŞ-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilməsi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 05 ədəd ayrı-ayrı sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunması, həmin bükümlərin çəkisinin 0.36, 0.23, 0.58, 0.44, 0.37 və 0.41 qram olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “İtec” markalı mobil telefon və 19 manat pul aşkar edilərək götürülmüşdür. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmaması, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olmasını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirməsini, həmin narkotik vasitə və psixotrop maddəni Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 100 manat pul verməklə almasını və üzərində saxlamasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aparılan videoçəkilişdə Zaurun ona yaxınlaşaraq özündə keyfiyyətsiz narkotik vasitə olduğunu və həmin narkotik vasitəni daha yaxşı narkotik vasitə ilə əvəz etmək istəyini bildirdiyini, lakin o, Zaura hər hansı narkotik vasitə vermədiyini qeyd etmişdir. Cinayət işinin 44-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4617 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün № 124” möhür əksi, /imza/ E.Quliyev” “Saxlanılan şəxs 1. /imza/ Bəşirov E; vəkil: 1. /imza/ Mustafazadə.R; tərtib etdi: yazılar olan zərfdəki və 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,272 qr; 0,173 qram; ümumi təmiz çəkisi 0,445 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:0,305 qr; 0,319 qr; 0,376 qram; ümumi təmiz çəkisi: 1,0 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və 01 ədəd elektron tərəzinin səthində narkotik vasitə - heroin izləri müəyyən edildi. Elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümküm deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 2 büküm olan narkotik vasitə heroinlərlə, Şahid3 məxsus ümumi sayı 2 büküm olan narkotik vasitə heroinlərlə (maddənin növü və çəkisi barədə xx.xx.2024-cü il tarixli 6/4616 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd elektron tərəzidə səthində heroin iz şəklində olduğundan Şahid3 məxsus heroinlərlə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 66-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4616 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus narkotik vasitə - heroinlərlə, Şahid3 məxsus narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 60-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman lentə alınmış videogörüntünün əks olunduğu 01 ədəd disk, üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,345 qram narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 0,850 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd elektron tərəzi və 19 manat pul iş üzrə maddi sübut kimi tanınmışdır. İş üzrə maddi sübut hesab edilməyən Təqsirləndirilən şəxs məxsus “İtec” markalı mobil telefonu özünə qaytarılması qərara alınmışdır. Cinayət işinin 95-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iş üzrə maddi sübut hesab edilməyən Təqsirləndirilən şəxs məxsus “İtec” markalı mobil telefonu özünə qaytarılmışdır. Cinayət işinin 59-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd İTEC markalı mobil telefon qara rənglidir, düymələri üzərində ağ rənglərlə rəqəmlər yazılmışdır. Mobil telefonun içərisinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı hal müəyyən olunmamışdır. Cinayət işinin 100-101-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6490 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 1630 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədənində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 107-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı əməliyyat tapşırığında göstərilən digər xüsusatlar ilə bağlı da müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olur və sonuncu dəfə tanışı X5 narkotik vasitə satmışdır. Əməliyyat tədbirlərimiz davam etdirilir. Gələcəkdə başqa hər hansı bir məlumat əldə olunarsa bu barədə əlavə məlumat veriləcəyi qeyd edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 4000 manat cərimə cəzasına məhkum edilib Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 08 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib, xx.xx.2020-ci ildə cəza müddəti başa çatmış, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilib Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01,12.2023-cü il tarixli qərarı ilə 02 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 126-136-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 138-139-cu vərəqələrində olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 02 (iki) ay 6 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş elektron informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində xx.xx.2008-ci il təvəllüdlü Günel Bəşirova və xx.xx.2012-ci il təvəllüdlü Aylin Bəşirova adlı övladları var. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər, maddi sübutlar və digər iş materialları ilə onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, o həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə və ya tərəzinin olmaması, həmin maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, narkotik vasitəni Zaura satmaması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində elektron tərəzinin ona məxsus olmamasını bildirsə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində, şəxsi axtarış zamanı aparılan videoçəkilişdə üzərində olan elektron tərəzi ilə ona satılan narkotik vasitələri çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Göründüyü kimi bu hissədə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyət yaranmışdır. Həmçinin, Təqsirləndirilən şəxs saxlanılan anda Zaurun yanında Bəhlul adlı şəxs olduğunu və sonuncunun qaçaraq həmin yerdən uzaqlaşdığını bildirsə də, şahid Zaur Ərzumanov bu halla bağlı heç bir qeyd bildirməmiş, Elnurun yanında sonuncunun qardaşının olmasını, hətta bu halı da dəqiq xatırlamadığını bildirmiş, digər şahidlər də bu halın olmasını təkzib etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını bildirmiş, lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X7 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 1630 saylı rəyində Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izinin aşkar olunmadığını qeyd edilmişdir. Bununla da təqsirləndirilən şəxsin fiziki zora məruz qalma halı, yəni döyülmə faktı öz təsdiqini tapmır. Bundan başqa Təqsirləndirilən şəxs ifadələrində polis orqanında təzyiqlərə məruz qalaraq narkotik vasitə və elektron tərəzini üzərinə götürdüyünü bildirsə də, videoçəkilişdən və ibtidai araşdırma müddətində verdiyi ifadələrdən məlum olur ki, o, sərbəst şəkildə narkotik vasitələrin satışını həyata keçirməsini inkar edir, hətta üzərində olan 19 manat pulun özünə məxsus olmasını ifadə edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə özü heç bir orqana şikayət və vəsatət verməmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/4617 saylı ekspert rəyi ilə tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 2 büküm olan narkotik vasitə - heroinlərlə, Şahid3 məxsus ümumi sayı 2 büküm olan narkotik vasitə heroinlərlə (maddənin növü və çəkisi barədə xx.xx.2024-cü il tarixli 6/4616 saylı ekspert rəyi verilmişdir) kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil etməsi müəyyən edilmişdir. Müvafiq rəyə əsasən Şahid3 üzərindən aşkar olunan narkotik vasitənin Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə ilə eynilik təşkil etməsi Şahid3 həmin narkotik vasitəni təqsirləndirilən şəxsdən əldə etməsini təsdiq etmişdir. Həmçinin, Şahid3 üzərindən aşkar olunan narkotik vasitəni 19 manat qarşılığında Təqsirləndirilən şəxs alması və şəxsi axtarış keçirilən zaman təqsirləndirilən şəxsin üzərindən aşkar olan pulların məbləğinin eyni miqdarda olması Təqsirləndirilən şəxs CM 234.2-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hallardan biri kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ailəli olmaqla himayəsində 01 azyaşlı uşağının və 01 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 6 (altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 17 sentyabr 2024-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 07 may 2025-ci il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli, hazırda Abşeron Rayon Məhkəməsinin 4(012)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6490 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ya tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,345 qram çəkidə narkotik vasitə olan heroin, 0,850 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 sentyabr 2024-cü il tarixdən 19 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilsin, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 4(012)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,345 qram çəkidə narkotik vasitə olan heroin, 0,850 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar