Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-218/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Novruz qəsəbəsi, ev 26/2də qeydiyyatda olan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45B, mənzil 88-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, saat 19:15 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında sonuncunun övladlarını döyməsi və nalayiq söyüşlər söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sol gicgah nahiyəsinə əli ilə bir dəfə vuraraq qapalı kəllə beyin travması, baş beyin silkələnməsi kimi xəsarət yetirib sağlamlığa qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş və birgə nigahlarından iki qız və bir oğlan övladları olmuşdur. Onların əvvəllər münasibtləri normal olmuşdur, lakin, sonradan aralarında tez-tez mübahisələr olmuş və bu mübahisələr münaqişələrlə nəticələnmişdir. Çinarə onun dediklərinə əhəmiyyət vermir və bu da onun xoşuna gəlmirdi, buna görə də aralarında tez-tez münaqişələr olurdu. Çinarə 2018-ci il tarixdə boşanmaq üçün məhkəməyə müraciət etmiş və onlar rəsmi olaraq boşanmışlar. O, hər ay 300 manat aliment verir, son aylar isə hər ay 370 manat verir. Alimenti birbaşa Çinarənin özünə verir. Bununla yanaşı hər ay övladlarının yeyinti məhsullarını da təmin edir. Bəzi vaxtlarda övladlarını görmək üçün Zərərçəkmiş şəxs yaşadığı evə də gedir. O, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində övladlarını görmək üçün yenə Zərərçəkmiş şəxs yaşadığı evə getmiş və alimenti vermişdir. Qapının girəcəyində Çinarə oğlanları Mübarizin özünü nadinc apardığını deyib bununla bağlı ona şikayət etmişdir. O, oğlu ilə bu barədə söhbət edən zaman oğlu Mübariz anasının onu soyuq eyvanda saxladığını bildirmişdir. O, oğlu Mübarizə anasının sözünə qulağ asmalı olduğunu bildirmişdir. Bu zaman qızı Gülzarın ağladığını görmüşdür. O, qızı Gülzardan nəyə görə ağladığını soruşduqda qızının sakit dayandığını və bu zaman Çinarənin qızını vurduğunu bildirmişdir. O, Çinarədən nəyə görə qızıni vurduğunu soruşduqda, Çinarə qızının dərslərini yaxşı oxumadığı üçün vurduğunu bildirmişdir. O, təkrar olaraq nə üçün Çinarədən Gülzarəni döydüyünü soruşduqda Çinarə ona yaxşı etdiyini dedi və bundan sonra onların arasında mübahisə yaranmışdır. Çinarə onun yaxasından tutub çölə çıxarmağa çalışan zaman səs küy yaratmış və o, Çinarəni sakitləşdirmək istəyən zaman Çinarə onu çölə çıxarmağa çalışmış və elə bu zaman Çinarə anidən onun sol qulaq nahiyəsinə bir dəfə sillə ilə vurmuş, o da Çinarəni itələmiş və oradan çıxıb getmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş və birgə nigahlarından iki qız və bir oğlan övladı dünyaya gəlmişdir. Böyük övladının 7, kiçik övladıın isə 4 yaşı var. O, Abdulun ikinci həyat yoldaşıdır. Ailə quranda ilk vaxtlar münasibətləri yaxşı olsa da sonradan Abdul ilə aralarında münasibətlər pisləşmiş və Abdul onu artıq neçə dəfə idi ki, vuraraq xəsarət yetirmişdir. Lakin, o, Abduldan heç vaxt şikayət etməmişdir. 2018-ci ilin sentyabr ayında onlar rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra o, Abdulla eyni evdə qalmır. Lakin, Abdul uşaqlarını görmək üçün tez tez onun yaşadığı evə gəlir. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Abdul yenə onun yaşadığı ünvana gəlmiş və içəri girəndə oğlu Mübarizin ağladığını görmüşdür. Abdulun oğlundan nə üçün ağladığını soruşduqda oğlu Mübariz atası Abdulaya onun döydüyü üçün ağladığını bildirmişdir. Bundan sonra o, qonaq otağında olan divanda oturmuş və Abduldan evdən çıxıb getməsini xahiş etmişdir. Abdul onu bir neçə dəfə çağırsa da o, Abdula cavab verməmiş, otağa gələrək onun ünvanına nalayiq sözlər demiş və o, ayağa qalxaraq Abdulla üzbəüz durub Abdula “mən əvvəl ki, mən deyiləm” demişdir. Bundan sonra Abdul onun kiməsə güvənməyi ehtiva edəcək sözlər demişdir. O, Abdulun qarşısında duran zaman onun başının sol tərəfdən gicgah nahiyəsinə əli ilə bir dəfə vurmuş və o, huşunu itirdiyi üçün yerə yıxılmışdır. Bundan sonra nə baş verdiyini o, xatırlamamış. Sonradan onun məlumatı olmuşdur ki, Abdul hadisədən sonra onun yerdə huşsuz vəziyyətini görüb böyük yeznəsi X1 zəng edərək məlumat vermiş, bundan sonra anası Şahid onun yaşadığı ünvana gəlmiş və dərhal oradan onu öz yaşadığı evə aparmışdır. Anasıgilin yaşadığı evdə olan zaman ağrıları olduğu üçün TTYS-na məlumat vermiş ardınca isə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır, Təqsirləndirilən şəxs isə qızı Çinarənin keçmiş əridir. Onlar 2013-cü ildə ailə həyatı qurmuş və onların birgə nigahından iki qız və bir oğlan övladları dünyaya gəlmişdir. Onların əvvəllər münasibətləri yaxşı olsa da sonradan aralarında münasibətlər pisləşmiş və 2019-cu ildə boşanmışlar. Evli olduqları müddətdə Abdulun Çinarəni döyməyi barədə Çinarə bir neçə dəfə ona bildirmişdir. Lakin, o, qızına övladları olmasını bildirdib birtəhər dözməsini demişdir. xx.xx.2020-ci il tarixdə Bakıya digər qızımın evinə getmişdir. Həmin gün Çinarə ona zəng edərək pulunun olmadığını demişdir. O, isə Çinarəyə biraz gözləməsini Bakıdan gəldikdə yaşadığı evə gələrək verəcəyini demişdir. xx.xx.2020-ci il tarixdə saat 20:30 radələrində Çinarənin yaşadığı evə getmişdir. Evə girdikdə qızının yerdə yıxılı vəziyyətdə olduğunu, paltarının üzərində təpik izlərinin olduğunu görmüşdür. Sonra qızının vəziyyətinin pis olduğunu görüb Çinarəni nəvələri ilə birlikdə öz yaşadığı ünvana gətirmişdir. Sonra qızı özünü narahat hiss etdiyi üçün TTYSna məlumat vermişdir. Sonradan qızı ona bildirmişdir ki, Abdul uşaqları vurmağı və uşaqların üstünə qışqırmağı əsas gətirərək Çinarənin başının sol tərəfdən gicgah nahiyəsindən əli ilə bir dəfə vurmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2602 saylı rəyindən görünür ki, 1190-cı il təvəllüdlü Zərərçəkmiş şəxs mhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi-küt yaranma mexanıizminə malikdir: qərarda göstərilən müddətə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi: dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-218/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-218/2021
16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver