Məhkəmə qərarları › İş №1(060)-213/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-213/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-213/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci il tarixində Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 20 yanvar metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə 40 manat müqabilində ümumi çəkisi 0,842 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 oktyabr 2021-ci il tarixdə, saat 17:15 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının Sumqayt şəhəri, 76-cı məhəllə ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd qırmızı rəngli parça pencəyin sol yan cibindən siqaretin qırmızı kağızına bükülmüş xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni 06 ədəd, ayrı ayrılıqda çəkiləri 0,171 qram, 0,122 qram, 0,163 qram, 0,142 qram, 0,158 qram, 0,086 qram olmaqla ümumi təmiz çəkisi 0,842 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və üzərində heroin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul deyildir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında evdə yatan zaman 7-8 nəfər polis əməkdaşı evə daxil olmuşlar, onu yatdığı yerdən oyadmışlar və əyninə paltarlarını geyindikdən sonra aparmışlar. Onun üzərində narkotik vasitə və elektron tərəzi olmamışdır. Narkotik vasitə və elektron tərəzi PB-də polis əməkdaşları tərəfindən onun üzrənə qoyulmuş və polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərildiyinə görə PB-də narkotik vasitənin və elektron tərəzinin onun olduğunu etiraf etmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, təxminən saat 17:15 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yaşadığı evin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirmiş, onu 5-ci PB-nə dəvət etmiş, PB-də olarkən üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X4 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan tünd qırmızı rəngli parça pencəyin sol yan cibində saxlamış olduğu 06 ədəd siqaretin kağızları bükümləri və pencəyin sağ yan cibindən 01 ədəd elektron tərəzi təqdim etmişdir. Həmin bükümlər polis əməkdaşı tərəfindən açılmış, bükümlərdə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı o, aşkar olunan maddələrin "heroin” olduğunu, aşkar olunmuş həmin 06 bükümü və ümumilikdə 08 bükümü xx.xx.2021-ci il tarixdə Bakı şəhərində «20 yanvar dairəsi» yaxınlığında tanımadığı şəxsdən 40 manata aldığını, 02 büküm narkotik vasitə heroini özü üçün istifadə etdiyini, qalan 06 bükümdə olan narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxladığını və elektron tərəzini istifadə etdiyi narkotik vasitənin çəkisini ölçdüyünü bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin, də həmin cibində bir ədəd işlək vəziyyətdə olan elektoron tərəzini də təqdim etmişdir. Təqdim etdiyi elektron tərəzi də eyni qaydada qablaşdırılaraq möhürlənmişdir. Bildirmişdir ki, üzərində gəzdirdiyi elektron tərəzini narkotik vasitə alarkən çəkini müəyyən etmək üçün üzərində saxlamışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə satmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni aldığını şəxsi tanımadığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrin və psixatrop maddələrin satışı ilə məşğul olmadığı halda o, yüksək miqdarda narkotik vasitə istifadə etdiyi üçün üzərində 06 büküm gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis kapitanıdır. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixində Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi ev ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis mayoru Şahid2 və kriminalistik təhqiqatlar bölməsinin inspektorkriminalisti, polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər və Sumqayıt 1 saylı Vəkillər Bürosunun vəkili X2 iştirakını təmin etmişlər. Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında olması barədə təkrar məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisinə gəlmişlər. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəldiyini görmüşlər. Onlar 17:15-də Təqsirləndirilən şəxs görüb onu saxlamışlar və özlərini təqdim etdikdən sonra saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirmiş və 5-ci PB-nə dəvət etmişlər. PB-də Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə edən vəkili Nizami Salamov təqdim edilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bildiriş təqdim edilmişdir. Bundan sonra sonuncuya üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş etmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd qırmızı rəngli parça pencəyin sol yan cibində saxlamış olduğu 06 ədəd siqaretin kağızları bükümləri və pencəyin sağ yan cibindən 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərin nə olduğu soruşulan zaman narkotik vasitə “Kakos” olduğunu bildirmişdir. Daha sonra elektron tərəzi işə salınmışdır və saxlanılmış şəxsin üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülmüşdür. Daha sonra bükümlər təhqiqatçı tərəfindən tək-tək açılaraq baxılmışdır. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vaistəni Bakı şəhəri, 20 yanvar ərazisindən şəxsi istifadəsi üçün, tanımadığı şəxsdən 40 manat pul ödəməklə aldığını və elektron tərəzini narkotik vasitə aldığı üçün həmin maddələrin çəkisi ölçmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra şəxsi axtarış davam etdirilmiş, lakin istintaq üçün əhəmiyyətli heç bir əşya tapılmamışdır. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılmışdır, möhürlənmişdir və videoçəkiliş dayandırılmışdır. İfadədə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərində 20 yanvar dairəsi yaxınlığında, tanımadığı şəxsdən 40 manat ödəyərək aldəğını, hal-hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi, eyni zamanda əldə etməsində vasitəçilik etməsi və satması ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatının olduğunu və keçirilmiş tədbirlər nəticəsində saxlanıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis mayoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində qışqırıq səsləri eşidərək küçəyə çıxmış, iki polis geyimli və iki mülki geyimli şəxslər Təqsirləndirilən şəxs zorla maşına əyləşdirmək istədiklərini görmüşdür. Təqsirləndirilən şəxs üzərində şortik və mayka olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və elektron tərəzinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, təhqiqatçı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru Zaur Ağayev olduğunu bildirir. Sonra saxlanılan şəxsə özünü təqdim etməsini bildirir. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Daha sonra təhqiqatçı saxlanılan şəxsə hansı əsəslarla saxlanıldığını bildirir. Daha sonra mülki geyimdə olan polis əməkdaşları özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin polis sahə rəisi, polis mayoru Şahid2 olduqlarını bildirirlər. Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə edən vəkili Nizami Salamov təqdim edilir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin izah edilməsi ilə bildiriş təqdim edilir. Bundan sonra ona üzərində qanunsuz əşyaları təqdim edilməsi xahiş edilir. Təqsirləndirilən şəxs əynində olan özü əynində olan tünd qırmızı rəngli parça pencəyin sol yan cibində saxlamış olduğu 06 ədəd siqaretin kağızları bükümləri və pencəyin sağ yan cibindən 01 ədəd elektron tərəzini təqdim edir. Həmin bükümlərin nə olduğu soruşulan zaman narkotik vasitə "Kakos” olduğunu bildirir, Daha sonra elektron tərəzi işə salmır və saxlanılmış şəxsin üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyularaq çəkisi ölçülür. Bükümlərin 0,24, 0,17, 0,21, 0,78, 0,23, 0,23 qram olması müəyyən edilir. Daha sonra bükümlər təhqiqatçı tərəfindən tək-tək açılaraq baxılır. Baş təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs narkotik vasitəni 08 bükümdə Bakı şəhəri, 20 yanvar ərazisindən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 40 manat pul ödəməklə aldığını, 02 bükümünü özü üçün istifadə etdiyini və elektron tərəzini həmin maddələrin çəkisi ölçmək üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra şəxsi axtarış davam etdirilir, lakin istintaq üçün əhəmiyyətli heç bir əşya tapılmır. Saxlanılan şəxsin üzərindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi kağız zərfə qoyularaq qablaşdırılıb, möhürlənir və videoçəkiliş dayandırılır. Həmçinin əynində şalvar və köynək olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4461 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi olan və üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,171 qram, 0,122 qram, 0,163 qram, 0,142 qram, 0,152 qram, 0,086 qram ümumi təmiz çəkisi 0,842 qram qəhvəyi rəngli tozşəkilli maddələr narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,842 qram, tədqiqata sərf edilən miqdar - 0,12 qram, qalıq - 0,722 qram. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/4690 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi olan və üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş 06 ədəd bükümdə olan narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. -üzərində “vət.Təqsirləndirilən şəxs...” sözləri, ad,soyad və imzalar qeyd edilmiş kağız paketdə ki 01 ədəd DigitalScale 500g x 0,1g markalı qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və Təqsirləndirilən şəxs aşkar edilmiş heroin ilə müqayisəli tədqiqatı mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2021-ci il tarixli, 4756 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 0,842 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,722 qram heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-510/2021saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 3507 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2008-ci il tarixdən Sumqayıt şəhəri Narkoloji Dispanserdə “Narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verlmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin Müvəqqəti saxlama yerinin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabından çıxarışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə saat 10:00 radələrində Təqsirləndirilən şəxs hər iki ayaqlarının şiş olması və sağ ayağının yara vəziyyəti aşkar olunmuşdur. Müayinə zamanı hər iki ayağının şişkinliyi narkotik vasitələrin istifadəsinin sonrakı fəsadları kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs şikayəti olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında onun polis əməkdaşlarını tərəfindən döyüldüyünü və narkotik vasitənin onun üzərinə qoyulduğunu bildirsə də, iş materiallarında olan Sumqayıt ŞPİ-nin Müvəqqəti saxlama yerinin tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabından çıxarışdan müəyyən olunmuşdur ki, müayinə zamanı onun ayaqlarının şiş olması və sağ ayağının yarası narkotik vasitələrin istifadəsinin sonrakı fəsadları kimi qiymətləndirilmiş və o, bu barədə şikayət etməmişdir. Həmçinin məhkəmə iclasında nümayiş etdirilən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin və elektron tərəzinin aşkarlanaraq götürülməsini əks etdirən video görüntüdən də müəyyən olunur ki, narkotik vasitələr və elektron tərəzi onun üzərindən çıxmışdır və o törətyini cinayət əməlini etiraf etmişdir. Bundan başqa məhkəmə iclasında Təqsirləndirilən şəxs vəkilinin şifahi vəsatətinə əsasən əlavə şahid kimi dindirilmiş Şahid3 Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılması zamanı onun üzərində şortik və mayka olduğunu bildirsə də, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində xx.xx.2021-ci il tarixdə səhər saatlarında evdə yatan zaman 7-8 nəfər polis əməkdaşlarının evə daxil olduqlarını, onu yatdığı yerdən oyatdıqlarını və əyninə paltarlarını geyindikdən sonra apardıqlarını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxslə əlavə şahidin ifadələrinin bir-birinə zidd olmasına tənqidi yanaşaraq hesab edir ki, əlavə şahidin verdiyi ifadə Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır və yuxarıdakı sübutlarla təkzib olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,842 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 0,722 qram heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olmağı nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 0,722 qram heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 228,00 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar