Məhkəmə qərarları › İş №1(060)-220/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-220/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-220/2023 07.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığında yerləşən “Oba” marketə gələrək özünü yalandan firma nümayəndəsi kimi təqdim etmiş, satıcı və baş satıcının məşğul olmasını görərək qanunsuz olaraq kassanı açaraq kassada olan 400 (dörd yüz) manat pulu oğurlamış, sonra administrator otağının qapısının açıq olmasından istifadə edib qanunsuz içəri daxil olub, orada olan seyfin açarını otaqda olan rəfin üzərindən götürüb seyfi açmış və qanunsuz olaraq seyfdə olan 95 (doxsan beş) manat pulu vahid niyyətlə gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 495 (dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər də oğurluq və dələduzluq cinayətləri törətmişdir. Həmin cinayətləri törətməyinə əsas və səbəb isə onun onlayn platformalarda kazino qumar oyunları oymağı olmuşdur. Əvvəllər də Sumqayıt şəhəri ərazisində “Oba” marketdən oğurluq və dələduzluq cinayəti törətdiyinə görə təkrar olaraq yenidən hərəkətlərini təkrarlamaq qərarına gəlmişdir. Buna görə də yenidən xx.xx.2022-ci il tarixdə o, Su səsi otelində olan zaman həmin otelə taksi sifariş vermişdir. Bundan sonra o, taksi ilə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən Liman klinikasının qarşısına gəlmişdir. Oradan isə Sumqayıt şəhərinin müxtəlif yerlərində yerləşən Oba marketlərə aparmasını demişdir. O, taksi sürücüsünə özünü Oba marketlərinin ekspeditoru kimi təqdim etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən “Sərin su” otelinə telefon vasitəsi ilə taksi sifariş vermiş, olduğu yerdən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığında yerləşən Oba marketə getmişdir. Saat 19:10 radələrində Oba marketin qarşısına çatmışdır. Taksidən düşüb mağazaya daxil olmuşdur. İçəri daxil olduqda mağazanın işçisi olan iki xanım görmüşdür. Həmin xanımlara yaxınlaşıb yalandan özünü firma işçisi kimi təqdim etmiş və onu müdiriyyətin göndərdiyini demişdir. Amma konkret olaraq hər hansı bir firma adı çəkməmişdir. Kassanın qarşısında olan siqaretin yerinin dəyişdiriləcəyini demişdir. Kassanın qarşısında olan xanımın başının siqaretlərin yığışdırılmasına qarışıq olduğunu görmüş və kassanı açaraq kassada olan 400 (dörd yüz) manat pulu gizlin olaraq oğurlamışdır. Bundan sonra içəridə arxa otağa, administrator otağına daxil olmuşdur. Otaqda olan rəfdən seyfin açarını götürüb seyfi açmış və seyfdə olan 95 manat pulu gizli olaraq oğurlamışdır. Pulları oğurlayan zaman heç kimin onu görmədiyinə əmin olmuşdur. Bundan sonra mağazadan çıxmış və oradan taksi ilə uzaqlaşmışdır. Taksiyə 25 manat yol haqqı vermişdir. Oğurladığı pulları isə borclarına vermiş və internetdə mərc oyunlarına xərcləmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Ailəlidir, 2 azyaşlı uşağı vardır, barəsində yüngül cəza verilməsini xahiş edir. İstintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə göstərmişdir ki, xx.xx.2021-ci ildən Zərərçəkmiş şəxsndə hüquq şöbəsində hüquqşünas kimi fəaliyyətə başlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yaxınlığında yerləşən “Oba” marketdən 495 manat pulun naməlum şəxs tərəfindən oğurluq etməsi barədə aidiyyatı üzrə ərizə ilə mağazanın əməkdaşları tərəfindən müraciət edilmişdir. Baş vermiş oğurluq nəticəsində MMC-ə 495 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yanında yerləşən “Oba” marketdə 2021-ci ilin oktyabr ayından işləməyə başlamışdır. Sonuncu dəfə Oba marketdə administrator vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında mağazanın baş satıcısı Aygün ona zəng edərək mağazanın kassasına 400 manat pulun əksik gəldiyini bildirib həmin pulun onun tərəfindən götürülüb-götürülmədiyini soruşmuşdur. O, Aygünə pulun onun tərəfindən götürülmədiyini bildirmişdir. Sonra Aygün onu mağazaya çağırmışdır. O, mağazaya çatdıqda nəzarət kameralarını açıb baxmışdır. Kameradan bir nəfər şəxsin administrator otağındakı seyfdən 95 manat pulu, kassadan isə 400 manat pulu oğurladığını görmüşdür. Bundan sonra Aygün ona həmin şəxsin mağazaya gələrək onu tanıdığını, mağazaya yeni növ siqaret çeşidlərini gətirdiyini bildirdiyini bildirmişdir. Baş verən hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında Şahid2 göstərdi ki, o, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yanında yerləşən “Oba” marketdə 2019-cu ildən işləyir. Son bir ildir ki, həmin mağazada baş satıcı vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdə olan zaman həmin vaxt mağazanın administratoru vəzifəsində işləyən Fədayət adlı şəxs işdən getmişdir. Təxminən 1 saat sonra tanımadığı bir nəfər şəxs mağazaya daxil olaraq administratorla maraqlanmışdır. O, həmin şəxslə görüşdükdə həmin şəxs ona Fədayəti tanıdığını, mağazaya yeni siqaret çeşidləri və stendləri gətirəcəyini, köhnələri isə yığmağa köməklik göstərməyi ona demişdir. O, həmin şəxsə Fədayətin adını çəkdiyi üçün inanmışdır. Lakin həmin şəxs heç bir firma adı çəkməmişdir. Bundan sonra o, kassada olan siqaretləri saymış və siqaretləri səbətə yığmışdır. Sonra siqaretləri administratorun otağına aparanda həmin şəxs ona siqaretləri siyahıya almağı deyərək, maşından guya yeni siqaret gətirəcəyini bildirmişdir. O da həmin şəxsə inanmışdır. Lakin nə qədər gözləsə də həmin şəxs gəlməmişdir. Axşam saat 22 radələrində göndəlik hesabat aparan zaman kassada 400 manat pulun əksik gəldiyini görmüşdür. Dərhal administrator Fədayətə zəng etmişdir. Fədayət isə heç bir məlumatının olmadığını bildirmişdir. Mağazanın nəzarət kamerasına baxdıqda mağazanın kassasında və adminstrator otağında olan seyfdən pulu oğurlayan şəxsin mağazaya yeni firma adı ilə siqaret gətirəcəyini deyən şəxs olduğunu bilmişdir. O, siqaretləri sayan zaman həmin şəxs mağazanın adminstrator otağına daxil olmuş, otağda olan rəfdən otağdakı seyfin açarını götürüb seyfi açmış və seyfdən 95 (doxsan beş) manat pulu oğrulamışdır. Həmin vaxt həmin şəxs kassaya keçmiş, kassanın açıq olduğunu görmüş, oradan 400 (dörd yüz) manat pul götürmüşdür. Həmin vaxt satıcı Samirə adlı şəxs kassada olsa da müştəri ilə söhbət etdiyindən həmin şəxsin kassadan pul götürməsini görməmişdir. Bundan sonra baş verən hadisə barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, o Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yanında yerləşən “Oba” marketdə 2021-ci ilin dekabr ayından həmin mağazada satıcı kassir kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdə olan zaman həmin vaxt mağazanın administratoru vəzifəsində işləyən Fədayət adlı şəxs işdən getmişdir. Təxminən 1 saat sonra tanımadığı bir nəfər şəxs mağazaya daxil olaraq yeni siqaret çeşidləri gətirdiyini bildirərək, həmi vaxt administrator olan Fədayətlə maraqlanmışdır. Ondan yüksək vəzifədə olan baş satıcı Aygün xanıma şəxsin gəldiyini bildirib həmin şəxsi Aygün xanıma yönləndirmişdir. Aygün xanım ona alıcılar olduğu üçün kassanı boş qoymamağı tapşırmışdır. Axşam saat 22 radələrində göndəlik hesabat aparan zaman kassada 400 manat pulun əksik gəldiyini görmüşlər. Baş satıcı Aygün dərhal administrator Fədayətə zəng etdi. Fədayət isə heç bir məlumatının olmadığını bildirdi. Mağazanın nazərət kamerasına baxdıqda mağazanın kassasında və administrator otağında olan seyfdən pulu oğurlayan şəxsin mağazaya yeni firma adı ilə siqaret gətirəcəyini deyən şəxs olduğunu bilmişdir. Belə ki, baş satıcı Aygün siqaretləri sayan zaman həmin şəxs mağazanın administrator otağına daxil olmuş, otaqda olan rəfdən otağdakı seyfin açarını götürüb seyfi açmış və seyfdən 95 (doxsan beş) manat pulu oğrulamışdır. Həmin vaxt həmin şəxs kassaya keçmiş, kassanın açıq olduğunu görmüş, oradan 400 (dörd yüz) manat pul götürmüşdür. Həmin vaxt o kassada olsa da müştərilərə başı qarışdığı üçün həmin şəxsin kassadan pul götürməsini görməmişdir. Bundan sonra baş verən hadisə barədə Aygün polisə məlumat vermişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Kimyaçılar qəsəbəsi, Esmira şadlıq sarayının yanında yerləşən “Oba” marketdir. “Oba” marketin giriş qapısı plastik materialdandır. “Oba” marketin sahəsi 60 kv.metrdir. Oba marketin içərisində müdirin otağında 2 ədəd kamera, marketin içərisində isə 4 ədəd kamera vardır. Oba marketin içərisində yalnız ərzaq malları satılır. Marketin 2 ədəd pncərəsi var. Marketdən içəri girdikdə satış sahəsi, satış sahəsindən içəri daxil olduqda yemək otağı, tualet və depo yerləşir. Baxış zamanı kassanın açıq olduğu müəyyən edilmişdir. Həmçinin müdir otağında olan seyfdən pulun oğurlandığı müəyyən edilmişdir. Baxış gecə vaxtı həyata keçirilmişdir. Çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti qeyd olunan hadisəni törətmiş naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 2ci PB-nə həvalə edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid2 müraciəti ilə əlaqədar toplanmış ilkin yoxlama materialı üzrə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Fərhad Bayramovun cinayət işinin başlanmasının rədd edilməsinə dair 12 mart 2022-ci il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndinə əsasən 1 il müddətinə azaldılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun həbsdə olduğu 07 ay 12 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs verilən ittihamın Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata bu hissədə xitam verilmişdir. İş materiallarında olan 80 saylı MKS-nin 663 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şərait və yerləri əyani şəkildə göstərməyə hazır olduğunu bildirdikdən sonra o, özünün göstərdiyi marşrutla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsi 22-də yerləşən “Oba” marketin qarşısına gələrək bildirmişdir ki, 0.xx.xx.2022-ci il tarixdə saat 19:10 radələrində “Oba” marketin qarşısına gəldiyini, içəri girdiyini, içəridə olan pul kassasını sıxıb açdığını və kassadan 400 manatı oğurladığını, bundan sonra administrator otağına keçərək otaqda olan rəfdən otaqdakı seyfin açarını götürdüyünü və seyfi açıb içərisindən 95 manat pulu oğuladığını bildirmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180.1-ci maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya Şöbəsinin 21-1/3-2377/19 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 09 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(001)-207/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan hissəsi “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 1 il müddətinə azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(007)-208/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs cəzasının 06 ay hissəsini çəkmiş, 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, CM-nin 178.2.2-ci maddəsi ilə 2 il azadlıqdan məhrumetmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş çəkilməmiş 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla 01 ay 18 gün azadlıqdan məhrumetmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona 03 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun tutulduğu 01 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 03 il 06 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 azyaşlı uşağının olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Cəza çəkilməsinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosundan müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil X4 tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Zərərçəkmiş hüquqi şəxs “Oba” market mülki iddia verərək Təqsirləndirilən şəxs 495 manat məbləğində dəymiş ziyanın və ödənilmiş dövlət rüsumu olan 30 manat pulun, ümumilikdə 525 manat pulun tutularaq onlara ödənilməsini xahiş etmişdir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən də göründüyü kimi, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə işin hallarını, təqdim edilmiş və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, mülki iddia əsaslı olduğu üçün təmin edilməli, Təqsirləndirilən şəxs 495 manat dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “Oba” marketə ödənilməlidir. İş üzrə maddi sübutlar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-21/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilsin və Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 495 (dörd yüz doxsan beş) manat və ödənilmiş dövlət rüsumu 30 otuz) manat, ümumilikdə 525 manat pul tutulub zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar