Məhkəmə qərarları › İş №1(060)-217/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-217/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-217/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Mığıdərə kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri 2-ci məhəllə, ev 6A/8, mənzil 57-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «Covid-19» virusuna yoluxduğu halda 20.11.2020-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvanı tərk edərək öz şəxsi məqsədləri üçün Bakı şəhərinə və 21.11.2020-ci il tarixdə saat 08:30 radələrində dərman almaq üçün yaşadığı evin yaxınlığında yerləşən «Zeytun» aptekə gedərək xüsusi karantın rejimi dövründə epidemiya əleyhinə rejimi eləcədə sanitariya-gigiyena və karantın rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Avtomobil alqı-satqısı ilə məşğuldur. Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən ünvanda valideynləri, arvadı və 3 azyaşlı övladları ilə birgə yaşayır. 2020-ci ilin noyabr ayının ortalarında valideynlərinin səhhətlərində yaranmış narahatçılıqla bağlı tibbi testlərdən keçirilən zaman onlarda Covid 19 (koronovirus) virusuna yoluxmaları müəyyən edilmişdir. O da koronovirusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün 16.11.2020-ci il tarixdə TTYX ilə telefon əlaqəsi saxlayıb mövcud vəziyyət barədə məlumat verməklə onlardan ailə üzvlərindən test nümunələrinin götürülməsi üçün yaşadığı evə gəlmələrini xahiş etmişdir. Xahişi üzrə 16.11.2020-ci il tarixdə təxminən saat 22 radələrində yaşadığı evə xüsusi geyimdə olan TTYX-nın həkim briqadası gəlib o, və qalan ailə üzvlərindən test nümunələri götürmüşlər. 18.11.2020-ci il tarixdə təxminən saat 20 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə İTS.GOV.AZ portalından SMS daxil olmuşdur. Həmin SMS-də onun koronovirusa yoluxmağına bildirilməklə, yaşadığı evi tərk etməməyi, tərk edəcəyi təqdirdə İXM və ya CM ilə məsuliyyətə cəlb olunacağı ilə bağlı xəbərdarlıq qeyd edilmişdir. Həmin gün sahə həkimi onunla telefon əlaqəsi saxlayıb ümumi vəziyyəti ilə maraqlanmışlar. 20.11.2020-ci il tarixədək o, yaşadığı evi tərk etməmişdir. Ailə üzvlərinin müalicə olunması və maddi tələbatları qarşılamaq üçün ona pul lazım olmuşdur. Lakin özünün pulu qurtardığı üçün borc almaq məqsədi ilə tanışı Zaurla telefon əlaqəsi saxlayıb ondan pul istəmişdir. Zaur Bakı şəhərində olduğunu, oraya gedərsə ona 500 mant borca pul verə biləcəyəni deyərək, həmçinin görüşə gedəcəyi təqdirdə Zaura məxsus satışa qoyduğu avtomobilin qeydiyyat şəhadətnaməsinin onda qaldığını bildirib həmin sənədi ona çatdırmağı tapşırmışdır. O, Zaura koronovirusa yoluxduğunu bildirməmişdir. Həmin gün təxminən saat 16 radələrində idarə etdiyi ona məxsus olan Pajero Mitsubishi markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə icazəsi olmadan evdən çıxıb Bakı şəhəri Şamaxinka deyilən yerə getmişdir. Orada Zaurla görüşüb Zaurdan 500 manat borca pul alıb Zaura məxsus qeydiyyat şəhadətnaməsini verib yaşadığı evə geri qayıtmışdır. Həmin gün başqa heç yerə getməmişdir. Evdən çıxıb və evə geri qayıtmağı təqribən 2 saat çəkmişdir. Həkim tərəfindən yazılmış reseptdəki dərman pereparatlarını almaq üçün 21.11.2020-ci il tarixdə təxminən saat 08:30 radələrində yaşadığı evdən Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Zeytun” aptekə getmişdir. O, içəri daxil olanda içəridə təqribən 2-3 nəfər müştəri olmuşdur. Püştaxtaların arxasında olan satıcılardan birinə yaxınlaşıb resepti təqdim etmişdir. Təqribən 5 dəqiqə müddətində satıcı reseptdəki dərmanları toplayıb ona vermişdir. Pulu ödədikdən sonra apteki tərk edib yaşadığı evə qayıtmışdır. Daha sonra yaşadığı evi tərk etməmişdir. 22.11.2020-ci il tarixdə saat 16 radələrində mobil telefonu sönmüşdür. Açanda ***-***-**-** satlı mobil nömrədən ona qəbul etmədiyi zəng gəlməsi barədə sms daxil olmuşdur. Həmin nömrə ilə əlaqə saxlamışdır. Danışan şəxs özünü Sumqayıt ŞPİ-nin 4-cü PB-nin rəisi polis polkovnikleytenantı Mehman Novruzov olduğunu bildirərək siyahı üzrə onun koronovirus xəstəsi olduğunu, yaşadığı evi tərk etməməyini demişdir. O, 20.11.2020-ci il tarixdə Bakı şəhərində 21.11.2020-ci il tarixdə isə Sumqayıt şəhərindəki Zeytun aptekə getdiyini demişdir. Mehman Novruzov bir daha evi tərk etməməyi barədə ona xəbərdarlıq etmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin əməkdaşı ona zəng edərək Mehman Novruzovun barəsində raportla Sumqayıt ŞPİ-nin rəisinə müraciət etdiyini və fakta görə cinayət işi başlandığını bildirmişdir. Əməlindən peşmandır. Xaricdən avtomaşınların gətirilməsi ilə məşğul olur. Ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb ona daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Ona məxsus satışa çıxardığı «Toyota Carolla» marokalı avtomobili 20.11.2020-ci il tarixdə hazırda adını xatırlamadığı şəxsə satmış və həmin avtomobilə dair qeydiyyat şəhadətnaməsi Təqsirləndirilən şəxs məxsus avtomobildə qalmışdır. Etibarnamə vermək üçün ona «Toyota Corolla» markalı avtomobilin qeydiyyat şəhadətnaməsi lazım olmuşdur. Bu məqsədlə o Pərvitz Əliyevlə danışıb ona qeydiyyat şəhadətnaməsini təhfil verməsini bildirmiş, Təqsirləndirilən şəxs razılaşmış və Bakı şəhərində görüşməyi qərar vermişlər. 20.11.2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhərində yerləşən «Şamaxinka» deyilən yerdə Təqsirləndirilən şəxslə görüşmüş, həmin vaxt Pərvizin yanında və onun yanında kimsə olmamışdır. Pərviz idarə etdiyi « Mishubişi» markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb yan şüşələrini aşağı endirib qeydiyyat şəhadətnaməsini ona vermiş, həmin vaxt Təqsirləndirilən şəxs tibbi maskadan istifadə edirdi. Lakin əlində tibbi əlcəyin olub-olmamasına fikir verməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 22 dekabr 2020-ci il tarixli, 1392 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs, həyat yoldaşı və atasının Covid-19 analizinin cavabı pozitiv olduğu üçün Təqsirləndirilən şəxs də 16.11.2020-ci il tarix Covid-19 analizi verib. 18.11.2020-ci il tarixdə test cavabı pozitiv çıxıb. Həmin gün sahə həkimi Təqsirləndirilən şəxslə əlaqə saxlayıb o heç bir şikayətinin olmadığını bildirib. Lakin sahə həkimi Təqsirləndirilən şəxs 14 gün karantin rejiminə riayət etməsini tapşırıb və onunla mütəmadi olaraq əlaqə saxlayıb. 02.12.2020-ci il tarixdə Təqsirləndirilən şəxs vəziyyəti öyrənilib portaldan çıxarılıb. İş materiallarında olan Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış üzərində AZ ** DA *** dövlət qeydiyyat nişanı olan avtomobilin 19.11.2020-ci il tarixdən 22.11.2020-ci il tarixədək olan hərəkəti barədə məlumatları əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum şəhadətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində üç azyaşlı uşağı var. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29.01.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 08 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qəzə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, onun xaricdən avtomaşınların gətirilməsi ilə məşğul olmasını və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddis sübutlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2,500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar