Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-22/2025 26.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 05 (beş) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,120 qram, 0,101 qram, 0,134 qram, 0,100 qram, 0,098 qram, ümumi təmiz çəkisi 0,553 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynində olan boz rəngli şalvarının sağ yan cibində daşıyaraq gizlətməklə saxlamış, 03 may 2024cü il tarixdə, saat 08:10 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında saxlanılmaqla 3-cü PB-yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin metamfetamin əynindəki boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qeyd olunan narkotik vasitə ona məxsus olmamış, gecə saat 2 radələrində yatdığı zaman 6-7 nəfər polis əməkdaşı evin hasarından aşaraq həyətə daxil olmuş, anası evin qapısını açmış, həmin şəxslər onu oyatmış, oğurluqda şübhəli olması səbəbindən polis orqanına aparılmasını bildirmişdir. Bu zaman anası onun polis orqanına aparılmamasını, xəstə olmasını deməsinə baxmayaraq onun paltarlarını geyindirib, polis bölməsinə aparıb, onu sillə, təpiklə döyüb, narkotik vasitəni üzərinə götürməsini tələb ediblər. Daha sonra adı Nicat olan şəxs onunla təkbətək söhbət edərək sənədləşmənin CM-nin 234.1-ci maddəsi ilə aparılacağını və daha sonra onu buraxacaqlarını bildirmiş, döyülməsindən qorxduğundan onunla razılaşmış, səhər saatlarında vəkilə döyülməsi barədə məlumat verməmişdir. Həmçinin, gecə saatlarında anası, xalası ilə birlikdə taksi vasitəsi ilə bölməyə gəlmiş, polis əməkdaşları ona narahat olmamasını oğlunu 24 saat sonra buraxacaqlarını bildirmişdir. Baş verənlər barədə müstəntiqə məlumat vermiş, ifadəsini oxumadan imzalamış, anası daha sonra Bakı şəhərinə gedərək prokurorluğa baş verənlərlə bağlı şikayət etmişdir. 5-6 il əvvəl narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 saxlanılarkən və şəxsi axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs çıxışında narkotik vasitənin ona məxsus olmamasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, təxminən 3 ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən tüstüsünü qəbul etməklə istifadə edir. 02 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman üzdən tanıdığı şəxslə təsadüfən qarşılaşmışdır. Əvvəllər bir dəfə həmin şəxsdən istifadə etmək üçün narkotik vasitə aldığından sonuncudan yenə də istifadə etmək üçün “patı”, yəni metamfetamin istəmişdir. Həmin şəxs də üzərində 5 ədəd bükümdə metamfetamin olduğunu, həmin bükümləri ona 40 manata sata biləcəyini demişdir. O, mütəmadi olaraq narkotik vasitə qəbul etdiyindən həmin şəxsə 40 manat pul verərək 5 ədəd gümüşü rəngli siqaret bükümdə metamfetamini alaraq daha sonra istifadə etmək məqsədi ilə əynindəki şalvarının sağ yan cibinə qoymuş və yaşadığı evinə getmişdir. 03 may 2024-cü il tarixində, təxminən saat 08:10 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən evdən çıxıb piyada hərəkətdə olduğu zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu 3-cü PB-yə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə 3-cü PByə gəlmişdir. 3-cü polis bölməsində ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl hüquq və vəzifələri barədə bildiriş, özünün seçdiyi və hüquqlarının müdafiəsini təmin edəcək vəkil Fərhad Məmmədov təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda əynində olan boz rəngli şalvarının sağ yan cibində saxladığı içərisində metamfetamin olan 5 ədəd bükülünü çıxararaq təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları tərəfindən həmin bükülülərə baxış keçirilmiş, elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq ucadan oxunmuş və imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmiş, videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl üzərində axtarış aparılmamışdır. Üzərindən aşkar olunmuş metamfetamini 5 ədəd bükümdə almış, özü hissələrə bölməmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 may 2024-cü il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşıması və istifadəsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 03 may 2024-cü il tarixdə, təxminən saat 08:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında piyada hərəkətdə olduğunu görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşıması və istifadəsi barədə şübhəli olmasını bildirdikdə sonuncu üzərində narkotik vasitənin olduğunu etiraf etmiş, polis bölməsinə dəvət edildikdə etiraz etməmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə keçirilən şəxsi axtarış zamanı özü şalvarının cibindən 5 ədəd gümüşü rəngli bükülünü çıxararaq təqdim etmiş, təqdim etdiyi bükümlərə baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddələrin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin “patı” adlanan maddə olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə, Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Bundan əlavə Şahid1 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz daşıması və istifadəsi barədə olmuş, təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmiş, əməliyyat tədbirində polis əməkdaşı Şahid2la olmuş, saxlanılarkən təqsirləndirilən şəxsin evinə və üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında saat 8 radələrində saxlanılmış, təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli bükülünü çıxararaq təqdim etmiş, hər hansı etiraz etməmiş, üzərindən aşkar olunan maddələrin “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixində, təxminən saat 08:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmış, şəxsin evində axtarış keçirilməmişdir. Məhkəmə iclasında Müdafiəçi çıxışı zamanı bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin prokurorluq orqanlarına müraciət edərək 4 ay əvvəl, yəni saxlanıldığı zaman 4 polis əməkdaşı tərəfindən evindən oğurluq etməkdə şübhəli olması ilə bağlı polis bölməsinə aparıldığını bildirmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, dediyinə görə narkotik vasitə istifadəçisi olmamasını, himayəsində yaşlı anasının olmasını, ruhi əsəb dispanserində qeydiyyatda olmasını, səhhətində problemlərinin olmasını, rəsmi olmasa da, İİ qrup əlil olmasını nəzərə alınaraq barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 08:10-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 60-cı vərəqəsində olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il, saat 12:00-da Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 26-27-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 05 bükümdə olan maddəni təqdim edərək psixotrop maddə olan “patı” olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,80 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 38-39-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2436 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri olan zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,120 qram, 0,101 qram, 0,134 qram, 0,100 qram, 0,098 qram, ümumi təmiz çəkisi 0,553 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eynitərkibli psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,553 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,453 qram. Cinayət işinin 37-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat təşkil edir. Cinayət işinin 73-74-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3075 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 26-27-ci vərəqələrində olan şəxsi axtarış keçirilməsi barədə protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, təhqiqatçı Araz Əliyev özünü təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmaqla Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirildiyini, daha sonra isə vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı polis əməkdaşlarına da özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi təqdim edərək hüquqlarının özünün seçdiyi vəkil tərəfindən müdafiə edəcəyini deyərək vəkili ona təqdim edir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirərək, şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli kağız bükülünü çıxaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılaraq içərisində baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, sonuncunun üzərində əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin “patı” adlanan maddə olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə, Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən və 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümlər elektron tərəziyə qoyulub çəkilir, birinci bükümün 0,20 qram, ikinci bükümün 0.14, qram, üçüncü bükümün 0.16 qram, dördüncü bükümün 0,17 qram, beşinci bükümün 0.15 qram, ümumilikdə çəkisinin 0,80 qram olması müəyyən olunur. Bundan sonra həmin bükümlər qablaşdırılır, möhürlənir, üzərində qeydlər aparılır və imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 92-98-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin sübut kimi tanınmış, saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 84-91-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 67-ci vərəqəsində olan ailə tərkibi haqqında arayış görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2 övladı var (2013-cü il təvəllüdlü Yaqub Almuradov və 2014-cü il təvəllüdlü Məryəm Almuradova). Cinayət işinin 68-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, onun barəsində heç bir şikayətin daxil olmadığı qeyd edilmişdir. Cinayət işinin 139-140-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-ci vərəsində olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin 163-166-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində stasionar məhkəmə psixatriya ekspertizası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 195 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs “yüngül dərəcəli əqli gerilik” müəyyən edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədən zaman «Yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)» formasında psixi patologiyadan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi psixi pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onlan idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-çi maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetaimini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş diskdə olan video görüntülərlə və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək icraat dövründə törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarının ona qarşı hər-hansı qanunsuz hərəkətlər etməsi barədə özü heç bir orqana şikayət və vəsatət verməmişdir. Cinayət işi məhkəmənin icraatında olduğu müddətdə S.Almurodovun anası X3 Daxili İşlər Nazirliyinə ünvanladığı ərizə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs təkidlə Şahid2 onu saxlanılmasında və üzərinə şəxsi axtarışın keçirilməsində iştirak etmədiyini bildirmişdir. Buna bamayaraq təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinin qeydə alındığı DVD diskə baxılan zaman Şahid2 şahidlərdən biri olması öz təsdiqini tapır. Belə olan halda təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdiklər cinayət məsuliyyətindən yaxa qurtarmaq və özünü müdafiə xarakteri xarakeri daşıyır. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş diskdə olan video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli şalvarının sağ yan cibindən 5 ədəd gümüşü rəngli kağız bükülünü çıxaraq təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açılaraq içərisində baxış keçirilən zaman içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin “patı” adlanan maddə olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə, Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 40 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən və 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyini bildirir. Vəkil Fərhad Məmmədovun şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, həmçinin şəxsi axtarışda iştiak edən polis əməkdaşlarının onu saxlamasını bildirmişdir. X2 sərbəst şəkildə ifadə verməsi aydın sezilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində psixotrop maddə olmaması, həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində yetikinlik yaşına çatmayan övladlarının olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən 03 may 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayətlər törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2024-cü il, saat 08:10 tarixindən 04 may 2024-cü il, saat 12:00 tarixinədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3075 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,453 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2024-cü il, saat 08:10 tarixindən 04 may 2024-cü il, saat 12:00 tarixinədək şübhəli şəxs qismində tutulduğu, ümumilikdə 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,453 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-22/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-22/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver