Məhkəmə qərarları › İş №1(060)-22/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-22/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-22/2023 15.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri -0,116 qram, -0,126 qram, -0,155 qram, -0,147 qram olmaqla ümumi təmiz çəkisi -0.544 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən 31 yanvar 2022-ci il tarixdə saat 19:00 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında piyada olduğu zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirtərkən əynindəki şalvarın sağ yan cibindən həmin çəkidə və bükümlərdə olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərdi ki, 31 yanvar 2022-ci il tarixdə saat 4-5 radələrində Corat qəsəbəsində yaşadığı ev 320 ünvanının həyətində 9-a yaxın polis əməkdaşı onu saxlayaraq polis bölməsinə aparmışlar. Bölmədə əməliyyatçı ona narkotik vasitə olan bükümləri verərək təqdim etməsini bildirmişdir. Həmçinin tərəzini də evdən aşkar etməmişlər, onu da bölmədə bükümün yanına qoymuşlar. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə çəkiliş aparılmışdır. Bölməyə günorta saatlarında gətirilsə də çəkiliş gecə saatlarında aparılmışdır. Videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını bildirməyinin səbəbi saxlanılarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması olmuşdur. Lakin o, nə istintaq təcridxanasında bu barədə nə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən ötrü məhkəməyə gətirilən zaman bildirməmiş, nə də heç bir yerə şikayət etməmişdir. Ona təsir edən şəxslərin üzünü xatırlamır. Əvvəllər narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə saxlanılmamışdan öncə marixuana adlanan narkotik vasitədən 15-20 gün əvvəl istifadə etmişdir. Məhkəmədən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, narkotik vasitə alüdəçisidir, təxminən 5-6 aydır ki, narkotik vasitələrdən istifadə edib. Daha çox narkotik vasitə heroindən istifadə edib. Narkotik vasitə heroini Sumqayıt şəhəri və Abşeron rayon ərazisində tanımadığı şəxslərdən əldə etmişdir. Son olaraq 30 yanvar 2022-ci il tarixdə axşam saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Xırdalan şəhərində yerləşən kolxoz bazarının yaxınlığında olduğu zaman üzdən tanıdığı və narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa şəxsiyyəti ilə bağlı heç bir məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxslə danışığı zamanı pul qarşılığında ona narkotik vasitə heroin verməsini istəmiş və aralarındakı razılığa əsasən həmin şəxsə 20 manat pul verib ondan 04 ədəd siqaret kağızı bükümlərdə narkotik vasitə heroin almışdır. O həmin bükümləri əynindəki şalvarın cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı ev istiqamətində getmişdir. Əksərən evin yerləşdiyi məhəllədə kənar şəxslər olmadığı zaman narkotik vasitədən istifadə etsə də həmin zaman orada çoxsaylı insanın olduğunu müşahidə edib evə gedərək həmin gün narkotik vasitədən istifadə etməmişdir. Evdə olduğu zaman əvvəllər aldığı ona məxsus elektron tərəzidən istifadə edərək əldə etdiyi narkotik vasitə heroin kütlələrinin çəkisini ölçdükdə fikirləşdiyi miqdardan az olduğu ona məlum olmuş, bu səbəblə də, 31 yanvar 2022-ci il tarixdə məhəllədə çoxsaylı insan olduğundan səhər saatlarında evdə qalıb, həmin tarixdə saat 18 radələrində evdən çıxdıqda əynindəki şalvarın sağ yan cibində narkotik vasitə heroin bükümlərini qoymaqla bərabər həmçinin şalvarın sağ yan cibinə elektron tərəzini qoymuşdur ki, yenidən narkotik vasitə aldıqda miqdarını ölçə bilsin, həmçinin elektron tərəzidən özü narkotik vasitə qəbul edərkən hər dəfəsində qəbul edəcəyi narkotik vasitənin miqdarını tənzimləmək üçün də istifadə etmişdir. Belə ki, 31 yanvar 2022-ci il tarixdə saat 19:00 radələrində ünvan 4 ünvanının qarşısında piyada olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu deyib polis bölməsinə dəvət etmişlər. O, heç bir etiraz etmədən və qarşılıq vermədən polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanılanadək aldığı narkotik vasitə heroindən istifadə etməmiş və saxlanıldığı zaman narkotik vasitəni üzərindən atmağa imkan tapa bilməmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, Abşeron rayonu Xırdalan şəhərində üzdən tanıdığı adını bilmədiyi şəxsdən aldığı 04 ədəd siqaret kağızı bükümlərini əynindəki şalvarın sağ yan cibindən çıxardaraq təqdim edib həmin bükülülərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Narkotik vasitə bükümləri təqdim etdiyi zaman həmçinin əynindəki şalvarın sağ yan cibindən ona məxsus 01 ədəd elektron tərəzini və şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra təhqiqatçı həmin bükülülərə baxıb özü narkotik vasitəni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Ona aid olan aşkar olunaraq götürülmüş 04 ədəd bükümdə narkotik vasitə heroinin kütlələri elektron tərəzidə çəkilmiş və ayrı-ayrılıqda çəkiləri 0,20 qram, 0,26 qram, 0,24 qram, 0,25 qram, birlikdə çəkisi isə 0,92 qram olmuşdur. Bundan sonra həmin kütlələr və elekton tərəzi ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun tərəfindən imzalanmışdır. Təqdim etdiyi mobil telefon araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etmişdir, satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi işin halları, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələr əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat qrupu yaradılmışdır və 31 yanvar 2022-ci il tarixdə, saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 5 ünvanın qarşısında küçədə piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə gəzdirməsində, narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhələr olduğundan, onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə dəvət ediblər. Polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılıb. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarın sağ yan cibindən 04 ədəd siqaret kağızı bükümləri və 01 ədəd elektron tərəzi təqdim edərək həmin bükümlərin içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatşı təqdim edilmiş 04 ədəd bükümdə narkotik vasitə heroin kütləsini elektron tərəzidə çəkərək, ümumilikdə 1 qrama yaxın olduğu, təqdim etdiyi elektron tərəzinin işlək vəziyyət olduğu müəyyən edilmişdir. Daha sonra narkotik vasitə heroin bükümləri və elektron tərəzi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulub və möhürlənib imzalanıb. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroini bir gün əvvəl Abşeron rayonu Xırdalan şəhərdə bazarın qarşısında tanımadığı şəxsdən 20 manata aldığını, həmçinin təqdim etdiyi elektron tərəzinin də ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitətələrin satışı ilə məşğul olması barədə əməliyyat aparatına məlumat daxil olsa da, dəqiq olaraq kim və ya kimlərə satması, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitəni dəqiq olaraq kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X11 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis nəfəri, polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 320 ünvanının qarşısında xx.xx.2022-ci il tarixdə saat 19:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş, 02 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 4(060)-69/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 yanvar 2022-ci il tarixdə hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X5 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmamış əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 4 (dörd) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri, 1 (bir) ədəd elektron tərəzini və 1 (bir) ədəd “Samsunq” markalı mobil telefonu təqdim etdi. Həmin bükümlər tərəfimdən açıldı, bükümlərin içərisində qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş maddələr narkotik vasitədir, həmin maddələri Abşeron rayonu Xırdalan şəhərində kolxoz bazarının qarşısında, bir gün əvvəl tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərimdə saxladığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs üzərində olan elektron tərəzini narkotik vasitəni qəbul edən zaman çəkisini müyyən etmək üçün istifadə etməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 4 (dörd) ədəd gümüşü rəngli siqaret kağızında olan bükümlər tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin gümüşü rəngli siqaret kağızı ilə birlikdə birinci bükümün çəkisinin 0.20 qram, ikinci bükümün 0.26.qram, üçüncü bükümün 0.24 qram, dördüncü bükümün çəkisinin 0.25 qram olması, ümumilikdə isə 0.92 qram olduğu müəyyən olundu və həmin maddələr elektron tərəzi ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin zərflər üçün 125 saylı möhürü ilə möhürləndi. Eyni zamanda “Samsunq” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürüldü və qablaşdırılaraq DİN-nin zərflər üçün 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 6/642 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 125 dairəvi möhürü əksləri olan, Vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...” sözləri, soyad və imzalar qeyd edilmiş 01 ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrıhqda təmiz çəkiləri -0,116 qram, -0.126 qram, -0,155 qram, -0,147 qram olmaqla ümumi təmiz çəkisi -0,544 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Heroin Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,200 qram sərf edildikdən sonra 0,344 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, orada «20220131 200026» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 10 dəqiqə 40 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüyə baxış zamanı 31 yanvar 2022-ci il tarixdə saat 19:00 dəqiqədə ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis mayoru Faiq Mirzəyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri regional vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 04 ədəd siqaret kağızı bükümləri, 01 ədəd elektron tərəzi və əynindəki şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon çıxardaraq təqdim etdiyi, 04 ədəd bükümə təhqiqatçı tərəfindən baxıldıqda bükümlərdə narkotik vasitə heroine bənzər kütlənin olduğu aşkar edilərək götürüldüyü, kütlələrin bükümləri ilə birlikdə elektron tərəzidə çəkilərək hər birinin çəkisinin 0,20 qram, 0,26 qram, 0,24 qram, 0,25 qram, həmin bükümlərin birlikdə çəkisinin isə 0,92 qram olduğu olduğu, təqdim olunan elektron tərəzinin istifadəyə yararlı olduğu, həmin kütlələrin və elektron tərəzinin ekspertizaya təqdim olunmasından ötrü zərf qoyularaq möhürlənib Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanaraq götürüldüyü, təqdim olunan mobil telefonun iş üzrə əhəmiyyət kəsb edəcəyi bildirilərək götürüldüyü, həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təxminən 5-6 ildir ki narkotik vasitələrdən istifadə etdiyini, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə hero inin ona məxsus olduğunu, dünən, yəni xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində bazarın qarşısında tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etdiyini, elektron tərəzinin ona məxsus olduğunu, həmin tərəzidən narkotik vasitələrin miqadarmı müəyyən etməkdən ötrü istifadə etdiyini, aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd telefon qızılı rəngli,ağıllı telefon kateqoriyalı, “Samsung” markalı, “Grand Prime” modeldir. Telefonda ***-***-**-** saylı sim kart vardır. Telefonun daxilinə baxış zamanı kontaktlar bölməsində, zənglər tarixçəsində, həmçinin mesajlar bölməsində iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əşyaların maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi -0,544 qram (qalıq -0,344 qram) olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmiş, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra qalıq qalmış -0,344 qram narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 308 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 320 ünvanında yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 308 və 309 saylı, xx.xx.2022-ci il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 320 ünvanda yaşayır və ailə tərkibi qardaşı-xx.xx.1987-ci il təvəllüdlü X8, bacısıxx.xx.1992-ci il təvəllüdlü X6, bacısı-xx.xx.1986-cı il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 825 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 04 ədəd bükümdə ümumi təmiz çəkisi -0,544 qram (qalıq -0,344 qram) olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra qalıq qalmış -0,344 qram narkotik vasitə heroin Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-437/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət işi üzrə ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olması, həmin şəxsin anket məlumatları, həmin nömrədə 31 yanvar 2022-ci il tarixdən, 01 fevral 2022-ci il tarixədək olan zənglərin siyahısı, smslərin mətnlərin və hansı anten əhatə dairəsində işlənməsinə dair məlumatların məhkəməyə təqdim edilməsi üçün "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMC-yə sorğu verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş 20418 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, qərarda qeyd edilən nömrə Azercell Telekom MMC-yə məxsus deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş AZF/LGL-17642/22 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ********** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC tərəfindən təqdim edilmiş BKC/LGL-13051/22 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ********* saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, elektron tərəzidən, məhkəmə-kimyəvi ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,344 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-437/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 582 saylı orderə əsasən vəkil X7 onun vəkili təyin etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək vəkili Müdafiəçi ilə müqavilə bağladığından qərarla ona təyin edilmiş X4 hüquqi yardımından imtina etmişdir. Müdafiəçi X9 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,344 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar