Məhkəmə qərarları › İş №1(060)-214/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-214/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-214/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Kəngərli rayonu, Qarabağlar kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib vahid niyyətlə onun nəvəsi X2 ali təhsil almış olduğu Bakı Avrasiya Universitetində kəsrinin düzəldib diplomunun alınmasında köməklik göstərəcəyini yalan vəd verib aldadaraq xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən İqtisadiyyat Universitetinin yanında 3000 (üç min) manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 19:17-də Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Karvan” ticarət mərkəzinin içərisində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə “Leobank”a aid olan 4098 5844 6468 0691 kart hesabına göndərdiyi 1500 (min beş yüz) manat pulu çıxarmaqla, cəmi 4500 (dörd min beş yüz) manat pulunu alıb həmin məbləği ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Qoşqarla Bakı Avrasiya Universitetində, lakin ayrı-ayrı fakültələrdə təhsil almışlar. Tanışlıqları da universitetdə oxuduqları müddətdə yaranmışdır. 2022-ci ilin mart ayında Qoşqar ona zəng edərək hərbi xidmətdə olduğunu, diplomunu hələ də universitetdən ala bilmədiyi üçün hərbi xidmətini 1 il 6 ay alacağını söyləmişdir. Hərbi xidmətin 1 il davam etməsi üçün universitetdə kəsrlərinin düzəlib diplomu almaq lazım olduğunu bildirmiş və buna görə də babasının onunla əlaqə saxlayacağını demişdir. Bir neçə gün sonra Qoşqarın qardaşı Coşqun ona zəng etmiş və Coşqunla, onun babası Teymurla Bakı şəhəri ərazisində görüşmüşlər. Onlarla görüşənədək o Qoşqarın universitetdə oxuduğu müddətdə yaranmış kəsrlərinin çox olduğunu öyrənmişdir. Coşqun və Teymurla görüşdüyü zamanda o həmin şəxslərə bu barədə məlumat vermiş, onlar da əllərində 3000 manat pullarının olduğunu demişlər. O ilkin mərhələdə onlarla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nərimanov ərazisində yerləşən İqtisadiyyat Universitetində Coşqun və Teymurla görüşmüşdür. Orada Teymur ona 3000 manat pul vermiş, o da Teymura Qoşqarın universitetdə olan kəsrlərini düzəldib 2 ay ərzində onun diplomunu hazır etdirib verəcəyini demişdir. Teymur onunla razılaşmışdır. Teymurdan 3000 manat pulu götürdükdən sonra həmin pulu Qoşqarın kəsrlərinin düzəlməsinə deyil borcları olduğu üçün həmin borclarının ödənilməsinə xərcləmişdir. Teymura söz verdiyi 2 ay ərzində Teymur onunla əlaqə saxladığı zaman o həmin şəxslərə yalandan işin həll olunacağını demişdir. Bir müddət sonra Teymur onunla yenidən əlaqə saxladığı zaman o Teymura işin həll olunmadığını deyib, pulu geri qaytaracağını bildirmiş, lakin Teymur ona pulu qaytarmamağı işin həlli üçün əlavə pul lazım olsa verə biləcəyini demişdir. Teymur ona əlavə 1500 manat pul vermək imkanı olduğunu bildirmişdir. Onun hesab kartı olmadığı üçün tanışı Ruslanın “Leo Bank”a aid olan 4098-5844-6468-0691 hesab nömrəsini Teymurun digər nəvəsi Coşquna göndərmişdir. Teymur da xx.xx.2022-ci il tarixdə 1500 manat pulu həmin karta göndərmişdir. Həmin müddətdə tanışı Ruslanın kartı onun istifadəsində olmuşdur. Həmin pulu da bir neçə gün ərzində şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat alaraq onun nəvəsi Qoşqarın Bakı Avrasiya Universitetində təhsil aldığı müddətdə yaranmış kəsrlərini düzəldib diplomunu alacağı vədini versə də həmin vədə uyğun heç bir hərəkət etməmişdir. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Hazırda ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 13 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir, onunla barışmışdır, təqsirini boynuna alır, əməlindən peşmandır. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, nəvəsi X4 2021-ci ilin iyul ayında hərbi xidmətə getmiş və hazırda da hərbi xidmətdədir. Qoşqar Məmiyev Bakı Avrasiya Universitetinin regionşünaslıq fakültəsini bitirmişdir. Lakin kəsrləri olduğundan diplomunu ala bilməmişdir. Qoşqar Məmiyevin hərbi xidmətinin 1 il davam etməsi üçün universitetdən diplomunun alınıb hərbi hissəyə verilməsi lazım olmuşdur. Qoşqar Məmiyev qardaşı Şahidlə telefonla danışdığı zaman Coşquna diplomun alınması üçün onun qrup yoldaşı Təqsirləndirilən şəxs maraqlanmaqlarını xahiş etmişdir. Bundan sonra Şahid Qoşqar Məmiyevin qrup yoldaşı olan Rafiqlə danışmış, Rafiq də oxuduqları Bakı Avrasiya Universitetində işləyən qohumunun olduğunu, həmin şəxsin bir neçə tələbəyə köməklik göstərdiyini, onun vasitəsilə diplomu almağa köməklik edə biləcəyini demişdir. Bir neçə müddətdən sonra da Rafiq nəvəsi Coşquna zəng edərək Qoşqarın universitetdə kəsrlərinin olduğunu, kəsri düzəldib diplomu almaq üçün onun qohumunun kömək edə biləcəyini, bunun üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O da Rafiqin dediyi şərtlə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə nəvəsi Coşqunla birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən İqtisadiyyat Universitetinin yanında Rafiqlə görüşmüşlər. 3000 manat pulu o orada Rafiqə vermişdir. Rafiq də iki ay ərzində diplomun düzələcəyini demişdir. Onlar Rafiqlə razılaşaraq yaşadıqları ünvana geri qayıtmışlar. 2022ci ilin may ayına kimi diplom alınmalı olduğundan nəvəsi Coşqun Rafiqlə danışmışdır. Rafiq də Qoşqarın kəsri çox olduğu üçün əlavə olaraq 1500 manat pul lazım olacağını bildirmişdir. O 1500 manat pulu ödəməyə razılaşmışdır. Rafiq də nəvəsi Coşqunun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən vatsap sosial şəbəkəsi vasitəsi ilə Leobanka aid olan 4098 5844 6468 0691 kart nömrəsini göndərmişdir. Həmin kartın qohumuna aid olduğunu bildirmişdir. O nəvəsi Coşqunla birlikdə xx.xx.2022-ci il tarixdə, saat 19:17 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "Karvan" ticarət mərkəzinin içərisində yerləşən Araz marketdə quraşdırılmış olan eManat ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 1500 manat pul göndərmişdir. Bundan sonra da Rafiqlə danışdıqları zaman o, may ayının sonuna kimi diplomun həll ediləcəyini bildirmişdir. Lakin sonradan Rafiqdən diplomu maraqlandığı zaman Rafiq Qoşqarın kəsri çox olduğu üçün məsələnin alınmadığını bildirmişdir. Belə olduğu halda da o Rafiqdən verdiyi pulu geri tələb etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxs X3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmədə Şahid göstərdi ki, qardaşı X4 2021-ci ilin iyul ayında hərbi xidmətə getmiş və hazırda da hərbi xidmətdədir. X7 Bakı Avrasiya Universitetinin regionşünaslıq fakültəsini bitirmişdir. Lakin diplomunu ala bilməmişdir. Onun hərbi xidmətinin 1 il davam etməsi üçün universitetdən diplomun alınıb hərbi hissəyə verilməsi lazım olmuşdur. Qoşqarla danışdığı zaman Qoşqar ona qrup yoldaşlarından maraqlanmasını xahiş elmişdir. O Qoşqarın qrup yoldaşı olan Rafiqlə danışmışdır. Rafiq həmin universitetdə tanışı olduğunu diplomu almağa köməklik edəcəyini demişdir. Bir neçə müddətdən sonra da Rafiq ona zəng edərək Qoşqarın universitetdə kəsri olduğunu demiş və kəsri düzəldib diplomu almaq üçün onun tanışının köməklik edə biləcəyini demişdir. Lakin bunun üçün 3000 manat lazım olduğunu demişdir. O Rafiqlə razılaşmış və bu barədə babası Zərərçəkmiş şəxs demişdir. xx.xx.2022-ci il tarixdə o babası ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən İqtisadiyyat Universitetinin yanında Rafiqlə görüşmüşlər. 3000 manat pulu babası orada Rafiqə vermişdir. Rafiq də iki ay ərzində diplomun düzələcəyini demişdir. Onlar Rafiqlə razılaşaraq yaşadıqları ünvana geri qayıtmışlar. May ayının 20-də Rafiqlə danışmışdır. Əslində həmin vaxta kimi diplom düzəlməli idi. Lakin düzəlməmişdir. Buna görə də Rafiqlə danışan zaman Rafiq Qoşqarın kəsri çox olduğu üçün əlavə olaraq 1500 manat pul lazım olacağını demişdir. Rafiq ilk əvvəl pulu geri qaytaracağını demişdir. Onlar isə əlavə 1500 manat pul verməyə hazır olduqlarını demişlər. Rafiq onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən vatsap sosial şəbəkəsi vasitəsi ilə Leobanka aid olan 4098 5844 6468 0691 kart nömrəsini göndərmişdir. Həmin kartın qohumuna aid olduğunu bildirmişdir. O babası ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 19:17 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən "Karvan" ticarət mərkəzinin içərisində yerləşən Araz marketdə quraşdırılmış olan eManat ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına 1500 manat pul göndərmişdir. Bundan sonra da onunla danışdıqları zaman Rafiq may ayının sonuna kimi diplomu həll ediləcəyini bildirmişdir. Lakin diplom məsələsi alınmamışdır. Həmin şəxsdən maraqlandıqları zaman Rafiq Qoşqarın kəsri çox olduğu üçün məsələnin həll edilmədiyini bildirmişdir. Belə olduğu halda onlar Rafiqdən pulu geri tələb etmişlər. Lakin o, pulu ödəyəcəyini bilidirsə də, ödəməmişdir. Buna görə də həmin şəxsin onlara qarşı dələduzluq etdiyini görüb babası DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri vasitəsilə müəyyən edilərək istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və Sumqayıt .ŞPİ-nin 4-cü PB-nin 17705-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dərhal MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Ruslan adlı şəxsin barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-214/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 3 saylı İstintaq Təcridxanasının 3-16-17/40/2-1454/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin, barəsində qərar qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar