Məhkəmə qərarları › İş №1(060)-211/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-211/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-211/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon(şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 22 sentyabr 2022-ci il tarixdə gecə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən evin həyətinə, daha sonra pəncərədən mənzilə qanunsuz daxil olaraq İ.İmaməliyevə məxsus əl çantasından 7 manat, onun həyat yoldaşı Şahid2 əl çantasından 1 manat, həmçinin həyətdən 350 manat dəyərində “İsma” markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 358 (üç yüz əlli səkkiz ) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Oğurluq etmək üçün 22 sentyabr 2022-ci il tarixdə gecə saat təxminən 04 radələrində Sumqayıt şəhəri Natavan küçəsi ilə hərəkətdə olarkən həyət evlərindən birinin qarşısında dayanmış və hasara dırmaşıb içəriyə baxdıqda həyətdə 3-4 ədəd velosipedin olduğunu görüb hasardan həyətə tullanmışdır. Evə yaxınlaşdıqda evin pəncərəsinin dəmir barmaqlıqlarının olmadığını, pəncərənin açıq olduğunu və mənzildən də hər hansı bir səs gəlmədiyini görüb pəncərənin plastik torunu çıxarıb mənzilə daxil olmuş, orada pəncərənin qarşısında qadın çantasının içərisində 1 manat pul və bank kartını, habelə stolun üstündə olan qara rəngli çantanın içərisindən 7 manat pul və bank kartını götürüb pəncərədən həyətə düşmüşdür. Sonra həyətdə olan “İsma” markalı velosipedi götürüb həyət qapısını açaraq küçəyə çıxaraq oradan uzaqlaşmışdır. Əldə eldiyi 8 manat nəğd pula mağazadan özünə siqaret və şirniyyat almış, daha sonra “Fəxri market” mağazasının qarşısında quraşdırılmış bankomata yaxınlaşıb oğurladığı kartları bakomata daxil etdikdə orada pul olmadığını görüb yaşadığı evə gələrək velosipedi müştəri tapıb münasib qiymətə satana kimi mənzildə saxlamışdır. Lakin 25 sentyabr 2022-ci il tarixə keçən gecə polis əməkdaşları onu 4-cü PB-nə dəvət edərək baş vermiş oğurluq hadisəsində şübhəli olduğunu bildirdikdə etdiyi əməli etiraf edərək evdə saxladığı “İsma” markalı velosipedi polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazmi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada cəza təyin olunmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yaşadığı evdə yatarkən saat 04-50 dəqiqədə həyətdən taqqıltı səsi eşidib yuxudan oyanaraq pəncərədən boylanıb həyətə baxdıqda heç nə görməmiş və hansısa ev heyvanının səs çıxardığını güman edib yerinə qayıdaraq yatmışdır. Səhər saat 06 radələrində yuxudan durub qonaq otağına gəldikdə ona məxsus əl çantasının açılmış vəziyyətdə olduğunu və içərisinin qarışdırıldığını görmüş, diqqətlə baxdıqda çantanın içərisində olan 7 manat pul və “Beynalxalq banka” aid, lakin içərisi boş olan əmək haqqı kartının da olmadığını görmüşdür. Eyni vaxtda yuxudan oyanmış həyat yoldaşı Şahid2 da həmin otağında olan çantasına baxdıqda çantasında olan 1 manat pul və metro kartının olmadığını müəyyən etdikdə ilk əvvəl çantaların uşaqları tərəfindən qarışdırıldığını fikirləşərək evdən oğurluq olmasından şübhələnməmişdir. Bundan sonra, saat təxminən 07 radələrində evdən çıxıb işə getmiş, lakin saat təxminən 14 radələrində o, Bakı şəhərində iş yerində olarkən həyat yoldaşı Aynur ona zəng vuraraq həyətdə uşaq üçün 530 manata almış olduğu “İsma” markalı velosipedin də olmadığını bildirdikdə yaşadığı mənzildən oğurluq hadisəsinin baş verdiyini başa düşüb DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, 2012-ci ildən Sumqayıt ŞPİ-nin PPXTnm 1-ci bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 25 sentyabr 2022-ci il tarixə keçən gecə 9138 çağırışlı avtopatrulda postaçı yoldaşı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev prospektində xidmət apararkən gecə vaxtı “Əli market” mağazasının yaxınlığında bir nəfər şəxsin şübhəli davrandığını görüb ona yaxınlaşmışlar və özlərini təqdim edərək hara getdiyini, gecənin bir vaxtında marketin qarşısında nə etdiyini soruşduqda həmin şəxs özünü Əbülfəl kimi təqdim edib qeyri-müəyyən cavablar vermiş, bu səbəbdən onun son zamanlar Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq hadisələrində iştirakının olub-olmamasını araşdırılması məqsədi ilə avtomaşına oturdub ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. Orada həmin şəxsin şəxsiyyəti aydınlaşdırılarkən onun 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bu barədə rəsmi raport tərtib edərək Təqsirləndirilən şəxs 4-cü PB-nə təhvil vermişlər. Əbülfətlə şifahi söhbət zamanı o, bir neçə gün əvvəl Kotec qəsəbəsində yerləşən həyət evlərinin birindən 1 ədəd velosiped oğurladığını etiraf etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasına gəlməmişlər. Lakin, Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs ifadəsi ilə analoji ifadə verərək zərərçəkmişin göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə Şahid1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd “İsma” markalı velosiped 28 oktyabr 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmtəəşünaslıq ekspertizasının 10 oktyabr 2022-ci il tarixli, 9/7233 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İsma” markalı yeniyetmələr üçün nəzərdə tutulmuş velosipedin istifadə olunması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan bazar qiyməti təxminən 350 manat müəyyən olunur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 oktyabr 2022-ci il tarixli 1(060)-67/2022 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(060)-67/2022 saylı hökmü ilə təyin olunmuş 02 il 04 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən hissəsi 02 il 02 ay 08 gün təşkil edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ola ola yenidən oğurluq cinayətini törətməsi, hazırki cinayət işinin məhkəmədə olduğu müddətdə məhkəmə icraatından yayınması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 02 il 02 ay 08 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 01 il 01 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri qaydasında cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdr. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “İsma” markalı velosipedin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumu dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 04 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CMnin 68.1.1-1-ci maddəsinə əsasən 01 il 02 ay 06 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və ona 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün və ona Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 2 ay 4 gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 1 ay 2 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 26 gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “İsma” markalı velosipedin saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar