Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-212/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Göyçay rayonu, Məlikkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 8, otaq 17 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 30.09.2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, “Karvan” Ticarət mərkəzinin yaxınlığında olan dayanacaqda olarkən 30 nömrəli sərnişin avtobusuna sərnişin qismində minən Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin yan cibinə əlini salaraq üzərində 04 manat dəyərində ***-***-**-** saylı GSM nömrəsi olan 900 manat dəyərində “İphone 11” markalı, 64 gb yaddaş tutumlu mobil telefonunu çıxartmaqla Zərərçəkmiş şəxs əmlakını gizli yolla talayaraq zərərçəkmişə ümumilikdə 904 (doqquz yüz dord) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,437 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 02 oktyabr 2021-ci il tarixdə saat 16:55-də Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «İrşad Telekom»un yaxınlığında saxlanılıb Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,437 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə isə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətində azadlıqdan məhrum edilmiş, heç bir psixi xəstəliyi olmamış, heç bir yerdə işləməmiş, fərdi işlə məşğul olmuşdur. Təxminən 2009-cu ildən etibarən narkotik vasitə qəbul edir. 30 sentyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhərində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığında avtobus dayanacağında olduğu zaman bir nəfər tanımadığı qadının dayanacaqda avtobus gözlədiyini, qadının cibindən mobil telefon çıxardığını, sonra isə yenidən telefonu əynində olan üst geyiminin cibinə qoyduğunu görüb pulu olmadığına görə həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin vaxt 30 saylı xətt avtobusu dayanacaqda dayanmış və qadın avtobusa minən zaman onun cibindən telefonu oğurlayıb dərhal oradan uzaqlaşmışdır. Sonradan baxanda həmin telefonun “iPhone” markalı telefon olduğunu görmüşdür. Sonra isə o telefonun üzərindəki nömrəni çıxarıb atmış və mobil telefonu söndürərək üzərində saxlamışdır ki, müştəri tapdığı halda satıb pul əldə etsin və ehtiyaclarına xərcləsin. Həmin vaxt telefonu oğurlanmasını görən olmamışdır. 02 oktyabr 2021-ci il tarixdə, təxminən saat 10 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman orada təsadüfən bir nəfər şəxslə tanış olmuş, həmin şəxslə söhbət zamanı o həmin şəxsin, eləcə də həmin şəxs də onun narkotik vasitə istifadəçisi olduğunu bildiyinə görə də həmin şəxsdən üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, həmin şəxs də ona üzərində bir ədəd bükümdə “şüşə” adı ilə tanıdığı metamfetamin olduğunu və həmin maddəni ona 35 manata sata biləcəyini demiş, o onunla razılaşıb ona 35 manat pul verərək ondan psixotrop maddə olan metamfetamini almış və həmin maddəni cibinə qoymuşdur. Metamfetamini cibində gəzdirmişdir ki, ürəyi istəyəndə istifadə etsin. 02 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində o oğurladığı mobil telefonu girov qoyub borc pul götürmək üçün tanışı Neymətə zəng etdikdən sonra onunla işlətdiyi Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Cavidan” adlanan kafeyə gedib görüşmüşdür. O kafedə Neymətlə çay içib çölə çıxdıqdan sonra söhbət əsnasında ona demişdir ki, ona borca pul lazımdır, üzərində ona məxsus «İphone 11» markalı mobil telefon var, onu girov qoyur, o da bunun əvəzində ona borca pul versin, pula ehtiyacı var, əlinə pul düşən kimi gətirib pulunu qaytarıb telefonu ondan götürəcək. Neymət ondan telefonu alıb baxmış və ona borca 20 manat pul verə biləcəyini demiş, o da onunla razılaşmışdır. Neymət ona 20 manat pul vermiş, o da ona telefonu vermişdir. Həmin vaxt onlar tək olmuşlar, yanında heç kim olmamışdır. O 20 manat pulu götürüb çıxıb getmiş, Neymət telefonu oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. 02 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində yerləşən «İrşad Telekom»un yaxınlığında olduğu zaman bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər, sonra isə ona narkotik vasitələrin qanunsuz dövriyyəsi lə bağlı şübhəli olduğunu deyib onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə 4-cü polis bölməsinə getmişdir. Orada ona şübhəli şəxs qismində tutuduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra vəkillərin siyahısını təqdim etmişlər. O həmin siyahıdan vəkil X3 onun hüquqlarını müdafiə etməsini istəmiş, bundan sonra ona müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və o da buna etiraz etməmiş, sonra isə vidoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlamışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya varsa könüllü olaraq təqdim etsin, o da həmin vaxt Corat qəsəbəsində tanımadığı şəxsdən almış olduğu və idman şalvarının sağ yan cibinə qoyduğu bir ədəd gümüşü rəngli siqaret kağızı bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükülü tərəzidə çəkilmiş və çəkisinin 0,71 qram olması müəyyən olunmuşdur. Sonra isə həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və o da həmin protokola imza etmişdir. Üzərində keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş psixotrop maddə olan metamfetamini bir neçə saat bundan əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 35 manat pul verərək şəxsi istifadəsi üçün almışdır. Metamfetamini üzərində saxlamaqda məsədi özü istifadə etmək olmuş, onun psixotrop maddəni satmaq və ya kiməsə vermək fikri olmamış, metafmetamini aldığı şəxsi əvvəllər tanımamış, onunla təsadüfən tanış olmuş, həmin şəxsin onda telefon nömrəsi olmamış, o əvvəllər həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamış, o ümumiyyətlə heç vaxt narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamış, polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamış, Şahid3 tanıyır, onunla həmişə yaxşı münasibəti olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən səmimi peşman olmaqla, zərərçəkmiş şəxsin telefonunun qaytarıldığını göstərərək, məhkəmədən qeyd olunan halların nəzərə alınmaqla ona yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hər gün saat 09 radələrində azyaşlı oğlunu Sumqayıt şəhəri «Karvan» Ticarət mərkəzinin yaxınlığında yerləşən «Pepe» adlı baxça tipli təlim tərbiyyə müəssisəsinə aparıb, axşam saat 17 radələrində isə gedib götürərək müvəqqəti kirayə yaşadığı evin yaxınlığında yerləşən 12 nömrəli məktəbin 3-cü sinifində oxuyan qızını da məktəbdən götürərək yaşadığı evə getmişdir. 30.09.2021-ci il tarixdə saat 17 radələrində hər gün olduğu kimi azyaşlı oğlunu baxçadan götürüb piyada olaraq “Karvan» ticarət mərkəzinin yaxınlığında olan dayanacağa getmiş və orada 30 saylı avtobusun gəlməsini bir neçə dəqiqə gözləyib avtobus dayacanağa yaxınlaşdıqda isə bir qədər irəliyə getmişdir. Bir əlində əl çantası olmuş, digər əli ilə də uşağı tutub saxlamışdır. Avtobus yaxınlaşdıqda digər sərnişin kimi o da avtobusa minmişdir. Avtobus hərəkətə başlayıb bir neçə metr getmişdir ki, o əynində olan qəhvəyi rəngli plaşın cibində olan içərisində 10 (on) manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1600 manat dəyərində «İphone11» markalı mobil telefonu çıxartmaq istyərkən görmüşdür ki, telefon cibində yoxdur və başa düşmüşdür ki, naməlum şəxs cibindən telefonunu oğurlayıbdır. Bu səbəbdən də o 02.10.2021-ci il tarixdə ərizə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə müraciət etmiş, daha sonra həmin bölməyə dəvət olunaraq orada ondan izahat alınmışdır. Həmin oğurluq nəticəsində ona 1610 manat məbləğində maddi ziyan vurulmuşdur. İlkin izahatında o mobil telefon nömrənin dəyərini qeyd etmədiyi üçün ona vurulmuş ziyanın dəyərini 1600 manat kimi göstərmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində mobil telefondan başqa hər hansı bir əmlakı oğurlanmamışdır. Telefonu oğurlanan zaman görməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus mobil telefon ibtidai istintaq orqanı tərəfindən özünə qaytarıldığını bildirərək, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-ci PB-nin əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, 02.10.2021-ci il tarixdə Sumqayıt şəhərində Səbuhi adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında 02.10.2021-cu il tarixdə, saat 16:55-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon əraziisndə yerləşən “İrşad Telekomun” yaxınlığında müəyyən olunaraq ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirirək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə dəvət etmişlər, o da etiraz etmədən onlarla birlikdə həmin polis bölməsinə getmiş, polis bölməsinə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Rafiq Quliyev ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmiş, Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, daha sonra onlar da özlərini təqdim etmişlər. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Rafiq Quliyev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Vaqif Əliyev təqdim olunmuş, o hüquq və vəzifələri ilə tanış olub vəkilinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetmini onlara təqdim etmiş, ondan həmin metamfetamini haradan əldə etdiyi soruşulduqda, Səbuhi də demişdir ki, həmin metamfetamini 02.10.2021-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 35 manata şəxsi istifadəsi üçün almışdır. Daha sonra Səbuhinin üzərindən aşkar olunan həmin psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Səbuhi də həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Səbuhi Xanlarova qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, saxlanılarkən o heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmədə Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onun tanışıdır. O Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən “Cavidan” adlanan kafesini işlədir. 02 oktyabr 2021ci il tarixdə, saat 14 radələrində o həmin kafedə olarkən Səbuhi ona zəng edib görüşmək istədiyini demiş, o ona işlətdiyi kafeyə gəlməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra Səbuhi onun işlətdiyi kafeyə gəlmiş, onlar kafedə çay içib çölə çıxdıqdan sonra söhbət əsnasında Səbuhi ona demişdir ki, ona borca pul lazımdır, üzərində ona məxsus «İphone 11» markalı mobil telefon var, onu girov qoymaq istəyir, bunun əvəzində ona borca pul versin, pula ehtiyacı var, əlinə pul düşən kimi gətirib pulunu qaytarıb telefonu ondan götürəcək. O da ondan telefonu alıb baxmış və ona borca 20 manat pul verə biləcəyini demiş, Səbuhi də onunla razılaşmışdır. Daha sonra o ona 20 manat pul verib, telefonu ondan götürmüş, həmin vaxt onlar tək olmuşlar, yanında heç kim olmamışdır. Səbuhi 20 manat pulu götürüb çıxıb getmiş, həmin gün axşam saatlarında ona 4-cü PB-dən zəng olunaraq həmin bölməyə dəvət edildiyi üçün bölməyə getmiş və ondan orada izahat alınarkən ona məlum olmuşdur ki, Səbuhinin ona borc əvəzinə girov qoyduğu həmin mobil telefon oğurluqdur. O da həmin telefon bölməyə təqdim etmişdir. Səbuhinin ona borc əvəzinə verdiyi mobil telefonun oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamış, Səbuhi həmin telefonu ona verərkən özünə məxsus olduğunu demiş, o da ona inandığı üçün telefonu götürüb ona 20 manat borca pul vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşunaslıq ekspertizasının 02.12.2021-ci il tarixli, 9/8088 saylı rəyində görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan bazar qiyməti ilə ümumi dəyəri 904 manat müəyyən olunur. O cümlədən: -01 ədəd «İphone11» markalı 64 gb yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla -900 manat; -01 ədəd ***-***-**-** saylı GSM nömrə – 04 manat. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 03.10.2021-ci il tarixli, 6/4356 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...”yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,437 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Metamfetaminin təmiz çəkisi 0,437 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,387 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 23.12.2021-ci il tarixli, 5261 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azəbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 3896 №li 15.11.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin Dispanserdə 2020-ci ilin iyul ayından narkomaniya diaqnozi ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri onun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.12.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər, məhkəməsinin 19.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdir. Bununla da hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin aradan qaldırılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-499/2021 saylı, 04.10.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli 02.10.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, eyni məhkəmənin 4(060)- 690/2021 saylı, 28.12.2021-ci il tarixli qərarı ilə barəsində həbsdə saxlama müddəti 15 gün, yəni 17 yanvar 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin 17.01.2021-ci il tarixli qərarı ilə barəsində həbsdə saxlama müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış və həmin məhkəmənin 25.01.2022-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 02 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,387 qram qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası ilə əlaqədar 114 manat və məhkəmə əmtəəşunaslıq ekspertizası ilə əlaqədar 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli (iş № 1(060)-212/2022) qərarını icra edərək, 18 yanvar 2022-ci il tarixli 172/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 02 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,387 qram qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə kimyəvi ekspertizası ilə əlaqədar 114 manat və məhkəmə əmtəəşunaslıq ekspertizası ilə əlaqədar 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-212/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-212/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver