Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-217/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, İ dərəcəli əlil, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” yaxınlığında fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,960 qram psixotrop maddə olan metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib daşıyaraq saxlamış, 16 oktyabr 2024-cü il tarixdə, saat 19:28-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin yanında saxlanılıb üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ balaca cibindən iki ədəd kağız bükümdə təmiz çəkiləri 0,503 qram, 0,359 qram, həmin şalvarın sol qabaq cibindən 01 ədəd 2,5 ml-lik şprisdə 0,5 ml həcmində qırmızı rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,098 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə yas mərasimində olan zaman bir nəfər şəxs ona 20 manata narkotik vasitə almağı təklif etmişdir. O, həmin pulu verərək bir büküm psixotrop maddə almışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhərində olan zaman həmin bükümlərdən birini açmış və istifadə etmək üçün su ilə qatışdıraraq şprisə çəkmişdir. Daha sonra həmin şprisi cibinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində olan “Qayalı” marketin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitə ilə bağlı şübhəli şəxs kimi Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PB-nə gətirmişlər. Bölmənin xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüquq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif etmişlər. O, əynində olan şalvarın sağ cibində saxlamış olduğu 01 ədəd sellofan bükümü və şprisi təqdim etmişdir. Polis əməkdaşı sellofan bükümü açan zaman həmin bükümün içərisində 02 ədəd büküm olması aşkar edilmişdir. Daha sonra o, bükümün içərisində şüşə, yəni psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Aşkar olunmuş maddə çəkilmiş və şprislə birlikdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra psixotrop maddə metamfetamin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Saxlanılarkən və daha sonra ona qarşı heç bir təqsir, təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Özünü ona görə qismən təqsilri bilir ki, o yas mərasimində cuzi miqdarda metamfetamin almaq istəmiş, lakin onu satan şəxs bir qədər artıq vermiş, o isə bundan xəbərsiz bükümü götürmüşdür. Qeyd etdiyi kimi bükümün içərisində cuzi miqdarda metamfetamin olmasını zənn etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və İ dərəcəli əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin təqdim olunan əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində İsmayıl adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Qayalı” marketin arxasında piyada hərəkət edərkən ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, ona da özünü təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim etmişdir. Daha sonra İsmayıla onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da etiraz etməmişdir. Video çəkilişdən istifadə edilməklə onun üzərini yoxlamışlar. Onlar tərəfindən yoxlama keçirilməmişdən öncə üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan şalvarın cibindən 01 ədəd sellofana bükülmüş 02 ədəd kağız bükümləri, həmçinin 01 ədəd hazır halda olan şprisi təqdim edərək içərisində metamfetamin olduğunu demişdir. Həmin bükümlər tərəzi vasitəsi ilə çəkilmiş, daha sonar metamfetamin və şpris müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra video çəkiliş dayandırılaraq Təqsirləndirilən şəxs götürülmüş maddi sübutlar ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış zərfi təhqiqatçısı tərəfindən açılmış, zərfin içərisində 01 ədəd içərisində qırmızı rəngli maye olan istifadə edilmiş tibbi şpris, 02 ədəd bükümdə olan maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, onları Masallı rayonunda olan zaman tanımadığı şəxsdən 20 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, aşkar edilmiş 01 ədəd tibbi şprisdəki mayeni istifadə etmək üçün hazırlayıb, bir qismini istifadə etdiyini, qalan qismini isə saxladığını bildirmişdir. Təqdim edilmiş maddələr elektron tərəzidə çəkilərək təkrar qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş və saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında ondan öncə şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən çıxarıb iki ədəd bükümdə olan kütləni təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin bir ədəd şprisdə maye halında məhlulu təqdim edərək onun da metamfetamin olduğunu bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin 2-cü Polis Bölməsinin rəis müavini Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 və Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən çıxarıb iki ədəd bükümdə olan kütləni təqdim edərək psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin bir ədəd şprisdə maye halında məhlulu təqdim edərək onun da metamfetamin olduğunu bildirmişdir. Cinayət işinin 27-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması barədə protokola və həmin əməliyyat-axtarış tədbirinin keçirilməsi zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, polis əməkdaşları küçədə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək onun qanunsuz olara narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi ilə bağlı şübhəli olmasını bildirmişlər, hüquq və vəzifələrini izah etmişlər və daha sonra üzərini yoxlamışlar. Polis əməkdaşları tərəfindən yoxlama keçirilməmişdən öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da əynində olan tünd göy rəngli cins şalvarın sağ balaca cibindən bir ədəd selfon bükümün içərisində olan iki ədəd gümüşü siqaret kağızına bükülmüş ağ rəngli kristallşəkilli maddəni təqdim etmiş, həmçinin şalvarın sol cibindən 01 ədəd içərisində qırmızı rəngli maye olan şprisi təqdim etmişdir. Verilmiş suallara cavab olaraq bükümlərdə olan maddələrin və şprisdə olan maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin maddələr çəkilərkən bükümləri ilə birlikdə çəkilərinin müvafiq olaraq 0,69 qram və 0,48 qram, ikisinin birlikdə çəkisinin 1,38 qram olması müəyyən edilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli təqdim olunan əşyaların götürülməsi barədə protokola və həmin vaxt qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək edilmiş əşyaların qablaşdırıldığı zərf açılmış, zərfin içərisindən 01 ədəd içərisində qırmızı rəngli maye olan 2.5 ml həcmində istifadə edilmiş tibbi şpris, 01 ədəd sellofan bükümün içərisində 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş maddələr aşkar edilmişdir. Təqdim edilmiş maddələr bükümü ilə birlikdə çəkilmiş və çəkisinin 1,33 qram olması müəyyən edilmişdir. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2024-cü il tarixli, 6/4912 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün №128 möhür əksi, “saxlanılan şəxs: /imza/ Təqsirləndirilən şəxs yazıları olan zərfdəki 02 ədəd ayrı- ayrılıqda təmiz çəkiləri: 0,503 qram, 0,359 qram, ümumi təmiz çəkisi 0,862 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd 2,5 ml-lik şprisdə 0,5 ml həcmində qırmızı rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi: 0,098 qram olan psixotrop maddə metamfetamindir və 01 ədəd 2,5 ml-lik şprisdəki psixotrop maddə metamfetamin məhlul halında olduğu üçün tədqiqata təqdim olunmuş 02 ədəd bükümdəki psixotrop maddə metamfetaminlə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Qeyd: Metamfetaminin təmiz çəkisı – 0,862 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 0,762 qram. Məhlulun həcmi-0,5 ml, tədqiqata sərf edildi-0,25 ml, qalıq 0,25 ml Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 89-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7213 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 92-97-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,762 qram psixotrop maddə metamfetamin, 01 ədəd 2.5 ml-lik şpris maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, həmçinin təqdim olunan əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 66-cı vərəqəsində olan Azərbaycan Respublikası ƏƏSMN-yi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliyə görə birinci dərəcəli əlildir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılması, təqdim olunan əşyaların götürülməsi zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və İ dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini və İ dərəcəli əlil olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 16 oktyabr 2024-cü il tarixdən 18 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” yaxınlığında yerləşən fərdi yaşayış evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 7213 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,762 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd 2.5 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 oktyabr 2024-cü il tarixdən 18 oktyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” yaxınlığında yerləşən fərdi yaşayış evini tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,762 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd 2.5 ml-lik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-217/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-217/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver