Məhkəmə qərarları › İş №1(060)-220/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-220/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-220/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt Texniki Kollecin 2-ci kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışları Şahid3 və Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 15.10.2020-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinin arxasında Zərərçəkmiş şəxs bir az əvvəl kafenin içərisində olarkən sonuncunun onlara hansı səbəbdən pis baxmalarını irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs sifətindən bir neçə dəfə yumruqla vuraraq ona sol qulaq seyvanın qançırından ibarət qəsdən sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şahid3 hadisədən əvvəl təxminən 3-4 aydır ki, tanıyırdı, Fərid onun dostudur. Elgünü isə hadisədən təxminən 1 ay əvvəl tanımışdır. Elgün Fəridin dostudur. 15.10.2020ci il tarixdə saat 19:30 radələrində o, dostu Şahid3la və Fəridin dostu Elgünlə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay içmişlər. Həmin masanın qarşısında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda sonradan adını bildiyi İsmayıl adlı oğlan başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onlar da çay içirdilər. Saat 19:45 radələrində onlar masa arxasında olarkən İsmayıl onlara yaxınlaşıb pərdəni çəkib Fəridə «niyə «zloy-zloy» baxırsan mənə» sözünü demişdir. Fərid də ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» cavabını vermişdir. İsmayılın içkili olduğu açıq aydın hiss olunurdu. Həmin vaxt yanında olan Elgün ayağa qalxıb üzünü İsmayıla tutub «Fəridin böyük qardaşı kimi onunla yox, mənimlə söhbət et» sözünü demişdir. İsmayıl da Elgünün qolundan tutaraq çölə çıxıb söhbət etməsini dediyi üçün onlar da birlikdə çölə çıxmışlar və kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Elgün və Fərid bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt onun yanında olan tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişlər. Kafenin sahibi Pərvin adlı şəxs onlara yaxınlaşıb onlara içəriyə keçib çaylarını içməsini dediyi üçün onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında «uşağ yığını gəlib mənimlə söhbət edir» sözünü demişdir. Onlar da heç nə deməyib, içəriyə keçib həmin masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanıbdır, arxasında da həmin 5 nəfər tanımadığı şəxslər var. İsmayıl Fəridə yaxınlaşaraq əlini onun çiyninə ataraq gəzə-gəzə söhbət edə–edə kafenin arxa tərəfinə keçmişlər. Onlar da İsmayılla Fəridin arxalarınca getmişlər. İsmayıl həmin vaxt Fəridi söyərək ona yavaşca başının arxa nahiyəsindən sillə ilə bir dəfə vurmuşdur. Fərid də İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayılda Fəridə fənd atıb yerə yıxmışdır. O və Elgün, eləcə də İsmayılın yanında olan tanımadığı şəxslər bunu görüb onlara yaxınlaşmışlar ki, ayırsınlar. O İsmayılın qarın nahiyəsindən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuş, onun burnu qanamış, gözü qaralmış, başı gicəllənmişdir. İsmayılın ardınca ona bir neçə dəfə təpiklə qarın nahiyəsinə və qarnının aşağı nahiyəsinə təpiklə vurmuşlar. Gözü qaraldığı üçün onu kimin vurduğunu dəqiq görə bilməmişdir. Özünə gəldikdən sonra görmüşdür ki, başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq onları ayırırlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. İlkin izahatında hadisə vaxtı Fəridin İsmayılın sifətinə yumruq vurması, eyni zamanda onun da İsmayılı yumruqla vurması, nəticədə İsmayılın yıxılması barədə göstərdiyi xüsusatları təsdiq etmir. Çünki ilkin izahatını oxumadan imza etmişdir. Hadisə vaxtı o heç kimi döyməmiş, vurmamışdır. O, Elgünlə birlikdə onları ayırmışdır. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını bildirərək məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində göstərdi ki, Rövşən və Namid onun yeznələridir. Elnur Əliyevi uzun müddətdir tanıyır, yaxşı münasibətləri var. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o, yeznələri Rövşən, Namid və tanışı Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında 3 nəfər tanımadığı şəxs əyləşib çay içmişlər. Həmin vaxt sonradan adlarını bildiyi Fərid və onunla üzbə-üz əyləşən Təqsirləndirilən şəxs ilə bir-birlərinə baxışmışlar. Saat 19:45 radələrində yeznələri Rövşən, Namid və tanışı Elnur Əliyev kafedən çölə çıxmışdır. O isə tək qalıb çay pulunu vermişdir. O pulu verib çıxan zaman həmin şəxslərə yaxınlaşıb onlara nə üçün ona belə baxdıqlarını soruşmuşdur. Emin ona «kim sənə baxırdı» sözünü dedikdə, o da onlara «siz baxırdınız» cavabını vermişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Bu məsələyə aydınlıq gətirmək üçün Fərid və Emin onu çölə çağırmışlar və onlar kafenin arxasına keçmişlər. Orada o Fəridin yanında Eminlə bir-birlərinin yaxasından tutmuşlar. Fərid də ona yaxınlaşıb onu tutmaq istəyəndə, həmin vaxt yeznələri onlara yaxınlaşıb ayırmışlar. Onlar qayıdıb kafeyə keçmişlər, özü isə çöldə dayanıb söhbət etmişlər. Saat 20 radələrində onlar- yəni Fərid və yanındakı Emin və tanımadığı 1 oğlan kafedən çölə çıxıb ona yaxınlaşıb demişdirlər ki, kafenin arxa tərəfinə keçib danışsınlar. O da onlarla birlikdə kafenin arxasına keçmişdir. Yeznələri və tanışı Elnur isə kafenin qarşısında dayanmışdır. Yeznəsi Rövşən getmişdir ki, maşını götürüb yanına gətirsin. Həmin vaxt Fərid, Emin və başqa tanımadığı oğlan üçü də onun üstünə düşərək Fərid onun yaxasından tutmuş, o da onun yaxasından tutmuşdur. Emin və yanındakı 1 nəfər isə yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə vurmuşlar. Sonra isə Fərid onun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər şəxs onların dalaşdıqlarını görüb həmin şəxslərdə yaxınlaşaraq onlara qoşulub onu yumruq, təpiklə vurmağa başlamışlar. Onu yerə yıxıb, yerdə olarkən də hamısı üstünə düşüb yumruq təpiklə vurmuşlar. Həmin vaxt yeznəsi Rövşən onlara yaxınlaşıb ayırmaq istədikdə həmin şəxslərdən 4-ü də onun üstünə düşüb yumruqla vurub yerə yıxmışlar və yerdə də bir-iki dəfə təpiklə vurmuşlar. Daha sonra isə onlar onun yanına qayıdıb digərləri ilə onu döyməyə davam etmişlər. Bu zaman kənarda dayanan tanımadığı şəxslər onlara yaxınlaşaraq onu həmin şəxslərin əlindən alıb kənara çəkmişlər. Rövşən də yanına gəlib onu öz avtomobilinə əyləşdirib evə aparmışdır. Növbəti gün yəni 16.10.2020-ci il tarixdə axşam saatlarında o almış olduğu xəsarətlə bağlı tibbi yardım almaq üçün Sumqayıt şəhər TTYX-yə getmişdir. Fərid, Emin və onların yanında olan digər şəxsləri tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs və onun yanındakıların onu döymələri təxminən yarım saat davam etmişdir. Ətrafda yeznələri Namid, Rövşən, tanışı Elnur və başqa tanımadığı kənarda dayanan şəxslər də olmuşdur. Namid və Elnur hadisəyə müdaxilə etməmişlər, Rövşən isə gəlib onları ayırarkən o da döyülmüşdür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs də onu vurduğunu bildirərək, ona vurulmuş maddi zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada sərt cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun qaynıdır. Namid onun bacanağıdır. Elnur Əliyev qaynı İsmayılın qohumudur. Şahid3 təxminən 5 ildir ki, tanıyır. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o qaynı İsmayıl, bacanağı Namid və İsmayılın qohumu Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında tanışı Şahid3, sonradan adını bildiyi Təqsirləndirilən şəxs və başqa tanımadığı şəxs əyləşmişlər. Saat 19:45 radələrində o, Namid və Elnur Əliyev kafedən çölə çıxmışlar. İsmayıl isə qalıb çay pulunu vermişdir. Bir neçə dəqiqədən sonra o görmüşdür ki, İsmayıl həmin 3 nəfər şəxslərlə birlikdə kafedən çıxıb arxa tərəfə keçmişlər. Orada Fəridin yanındakı Eminlə İsmayıl bir-birlərinin yaxasından tutmuşlar. Fərid də İsmayıla yaxınlaşıb onu tutmaq istəyəndə, onlara yaxınlaşıb ayırmışlar. Həmin vaxt ona məlum olmuşdur ki, kafedə olarkən Fəridgil İsmayıla sərt baxışla baxdığından bu məsələ İsmayılın xoşuna gəlməmiş və buna görə aralarında mübahisə düşmüşdür. Onlar qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, saat 20 radələrində Fərid, Emin və yanındakı başqa tanımadığı 01 nəfər oğlan kafedən çölə çıxıb İsmayıla yaxınlaşmışlar. Onlar kafenin arxasına keçmişlər. O, Namid və Elnur kafenin qarşısında dayanmışlar. Həmin vaxt o, maşınını götürüb onları gəlib aparmaqdan ötrü çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra o yenidən İsmayılgilin yanına qayıtdıqda görmüşdür ki, Fərid, Emin və onun yanında olan başqa tanımadığı 01 nəfər oğlan üçü də İsmayılın üstünə düşmüşlər, Fərid İsmayılın yaxasından tutmuş, İsmayıl da onun yaxasından tutmuşdur. Fəridin yanında olan Emin və başqa tanımadığı şəxs bir neçə dəfə İsmayılın sifət nahiyəsindən yumruqla vurmuşlar. Fərid də İsmayılın sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. O yaxınlaşıb ayırmağa çalışmışdır. Həmin vaxt kafenin yanında olan başqa tanımadığı təxminən 8-10 nəfər şəxs davaya qoşularaq İsmayılı yumruq, təpiklə vurmağa başlamışlar. Həmin vaxt İsmayılı digər şəxslərdən ayırarkən İsmayıla atılan zərbələrdən bir neçəsi onun baş nahiyəsinə dəymişdir. Namid əməliyyatdan təzə çıxdığından kənarda dayanmışdır. Elnur isə müdaxilə etməmiş, kənarda dayanmışdır. Bu zaman kənarda dayanan tanımadığı şəxslər onlara yaxınlaşıb İsmayılı onların əlindən alıb kənara çəkmişlər. O da İsmayılın yanına gəlib onu öz avtomobilinə əyləşdirib evə aparmışdır. Daha sonra özü də evinə getmişdir. O başına dəyən zərbələrə görə ekspertizadan keçməkdən imtina etmişdir. Onun həmin hadisə ilə bağlı heç kimə qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə olmayacaqdır. Zərərçəkmiş şəxs ifadəsində hadisə vaxtı onu 4 nəfər şəxsin döyməsi barədə göstərdiyi xüsusatlar barədə bildirmişdir ki, o hadisə vaxtı İsmayılı həmin şəxslərdən ayırarkən İsmayıla atılan zərbələrdən bir neçəsi onun baş nahiyəsinə dəymişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı, Rövşən isə bacanağıdır. X3 görə tanıyır, o İsmayılın qohumudur. 15.10.2020-ci il tarixdə saat 19 radələrində o qaynı İsmayıl, bacanağı Rövşən və İsmayılın qohumu Elnur Əliyevlə birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gedərək bir masa arxasında əyləşib çay içmişlər, onlardan aralıda digər masa arxasında sonradan adlarını bildiyi Fərid, Emin və digər tanımadığı 1 nəfər şəxs əyləşmişlər. Saat 19:45 radələrində o, Rövşən və Elnur Əliyev kafedən çölə çıxmışlar. İsmayıl isə qalıb çay pulunu verirdi. Bir neçə dəqiqədən sonra görmüşdür ki, İsmayıl həmin 3 nəfər şəxslərlə birlikdə kafedən çıxıb arxa tərəfə keçmişlər. Orada Fəridin yanındakı Eminlə İsmayıl bir-birlərinin yaxasından tutmuşlar. Fərid də İsmayıla yaxınlaşıb onu tutmaq istəyəndə, onlara yaxınlaşıb ayırmışlar. Onlar qayıdıb kafeyə keçmişlər, özləri isə çöldə dayanıb söhbət etmişlər. Bir neçə dəqiqə sonra, yəni saat 20 radələrində onlar yəni Fərid, Emin və başqa tanımadığı 1 nəfər şəxs çölə çıxıb İsmayıla yaxınlaşmışlar. Onlar kafenin arxasına keçmişlər. O Rövşən və Elnurla birlikdə kafenin qarşısında dayanmışlar. Həmin vaxt Rövşən maşınını götürüb onları gəlib aparmaqdan ötrü çıxıb getmişdir. O özü əməliyyatdan təzə çıxdığı üçün Elnurla birlikdə kənarda dayanmışlar. Rövşən yanına qayıtdıqdan sonra o maşına əyləşmişdir. Həmin vaxt maşından görmüşdür ki, İsmayılgil Fəridgillə tutaşıb, dalaşırlar, Fərid, Emin və onun yanında olan 1 nəfər tanımadığı şəxs İsmayılı yumruqla vururlar, Rövşən onlara yaxınlaşıb ayırmağa çalışarkən kənarda dayanan təxminən 8-10 nəfər adam onlara yaxınlaşır, onlar da İsmayılı vurmağa başladılar. Rövşən onların arasına girib ayırmaq istəyərkən İsmayıla atılan zərbələr Rövşənə də dəymişdir. Həmin vaxt kənarda dayanan başqa tanımadığı şəxslər onlara yaxınlaşıb Rövşənlə birlikdə İsmayılı onların əlindən alıb kənara çəkmişlər. Rövşən İsmayılı gətirib avtomobilinə əyləşdirmiş və onlar onu evə aparmışlar. Daha sonra özü də oradan evə getmişdir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri var. Şahid1 ilə bir yerdə işləmişlər. 15.10.2020-ci il tarixdə saat 19:30 radələrində o dostu Təqsirləndirilən şəxs və Elgün adlı oğlanla birlikdə Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində yerləşən «Bravo» kafesinə gəlib bir masa arxasında əyləşib çay içmişlər. Həmin masanın qarşısında pərdə olduğu üçün onlar pərdəni örtmüşlər ki, onları heç kim görməsin. Onlardan aralıda Rövşən adlı şəxs başqa tanımadığı 5 nəfər şəxslərlə digər masa arxasında əyləşmişlər. Onların masalarının üzərində çay var idi. Saat 19:45 radələrində Rövşən onlara yaxınlaşıb ondan hal-əhval tutmuş, daha sonra çıxıb getmişdir. Həmin vaxt görmüşdür ki, Rövşənin əyləşdiyi masa arxasında olan digər şəxslər masa arxasında yoxdurlar, onlarla əyləşən sonradan adını və soyadını bildiyi İsmayıl adlı şəxs qalıbdır. O da onlara yaxınlaşıb pərdəni çəkib ona «niyə mənə «zloy-zloy» baxırsan» sözünü demişdir. Emin də ona «kim sənə baxırdı» sözünü demişdir. Həmin şəxs də onlara «siz baxırdınız» cavabını vermişdir. O da ona «mən sənə baxmamışam, pərdə də bağlıdır, pərdəni açan sən olmusan, sənə necə baxa bilərəm» sözünü demişdir. İsmayılın içkili olduğu bilinirdi. Həmin vaxt yanında olan Elgün ayağa qalxıb üzünü İsmayıla tutub «mənim böyük qardaşım kimi mənimlə yox, onunla söhbət et» sözünü demişdir. İsmayıl da Elgünün qolundan tutaraq çölə çıxıb söhbət etməsini bildirmişdir. Onlar da birlikdə çölə çıxmışlar və kafenin qarşısında söhbət etmişlər. Həmin vaxt söhbət əsnasında o, Elgün və Emin bir daha ona «pərdəni sən açmısan, pərdə bağlı olduğu halda biz sənə necə baxa bilərik» sözünü demişlər. Həmin vaxt onun yanında olan Rövşən və digər tanımadığı şəxslər də İsmayılı sakitləşdirmişdir. Kafenin sahibi olan Pərvin adlı şəxs də onlara yaxınlaşıb içəriyə keçib çaylarını içməsini dediyi üçün onlar içəriyə keçəndə İsmayıl onlara kinayə və lağ mənasında demişdir ki, uşağ yığını gəlib onunla söhbət edir. Onlar da heç nə deməyib içəriyə keçib bir az əvvəl əyləşdikləri masa arxasında əyləşmişlər. Komendant saatı yaxınlaşdığı üçün saat 20:30 radələrində onlar kafedən çölə çıxanda görmüşlər ki, İsmayıl tək dayanıbdır, arxasında da Rövşən və digər 4 nəfər tanımadığı şəxslər var. İsmayıl ona yaxınlaşaraq əlini çiyninə ataraq gəzə-gəzə söhbət edə-edə kafenin arxa tərəfinə keçmişlər. Emin, Elgün də onların arxasınca gəlmişlər. İsmayıl həmin vaxt onun ünvanına alçaldıcı sözlər söyərək yavaşca başının arxa nahiyəsindən alçaldıcı və özünü hamıdan üstün göstərərək sillə ilə bir neçə dəfə vurmuşdur. O da İsmayıla belə hərəkət etməməsini və əlini çəkməsini bildirsə də, İsmayıl onun sözünə əhəmiyyət verməyərək öz hərəkətini davam edirmişdir. O da hərəkətinin qarşısını almaq üçün İsmayılı sinəsindən bir dəfə yumruqla vuraraq ona çıxıb getməsini demişdir. İsmayıl da ona fənd atıb yerə yıxmışdır. Emin və Elgün, eləcə də İsmayılın yanında olan Rövşən və digər tanımadığı şəxslər bunu görüb onlar yaxınlaşmışlar ki, ayırsınlar. Emin İsmayılın qarın nahiyəsdən tutaraq ayırmaq istədikdə İsmayıl geriyə çönərək bir dəfə yumruqla onun burun nahiyəsinə möhkəm vurmuşdur, onun burnu qanamışdır. Həmin vaxt o yerdə olmuşdur. O yerdən qalxıb onu vurmaması üçün sinəsindən tutmuş və onlar tutaşmışlar, tutaşan zaman İsmayıl onun sağ və sol qarın nahiyələrindən yumruqla vurmuş, o da əsəbləşərək ona qarşılıqlıq göstərərək onun üzündən və qarın nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. İsmayıl onu vursa da, o heç bir xəsarət almamışdır. Ona görə də məhkəmətibbi ekspertizadan keçməkdən imtina etmişdir. Daha sonra görmüşdür ki, başqa tanımadığı şəxslər də onlara yaxınlaşaraq ayırmışlar. Sonra ara sakitləşmiş, onlar çıxıb getmişlər. İlkin izahatında hadisə zamanı kənarda olan məhəllə uşaqları Fuad, Zakir, Vəli və Asim adlı şəxslərin müdaxilə etdiklərini, aranın qarışdığını hər kəsin bir-birini vurmağa başladığını, onlardan nisbətən çox olduqları üçün onlara güc gəlib onları döymələri barədə göstərdiyi xüsusatları təkzib edərək bildirmişdir ki, o hadisənin təsirində olduğu üçün belə izahat verdiyini xatırlamamış, həmin şəxsləri tanımamışdır. Hadisə vaxtı kənardan tanımadığı şəxslər onlara yaxınlaşıb ayırmışlar. Hadisə vaxtı Elgün və Emin heç kimi vurmamış, döyməmişdir, onlar ayırmışlar. İsmayılı ancaq özü vurmuş, İsmayıldan başqa o heç kimi döyməmiş, vurmamışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının 20.10.2020-ci il tarixli, 1312 saylı saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Möhlud oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin, burnun qançırı, burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, sol qulaq seyvanın, sol bazunun, onurğanın bel şöbəsinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən təkrari zərbələrlə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla 15.10.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş əlavə məhkəmə tibbi ekspertizasının 30.11.2020-ci il tarixli, 57/1312 saylı saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Möhlud oğlunun bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin, burnun qançırı, burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, sol qulaq seyvanın, sol bazunun, onurğanın bel şöbəsinin qançırı. Qeyd olunan xəsarətlərdən burun sümüyünün burunla tənəffüsu pozan yerdəyişən sınığı, burnun qançırı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gözaltı nahiyənin qançırı – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sol qulaq seyvanın, sol bazunun, onurğanın bel şöbəsinin qançırı birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilməyərək, Zərərçəkmiş şəxs döyməməsi, ona heç bir xəsarət yetirməməsi, xuliqanlıq etməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 07.12.2020-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci və 86.2-ci maddələri nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yerləri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli (iş № 1(060)-220/2021) qərarını icra edərək, 18.02.2021-ci il tarixli 152 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 11:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar