Məhkəmə qərarları › İş №1(060)-218/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-218/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-218/2023 06.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində “Gilavar” restoranı ərazisində sevgili münasibətində olduğu Zərərçəkmiş şəxs onun icazəsi olmadan istirahət mərkəzinə getməsinə, həm də 14 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə etdiyi mübahisə zamanı ona bir sillə vurması ilə bağlı barəsində şikayət etməsinə görə aralarında yaranan şəxsi mübahisə zəminində Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə zərbə vuraraq ona burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun üstünün yarası, hər iki gözaltı nahiyədə burnun üstünü tutan qançırı ilə nəticələnən və dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. İstintaq orqanının verdiyi ittihama görə isə, Təqsirləndirilən şəxs sevgili münasibətində olduğu Zərərçəkmiş şəxs onun icazəsi olmadan 15 avqust 2022-ci il tarixdə anası və qohumları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi. Sahil küçəsində, dəniz kənarında yerləşən fərdi istirahət mərkəzinə getməsinə görə özü də. həmin tarixdə saat 23 radələrində qeyd olunan istirahət mərkəzinə gələrək, həm onun icazəsi olmadan istirahət mərkəzinə getməsini, həm də 14 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə etdiyi mübahisə zamanı ona bir sillə vurmasına görə barəsində şikayət etməsini özü üçün qəbul edilməz hal kimi qiymətləndirərək bunları bəhanə edib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə, yəni heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs burun nahiyəsinə bir dəfə zərbə vuraraq ona burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun üstünün yarası, hər iki gözaltı nahiyədə burnun üstünü tutan qançırı ilə nəticələnən və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə zərərçəkmiş Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək göstərdi ki, özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxs ilə təxminən iki ilə yaxındır sevgili münasibətində olmuşlar. Münasibətləri yaxşı olsa da arabir aralarında sözlə mübahisələri olmuşdur. Belə ki, Gülçin onun sözlərinə qulaq asmamış və sonuncunu qısqandığına görə aralarında mübahisələri olmuşdur. 12 avqust 2022-ci il tarixdə Gülçin ona demişdir ki, anası və gəlinləri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən “Gilavar” restoranının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başlamışlar. O, Gülçinə evdən tez-tez kənara çıxmamasını, onu qısqandığını desə də, Gülçin yenə də bəzən ona əhəmiyyət verməmişdir. 14 avqust 2022-ci il tarixdə, təxminən saat 02:30 radələrində o, Gülçinin kirayə yaşadığı evə gələrək sonuncunu çölə çağırmış və Gülçinlə söhbət etmək istədiyini bildirmişdir. Gülçin də onunla birlikdə çölə çıxmışdır. Söhbət zamanı o, yenə də Gülçinə öz iradını bildirib nə üçün sözlərinə qulaq asmadığını demişdir. Gülçin isə onu əsəbiləşdirərək istədiyi yerə gedə biləcəyini demişdir. O, Gülçinin bu sözlərindən qəzəblənib bir dəfə sillə ilə sonuncunun sifət nahiyyəsinə yüngül zərbə vurmuşdur. Gülçin tez qaçıb həyətlərinə girmişdir. O, isə oradan çıxıb getmişdir. Səhəri gün, yəni 15 avqust 2022-ci il tarixdə Gülçin ona zəng vuraraq Novxanı qəsəbəsində çimərliyə gedəcəyini demişdir. O, isə Gülçini sevdiyindən və qısqandığından dənizə getməməsini xahiş etmişdir. Gülçin yenə də ona qulaq asmayıb istədiyini edəcəyini demişdir. Həmin gün təxminən saat 23 radələrində Gülçinlə telefonla əlaqə saxlayan zaman sonuncu ona Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən istirahət mərkəzlərinin birində anası və gəlinləri Güllü ilə birlikdə oturduqlarını demiş və onu da ora dəvət etmişdir. O da həmin yerə gələrək onlarla görüşmüşdür. Söhbət zamanı Gülçin onu qıcıqlandıraraq ünvanına təhqiramiz ifadələr işlətməyə başlamışdır. Həmçinin orada olan Gülçinin anası İlhamə də onunla kobud danışmışdır. Onlara öz iradını bildirməsinə baxmayaraq yenə də onunla kobud danışmağa davam etmişlər. Buna görə də Gülçinin anası İlhamə ilə aralarında sözlə mübahisə yaranmış, Gülçin isə bunu görüb onun ünvanına təhqiramiz sözlər işlətmişdir. O da əsəblərini cilovlaya bilməyib bir dəfə yumruqla Gülçinin burun nahiyyəsindən zərbə vurmuşdur. Zərbənin təsirindən Gülçinin burun nahiyyəsindən qan axmağa başlamışdır. O, törətdiyi əməlindən peşiman olub Gülçinə köməklik göstərməyə çalışmış, ona köməklik göstərmiş, bir neçə dəqiqə sonra isə onlar oradan çıxıb getmişlər. Həmin hadisə 15 avqust 2022-ci il tarixdə, təxminən saat 23 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən adını xatırlamadığı restoranın həyətində, dəniz kənarında baş vermişdir. Həmin vaxt orada onlardan başqa 2-3 nəfər restoranın işçiləri olmuşdur. O bu hadisəni xuliqanlıq niyyəti ilə törətməmiş, sadəcə olaraq Gülçinlə şəxsi münasibətləri ilə bağlı mübahisə zamanı bu hal baş vermişdir. 2-ci Qarabağ-Vətən müharibəsi iştirakçısı və qazisidir. Müharibədə kontuziya almış, səhhətində problem yaranmışdır, hadisələrə tez qıcıqlanır, psixiatrik müayinə və müalicədə olmuşdur. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı ödəmişdir, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 1271.-ci maddəsi ilə təqsirli bilir, zərəçəkmiş şəxslə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heş bir şikayət və tələbinin olmamasını bildirərək, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxındır tanıyır, onunla yaxın münasibəti olmuş, yəni sevgili olmuşlar. Rəvanla münasibət saxladığı müddət ərzində sonuncu dəfələrlə münaqişə yaradaraq onu qısqandığını bildirmiş, hətta buna görə bir neçə onu döymüşdür. Lakin o, Rəvandan şikayət etməmişdir. 12 avqust 2022-ci il tarixdə o, anası Şahid1, gəlinləri Şahid2 və sonuncunun azyaşlı övladları ilə birlikdə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində yerləşən "Gilavar” restoranının yaxınlığında kirayə ev tutaraq orada yaşamağa başlamışlar. 14 avqust 2022-ci il tarixdə, təxminən saat 02:30 radələrində kirayə yaşadıqları evin həyətinə çıxanda Rəvanın evin həyətində olduğunu görmüşdür. Rəvan ona yaxınlaşaraq qolundan tutub kənara çəkmiş və demişdir ki, “sənə deməmişəm çölə çıxma”. Sonra isə sillə ilə onun çənəsindən bir dəfə vuraraq saçından tutub dartmışdır. O, dərhal qışqırmış və Rəvanın əlindən çıxıb qaçaraq həyətlərinə girmişdir. Onun qışqırıq səsinə anası və gəlinləri həyətə düşüb onun yanına gəlmişlər. Rəvan isə çıxıb getmişdir. O da bu barədə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə zəng vuraraq məlumat vermişdir. Sonra həmin gün Rəvanla telefonla əlaqə saxlayan zaman sonuncuya barəsində şikayət etdiyini demişdir. Rəvan isə yenə də telefonda onunla mübahisə etmişdir. 15 avqust 2022-ci il tarixdə, təxminən saat 23 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən adını xatırlamadığı istirahət mərkəzlərinin birində o, anası, gəlinləri Güllü, sonuncunun övladları Lamiyə, Ömər və Mədinə ilə birlikdə dəniz kənarında əyləşib çörək yemişlər. Həmin vaxt Rəvan onların yanına gəlmiş və anasını kənara çəkib onunla mübahisə etməyə başlamışdır ki, nə səbəbə o, ondan şikayət etmişdir. Rəvan həmin vaxt onun anasının ünvanına nalayiq söyüşlər söymüşdür. Sonra isə Rəvan ona yaxınlaşaraq onunla nda mübahisə etmiş, “niyə bunu elədin” demiş və yumruqla burun nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Rəvanın yumruqla burnundan vurması nəticəsində onun burnundan qan axmağa başlamışdır. Həmin vaxt anası və orada olan qohumları ona köməklik göstərməyə çalışmışlar. Sonra isə onlar oradan çıxıb Bakı şəhərinə getmişlər və o xəstəxanaya müraciət edəndə ona məlum olmuşdur ki, Rəvanın yumruqla vurması nəticəsində burnu sınmışdır. Rəvanın onu yumruqla vurması bir neçə saniyə ərzində baş vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil omuş notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş ərizəsində göstərilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsi ərazisində “Gilavar” restoranı ərazisində xx.xx.2022-ci il tarixdə vuraraq ona xəsarət yetirmişdir. İş materiallarında olan məhkəmə tibb ekspertizasının 1209 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burunun üstünün yarası, hər iki gözaltı nahiyyədə burnun üstünü tutan qançırı xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər küt əşya təsirindən yaranmışdırlar, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla, əllə vurulma zamanı yetirilə bilərdi, müddəti zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Xəsarətlərin özü tərəfindən özünə yetirməsi, yıxılaraq əmələ gəlməsi inkar olunur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gülçin oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 108 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 127.2.2 və 221.1-ci maddələrinin tərkib lamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. 14 avqust 2022-ci il tarixdə Novxanı qəsəbəsi, Sahil küçəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sillə vurması nəticəsində sonuncu xəsarət almadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan 106 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Qısa anamnezi: şikayətləri baş ağrısı yuxu pozulmsındadndır. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, psixopatabənzər davranışla”diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixdə Aazərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”t.e.d professor Fuad İsmayılov tərəfindən “”Posttravmatik stress pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə F43.1” diaqnozu ilə müayinə olunmuşdur. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, psixopatabənzər dvranışla, uzunmüddətli depressiv əlamətlərlə, gərginlik tip baş ağrısı, sağ əlinn İ-İİ barmaqlarında, alın nahiyyəsinin sağ yarısında dəri çapıqları. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-218/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin olunmuş, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Sumqayıt şəhər Məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş, 1464 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” (psixi və davranış pozuntularının beynəlzalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə İİ Qarabağ müharibəsində iştirak edərkən kontuziya alması, aldığı kontuziyadan sonra psixi vəziyyətində dəyişiklik yaranması, xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən «Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stres pozuntusu, psixopatabənzər davranışla, uzunmüddətli depressiv əlamətlərlə. Gərginlik tip baş ağrısı. Sağ əlin l-ll barmaqlarında, alın nahiyəsinin sağ yarısında dəri çapıqları» diaqnozu qoyulması, 05 yanvar 2023-cü il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunaraq «Posttravmatik stres pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə F43.1» diaqnozunun qoyulması, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi «Posttravmatik stres pozuntusu, psixopatabənzər davranışla» diaqnozu ilə müalicə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində simasında narazılıq ifadəsinin müşahidə olunması, söz ünsiyyəti zamanı söhbətə bir qədər əsəbi şəkildə qoşulması, təfəkkürünün torpid olması, müayinə gedişatında emosional dəyişkənliyinin və əsəbiliyinin özünü büruzə verməsi və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassifıkatorda psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında 6E68 kodu altında «İkincili şəxsiyyət dəyişikliyi» olaraq qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əwəl və həmin əməli törədərkən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hazırda da üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusu təqsirləndirildiyi cinayət əməlini törədərkən ifadə olunma dərəcəsinə görə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. «Anlaqlılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Sualın ikinci hissəsinə cavab olaraq bildiririk ki, «Asılılıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğu üçün həmin suala cavab vermək ümumən düzgün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirak etmiş və “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə və “Müzəffər Ali Baş Komandan” mükafatı ilə təltif edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. İstintaq zamanı toplanmış sübutlardan görünür ki, hadisə səbəbsiz deyil, şəxsi münasibətlərlə bağlı qısqanclıq zəminində baş vermişdir. Hadisə məhz təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ondan icazəsiz niyə çölə çıxmasını irad bildirməsi və bir gün əvvəlki mübahisə səbəbi ilə baş vermiş, bu zaman təqsirləndirilən şəxs heç bir xuliqanlıq niyyəti olmadan zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı vuraraq ona xəsarət yetirmişdir. Bu verilən ittihamda da öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin burun nahiyəsinə bir dəfə zərbə vuraraq ona burun sümüyünün burunla tənəffüsü pozan yerdəyişən sınığı, burnun üstünün yarası, hər iki gözaltı nahiyədə burnun üstünü tutan qançırı ilə nəticələnən və dərəcəsinə görə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Buna baxmayaraq, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməli, CM-nin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməlidir. Çünki məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin cinayət tərkibi yoxdur, onun əməli həmin maddə ilə düz tövsif edilməmişdir. Məhkəmənin qənaətinə görə, sübutların həcmi və ümumiyyətlə, işin həqiqi halları tərkib əlamətləri baxımından təqsirləndirilən şəxsin əməli xuliqanlıq niyyəti ilə törətdiyini deməyə əsas vermir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal 2 salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qeyd olunanlardan göründüyü kimi xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Bu isə şəxsin əqli, psixi cəhətdən həmin dəyərləri dərk etmək qabiliyyətində olmasını, onun əqli inkişafının, psixi vəziyyətinin buna imkan verməsini tələb edir. Məhkəmə-psixiatriya ekspertizasının 1464 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” (psixi və davranış pozuntularının beynəlzalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (deməsinə görə İİ Qarabağ müharibəsində iştirak edərkən kontuziya alması, aldığı kontuziyadan sonra psixi vəziyyətində dəyişiklik yaranması, xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən «Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stres pozuntusu, psixopatabənzər davranışla, uzunmüddətli depressiv əlamətlərlə. Gərginlik tip baş ağrısı..... » diaqnozu qoyulması, 05 yanvar 2023-cü il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunaraq «Posttravmatik stres pozuntusu, uzunmüddətli depressiv əlamətlərlə F43.1» diaqnozunun qoyulması, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi «Posttravmatik stres pozuntusu, psixopatabənzər davranışla» diaqnozu ilə müalicə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində simasında narazılıq ifadəsinin müşahidə olunması, söz ünsiyyəti zamanı söhbətə bir qədər əsəbi şəkildə qoşulması, təfəkkürünün torpid olması, müayinə gedişatında emosional dəyişkənliyinin və əsəbiliyinin özünü büruzə verməsi və s.) sübut edir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs hazırda da üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Məhkəmə göstərilənlərlə yanaşı, diqqəti Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirak edərkən kontuziya alması, aldığı kontuziyadan sonra psixi vəziyyətində dəyişiklik yaranması, xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən «Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stres pozuntusu, psixopatabənzər davranışla, uzunmüddətli depressiv əlamətlərlə. Gərginlik tip baş ağrısı..... » diaqnozu qoyulması hallarına cəlb edir və belə hesab edir ki, onun İİ Qarabağ müharibəsində iştirak edərkən aldığı kontuziyadan sonra psixi vəziyyətində dəyişiklik baş verməsi və mövcud psixi vəziyyəti də belə qənaətə gəlməyə əsas verir ki, o ittiham olunduğu əməli xuliqanlıq niyyəti ilə törətməmişdir. Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisələrin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirak edərkən kontuziya alması, aldığı kontuziyadan sonra psixi vəziyyətində dəyişiklik yaranması birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisələrinin başlanmasına cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri deyil, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin şəxsi münasibətləri səbəb olmuşdur. Məhkəmə hadisələrin yuxarıda təsvir edilən baş vermə səbəbinə diqqəti ona görə cəlb edir ki, bunun hazırkı iş üzrə, təqsirləndirilən şəxsin qəsdinin hansı ictimai münasibətlərə yönəlməsinin müəyyən olunmasında və əməlinin Cinayət Məcəlləsinin hansı maddəsilə tövsif olunmasında çox mühüm əhəmiyyəti vardır. Beləliklə, Konsitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında xuliqanlıq cinayətinə və niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Qeyd edilənlər əsasında işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif edilməli, o həmin maddə ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 40-cı bəndində göstərilmişdir ki, “Məhkəmə təqsirləndirilən şəxsə elan olunmuş ittihamın cinayət qanununun zərərçəkmiş şəxsin şikayəti əsasında və ya CPM-in 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmiş maddələrinə (məsələn CM-in 127, 128, 129.2, 130.2, 133, 134 və s. maddələri) dəyişdirilməli olması nəticəsinə gələrsə və işdə zərərçəkmişin şikayəti varsa və ya məhkəmə iclasında o, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə bəyanat vermişsə və yaxud prokurorun təşəbbüsü ilə başlanılmış cinayət işi üzrə CPM-in 37.5-ci maddəsində göstərilən hallardan biri mövcuddursa, təqsirləndirilən şəxsin əməlini cinayət qanununun yuxarıda göstərilən maddələrilə tövsif edib ittiham hökmü çıxara bilər. İşdə zərərçəkmişin ərizəsi olmadıqda, məhkəmə iclasında təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə onun fikri soruşulur. Zərərçəkmiş təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini istəmədikdə və əgər CPM-in 37.5-ci maddəsində göstərilən hallar yoxdursa və yaxud işdə onun cinayət məsuliyyətinə cəlb olunması barədə ərizəsi olsa da, o, CM-in 73 və 73-1-ci maddələrində nəzərdə tutulmuş imperativ qaydada cinayət məsuliyyətindən azad edilməni şərtləndirən müvafiq halların mövcudluğu vəziyyətində təqsirləndirilən şəxslə barışdığını bildirirsə, məhkəmə işin icraatına xitam verilməsi barədə qərar qəbul edir. CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Zərər çəkmiş şəxslə barışığın əldə edildiyi qalan digər hallarda məhkəmə baxışı nəticəsində məhkəmənin mülahizəsinə görə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilə bilər.” Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma—iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 187/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 128ci maddəsilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini isə o, 15 avqust 2022-ci ildə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə cinayət məsuliyyətindən azad edildiyi tarixdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72-73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onunla barışması barədə ərizəsini, təqsirləndirilən şəxsin işin icraatına xitam verilməsi barədə ərizəsini, onun İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar