Məhkəmə qərarları › İş №1(060)-211/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-211/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-211/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında Xızı rayonu, Sitalçay qəsəbəsində tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,389 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 30 noyabr 2020-ci il tarixdə, saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməkdaşlarının Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilən binanın qarşısındakı “Xeyir-şər” evinin yanında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz jiletin sol döş cibindən 1 ədəd şəffaf selofan bükümündə 1,389 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələr qəbul edir. O, təxminən 2020-ci ilin noyabr ayında Xızı rayonuna getmiş, Xızı rayonu, Sitalçay qəsəbəsində tanımadığı bir nəfərlə rastlaşaraq söhbət etdikdə, söhbət zamanı həmin şəxs üzərində narkotik vasitə heroin olduğunu və onu satmaq istədiyini bildirmiş, o da həmin şəxsdən heroini neçiyə satdığını soruşduqda həmin şəxs heroini 50 manata satdığını demiş, o da həmin şəxsə 50 manat ödəyib heroini ondan almış, heroini aldıqda heroinin şəffaf selofan bükümdə olduğunu və həmin bükümü də əynində olan qara rəngli qolsuz jiletin sol döş cibinə qoyaraq bir neçə gün ərzində üzərində gəzdirmişdir. O, 30 noyabr 2020-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş binanın qarşısındakı “Xeyirşər” evinin yaxınlığında hərəkət etdiyi zaman 2 nəfər mülki geyimdə və 1 nəfər polis geyimində olan şəxslər videoçəkilişlə ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və bununla əlaqədar olaraq videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyərək onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, da etiraz etməyərək videoçəkiliş davam edə-edə polislərlə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmiş, polis bölməsində xidməti otaqların birində onun icazəsiylə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki idman şalvarının sol cibində olan 6 manat pul, sağ cibində olan cib dəsmalı, alışqan və qara rəngli qolsuz jiletinin sol döş cibində olan şəffaf sellofan bükümündəki narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları bükümü açıb içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik kütləni gördükdə o, həmin kütlənin narkotik vasitə heroin olduğunu və həmin heroini özü istifadə etmək məqsədilə 10 gün əvvəl, yəni 2020-ci ilin noyabr ayında Xızı rayonu, Sitalçay qəsəbəsində tanımadığı, adını bilmədiyi şəxsdən 50 manata aldığını demişdir. Ondan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin onun iştirakıyla tərəzidə çəkilərək qablaşdırılmış, möhürlənmiş və protokol tərtib olunmuş, protokol ucadan oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona cəza təyin olunarkən qeyd olunan halların nəzərə alınmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 30.11.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 133-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin baş kriminalisti, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər, həmin məlumat əsasında saat 20:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mkr ərazisində yerləşən yeni inşa edilən binanın qarşısında olan xeyir-şər evinin yanına getmişlər və kriminalist Şahid3 tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görərək onun özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar, sonra təhqiqatçı da ona yaxınlaşaraq özünü təqdim edərək ona da özünü təqdim etməsini bildirmiş, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyini və etirazının olub-olmadığını demiş, Təqsirləndirilən şəxs də etirazının olmadığını söyləmişdir. Sonra təhqiqatçı ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edildiyini, burada şərait olmadığından, video çəkiliş ilə 1-ci PB-nə gedərək orada vəkilin iştirakı ilə şəxsi axtarış keçirələcəyini demiş, daha sonra çəkiliş dayanmadan saxlanılan şəxslə birlikdə polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə gəlmişlər, orada xidməti otaqların birində təhqiqatçı Təqsirləndirilən şəxs vəkil Nizami İbrahimovu təqdim edərək onu hüquq və vəzifələri barədə bildirişlə tanış etmişdir. Sonra təhqiqatçı onun üzərinə şəxs axtarış keçirtmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərində olan əşyaları, cib dəsmalını, 1 manatlıq əskinaslardan ibarət olan 6 manat pulu, yandıranı, həmçinin əynindəki qara rəngli qolsuz jiletin sol döş cibindən bir ədəd şəffav sellofona bükülmüş bükümü təqdim etmiş, ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulan zaman bükümün içərisində narkotik vasitə “kokos” olduğunu demiş, bükümün içərisinə baxıldıqda onun açıq qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə olduğu aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “kokos” olduğunu, Xızı rayonu, Sitalçay qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 50 manata aldığını, ağrıları olduğu üçün özü istifadə etdiyini bildirmişdir. Ondan sonra həmin bükülü hamının iştirakı ilə tərəzidə çəkilmiş və 9,15 qram olması müəyyən edilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitənin 9,15 qram olmadığını, az olduğunu deyərək etiraz etmiş, sonra narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, bundan sonra protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Ekspert rəyi gəldikdən sonra təhqiqatçı narkotik vasitənin tərəzidə ölçüldüyü zaman texniki səhv olduğunu, həmin narkotik vasitənin qram ölçü vahidi ilə deyil, ct(karat) ölçü vahidi ilə ölçüldüyünü, ona görə də 9,15 çəkisinin ct(karat) ölçü vahidi ilə olduğunu, qrama çevirdikdə 1,83 qram olduğunu demişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X6 ifadəsində göstərdi ki, 30.11.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 133-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin baş kriminalisti, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, həmin məlumat əsasında saat 20:00 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mkr ərazisində yerləşən yeni inşa edilən binanın qarşısında olan xeyir-şər evinin yanına getmişlər və kriminalist Şahid3 tərəfindən “Panasonik” markalı videokamera işə salınmışdır. Əməkdaşlar təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görərək həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar, X9 də ona yaxınlaşaraq özünü təqdim edərək ona da özünü təqdim etməsini demiş, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında, üzərində gəzdirməkdə şübhəli bilindiyini, ona görə saxlanıldığını, üzərində video çəkilişlə şəxsi axtarış keçirələcəyini və etirazının olub-olmadığını demiş, Təqsirləndirilən şəxs də etirazının olmadığını söyləmiş, sonra ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin edildiyini, burada şərait olmadığından, video çəkiliş ilə 1-ci PB-nə gedərək orada vəkilin iştirakı ilə şəxsi axtarış keçiriləcəyini bildirmiş, daha sonra çəkiliş dayanmadan saxlanılan şəxslə birlikdə polis maşını ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində o, Təqsirləndirilən şəxs vəkil Nizami İbrahimovu təqdim edilərək onu hüquq və vəzifələri barədə bildirişlə tanış etmiş, sonra onun üzərinə şəxs axtarış keçirtmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərində olan əşyaları, cib dəsmalını, 1 manatlıq əskinaslardan ibarət olan 6 manat pulu, yandıranı, həmçinin əynindəki qara rəngli qolsuz jiletin sol döş cibindən bir ədəd şəffav sellofona bükülmüş bükümü təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olduğu soruşulan zaman bükümün içərisində narkotik vasitə “kokos” olduğunu bildirmiş, bükümün içərisinə baxıldıqda onun açıq qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə olduğu aşkar olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin “kokos” olduğunu, Xızı rayonu, Sitalçay qəsəbəsində tanmadığı bir nəfər şəxsdən 50 manata aldığını, ağrıları olduğu üçün özü istifadə etdiyini demişdir. Ondan sonra həmin bükülü hamının iştirakı ilə üzərində “X10” sözləri yazılmış tərəzidə çəkilmişdir. Ruslan Vəliyev həmin tərəzini 4 növ çəki vahidində istifadə etmək olduğunu, onlardan qram(g), dwt(penniv), oz(unsiYa), ct(karat) ölçü vahidlərinin olduğunu, Ct(karat)-nin qiymətli daşlar üçün istifadə edilən ölçü vahidi olduğunu və 1ct 0,2 qrama bərabər olduğunu demiş, narkotik vasitə elektron tərəzidə çəkildikdə tərəzinin ekranında 9,15 rəqəmləri göstərilmiş, o da tərəzinin ölçü vahidinə baxmadan həmin göstərilən çəkinin qram olduğunu düşünüb, şəxsi axtarış protokolunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin 9,15 qram olduğunu yazmış, həmin vaxtı Təqsirləndirilən şəxs də etiraz edərək narkotik vasitənin çəkisinin o qədər olmadığını, az olduğunu bildirmiş, o da həmin narkotik vasitənin tərəzidə hansı çəki göstərilibsə o olduğunu demişdir. O, sonra narkotik vasitəni qablaşdırıb Məhkəmə-kimyəvi ekspertizası təyin edib, rəy verilməsi üçün Məhkəmə Ekspertiza mərkəzinə göndərmiş, oradan rəy gəldikdə rəydə həmin narkotik vasitənin çəkisinin 1,389 qram olduğu müəyyən olunmuş, rəydən sonra o, çəkilər arasında bu qədər ziddiyyət ola bilməyəcəyini düşünüb şəxsi axtarış zamanı çəkilmiş video görüntüyə baxdıqda tərəzidə olan ölçü vahidinin ct olduğunu görmüş, sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tərəzidə çəkilərkən müəyyən olunmuş 9,15 ct qram ölçü vahidinə çevrilərkən həmin narkotik vasitənin 1,83 qram olduğu müəyyən olunmuş və bununla da o, ekspert rəyində heç bir səhv olmadığını, narkotik vasitəni tərəzidə çəkən zaman texniki səhvə yol verdiyini başa düşmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 30 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid4, Şahid1 və X3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 01.12.2020-ci il tarixli, 6/2625 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,389 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” –in siyahısına daxildir. (heroinin təmiz çəkisi-1,389 qram, tədqiqata sərf edildi-0,050 qram, qalıq-1,339 qramdır). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 21.01.2021-ci il tarixli, 161 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, videogörüntü, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.02.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 30.11.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 02.12.2020-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 30 noyabr 2020-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 23.02.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 25.12.2020-ci il tarixli, 3707 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından həmin dispanserdə narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 30 noyabr 2020-ci il tarixdən hesablanmalıdr. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,339 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil X4 14 saat iştirak etmişdir. Ona görə də 84 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli (iş № 1(060)-211/2021) qərarını icra edərək, 17 fevral 2021-ci il tarixli 133 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 30 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,339 qram heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat, 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil X2 göstərdiyi 14 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar