Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-214/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmuş və qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Novxanı qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 445 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 13:31-də Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin arxa tərəfində Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ qoltuqaltı hissəsində saxladığı göy rəngli 01 ədəd polietilen torbadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi xalis çəkisi 445 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 2 ildir ki, narkotik vasitə olan marixuana istifadəçisidir. Heç bir zaman narkotik vasitə və ya psixotrop maddələrin satışı işi ilə məşğul olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Novxanı qəsəbəsi ərazsində yerləşən məscidin yaxınlığında piyada evinə gedirkən məscidin yanına çatanda əlində göy rəngli sellofan torba olan şəxs onu yanına çağırmışdır. Həmin şəxsi əvvəllər görməmişdir və tanımır. Həmin şəxs ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşmuşdur. O, polis olacağından şübhələnib “yox” deyəndə həmin şəxs ona “narahat olma əlimdə bir az mal var, istəsən sənə ucuz qiymətə sata bilərəm” deyib sağ əlində tutduğu göy rəngli sellofan torbanın ağzını açıb içərisindəki marixuanaya bənzər bitki kütləsini ona nümayiş etdirmişdir. Ətrafda kimsə olmamışdır. Uzun müddət narkotik vasitə qəbul etmədiyi üçün narahat olduğundan özünü saxlaya bilməyib almağa qərar vermişdir. Qiymətdə razılaşmaqla həmin şəxsə 65 manat pul verib narkotik vasitə olan qurudulmuş marixuananı ondan almışdır. Birbaşa yaşadığı evə getmişdir. Gec olduğu üçün həmin gün narkotik vasitə qəbul etməmişdir. Evdə kimsə görməsin deyə sellofan torbanı gizlətmişdir. xx.xx.2020-ci il tarixdə sellofan torbanı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ qoltuq nahiyəsinə qoyub evdən çıxmışdır. Saat 13:31-də Sumqayıt şəhəri 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin arxa tərəfindən keçən zaman onu polis əməkdaşları saxlamışdırlar. Özlərini təqdim etmişlər və onun narkotik vasitələrin istifadəsində şübhəli bilindiyini demişdirlər. O özünü təqdim etmişdir. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, özü də buna razı olmuşdur. Videoçəkiliş davam edə-edə ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya, yaxud predmetin olub-olmadığı soruşulmuşdur. Həmin vaxtı əynində olan tünd yaşıl rəngli qış gödəkçəsinin sağ qultuqaltı hissəsindən içərəsində narkotik vasitə qurudulmuş marixuana kütləsi olan sellofan torbanı çıxarıb təqdim etmişdir. Üzərində başqa qanunsuz əşya və ya predmet olmamışdır. Baxış keçiriləndən sonra sənədləşdirmə işi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmış, orada üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana kütləsi polis əməkdaşları tərəfindən tərəziyə qoyulub çəkilərkən ümumi çəkisinin 475 qram olduğu müəyyən edilmişdir. Sonra protokol yzılmış və o da imzalamışdır. Hazırda əməlindən peşmandır, Sumqayıt şəhərində müxtəlif işlərdə işləyərək ailəsini dolandırır. X5 Vətən Müharibəsində iştirak etmişdir, bunu və ağır ailə vəziyyətini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 oğlu göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-də baş əməliyyat müvakkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin narkotiklərlə mübarizə bölməsinə Sumqayıt şəhəri 43-cü məhəllə ərazisində Fikrət adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat tərəfindən idarə rəhbərliyinə məruzə edildikdən sonra o, Şahid2, Şahid3, Şərail Quliyev və Orxan Aslanovdan ibarət əmaliyyat tədbrilərinin keçirilməsindən ötrü qrup yaradılmışdır. Həmin gün saat 13:20 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin arxa tərəfində mövqe tutmuşlar. Saat 13:31-də əynində tünd yaşıl rəngli papaqlı gödəkçə, göy rəngli cins şalvar və qəhvəyi rəngli ayaqqabı olan şəxs iki əli cibində asfalt yol ilə onlara tərəf adi yerişlə addımladığını görmüşlər. Onlar yaxınlaşıb həmin şəxsin sağ və sol qoluna girmişlər. Təhqiqatçı Ş.Quliyev həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Daha sonra onlar özlərini ardıcıllıqla təqdim etmişlər. Təhqiqatçının xahişi ilə saxlanılan şəxs özünün Təqsirləndirilən şəxs olduğunu, Corat qəsəbəsi ev 558 ünvanında yaşadığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs saxlamanının səbəbini izah edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmimşdir. Şərail Quliyev Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl rəngli gödəkçəsinin zəncirbəndini açıb sağ qoltuqaltı hissəsində saxladığı göy rəngli 01 ədəd polietilen torbanı təqdim etmişdir. Təhqiqatçının müvafiq sualına uyğun olaraq Təqsirləndirilən şəxs torbanın içərisindəkinin nəşə (narkotik vasitə olan marixuana) olduğunu bildirmişdir. Təhqiqiatçı tərəfindən həmin torba açılarkən içərəsində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2020-ci il tarixdə Novxanı qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında tanımadığı şəxsdən özünün istifadəsi üçün 65 manat qarşılığında aldığını bildmişdir. Bundan sonra isə sonrakı sənədləşdirmənin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs 1-ci PB-nə gətirilmişdir. Orada Təqsirləndirilən şəxs götürülmüş qurudulmuş marixuana kütləsinin 445 qram olması müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən tərtib olunmuş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş narkotik kütlə qablaşdırılaraq möhürlənib MEMnə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 13:31də Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şərail Quliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 19) İş materiallarında olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib MSY-dən azad edilmişdir. (i.v.69-70) İş materiallarında olan qərardan, “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbirinin tələblərini pozduğu üçün barəsində xx.xx.2021-cu il tarixdə barəsində axtarış elan olunmuş, xx.xx.2021-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSYnə təhvil verilmişdir. (i.v.110-112, 115-117) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4 (060)–15/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx xxxxxx 2021-ci ildən hesablanmışdır. (i.v.128-129) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolda Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilərək götürülməsi əks etdirilmişdir. (i.v. 25-26) İş materiallarında olan, məhkəmə iclasında da nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə olan marixuana olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 119-120) İşdə olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli 7/812 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim olunmuş göy rəngli polietilen torbada təmiz çəkisi 445,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən klustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (tədqiqatdan sonra qalıq çəkisi 444,95 qr.). (i.v. 37-40) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş 445,0 qram narkotik vasitə olan qurdulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 444,95 qram qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v.66,79) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2021-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyindən bir ədəd CD Compact disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (i.v.134-140) İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli, 3460 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2011-ci il tarixdən Sumqayıt Şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü əsasında Azərbaycan respublikası CM-nin 263.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə, 01 il 06 ay nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli qərarı ilə xx.xx.2013-cü il tarixli qərar ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilib 01 il 06 ay nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 03 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Ali məhkəmənin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzası 04 il 06 aya endirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxsdir. (i.v.83-85) Sumqayıt Şəhər Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1289 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmə əlavə cəzasının müddəti bitdiyindən o qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 270 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.132-133) İş materiallarında olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır, ailəsi valideynləri və qardaşı X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 91-93) Məhkəməyə təqdim edilmiş “Fəxri Fərmanlar”dan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı mayor X4 həqiqi hərbi xidmətdədir, “Vətən Müharibəsi” zamanı döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Prezidentini xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 445 qram çəkidə narkotik vasitə olan marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eyni zamanda qardaşı X3 həqiqi hərbi xidmətdə olmaqla “Vətən Müharibəsi” zamanı döyüşlərdə iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda qardaşı X3 “Vətən Müharibəsi” zamanı döyüşlərdə iştirak etməsini, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,95 qram narkotik vasitə marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan protokollardan və məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək tutularaq saxlanmış, xx xxxxxx 2021-ci il tarixdə tutulmuş, həmin vaxtdan həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 (üç) ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək tutularaq saxlandığı 02 gün, xx xxxxxx 2021-ci il tarixdən xx xxxxx 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün, cəmi 03 (üç) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 11 (on bir) ay 16 (on altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 444,95 qram narkotik vasitə marixuana məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-214/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-214/2021
20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver